Məhkəmə qərarları › İş №2(103)-316/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-316/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(008)-346/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvandakı fərdi evində təbii qazdan istifadəyə görə yaranmış 3352,48 manat məbləğində əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 3382,48 manat borcun (pulun) İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvanda 23.08.2016-cı il tarixli 14301 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 356,4 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin, Cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara (ona xətdən açaraq rezin boru vasitəsilə xətt açmış) əl atmışdır. Belə ki, Cavabdeh 13.01.2017-ci il tarixli ******* saylı akt əsasında 583,2 manat, 06.02.2017-ci il tarixli ******* saylı akt əsasında 583,2 manat, 09.03.2017-ci il tarixli 0114745saylı akt əsasında 200,8 manat, 10.04.2017-ci il tarixli ******* saylı akt əsasında 207,2 manat, 29.09.2017-ci il tarixli ******* saylı akt əsasında 275,6 manat, 26.10.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 20.11.2017- ci il tarixli ******* saylı akt əsasında 51,6 manat, 13.12.2017-ci il tarixli ******* saylı akt əsasında 149,2 manat, 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 780 manat və 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat cəmi 3055,8 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh ilə bağlanılmış “Qaz Paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 3352,48 manat (3E proqamına keçən borcla) debitor borcu qalmışdır. Buna görə Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3352,48 manat məbləğində əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 3382,48 manat borcun (pulun) İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(008)-346/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamədən cavabdeh Zəkı̇ yev Ağazəkı̇ Mı̇ r Həbı̇ b oğlu apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(008)-346/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, yaşayış evinə gələn qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına əvvəllər müdaxilə olunmuşdur. Lakin sonra İddiaçı İB-nin əməkdaşları tərəfindən sayğacda yaranmış problem aşkar edilmiş və aradan qaldırılmışdır. Problem aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən həddindən artıq qanunsuz borc hesablanmışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam və obyektiv araşdırmadığı üçün qətnamə əsassızdır və ləğv olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli, 2(102)-8113/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Zəkı̇ yev Ağazəkı̇ Mı̇ r Həbı̇ b oğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, ona verilən suallara cavabında əvvəllər bir dəfə hansı vaxtı qaz xəttinə qanunsuz qoşulmanın tarixini dəqiq xatırlamadığını, təqdim olunmuş fotoşəkillərin qonşunun xəttinin olduğunu, aktların onun ünvanı üzrə tərtib edilmədiyini, onun aktlardan xəbəri olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(008)- 346/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, vurulmuş zərərin cavabdeh tərəfindən qismən etiraf edildiyi halda, işdə olan sübutlar əsasında bu sahə üzrə müvafiq mütəxəsisin cəlb edilməsi yolu ilə zərərin həddinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması mümkündür. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticəni hər hansı maddi və prosessual norması ilə əsaslandırmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı Sabunçu X8 arasında bağlanmış 23.08.2016-cı il tarixli 14301 nömrəli qazın alğı-satqısı müqaviləsindən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən istehlakçı hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 23.08.2016-cü il tarixli 14301 nömrəli, 13.01,2017-ci il tarixli ******* saylı, 06.02.2017-ci il tarixli ******* saylı, 09.03.2017-ci il tarixli ******* saylı, 10.04.2017ci il tarixli ******* saylı, 29.09.2017-ci il tarixli ******* saylı, 26.10.2017-ci il tarixli ******* saylı, 20.11.2017-ci il tarixli ******* saylı, 13.12.2017-ci il tarixli ******* saylı, 19.01.2018-ci il tarixli ******* saylı, 09.02.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarının surətindən görünür ki, Cavabdeh barəsində yaşadığı ünvan üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, cavabdeh tərəfindən qeyri-qanuni qaz xəttinə qoşulma hallarının müəyyən olunması üçün kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının 30.10.2020-ci il tarixli, 9/1901 saylı rəyindən görünür ki, qeyd olunan aktlar üzrə 13.01.2017-ci il tarixli ******* saylı akt əsasında 583,2 manat, 06.02.2017-ci il tarixli ******* saylı akt əsasında 583,2 manat, 09.03.2017-ci il tarixli 0114745saylı akt əsasında 200,8 manat, 10.04.2017-ci il tarixli ******* saylı akt əsasında 207,2 manat, 29.09.2017-ci il tarixli ******* saylı akt əsasında 275,6 manat, 26.10.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 20.11.2017- ci il tarixli ******* saylı akt əsasında 51,6 manat, 13.12.2017-ci il tarixli ******* saylı akt əsasında 149,2 manat, 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 780 manat və 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat, cəmi 3055,8 manat müəyyən olunur. Həmin məbləğ İddiaçı İB təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07.12.2020-ci il tarixli, 10/3612 saylı rəyinə əsasən mülki iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilmiş ünvanlara əsasən ünvan 1 ünvanında qaz xəttinə qoşulma halının olmadığı müəyyən edilir. Rəydə qeyd olunur ki, mülki iş materiallarında olan İddiaçı İB-nin Bakı RQSDnin rəisi ilə istehlakçı Cavabdeh arasında 23.08.2016-cı il tarixli, T/14301 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilədə istehlakçı Cavabdeh ünvanı kimi Ax.M.Ələkbər küçəsi, dalan 1, ev 8 göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda istehlakçı kimi Cavabdeh göstərilsə də, sonuncunun ünvanı kimi Maştağa qəsəbəsi, C.Mustafayev (İnqilab) küçəsi 0400-0002 kimi göstərilmiş, yalnız 13.12.2017-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda istehlakçının ünvanı Maştağa qəsəbəsi, Ax.M.Ələkbər küçəsi, dalan 1, ev 8 ünvanı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-nin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı qazdan sayğacdan kənar istifadənin cavabdeh tərəfindən edildiyini sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf dəfələrlə məhkəməyə dəvət olunmasına baxmayaraq, nümayəndə məhkəməyə gəlməmişdir. İşin mübahisəsiz olan digər hallarına əsasən ünvan 1 ünvanda istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində quraşdırılmışdır, digər tərəfdən işdə olan aktlar iddiaçının nümayəndələrinin iştirakı ilə, Cavabdeh iştirakı olmadan tərtib edilmişdir. Digər tərəfdən, ekspertin də qeyd etdiyi kimi, İddiaçı İB-nin Bakı RQSD-nin rəisi ilə istehlakçı Cavabdeh arasında 23.08.2016-cı il tarixli, T/14301 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən istehlakçı Cavabdeh ünvanı kimi Ax.M.Ələkbər küçəsi, dalan 1, ev 8 göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda istehlakçı kimi Cavabdeh göstərilsə də, sonuncunun ünvanı kimi Maştağa qəsəbəsi, C.Mustafayev (İnqilab) küçəsi 0400-0002 kimi göstərilmiş, yalnız 13.12.2017-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda istehlakçının ünvanı Maştağa qəsəbəsi, Ax.M.Ələkbər küçəsi, dalan 1, ev 8 ünvanı kimi qeyd edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər cavabdeh tərəfindən 13.01.2017-ci ildən 09.02.2018-ci il tarixədək bir neçə dəfə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, iddiaçı tərəfindən qazın verilməsinin dayandırmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən vaxtında tələb edilməsi müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kollegiya cavabdehin bir dəfə qoşulma halını etiraf etməsini, bu halın “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13.12.2017-ci il tarixli ******* saylı aktla və ekspert rəyi ilə müəyyən olunduğunu əsas kimi qəbul edib, həmin akt üzrə hesablanmış 149,2 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Həmçinin kollegiya Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 3E proqramına keçirilmiş əvvəlki borcu ilə bağlı hissədə qeyd edir ki, i/v 11-də olan 16.03.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdehin sayğac quraşdırılana kimi-yəni 2016-cı il tarixədək olan borcu 296,68 manat təşkil edir. Buna görə də, kollegiya hesab edir ki, 296,68 manat borc hissədə iddia tələbi təmin edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iddianın 13%-nin təmin olunması nəzərə alınmaqla, apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 26 manatı cavabdehdən, 174 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(008)-346/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13.12.2017-ci il tarixli ******* saylı akt əsasında 149,2 (yüz qırx doqquz manat iyirmi qəpik) manat və abonent borcuna görə 296,68 (iki yüz doxsan altı manat altmış səkkiz qəpik) manat, cəmi 445,88 (dörd yüz qırx beş manat səksən səkkiz qəpik) manat tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 26 (iyirmi altı) manatı Cavabdeh, 174 (yüz yetmiş dörd) manatı İddiaçındən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar