Məhkəmə qərarları › İş №2(103)-3153/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3153/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3153/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 18.02.2020-ci il tarixdə müraciət edərək, Cavabdeh üzərinə onun mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən mənzilin boşaltmaq vəzifəsinin qoyulması və Cavabdeh həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən mənzilin başaldaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzili başaldaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun isə Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh onun ləğv edilməsini, ilkin iddianın təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) izahat verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı dayısıdır. Cavabdehın iddiaçının atasına 15000 manat borcu olduğu üçün mülkiyyətində olan evə dair etibarnamə vermişdir. Onun evi satmaq niyyəti olmamış və baş vermiş saxta və etibarsız alqı-satqı müqaviləsinin nəticəsi olaraq ona heç bir pul vəsaiti ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq cavabdeh “xxxx” MMC nümayəndələrini məhkəməyə göndərmədiklərindən, digəri iddiaçı isə məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmiş, vəkili Vəkil1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iştirakı olmadan baxılmasını və qərar qəbul olunması xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Vəkil1 ilkin iddia tələbinin məzmununa izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosesdən sonra Vəkil1 məhkəməyə ünvanladığı yazılı izahatında isə əlavə olaraq bildirmişdir ki, 19 yanvar 2019-cu ildə 7E-955 nömrə ilə reyestrdə qeydiyyata alınmış etibarnamə əsasında Cavabdeh X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsində yerləşən 6 saylı evin 98 saylı mənzilinə dair AR ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsindən və ya Asan Xidmət Mərkəzlərindən məhdudiyyət və yüklülüyün olmaması ilə bağlı arayış almağı, 2 saylı forma üzrə arayışı aldıqdan sonra həmin mənzili satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, notariat ofisində məni təmsil etməyi, imzalamağı, adından ərizə verməyi, əvəzindən imtina etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. X3 isə səhvən ona 29 oktyabr 2019-cu ildə 7 9286 nömrə ilə reyestrdə qeydiyyata alınmış eyni məzmunda etibarnamə vermişdir. O, isə həmin etibarnaməyə ehtiyac olmadığını qeyd etmiş və etibarnaməni X2 qaytarmışdır. Daha sonra isə X5 tərəfindən ona ilkin iddia üzrə vəkil etibarnaməsi təqdim edilmişdir. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X6 dəfələrlə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin olunması və mübahisənin ədalətli, qanuni və hərtərəfli araşdırılması məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, bununla belə ona telefonoqram vasitəsilə sonuncu dəfə məlumat verildiyində qətiyyətlə məhkəmə iclaslarına gəlməyəcəyini bildirmişdir. MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin proses iştirakçısının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh İddiaçı dayısıdır. Bakı şəhəri 11 saylı Notariat ofisinin 12.06.2020-ci il tarixli XK-413 nömrəli məktubu ilə məhkəmənin 04.06.2020-ci il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 4Ə-437 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, iş üzrə Cavabdeh tərəfindən Vəkil1 (hazırki iş üzrə iddiaçının vəkili) verilmiş etibarnamə əsasında səlahiyyətləri ötürülmüş və etibar edilən X3 (hazırki iş üzrə iddiaçının qardaşı) ilə İddiaçı arasında Bakı şəhəri 11 saylı Notariat ofisində 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh adından xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata İddiaçı satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10.000 manat vəsaiti ilkin olaraq 29.10.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni 30.10.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı Cavabdeh müqavilənin şərtinə əsasən 30.10.2019-cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi 29.10.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 (hazırki iş üzrə iddiaçının qardaşı) imzalamışdır. Kollegiya ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirməyi işin hallarına uyğun hesab edir. Belə ki, qarşılıqlı iddia tələbi təmin olunduğu halda ilkin iddiaya münasibət bildrmək və ya onu təmin etmək mümkün olmayacaqdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsaasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunu tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 30.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; belə ki, qarşılıqlı iddiaçının adından verilmiş etibarnaməyə əsasən Tamerlan Məmmədov ona verilən (ötürülən) səlahiyyətlər çərçivəsində müvafiq müqaviləni bağlamış, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuşdur. Bununla belə, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 10.000 manat və sonradan notariusun depozit hesabına yatırılan 50.000 manatın mülkiyyətçi Cavabdeha verilməsi iş materialları ilə təsdiq olunmur. Kollegiya tərəfindən pulun kim tərəfindən götürülməsini aydınlaşdırmaq məqsədilə Tamerlan Məmmədov işə müstəqil tələb irəli sürməyən üçünçü şəxs kimi işə cəlb olunmuş, yuxarıda qeyd olunduğu kimi onun məhkəmə iclasında iştirakının təmin olunmasın məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, bununla belə ona telefonoqram vasitəsilə sonuncu dəfə məlumat verildiyində məhkəmə iclaslarına gəlməyəcəyini bildirmişdir. Kollegiya bu halı, həmçinin Cavabdeh nümayəndəsi və vəkilinin izahatını nəzərə alaraq hesab edir ki, alqısatqı müqaviləsi etibarnamə əsasında bağlansa da mənzilin əsl mülkiyyətçisi olan və adından müqavilə imzalanan Cavabdeh heç bir vəsait ödənilməmişdir. Bu isə onu göstərir ki, sözügedən müqavilə təmsilçinin adından Mülki Məcəllənin 359.3 və 778.1-cü maddələrinin tələblərinə zidd olaraq bağlanmışdır. Kollegiya sadalanan xüsusatlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə qarşılıqlı iddiaçının mübahisəli mənzilinin satılmasına dair iradəsinidə ifadə etməmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, ilkin iddia üzrə iddiaçının tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin olunması, ilkin iddia tələblərin dispozitiv şərtlərini də istisna edir. Kollegiya bununla əlaqədar əlavə araşdırma aparılmasına zərurət görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar