Məhkəmə qərarları › İş №2(103)-3156/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3156/2022

05.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3156/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Macarıstan Respubikasının Bakıdakı Səfirliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli e-2(009)-481/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Macarıstan Respublikasının Bakıdakı Səfirliyinin 31 avqust 2021-ci il tarixli 04 nömrəli əmrinin ləğv edilməsi, Macarıstan Respublikasının Bakıdakı Səfirliyində sürücü vəzifəsinə bərpa olunması və 31.08.2021-ci il tarixindən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, e-2(009)- 481/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Macarıstan Respublikasının Bakıdakı Səfirliyinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının üzv olduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının 31-ci maddəsinin tələbləri nəzərə alınmaqla Macarıstan Səfirliyi cinayət, mülki və inzibati yurisdiksiyadan immunitetə malikdır. Macarıstan Respublikası həmin Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan yurisdiksiyaya qarşı immunitetdən imtina etməmişdir. Belə olan halda işin icraatına MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli e-2(009)- 481/2022 saylı qərardadı ilə ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdeh Macarıstan Respubikasının Bakıdakı Səfirliyinin nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən apellyasiya şikayətinə etiraz və digər sənədlər göndərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmaması qərardadın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Azərbaycan Respublikasının üzv olduğu “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprel ayının 18-də X1 Təşkilatının Konfransında qəbul edilmiş Vyana Konvensiyasının 31ci maddəsinə əsasən diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiyası immunitetindən istifadə edir. O, həmçinin aşağıdakı göstərilən hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də istifadə edir: a)yerləşmə dövlətində olan daşınmaz şəxsi əmlaka aid mülkiyyət iddiası, əgər və əmlak akkreditə edən dövlətin adından nümayəndəliyin məqsədləri üçün alınmayıbsa; b)diplomatik agentin vəsiyyətin icraçısı kimi vərəsəlik mülkiyyətinin, varisin və ya vərəsəni alanın qəyyumu sifətilə akkreditə edən dövlətin adından deyil, adi şəxs kimi çıxış etdiyi vərəsəlik iddialarında; c)diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya kommersiya fəaliyyətinə aid iddialar. Qeyd edilən Konvensiyanın 32-ci maddəsinə əsasən diplomatik agenti və 37-ci maddəyə uyğun olaraq immunitetdən istifadə edən şəxsləri yurisdiksiya immunitetindən akkreditə edən dövlət imtina edə bilər. İmtina həmişə müəyyən şəkildə ifadə edilməlidir. Göründüyü kimi, mülki yurisdiksiya Konvensiyanın 31-ci maddəsində göstərilən istisna hallardan başqa immunitetə bağlıdır. Hazırki mübahisə isə qeyd edilən istisna hallarla bağlı sahədə yaranmamışdır. Macarıstan Respublikası Konvensiyanın 32-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan yurisdiksiyaya qarşı immunitetdən imtina etməmişdir. İddiaçının şikayətdə göstərilən dəlillər isə cavabdehə qarşı müvafiq tələbə baxılmasına əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Macarıstan Respubikasının Bakıdakı Səfirliyinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli e-2(009)-481/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli e-2(009)- 481/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar