Məhkəmə qərarları › İş №2(103)-316/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-316/2024

31.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X12 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı “X12 Kompani S.A.” Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X12 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1050/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, "X12 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində "X12 Kompani S.A” Şirkəti fəaliyyət göstərir.

2. Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Seyid Seyidov, Suraxanı OYL OQ və NBX-nin növbə rəhbəri Teyyub Zeynalzadə və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi Əli Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 46 nömrəli aktdan görünür ki, nümayəndəliyin İİ saylı neft-qaz çıxarma sexinin ərazisində olan Zığ qəsəbəsi, Şimal hissəsi ünvanında Cavabdeh tərəfindən 600 kv.m ha ölçüdə olan sahədə daş hasarın tikintisi işləri aparılması aşkar edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "X12 S.A” Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda ("X12 S.A” Şirkətinin xx.xx.2022-ci il tarixli, 788/EA nömrəli məktubuna cavab məktubu) qeyd edilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən ərazilərdə torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir.

4. Bakı şəhəri, Suraxanı Rayon icra Hakimiyyəti Başçısı tərəfindən 21 may 1999-cu il tarixdə verilmiş 1046 nömrəli sərəncama sərəncamın surətinən görünür ki, əsasən vətəndaş X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 km2 torpaq sahəsi ayrılmış və ona ayrılmış sahəsə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon layihə-smeta bürosu ilə müqavilə bağlamalı, 4-cü bəndinə əsasən tikinti sahibi yaşayış evinin tikintisi üçün rayon təmir-tikinti təşkilatı ilə müqavilə bağlamalı, 5-ci bəndinə əsasən tikinti sahibi torpaqdan istifadə etmək hüququna malik olmaq üçün rayon MKT ilə notarial qaydada müqavilə bağlamalı, 7-ci bəndinə əsasən tikinti sahibi rayon MKT ilə müqavilə bağladıqdan sonra bir ildən gec olmayaraq tikintiyə başlamalı və üç il müddətində tikintini başa çatdırmalıdır.

5. Baş geoloq K.Şabanov tərəfindən verilmiş arayışla müəyyən olunur ki, təqdim olunmuş 39 T 414377.00 m 4470148.00 m koordinatı üzrə yerləşən torpaq sahəsi "Suraxanı Oyl OK SA” əməliyyat şirkətinin Qaraçuxur neft yatağının Kontrakt sahəsinin ərazisi daxilindədir. Təqdim olunmuş koordinat üzrə yerləşən torpaq sahəsindən 31 metr aralı məsafədə ‘X12 S.A-YA aid 881 saylı ləğv quyusu, 184 metr aralı məsafədə 672 saylı ləğv, 194 metr aralı məsafədə 581 saylı ləğv, 246 metr aralı məsafədə 718 saylı ləğv quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək işlənməsi üçün kommersiya marağı kəsb edir. Koordinatlar (WGS-84).

6. Suraxanı Rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 193 nömrəli arayışdan görünür ki, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 600 m torpağın vegilərini ödəyir və 2023-cü ilə vergi borcu yoxdur. Sözügedən torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daş hasara alınmış, ərazidə təzə ağaclar əkilmiş, dəmir köşk və divan qoyulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi, nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB400l**********467111 nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X12 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ- ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. "X12 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik Şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1 -ci maddəsinə əsasən ARDNŞ "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxurur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. "X12 Kompam S.A.” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. Şimal hissəsi 39 T 414377.00 m B 447Ol48.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilərək, daş hasarla əhatəyə alınması faktı aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakı ilə akt tətib edilmiş, özbaşına aparılan tikinti işlərinin foto şəkilləri çəkilmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin, hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklər yaranır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.

9. Cavabdeh iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "X12 Kompani S.A.” Şirkətinin Azərbaycan Resbublikasındakı Nümayəndəliyin məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı "X12 Kompani S.A." Şirkətinin Azərbaycan Resbublikasındakı Nümayəndəliyi iddia tələbini sərəncamda adı qeyd edilən cavabdeh olaraq X4 və ya onun vərəsələrinə qarşı verilməlidir. İddia edilən həmin torpaq hüquqları ona məxsus deyil və onun istifadəsində deyil. Cavabdeh olaraq məhkəmədə ona qarşı iddia qaldırılmasının hüquqi əsası yoxdur. 1046 saylı, 21 may 1999-cı il tarixli X1 verildiyi üçün ilk növbədə iddiaçı tərəfindən sərəncam mübahisələndirilməlidir. Əgər sərəncamın olmasına dair şübhə varsa iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdilər. Həmçinin, iddia müddəti də ötmüşdür. Belə ki, Azərbaycan Resbublikası MM-yə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Ona görə də iddia ərizəsində qeyd olunanları tamamilə əsassız hesab edir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində olsa da, iddiaçı "X12 Kompani SA" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X3 ailə üzvlərinə, eləcə də X3 özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və X6 uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. İddiaçı tərəf bu illər ərzində X3 və onun ailə üzvlərinə heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsindən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. Bundan əlavə, iddiaçı Suraxanı RİH tərəfindən onlara ünvanlanmış məktuba istinad edərək X4 verilmiş torpaq sahəsi ilə bağlı sərəncamının şübhəli olmasını əsas gətirsə də, həmin sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişlər. Halbuki, iddiaçı tərəf belə bir sərəcamın mövcudluqundan əməkdaşları tərəfindən uzun müddət məlumatlı olmuş və bu müddət ərzində qeyd olunan sərəncamı mübahisələndirməmişlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)- 1050/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39T414377.00mB4470148.00m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi və "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə qaytarılması, Cavabdeh 100 manat dövlət rüsumunun alınıb "Suraxanı X14 S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürülməsi qət edilmişdir (hakim X8).

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçı "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına hasar tikmiş, dəmir köşkü gətirmiş və ağac əkmişdir. Mübahisəli torpaq sahəsi "X12 Kompani S.A” Şirkətinin balansındadır, lakin cavabdeh həmin torpaq sahəsinə hasar çəkmişdir. Qeyd olunan fakt məhkəmə prosesində cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi ancaq 2023-cü il üzrə olmuşdur. Onun tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Onun tərəfindən uzun illər ərzində torpaq sahəsindən istifadəsi sübut olunmur. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, istifadə hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən də torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı şirkətin cavabdeh tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinin nümayəndəliyə qaytarılması tələb etmək hüququ var. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi zəbt olunmuş hesab edilməli və "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 155-ci, 180-cı, 238-ci, 241-ci maddələri, Torpaq Məcəlləsinin 46-cı, 50-ci, 56-cı, 58-ci, 111-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddiaya verilən etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, 1046 saylı, 21 may 1999-cı il tarixli X4 aid sərəncam mövcud olduğu halda nədənsə məhkəmə Suraxanı RİH-ni üçüncü şəxs kimi mülki işə cəlb etməmiş və buna maraqlı olmamışdır. Eyni zamanda qətnamədə qeyd edilib ki, cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi ancaq 2023-cü il üzrə olmuşdur. Cavabdeh tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Nəticədə məhkəmə mülki işə birtərəfli baxmış, işin faktiki hallarını tam araşdırmaqda maraqlı olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi onlarında balansında olan torpaq sahəsi olmaqla neft quyularının ərazisində yerləşir. Həmin torpaq sahəsi də dövlət tərəfindən neft çıxarılması üçün ayrılıb. Təqdim edilən peyk görüntülərindən də görünür ki, orada 2021-ci ilə qədər tikili olmamış, tikilinin tikildiyi vaxtı da heç bir sənəd tərtib olunmayıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

20. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

21. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

27. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

29. Sözügedən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün "X12 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır. Mübahisəli torpaq sahəsi "X12 Kompani S.A” Şirkətinin ərazisinə daxil olan torpaq sahəsinə aiddir. Belə ki, sözügedən Sazişdə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları pulkovo-1942 sistemi, iddia ərizəsində isə mübahisəli torpaq sahəsinin koordinatları WGS-84 sistemi ilə göstərilmişdir.

30. İş materialları ilə və işin faktiki hallarından göründüyü kimi, Cavabdeh mübahisəli torpaq sahəsinə qanuni əsaslarla sahiblik etdiyi müəyyən olunmur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi sərəncam başqa şəxsin (X3) adına verilmişdir. Həmin şəxsin cavabdehlə heç bir hüquqi əlaqəsi yoxdur. Həmçinin, sərəncamda göstərilmiş şərtlər (tikinti işlərin üç il ərzində həyata keçirilməsi və s.) göstərilmiş müddətə icra olunmadığından, məhkəmə elə nəticəyə gəlir ki, sərəncam iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, cavabdehin hasar tikdiyi torpaq sahəsi X4 1999-cu ildə fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin Şimal hissəsində 600 km2 torpaq sahəsi ayrılmış və ona ayrılmış sahəsə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, lakin o, həmin müddətdə heç bir tikinti işləri aparmamışdır. Eyni zamanda, iş materiallarına daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, “X12 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X12 Kompani S.A” Şirkəti fəaliyyət göstərir.

32. Göründüyü kimi, 16 avqust 2005-ci il tarixindən Suraxanı neft yataqlarının daxil olduğu ərazi “X12 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, həmin əraziyə daxil olan Cavabdeh tərəfindən mübahisəli ərazinin hazırki vəziyyətə gətirilməsi sonrakı illərdə olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən peyk görüntülərindən də göründüyü kimi mübahisəli torpaq sahəsində olan tikililər 2021-ci il tarixdən sonra inşa edilmişdir.

33. Həmçinin, işdən göründüyü kimi, cavabdeh tərəfindən torpaq sahəsinə görə bələdiyyə vergisinin ödəməsi də 023-cü il üzrə olmuşdur. Onun tərəfindən verginin 2023-cü ildən əvvəlki illərində də ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da cavabdehin uzun illər ərzində torpaq sahəsindən istifadə etməsi və həmin sahəyə fasiləsiz sahiblik etməsi halları sübut olunmur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamışdır.

35. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 17 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən də vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu, eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissəsi 39 T 414377.00 m B 4470148.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi Cavabdeh tərəfindən faktiki istifadə edilən torpaq sahəsi (hasara alınmış) ilə üst-üstə düşməklə həmin sahəyə aid olduğu müəyyən edilmişdir.

36. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.

37. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

38. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

39. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

40. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

41. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qətnamə isə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(010)-1050/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar