Məhkəmə qərarları › İş №2(103)-3150/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3150/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3150/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-180/2023 saylı 17 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 278 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür.

2. Tərəflər arasında eyni tarixdə bağlanmış 279 nömrəli müqaviləyə görə isə “Əmlak mülkiyyətçisi” Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 81,8 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə ümumi sahəsi 43,60 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 1 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa ümumi sahəsi 73,50 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 2 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən cavabdehdən alınan Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 4.6 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin, cəmi 11 kv.m sahənin hər kvadratına görə 1500 manat olmaqla, cəmi 16500 manat (11 kv.m X 1500 AZN = 16500 manat) pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi və dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, MTK tərəfindən inşa edilən bina təhvil verdikdən sonra Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuş, işin faktiki hallarına əsasən ona 81.80 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 73.50 kv.m olması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuş, ona 50 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 43.60 kv.m olması müəyyən edilmişdir. Göstərilən iddia tələbi ilə bağlı Cavabdeh MTK-yə pretenziya məktubu göndərilmişdir, lakin iş üzrə cavabdeh pretenziya məktubuna münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6074 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş hündiirmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45.4 kv.m, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. MTK ilə 18 may 2018-ci il tarixli 278 saylı müqavilə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 50 kv.m, 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin sahəsi 81.8 kv.m müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 50 kv.m olmalı olduğu halda 45.4 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin sahəsi 81.8 kv.m olmalı olduğu halda 75.4 kv.m müəyyən edilmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil üzrə sahələr arasındakı fərq 4.6 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil üzrə sahələr arasındakı fərq 6.4 kv.m müəyyən olunur.

7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr podrad müqaviləsi olması nəzərə alınmalıdır, Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə görə isə əgər sifarşçi məmulatı qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinin tələbəinə görə isə sifarşçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. İddiaçı isə mənzilləri 2020-ci ilin əvvəllərində təhvil alsa da və həmin mənzillərə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə çıxarış əldə etsə də, hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Bu isə iddianın rədd olunması üçün əsasdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6074 saylı rəyindən görünür: - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 43,6 kv.metr, 2 saylı mənzilin ümumi sahəsi isə (yaşayış və köməkçi sahə ilə birgə) 73,5 kv.metr təşkil etdiyi müəyyən edilir; - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr, 2 saylı mənzilin isə divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 81,8 kv.metr təşkil etdiyi müəyyən edilir; - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45,4 kv.metr, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. - Mənzillərin faktiki sahələri ilə çıxarışlarda göstərilən sahələr arasında 1 saylı mənzil üzrə 1,8 kv.metr, 2 saylı mənzil üzrə isə 1,9 kv.metr fərq olduğu, yaranmış fərqin isə mənzillərin faktiki sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8 bəndinin tələbləri, yəniki lociya tikilisinə tətbiq olunan azaltma əmsalının nəzərə alınmaması səbəbindən olduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 fevral 2023-cü il tarixli 2(005)-180/2023 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmiş, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 278 nömrəli və 279 nömrəli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.1.1 və 1.1.2-ci bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin (divar altı sahə, həmçinin yardımçı sahə nəzərə alınmaqla) ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 1 saylı mənzil üzrə 43,6 kv.m, 2 saylı mənzil üzrə 73,5 kv.metr təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr təşkil edir.

11. Məhkəmə göstərmişdir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqısatqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır.

12. Hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir.

13. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə prosessual qənaət prinsipi baxımından hüquqi qiymət verilməsinə lüzum yoxdur.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6, 385.1, 390, 421.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdeh mənzil təhvil verərək, mənzil otaqlara bölünmüş vəziyyətdə vermiş və texniki cəhətdən hesablanmış cədvəl təqdim edilmişdir. Həmin texniki cədvəllərə baxılan zaman isə mənzillərin kv.m-nin daha yüksək olması müəyyən edilir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. İddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, müqavilədə otaq sayı göstərilməmişdir. Təmirsiz mənzil satılarkən, mənzili alan şəxsin öz istəyinə uyğun neçə otaq istəsə arakəsmə divarların da həmin istəyə uyğun inşa olunması üçün müqavilədə otaq sayı göstərilmir. İddiaçı ilə bağlanmış müqavilədə də otaq sayı göstərilməmişdir, təmirsiz mənzil verilmiş, arakəsmələr sonradan təmir edərkən qoyulmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

25. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir.

28. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

29. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

30. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

38. Tərəflər arasında müxtəlif əqdlərin ünsürlərini özündə əks etdirən qarışıq (alğı-satqı və podrat) müqavilələri bağlanmışdır.

39. 278 nömrəli müqavilədə 1 saylı mənzilin ümumi sahəsi 50 kv.m, iddiaçıya verilmiş çıxarışda isə 43,60 kv.m; 279 nömrəli müqavilədə 2 saylı mənzilin ümumi sahəsi 81,8 kv.m, iddiaçıya verilmiş çıxarışda isə 73,50 kv.m göstərilmişdir.

40. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyi ilə 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.m, 2 saylı mənzilin isə divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 81,8 kv.m müəyyən edilmiş, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, 1 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 43,6 kv.m, 2 saylı mənzilin ümumi sahəsi isə (yaşayış və köməkçi sahə ilə birgə) 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

41. Mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45,4 kv.m, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Mənzillərin faktiki sahələri ilə çıxarışlarda göstərilən sahələr arasında 1 saylı mənzil üzrə 1,8 kv.m, 2 saylı mənzil üzrə isə 1,9 kv.m fərq olduğu, yaranmış fərqin isə mənzillərin faktiki sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8 bəndinin tələbləri, yəniki lociya tikilisinə tətbiq olunan azaltma əmsalının nəzərə alınmaması səbəbindən olduğu müəyyən edilmişdir.

42. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

43. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır.

44. Göründüyü kimi ekspert rəyinə əsasən, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 1 saylı mənzilin ümumi sahəsi 50,0 kv.m, 2 saylı mənzilin ümumi sahəsi isə 81,8 kv.m təşkil edir.

45. Azaltma əmsalları nəzərə alınmadan 1 saylı mənzilin sahəsi 45,4 kv.m, 2 saylı mənzilin sahəsi isə 75,4 kv.m təşkil edir.

46. Yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin ümumi sahəsinin ölçüsüdür. Müqavilədə ümumi sahənin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir.

47. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.

48. Formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır.

49. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

50. Cavabdeh tərəf ona istinad edir ki, mənzillərin ümumi sahəsi müvafiq olaraq 50 kv.m və 81.8 kv.m olmuşdur, Müqavilələrdə sahəsi göstərilən mənzillərin neçə otaqdan ibarət olması göstərilmir. Bunun səbəbi ondan ibarətdir ki, həmin mənzillər qonşu mənzillərlə sərhəd divarlarından başqa, arakəsməsiz və daxili divarlar olmadan (openspace) iddiaçıya təhvil verilmişdir. İddiaçı isə sonradan öz mülahizəsinə uyğun olaraq həmin mənzildə çoxsaylı arakəsmələr inşa etmiş və divarların qalınlığın özü müəyyən etmişdir.

51. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edərək, göstərir ki, müqavilədə otaq sayı göstərilməsə də, arakəsmə olmadan mənzilin təhvil verilməsi də nəzərdə tutulmamışdır.

52. Müqavilədə arakəsmə, həmçinin divaraltı nəzərə almadan göstərilən sahədə mənzillərin verilməsi nəzərdə tutulmamışdır.

53. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

54. Müqavilədə 1 saylı mənzilin ümumi sahəsi 50 kv.m olduğu halda ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi (əmsalsız) 45.4 kv.m olduğundan, 2 saylı mənzilin ümumi sahəsi isə 81,8 kv.m olduğu halda ekspert rəyinə əsasən mənzilin ümumi sahəsi (əmsalsız) 75,4 olduğundan aradakı fərqə uyğun olaraq yaranmış məbləğ ona geri qaytarılmalıdır.

55. 1 saylı mənzil üzrə yaranmış fərq 4,6 kv.m, 2 saylı mənzildə isə 6,4 kv.m olmaqla, ikisi birlikdə 11 kv.m təşkil edir.

56. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsində hər kv.m üçün 1500 manat hesablamaqla yaranmış fərqi tələb etmiş, apelyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, mənzillərin 1 kv.m-nin təmirsiz vəziyyətdə 1500-1600 manatdan başlamaqla satışı həyata keçirilir. İnternet resurslarından da həmin mənzilləri 1 kv.m-nin 1500 manat başlayaraq satıldığı müəyyən edilmişdir.

57. Odur ki, ümumilikdə 11 kv.m üçün yaranmış 16500 (11x1500) manat fərq məbləği cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

58. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə, 50 manat ekspertiza xərci isə cavabdehə aid edilməlidir.

59. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, Mülki Məcəllənin 773 və 776.1-ci maddəsinə istinad edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir.

60. MM-nin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, “binaya aid tələb”ə beş illik iddia müddəti nəzərdə tutulmuşdur ki, hazırki işdə də həmin müddət keçməmişdir, belə ki, cavabdehin nümayəndəsinin bildirməsinə görə, iddiaçıya mənzillər 2020-ci ilin əvvəllərində təhvil verilmişdir.

61. Kollegiya xüsusi olaraq qeyd edir ki, podratın digər növlərindən fərqli olaraq, bina, tikili və qurğuların inşası, rekontsruksiyası və təmiri işlərinin keyfiyyətsiz görülməsi üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. Başqa sözlə, 5 illik iddia müddəti o vaxt tətbiq olunur ki, podratın obyektini bina, tikili və qurğuların inşası, rekonstruksiyası və ya təmiri təşkil edir. Qısaldılmış 1 illik iddia müddəti isə yalnız podrat müqaviləsi üzrə görülən işlər bina və qurğularla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur, məsələn, şüşələnmə, rəngsaz işləri və s. oxşar işlər.

62. Hazırki işdə hər iki müqavilə üzrə cavabdeh üzərinə sahəsi 50 və 81,8 kv.m olan iki təmirsiz mənzil tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür, yəni müqavilələrin predmetini tininti işləri təşkil etmişdir. Lakin cavabdeh həmin işi lazımi keyfiyyətdə görməmişdir. Ona görə də iddiaçının tələbinə 1 illik iddia müddəti tətbiq oluna bilməz.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-180/2023 saylı iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan 16.500,0 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar