Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3153/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(009)-2539/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə 04 may 2021-ci il tarixli 834 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(009)- 2539/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı barəsində olan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin 04 may 2021-ci il tarixli 834 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin X2 Hacıhətəmli Poçt şöbəsinin poçtalyonu (şöbə rəisi vəzifəsinin müvəqqəti icra edən) vəzifəsinə bərpa olunması, ona 04 may 2021-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh MMC Bakı şəhər Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(009)-2539/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(009)-2539/2021 saylı qərardadı ilə ərizə təmin edilməyərək, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Cavabdeh MMC şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi Cavabdeh MMC-yə daxil olandan bir müddət öncə Hüquq şöbəsinin yeganə əməkdaşı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Bundan sonra onların məhkəmə və digər orqanlarda hüquqlarını müdafiə edən hüquqşünasları olmamışdır. 1 ay sonra, yəni 24 yanvar 2022-ci il tarixdə Cəmiyyətin Hüquq şöbəsinin yeni əməkdaşı ilə yeni əmək müqaviləsi bağlanmış, bundan sonra apellyasiya şikayəti vermişlər. Buna görə də onlar müddəti üzrlü səbəbdən ötürmüşlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(009)-2539/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsinin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində də qeyd etdiyi kimi MMC tərəfindən sözü gedən qətnamə 27 dekabr 2021-ci il tarixdə rəsmi qaydada alınmış, məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtları olmuş, apellyasiya şikayəti qətnaməni rəsmi qaydada aldıqları vaxtdan 2 aya yaxın müddət keçdikdən sonra, yəni 18 fevral 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (MPM 69.1-1) Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. (MPM 69.2) Göründüyü kimi, qanunvericilikdə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Cavabdeh isə qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə təmsil edilmək, o cümlədən müvafiq qətnamədən apellyasiya şikayəti verilməsi imkanlarının heç birindən istifadə etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh təşkilat qətnamədən şikayət vermək üçün vəkil xidmətindən də istifadə edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən səbəblər qanunvericilikdə qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə və şikayət vermə müddətinin bərpa edilməsinə əsas ola bilməz. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpası haqqında ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(009)-2539/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(009)-2539/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3153/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3153/2022
04.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver