Məhkəmə qərarları › İş №2(103)-3156/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3156/2025

03.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3156/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehinin ləğv edilməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(006)-1243/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli “vəzifənin icrasından azad edilmə və vəzifənin icrasının müvəqqəti həvalə edilməsi” barədə əmrinə əsasən Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdən həmin məktəbin müvəqqəti direktoru vəzifəsindən azad edilmiş, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası xx.xx.2024cü il tarixdən 3 ay müddətinə həmin məktəbin tarix müəllimi X3 həvalə edilmişdir. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmrlə müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İntizam tənbehinin verilməsinə əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2024-cü il tarixli DY-97 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Həmin əmrdə həmçinin göstərilmişdir ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə xidməti araşdırma aparılmış və bir sıra nöqsanlar aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdən məktəbin direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad edildiyinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək məktəbin müəllimi, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdinin vəzifə funksiyalarının icrasına mane olmuş, habelə öz vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirmiş və nöqsanlara yol vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məlumat verilməklə ona aid sənədlərin təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 17) tərəflərindən xx.xx.2024-cü il tarixli 3-175/2-62563/2024 nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdən və “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında müxtəlif tarixlərdə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müxtəlif maddələrinə əsasən xitam verildiyi, həmçinin sonuncu dəfə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə xitam verildiyi və həmin xitam əmrində əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsi səbəbindən Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyi zamanda 30 gün ərzində əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X8 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməsi barədə X5 məktub ünvanlanmışdır. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, iddiaçı tərəfindən cavabdehə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəfə bildiriş xx.xx.2024-cü il tarixində göndərilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiya xx.xx.2024-cü il tarixdə yekunlaşmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş intizam tənbehi barədə əmrin ləğv edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı əmək müqaviləsinə əsasən, işəgötürən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində aparılmış xidməti araşdırmanın nəticəsində intizam tənbehi verilmişdir. Verilmiş əmrə əsasən, iddiaçı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsin vəzifə funksiyalarının icrasına mane olmuş, habelə öz vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirmiş və nöqsanlara yol vermişdir. Hesab edir ki, verilən töhmət əmri tamamilə əsassızdır və qərəzlidir. Həmçinin, intizam tənbehinin verilməsi barədə əmrdə göstərilən müddətlərdə iddiaçı xəstələnmiş, 3 dəfə xəstəlik vərəqəsi götürmüş, uzun müddət xəstəxanada olmuşdur. İddiaçı xəstəxanada olduğu halda, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsin vəzifə funksiyalarının icrasına necə mane ola bilməzdi. Cavabdeh qərəzli olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin uzadılmamasını “əsaslandırmaq” üçün töhmət vermək qərarına gəlmişdir və bu səbəbdən iddiaçını ona töhmət verilməsi barədə məlumatlandırmamışlar. İddiaçı xx.xx.2024-cü il tarixində xitam verildiyi haqda məlumatlandırılmışdır. Daha sonra idarənin məsul şəxslərinin qəbuluna yazılmaq üçün dəfələrlə 146 qaynar xətti vasitəsilə müraciətlət edərkən telefon operatorlarından biri iddiaçıya iyun ayında töhmət verilməsi barədə məlumat vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Nərminə Hüseynovanın qəbulunda olarkən verilmiş töhmət əmrinin surətinin ona təqdim olunmasını tələb etmiş və verilmiş töhmət əmrinin surəti idarə rəhbərliyinin göstərişi ilə iddiaçıya təqdim olunmuşdur. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə xidməti araşdırma aparılmış və bir sıra nöqsanlar aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı 23 yanvar 2024-cü il tarixdən həmin məktəbin direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad edildiyi halda 13 fevral 2024-cü il tarixədək məktəbin müəllimi, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdinin öz vəzifə funksiyalarının icrasına mane olmuşdur. Belə ki, Nümayəndə direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad olunduğu halda, əmr kitabını direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdiyə təhvil verməkdən imtina etmişdir, habelə 13 fevral 2024-cü il tarixədək əmr kitabında əmrlərin qeydiyyatını aparmışdır. Cari tədris ili üzrə müvafiq əmr əsasında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı musiqi fənnini tədris etməli olduğu ibtidai siniflərin sinif rəhbərləri ilə aparılan şifahi sorğu-sual zamanı bildirdilər ki, cari tədris ilinin əvvəlindən araşdırma aparılan tarixədək bir-iki dəfə istisna olmaqla musiqi fənni tədris olunmamışdır. Tədris olunmayan dərs saatlarına görə İddiaçı əməkhaqqı ödənilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytən Xudiyeva 22-28 dekabr 2023-cü il tarixlərdə, məktəbin ingilis dili müəllimi Sevda Babayeva 08-12 yanvar 2024-cü il tarixlərdə ölkə xaricində olduqları halda həmin vaxt direktor səlahiyyətlərini müvəqqəti icra etmiş İddiaçı tərəfindən rəsmi sənəd olan iş vaxtının uçotu tabellərinə daxil edilmiş məlumatlara əsasən Aytən Xudiyevaya və Sevda Babayevaya əmək haqqı ödənilmişdir. 2023/2024-cü tədris ili üzrə fərdi təhsil dərsləri və dərnək məşğələlərinin cədvəli təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən tərtib edilməmişdir. Fərdi təhsil üzrə 7 “F” sinif jurnalında birinci və ikinci yarımilə aid dərs cədvəlləri yazılmamışdır. Fərdi təhsil jurnalına baxış keçirilərkən Azərbaycan dili fənni səhifəsinin 29 mart 2024-cü il tarixdən, fizika fənni səhifəsinin 27 fevral 2024-cü il tarixdən, xarici dil fənn səhifəsinin 25 yanvar 2024-cü il tarixdən sonra yazılmadığı, habelə “Təlim nailiyyətləri haqqında yekun məlumat” səhifəsində riyaziyyat və kimya fənlərindən başqa digər fənlər üzrə şagirdlərin bal və qiymətləri yazılmamışdır. Jurnalın “Qiymətləndirmələr” səhifəsində riyaziyyat, xarici dil və biologiya fənləri üzrə birinci yarımildən sonra keçirilmiş kiçik summativ qiymətləndirmənin (KSQ) nəticələri qeyd olunmamışdır. Qeyd olunan nöqsanlarla bağlı “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifəsində heç bir qeyd yazılmamışdır. Araşdırma zərurəti ilə əlaqədar buraxılan və əvəz olunan dərslərin uçotu istənildikdə təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı kitabın evdə olduğunu bildirmiş və araşdırmaya təqdim etməmişdir. Dərsdənkənar məşğələ jurnallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 10”C” sinfində fizika fənni üzrə 11 mart 2024-cü il tarixdən, Azərbaycan dili fənni üzrə 12 fevral 2024-cü il tarixdən, 10”A” sinfində Azərbaycan dili fənni üzrə 22 fevral 2024-cü il tarixdən, riyaziyyat fənni üzrə 06 fevral 2024-cü il tarixdən sonra jurnallar yazılmamışdır. Müəyyən olunmuşdur ki, dərsdənkənar məşğələyə bütün sinif cəlb olunmamış, bununla da “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın tələbləri pozulmuşdur. Cari tədris ilinin əvvəlindən araşdırma aparılan tarixədək təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən dərnək və dərsdənkənar məşğələlərin fəaliyyəti yarımillik üzrə qiymətləndirilməmiş, habelə heç bir dərsdinləmə aparılmamışdır. Böyük summativ qiymətləndirmənin təşkili ilə bağlı apellyasiya komissiyalarının yaradılması barədə əmr verilməmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı direktor səlahiyyətlərini müvəqqəti icra etdiyi müddətdə laborant Lalə Qədiməliyeva vasitəsilə müəllimlərdən 5 manat olmaqla ümumilikdə hər ay 350-400 manat pul yığmışdır. Tədris ilinin əvvəlində yeni jurnalların üzlənməsi üçün sinif rəhbərlərindən 10 manat pul Lalə Qədiməliyeva tərəfindən yığılaraq İddiaçı verilmişdir. 2024-cü ilin yanvar-fevral aylarında növbədənkənar Prezident seçkiləri ərəfəsində Nümayəndə göstərişi ilə Lalə Qədiməliyeva müəllimlərdən 20-50 manat arası pul yığmışdır. Həmin dövrdə L.Qədiməliyeva Nümayəndə göstərişi ilə ümumilikdə 450-500 manat məbləğində pulu yığaraq sonuncuya vermişdir. Cari tədris ilində İddiaçı səhhəti ilə bağlı işə çıxmadığı müddətdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Aygün Məmmədova yaranmış zərurətlə əlaqədar direktorun xidməti iş otağına daxil olmuşdur. Lazım olan sənədlər iş otağında tapılmadıqda İddiaçı həmin sənədləri evindən götürərək məktəbə gəlmiş və təsərrüfat müdirinin ünvanına “Aygün kimdir ki, mənim otağımın qapısını açır?” ifadəsini işlətmişdir. Bu zaman məktəbin təşkilatçısı İlhamə Abbasova, işçilər Rəvanə Həsənova, Lalə Qədiməliyeva “Reyhan müəllimə, Aygün xanımın oğlu şəhiddir, elə deməyin” deyə bildirdikdə Nümayəndə “Mən şəhid-məhid hərləmirəm” ifadəsini işlətmişdir. Qeyd olunanlar araşdırma zamanı tərtib olunmuş aktlar və aidiyyəti şəxslərin izahatları ilə təsdiq olunmuşdur. Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı 02 may 2024-cü il tarixdə araşdırma ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunmuş və qeyd olunan məsələlərlə bağlı ona izahat verməsi təklif olunmuşdur, lakin o izahat verməkdən imtina etmişdir. Yuxarıda qeyd olunan səbəblərdən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Bakı Şəhəri ürzə Təhsil İdarəsi qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsini uzadılmamasını əsaslandırmaq üçün töhmət vermək qərarına gəlmişdir və bu barədə İddiaçı guya məlumat verilməmişdir. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır (AR ƏM maddə 189.3). İddiaçı əmr ilə tanış olmuşdur və tələb etdiyində əmrin surəti ona təqdim edilmişdir. Həmçinin, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Yəni əmək müqaviləsinə xitam verilməsi İddiaçı intizam tənbehinin verilməsi ilə əlaqəli olmamışdır. Həmçinin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, guya intizam tənbehinin verilməsi barədə əmrdə göstərilən müddətlərdə iddiaçı xəstələnmiş, 3 dəfə xəstəlik vərəqəsi götürmüş və xəstəxanada olmuşdur. Lakin, etiraza əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 22 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək, 29 mart 2024-cü ildən 31 mart 2024-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliklə bağlı işdə olmamışdır. Bundan başqa qeyd etmək istəmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmüşdür. Yuxarıda göstərilənlər araşdırma zamanı toplanmış materiallarla öz təsdiqini tapır və bir daha aydın olur ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli intizam tənbeh barədə əmrin etibarsız hesab edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli intizam tənbeh barədə əmrin qanunsuz olduğu üçün ləğv edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabadehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1243/2025 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-59/3-2298F/2024 nömrəli əmrinin ləğv edilməsi, Bakı şəhəri üzrə Təhsil İdarəsindən 61 manat mediasiya xərcinin alınaraq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründündüyü kimi xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olaraq xx.xx.2024-cü il tarixli xidməti məruzə göstərilmişdir. Halbuki, qanunvericiliklə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Beləliklə, bununla da müəyyən edilir ki, intizam tənbehi qanunvericiliyin müddəları pozulmaqla verilmiş və buna görə də qanunsuz olmaqla ləğv edilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, araşdırma zamanı cavabdeh olan işəgötürən intizam təhbeh tədbirinin verilməsi barədə əmrin iddiaçı tərəfindən nə vaxt tanış olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmiş, iddiaçı öz izahatında həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olduğunu qeyd etmişdir. Bunun təsdiqi kimi onun mobil telefonuna xx.xx.2024-cü il tarixdə Bakı şəhər Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın xx.xx.2024-cü il tarixdə saat 11:00-da 87177 qəbul nömrəsi ilə sms xəbərdarlığın gəlməsini və göstərilən tarix və saatda gəbulda olmasını bildirmişdir. İş materialllarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəfə bildiriş xx.xx.2024-cü il tarixində göndərilmişdir. İş materialllarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiya xx.xx.2024-cü il tarixdə yekunlaşmışdır. Qeyd olunanları və iddia ərizəsinin Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmasını nəzərə alaraq, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək müddətinin ötürülmədiyi aşkardır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 186, 187, 190.3, 296.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 35.2, 36.5-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1243/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş intizam tənbehi barədə əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən 163 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində 163 nömrəli məktəbdə xidməti araşdırılma nəticəsində intizam tənbehi verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab edir və ləğv edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1243/2025 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə xx.xx.2024cü il tarixli 3-29-59\3-2298f\2024 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, bu qətnamə ləğv edilməli, yerinə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində xidməti araşdırma aparılmış və bir sıra nöqsanlar aşkar edildiyindən İddiaçı töhmət növündə intizam tənbehi verilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də birinci instansiya məhkəməsinin əmrin ləğv edilməsi tələbinin təmin edilməsinə dair qətnaməsi tamamilə əsassızdır və ləğv edilməlidir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Yəni xx.xx.2024-cü il tarixli 3-29-59\3- 2298f\2024 nömrəli əmr 10 dekabr 2024-cü il tarixində qüvvədən düşmüşdür. İddiaçı hazırda da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta məktəbdə çalışır və ona verilmiş mübahisələndirilən intizam tənbehi hazırda qüvvədən düşərək heç bir hüquqi nəticə doğurmur. Bu isə onu deməyə əsas verir ki, həmin intizam tənbehinin ləğvi barədə məhkəmənin hazırki qətnaməsi heç bir hüquqi nəticə doğurmayaraq hər hansı əhəmiyyət kəsb etmir və icrası mümkün deyildir. Məhkəmənin qeyd olunan mövqeyi ilə bağlı bildirir ki, 163 nömrəli məktəbdə aşkar olunmuş nöqsanlarla bağlı yekun arayış və müvafiq struktur bölmə rəhbərinin təqdimatı BŞTİ-nin müdirinə, yəni işəgötürənə 14 may 2024-cü il tarixində təqdim edilmişdir və iddiaçıya intizam tənbehi müvafiq olaraq 10 iyun 2024-cü il tarixində verilmişdir. Odur ki, iddiaçının nöqsanı işəgötürənə 14 may 2024-cü il tarixindən məlum olduğundan Əmək Məcəlləsinin 187.2-ci maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş hesab oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə iclas zalında iddiaçı töhmət növündə intizam tənbehi barədə məlumatlı olduğunu etiraf etmiş, lakin məhkəmə buna münasibət bildirməmişdir. Həmçinin qeyd edirlər ki, məhkəmə qətnaməsi çıxarılandan sonra İddiaçı sosial şəbəkələrdə “internet kanal” kimi fəaliyyət göstərən verilişlərin birində çıxış edərkən, ona töhmət növündə intizam tənbehi barədə əmrin verilməsinə dair sentyabr ayında məlumatlı olduğunu etiraf etmişdir (verilişin görüntüləri ilə bağlı CD disk məhkəmə iclasında təqdim ediləcəkdir). Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. İşin məhkəmə hazırlıq iclasında xx.xx.2025-ci il tarixində tərəf iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29- 59\3-2298f\2024 nömrəli əmrinin ləğv edilməsini deyil, “əmrin etibarsız hesab edilməsini” xahiş etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixində tərəf təkrar ərizə təqdim edərək, məhkəmə baxışı zamanı iddia tələbini dəyişmiş və “əmrin qanunsuz hesab edilməsini” xahiş etmişdir. İddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. İddiaçı məhkəməyə öz iddiasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim olunmuş müvafiq sənədlərə (məktəbdə aparılmış araşdırmaya dair aktlar, sinif jurnallarının yoxlanmasının nəticələrinə dair aktlar, əməkdaşların izahatları və sair) istinad edərək iddiaçı tərəfindən əmək funksiyalarının keyfiyyətsiz icra edilməsini, əmək fəaliyyətlərində nöqsanlara yol verilməsini işin həqiqi halları kimi müəyyən etmişdir. İddiaçı öz sonuncu ərizəsində “əmrin qanunsuz hesab edilməsini” xahiş etməsinə baxmayaraq, qətnamədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29- 59\3-2298f\2024 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qətnaməni çıxaran tarixdə iddiaçıya verilmiş intizam tənbehi artıq qüvvəsini itirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-1243/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və yerinə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etiraz İddiaçı elektron məhkəmə informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə məhkəməyə 21 may 2025-ci il tarixdə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ünvanlayaraq məhkəmədən şikayətin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2(006)-1243/2025 nömrəli qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair iddialarla bağlı aşağıdakı halları diqqətə çatdırır: a. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair iddialar üzrə 1. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarların göstərilməməsi iddiası – Əvvəla qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qeyd olunanqərarı maddi normalar yox, prosesual normalarla bağlı məsələni özündə ehtiva edir, lakin Cavabdeh bunu maddi normanın pozuntusu olduğunu iddia edir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1243/2025 nömrəli qətnaməsin əsaslandırıcı hissəsində məhkəmə istinad etdiyi qanunun və ya digər hüquqi aktların adı, maddəsi, abzası və bəndi kimi məlumatları dəqiqliklə qeyd etmişdir, bu səbəbdən cavabdehin hansı istinadların dəqiq qeyd edilmədiyini iddia etdiyi müəyyən etmək olmur. Cavabdeh tərəf qeyd olunan pozuntunun mövcudluğu ilə bağlı ərizədə heç bir dəlil təqdim etməmişdir. Odur ki, Cavabdehin bu iddiaları tamamilə əsassızdır. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 190.1-ci maddəsi ilə bağlı iddia – qeyd olunanla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli mülahizənin sonuncu abzasında da əks olunduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-371/2022 iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli qərarda kassasiya instansiyasi məhkəməsinin mövqeyini əks etdirən 37-ci abzasını diqqətə çatdırır: “37. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, mübahisələndirilən əmr “Dövlət qulluğu haqqında” Qanunun 34-cü və Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən altı ay müddətinə qüvvədə olduğuna görə hazırda qüvvəsini itirmişdir. Bununla bağlı olaraq məhkəmə tərkibi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, inzibati aktın qəbul edilməsinin özünün qanunsuzluğunu mübahisələndirməyə dair iddiaçının hüquqi marağı vardır. İnzibati aktın qüvvədə olma müddətinin bitməsi, həmin aktın qəbul edilərkən qanunsuzluğuna məhkəmə qaydasında qiymət verilməsi imkanını ortadan qaldırmır. Əmr qəbul edilərkən iddiaçıya münasibətdə həm inzibati icraat bu barədə qanunvericiliyin pozulması ilə aparıldığından, inzibati aktın məzmununda istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, həm də istinad olunan halların iddiaçının hərəkətlərində mövcudluğu sübuta yetirilmədiyindən həmin inzibati akt iddiaçının hüquqlarını pozduğu üçün ləğv edilməlidir.” Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsi ilə bağlı iddia – iddia ərizəsi, məhkəməyə təqim olunmuş sübutlar və mülahizələrdə də qeyd olunduğu kimi, 163 nömrəli məktəbdə BŞTİ-nin nümayəndələri tərəfindən xidməti yoxlama xx.xx.2024-cü il tarixində aparılmış, bununla bağlı aktlar tərtib olunmuş, həmin aktlar BŞTİnin Baş məsləhətçisi Bakir Məmmədov və məsləhətçilər Ceyhun Nəzərov və Sevda Əhmədova tərəfindən imzalanmış, yəni faktiki olaraq cavabdeh, iddia etdiyi “xəta”lardan artıq xx.xx.2024-cü il tarixində xəbərdar olmuşdur. Bundan sonra BŞTİ-nin müdir müavini X4 tərəfindən xx.xx.2024-cü il tarixində DY-97 nömrəli xidməti məruzə tərtib olunmuş və yalnız xx.xx.2024-cü il tarixində intizam tənbehinin verilməsi barədə 3-29-59/3-2- 298F/2024 nömrəli əmr imzalanmışdır. Beləliklə də, iddia olunan “xəta”ların işəgötürənə aşkar olduğu xx.xx.2024-cü il tarixindən 2 ay 1 gün, hətta xidməti məruzənin tərtib olunduğu xx.xx.2024-cü il tarixindən sonra belə, 1 ay 1 həftə sonra İntizam tənbehinin verilməsi barədə əmr imzalanmışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi, pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. 4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə bağlı iddia – iddiaçı həm iddia ərizəsi, həm iclas zamanı verdiyi ifadələr, həmçinin də təqdim etdiyi SMS bildirişlərdə də qeyd etdiyi kimi: xx.xx.2024-cü il tarixində əmək münasibətlərinə xitam verilməsi haqda məlumatlandırılmış və bununla bağlı BŞTİ-nin məsul şəxslərinin qəbuluna yazılmaq üçün dəfələrlə 146 qaynar xətti vasitəsilə quruma müraciət etmişdir. Belə müraciətlərdən birini cavablayan operatorlardan biri iddiaçıya ona iyun ayında töhmət verilməsi barədə şifahi məlumat vermişdir. İddiaçı yalnız xx.xx.2024-cü il tarixində BŞTİ-nin müdir vəzifəsini icra edən Nərminə Hüseynovanın qəbulunda olarkən verilmiş töhmət əmrinin surətinin ona təqdim olunmasını tələb etmiş və yalnız bundan sonra intizam tənbehinin verilməsi barədə əmrin surəti iddiaçıya təqdim olunmuşdur. İddiaçının cavabdehin məsul şəxsi ilə görüş tarixlərini sübut edən SMS bildirişlər iş materiallarına əlavə edilmişdir. - Həmçinin, iddiaçının işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə etdiyi müraciətə verilən və iş materiallarında olan 180812 nömrəli cavab məktubunda da, cavabdehin etiraf etdiyi kimi, “Tərtib edilən akt və izahat nəticəsində qaydalara müvafiq olaraq barənizdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət intizam tenbehi verilməsi barədə əmr verilmişdir. Töhmət əmrinizin sizə təqdim ediləcəyi ərəfədə xəstəlik vərəqəsində olduğunuzdan bu faktiki olaraq baş tutmamışdır.” - Bundan başqa, xx.xx.2025-ci il tarixində keçirilən baxış iclasında hakim cavabdehdən intizam tənbehinin verilməsi barədə əmrin surətinin iddiaçıya təqdim edilməsini təsdiq edən sübutun məhkəməyə təqdim olunmasını istəmiş, lakin cavabdeh tərəfindən belə bir sənəd məhkəməyə təqdim olunmamışdır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1243/2025 nömrəli qətnaməsin 7-ci səhifəsinin 3-cü abzasında da qeyd olunduğu kimi: “Məhkəmə araşdırması zamanı cavabdeh olan işəgötürən intizam təhbeh tədbirinin verilməsi barədə əmrin iddiaçı tərəfindən nə vaxt tanış olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı öz izahatında həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olduğunu qeyd etmişdir. Bunun təsdiqi kimi onun mobil telefonuna xx.xx.2024-cü il tarixdə Bakı şəhər Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın xx.xx.2024-cü il tarixdə saat 11:00-da 87177 qəbul nömrəsi ilə sms xəbərdarlığın gəlməsini və göstərilən tarix və saatda qəbulda olmasını bildirmişdir.” - Əlavə olaraq, cavabdehin hər-hansı bir sübut təqdim etmədiyi halda, xx.xx.2025-ci il tarixli, 2(006)- 1243/2025 nömrəli qətnamə qəbul olunduqdan sonra, iddiaçının hansısa bir internet resursunda etdiyi çıxışına istinad etməsi (hansı ki, həmin resursda qeyd olunan məlumatla iddia ərizəsi, ifadələr və sübutlardakı tarixlər uyğundur) çox absurddur. Cavabdehin həm birinci instansiya məhkəməsinin hazırlıq iclası, həm də baxış zamanı xx.xx.2025-ci il tarixindən sonra intizam tənbehinin verilməsi barədə əmrin surətinin iddiaçıya təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməyə yetərincə vaxtı olmuş və bunu etməmişdir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü bəndinə əsasən, işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Tanış edilmə deyərkən, əmrin verildiyi xx.xx.2024-cü il tarixindən sonra 2024-cü ilin sentyabr ayında 146 qaynar xəttinə edilən müraciət zamanı bu əmrin mövcudluğu barədə məlumatlandırılma nəzərdə tutulmur. Yuxarıda qeyd olunanlara və cavabdehin birinci instansiya məhkəməsində intizam tənbehinin verilməsi barədə əmrin surətinin iddiaçıya təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməyə yetərincə vaxtı və məhkəmə tərəfindən ona edilmiş birbaşa şifahi sorğunun olmasına baxmayaraq, bu sənədi təqdim etməməsi və apellyasiya instansiyası məhkəməsinə iddiaçının iddiasında qeyd etdiyi tarixlərdən fərqlənməyən və hansısa internet resursunda qətnamə qəbul edildikdən sonra etdiyi çıxışını “sübut” kimi təqdim etməsi yolverilməzdir və MPM-nın 372.2.-ci maddəsinin tətbiqi üçün əsas deyildir. Müvafiq olaraq, iddia ərizəsi, ifadə və SMS bildirişlərdə də qeyd olunduğu kimi, intizam tənbehinin verilməsi barədə əmrin surəti iddiaçıya yalnız xx.xx.2024-cü il tarixində təqdim olunmuş, iddiaçı isə iş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən göründüyü kimi, təklifi xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmişdir. Məhkəmənin də müəyyən etdiyi kimi, iş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəfə bildiriş xx.xx.2024-cü il tarixində göndərilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiya xx.xx.2024-cü il tarixdə yekunlaşmışdır. Qeyd olunanları və iddia ərizəsinin Məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmasını nəzərə alaraq, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək müddətinin ötürülmədiyi aşkardır. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. b. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair iddialar üzrə 1. Mülki Prosesual Məcəllənin 217.1-ci maddəsi ilə bağlı iddia – cavabdeh tərəf qeyd olunan pozuntunun mövcudluğu ilə bağlı ərizədə heç bir dəlil təqdim etməmiş, əsaslandırmamış, ümumi ifadələrdən istifadə etmişdir. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə bağlı iddia – cavabdeh tərəf yenidən qeyd olunan pozuntunun mövcudluğu ilə bağlı ərizədə heç bir dəlil təqdim etməmiş, əsaslandırmamış, ümumi ifadələrdən istifadə etmişdir. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. 3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə bağlı iddia – iddiaçının xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizə AR MPM-nın 53-cü maddəsi çərçivəsində yox, 190-cı maddəsi kontekstində nəzərdən keçirilməlidir. Belə ki, MPM-nın 190-cı maddəsində nəzərdə tutulduğu kimi, işin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Dəqiqləşdirmə və MPMnın 53-cü maddəsini ehtiva edən “İddianın dəyişdirilməsi” (dəqiqləşdirilməsi yox) eyni mahiyyət kəsb etmir. xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizə ilə iddia tələbi dəyişdirilməmiş, yalnız söz düzəlişi edilmişdir. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. 4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə bağlı iddia – iddiaçı öz iddiasını təsdiq edən bütün sübutları məhkəməyə təqdim etmiş, həmin sübutlar iş materiallarına əlavə edilmişdir. Xidməti araşdırmaya dair sənəd və aktlar iddia predmetini təsdiq etməsə də, iş materiallarına iddiaçının cavabdehə sonuncunun xidməti araşdırma aparılan məsələlər ilə bağlı xx.xx.2024-cü il tarixində təqdim etdiyi izahatı əlavə edilmiş, həmçinin, məhkəməyə təqdim edilən mülahizə və verilən ifadələrdə də bu məsələlər öz əksini tapmışdır. Əksinə, baxış iclasları zamanı məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi akt, izahat və digər sənədlərdə qeyd olunan məlumatların araşdırma aparan komissiya tərəfindən necə yoxlanıldığı və hansı formada sübuta yetirilməsi, araşdırmanın şəffaf, qərəzsiz və obyektiv keçirilməsi, tərtib olunan ifadə və aktlardakı məlumatların necə sübuta yetirilməsi barədə suallar cavabdeh tərəfindən cavablandırılmamış, bu sənədlərlə iddia olunan pozuntuları sübut edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş ifadə, mülahizədə də qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixində keçirilən xidməti yoxlama qərəzli şəkildə təşkil olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli DY-97 nömrəli xidməti məruzənin əsasını təşkil edən hər iki akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Həmçinin, araşdırma ilə bağlı iddiaçının xeyrinə izahat verən məktəbin müəllim və işçi heyətinin izahatları yalnız şifahi olaraq alınmış, verdikləri izahatları xidməti komissiya tərəfindən onların maraqlarına zidd olduğu üçün aktlaşdırılmamış, digər izahatlarda qeyd olunan məlumatlar saxtalaşdırılmış və ya reallığı əks etdirməmiş, məktəbin valideyni kimi izahat verən şəxslərin əslində həmin məktəbin işçiləri olduğu və xidməti komissiya üzvləri ilə yaxın münasibətləri olduğu, bir-birləri ilə qohumluq əlaqələrinin olduğu gizlədilmişdir. 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi ilə bağlı iddia – iş materiallarından da aydın olduğu kimi, iddiaçı sonuncu ərizəsində cavabdeh tərəfindən verilmiş intizam tənbehinin verilməsi barədə əmrin qanunsuz olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, cavabdehin bu iddiaları tamamilə əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında əmrin rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə sübutun olmamasını, iddiaçının hazırda işlədiyini və sözügedən əmrin isə artıq qüvvəsini itirməsini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 186.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 189

1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190. 1.İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyinə əsasən, Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçiyə intizam tənbehini, işçi tərəfindən əmək və ya icra intizamının pozulmasının aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşəgötürən işçini intizam tənbehi barədə əmrlə (sərəncamla, qərarla) tanış etməli və onun tələbi ilə əmrin surətini ona təqdim etməlidir. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin verildiyi gündür. İddia tələbindən müəyyən olunur ki, iddiaçı barəsində intizam tənbehi verilməsinə dair xx.xx.2024-cü il tarixli əmri qəbul edərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulmasını iddia edərək həmin əmrin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixli əmr verilərkən qanunvericiliyin tələblərinin pozulmaması, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməsi, artıq əmrin qüvvədən düşməsi ilə bağlı iddiaçının hüquqlarını pozmamasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini iddia edən cavabdeh vəsatətində qeyd olunan bu halı, yəni iddiaçının iddia müddətini ötürməsini sübut etmək vəzifəsi daşıyır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının hüquqlarının pozulmasını sentyabr ayından bilməsini iddia edən cavabdeh xx.xx.2024-cü il tarixli əmrin rəsmi qaydada ona təqdim olunmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmir. İddiaçı isə əmrin surətinin, yalnız xx.xx.2024-cü il tarixdə ona təqdim olunmasını, mediasiya prosesinin tətbiqi barədə təklifini cavabdehə xx.xx.2024-cü il tarixdə göndərməsini, mediasiya sessiyasının xx.xx.2024-cü il tarixdə yekunlaşmasını, iddia ərizəsini Məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etməklə iddia müddətini ötürmədiyini bildirir. Göründüyü kimi cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair apellyasiya şikayətinin dəlilinin əsası yoxdur. İşəgötürən xx.xx.2024-cü il tarixli əmrinin verilməsinə əsas olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2024-cü il tarixli DY-97 nömrəli xidməti məruzəsi olmasını əmrdə qeyd etməklə, iddiaçı tərəfindən əmək intizamının pozulmasının ona ən azı xx.xx.2024-cü il tarixdən məlum olmasını təsdiq etmişdir. Bu hal isə cavabdehin xx.xx.2024-cü il tarixli əmri ƏM-in 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozmaqla qəbul etməsini təsdiq etdiyindən cavabdehin əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsinə dair apellyasiya şikayətinin dəlilini də əsassız olmasını təsdiq edir. Kollegiya apellyasiya şikayətinin əmrin qüvvədən düşməsi ilə bağlı iddiaçının hüquqlarını pozmamasına dair dəlili ilə bağlı qeyd edir ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə marağı pozulmuş hüquqlarının bərpa edilməsindən ibarət olduğundan həmin əmrin qüvvədən düşməsi halı iddiaçının bu əmri mübahisələndirmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1243/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar