Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2005-ci il tarixli 635 saylı və xx.xx.2005-ci il tarixli 636 saylı Qala Bələdiyyə sədrinin sərəncamları əsasında “Qala qasəbəsində” vətəndaş üçün torpaq sahəsi ayrılmışdır. İddiaçının Məhkəməyə təqdim etdiyi Qala Bələdiyyəsi sədrinin təsdiq etdiyi Torpaq sahəsinin “sxemi” adlanan sənəddən məlum olur ki, 2 ədəd fərdi ev tikmək üçün torpaq sahəsi Bələdiyyə sədrinin sərəncamı əsasında - Qala qəsəbəsində ayrılmışdır.
2. Cavabdeh2 üçün Abşeron rayonu tabeliyində olmuş X14 üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmr əsasında 0,03 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində cavabdeh tərəfindən 2002-ci ildən etibarən fərdi ev inşa edilmiş və ailəsi ilə birlikdə həmin fərdi evdə yaşayır.
3. Cavabdeh1 üçün Abşeron rayonu tabeliyində olmuş X14 üzrə xx.xx.2000-ci il tarixli 16 saylı əmrdən çıxarış əsasında 0,04 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində cavabdeh tərəfindən 2002-ci ildən fərdi ev tikilmiş və ailəsi ilə birlikdə bu ünvanda yaşayır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Royal oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 635 və 636 N-li sərəncamlarla verilmiş 1200 kv.m və 2400 kv.m torpaq sahələrinin zəbt edilərək orada qanunsuz tikinti işləri aparan X9, X12, Cavabdeh2, Həbibulin Hüsyanoviç, X13, Cavabdeh3, Cavabdeh1, X6, X4, Cavabdeh4, X2, X3, X10 şəxslərindən torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək həmin torpağın üzərində fərdi yaşayış evləri tikilmişdir. Belə ki, 2005-ci ildə İddiaçı adına Əzizbəyov rayon Qala bələdiyyəsindən xx.xx.2005-ci il tarixli 635N-li və xx.xx.2005-ci il tarixli 636N-li sərəncamlarla müvafiq alqı-satqı müqaviləsi üzrə həmin ərazidən 1200 kv.m və 2400 kv.m ölçüdə yanaşı torpaq sahələri alınmışdır. Torpaq sahələrini aldıqdan sonra həmin əraziyə 7 (yeddi) yük maşını mişar daşı alıb yığmışdır. Maddi imkanı olmadığına görə orada tikinti işləri apara bilməmişdir. 2008-ci ildən Rusiya Federasiyasına işləmək üçün getmişdir. xx.xx.2023-cü ildə yenidən qayıtdıqdan sonra əraziyə baxış keçirərkən torpaq sahələrinin qanunsuz zəbt edildiyini görmüşdür. Həmin ərazilərdə 3 ev tikilmiş, bir neçə hissə də hasara alınmış, 3 yarım tikili inşa edilmişdir. Bununla əlaqədar olaraq Xəzər rayon polis idarəsinə müraciət etmişdir. Torpaq sahələri X9, X1 Azadağa Xanağa oğlu, Həbibulin Hüsyanoviç, X13, Cavabdeh3, Cavabdeh1, X6, X4, Cavabdeh4, X2, X3, X10 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bu şəxslərlə dəfələrlə əlaqə saxlayaraq qanunsuz zəbt edilmiş torpaqların boşaldılması, tikililərin sökülməsini tələb etsə də, onlar buna əməl etməmişlər.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-843/24 saylı iş üzrə 15 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisə predmetinə aid olan torpq sahəsinin ona aid olduğunu iddia etsə də, buna dair onun subyektiv hüququnun olması, həmçinin digər sübut, dəlil məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə öz mövqeyini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 9.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddia tələbində cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahələrinin ünvanı Xəzər rayonu, Binə qəsəbəsi olaraq göstərilməmişdir, iddiada 635 və 636 N-li sərəncamlarla verilmiş 1200 kv.m və 2400 kv.m torpaq sahələrinin cavabdehlər tərəfindən boşaldılması və qanunsuz tikililərin sökülməsi xahiş olunmuşdur. Cavabdeh1 və Cavabdeh2 X14 ərazisində torpaq sahəsinin ayrılması barədə əmrdən çıxarışların mövcudluğu heç də mübahisəli əmlakın məhz Binə qəsəbəsində yerləşməsi və cavabdehlər tərəfindən Qala qəsəbəsində yerləşən torpaq sahəsinin zəbt olunmaması demək deyil. Mübahisəli torpaq sahəsinin ona ayrılmasına dair sərəncamlardan irəli gələn gözlənti hüququ mövcuddur. Hazırda torpaq sahəsi zəbt olunduğundan, oraya olan hüquqlarının həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Məhkəmə işi hərtərəfli araşdırmayaraq, formal mülahizələri əsas gətirərək mülkiyyət hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisəli ünvanın zəbt olunması, həmin ünvanla iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, mübahisəli əmlakın cavabdehlər tərəfindən istifadə edilib-edilməməsi barədə araşdırılma aparılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı qanuni əsaslarla gözlənti hüququnun olduğu torpaq sahəsindən məhrum edilmişdir və cavabdehlərə Binə qəsəbəsində torpaq sahəsinin ayrılması barədə əmrdən çıxarışların mövcudluğu heç də onların mübahisəli əmlakdan istifadə edə biləcəyini istisna etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehlər və onların nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
13. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.2. “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur”. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya İcarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən İstifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi: istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə Torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
15. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması va razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-TİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamə
Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə-müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya İcarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 25. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. Baxılan iş üzrə iddiaçının qeyd olunan cavabdehlərə məxsus torpaq sahələrinə münasibətdə belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüququ yoxdur.
23. İşdə olan sənədlərdən məlum olur ki, vətəndaş İddiaçı üçün Bələdiyyə sədrinin sərəncamları əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi ünvan “Qala qəsəbəsidir”. İddiaçının mübahisələndirdiyi cavabdehlərə faktiki olaraq məxsus olan (mübahisələndirilən) torpaq sahələrinin yerləşdiyi ərazi isə Qala qəsəbəsi ərazisi deyildir. Cavabdehlərə faktiki olaraq məxsus olan torpaq sahələri X5 ərazisidir. Bu səbəbdən iddiaçının cavabdehlərin faktiki yaşadıqları torpaqlarından çıxarılması barədə iddia qaldırmaq hüququ yoxdur. Qala Bələdiyyəsi sədrinin qeyd olunan sərəncamlarında açıqaydın yazılır ki, İddiaçı üçün torpaq sahəsi Qala qəsəbəsi ərazisində ayrılır. “Google xəritədən” çıxarışı (üç variantda) məhkəməyə sübut növü kimi təqdim edərək bildirir ki, Qala qəsəbəsi ərazisi və X14 ərazisi xəritədə dəqiqliyi ilə əks olunduğu üçün, iddiaçının cavabdehlərə qarşı iddia tələbi üzrə cavabdehlərin faktiki istifadələrində olan X5 ərazisində yerləşən torpaq sahələrinin, Qala qəsəbəsi ərazisinə heç bir aidiyyəti yoxdur.
24. İddiaçı subyektiv hüquqa malik şəxs kimi qəbul olunsa belə, iddia özlüyündə əsassızdır. Belə ki, iddiaçının sübut qismində təqdim etdiyi bələdiyyə sərancamının verildiyi taixdə bələdiyyələr ərazidə daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara, müvafiq icra hakimiyyətinin müvafiq rəyi əsasında və yerdə torpaq sahəsinin ayrıc akti tərtib edilməklə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin (ləğv edilmiş X8 Komitəsi) imzası ilə hərrac keçirilmədən, bələdiyyə orqanın üzvlərinin ümumi yığncağının müzakirəsinə çıxarılmaqla, bələdiyyənin Qərarı ilə ayrıla bilərdi. Lakin iddiaçının təqdim etdiyi bələdiyyə sərəncamından görünür ki, iddiaçı o dövrdə Naxçıvan MR, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 2, ev 4-də yaşamaqla qeydiyyatda olmuş, bələdiyyənin ümümi yığncağına dair protokol təqdim edilməyib, fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılmasına dair yerli icra hakimiyyətinin rəyi təqdim edilməyib, habelə torpaqğın ayrıc aktı mövcud deyil. İddiaçı torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 636 nömrəli və xx.xx.2005-ci il tarixli 635 nömrəli sərəncamlarına və həmin sərəncamlar əsasında bələdiyyə ilə hazırkı mülki iş üzrə iddiaçı arasında alqı satqı müqaviləsi bağlansa da, Xəzər rayonu Qala bələdiyyəsinin müvafiq sərəncamları ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmiş və müvafiq orqanda qeydə alınmamışdır.
25. Bundan əlavə, Qala bələdiyyəsi iddiaçının adına torpaq sahəsi ayrılması və ona torpaq sahəsi satılmasına dair sənədlərin bələdiyyənin arxivində tapılmadığını bildirmişdir.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya şikayətinin əsas dəlilləri iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması, bununla əlaqədar olaraq onun mülkiyyət hüququnun pozulması və məhkəmənin qətnamə çıxararkən bütün bunları nəzərə almaması barədədir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, əvvəla həmin dəlillər iddia tələbinin əsas dəlilləri kimi irəli sürülmüş və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verilmişdir. Digər tərəfdən, Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı mübahisənin həlli ilk növbədə sübutetmə yükünün kimin üzərində olması və hansı qaydada həyata keçirilməsindən asılı olmuşdur. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. İddiaçının istinad etdiyi bələdiyyə orqanı da bələdiyyənin arxivində iddiaçıya torpaq sahəsi ayrılmasına dair sənədlərin mövcud olmadığını bildirmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
30. Apellyasiya baxışı zamanı iddiaçının vəsatəti təmin olunaraq işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılmasını təmin etmək məqsədilə ekspertiza təyin olunmuş, lakin iddiaçı həmin ekspertizanın keçirilməsinə şərait yaratmadığına, mütəxəssis rəyinin verilməsi üçün dövlət rüsumunu ödəmədiyinə görə ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır.
31. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).
32. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən iddiaçının mütəxəssis rəyi alınması üçün xidmət haqqını ödəməməsini onun ekspertizanın keçirilməsində maraqlı olmaması, habelə onun keçirilməsinə maneə törətməsi kimi qiymətləndirir və iddiaçının tələbinin əsassız olduğu qənaətinə gəlir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.