Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3162/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi eyni zamanda vəkili Vəkil1 iştirakları ilə İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)- 223/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızı Cavabdeh iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 ha (Dövlət reyestrindən çıxarışa əsasən) torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən (evdən) əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1na məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 0,0483 kvm torpaq sahəsi 01.09.2021-ci il tarixində ünvan ariat kontorunda bağlanan Daşınmaz əmlakın bağışlanması müqavilsi əsasında ona hədiyyə verilib. Həmin ünvanda yerləşən yarıtikilidə qardaşı X12 2013-cü ildən Cavabdeh ilə ailə həyatı qurduqdan sonra qeydiyyatsız yaşayıblar. 2020-ci ildə onların nikahları pozulub. Hal hazırda qardaşı X2 yaşayır və orada qeydiyyatdadır. Cavabdeh 2021-ci ilin mart ayında Nəsimi rayon məhkəməsində qaldırdığı, yaşayış yerindən istifadə etmək iddiası məhkəmə tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq o hələ də həmin evdə yaşayır, ev iddiaları irəli sürür və heç kəsi evə buraxmır. İstər qardaşı X12 ailəli olduğu müddətdə, istərsə də boşandıqdan sonra kiçik qardaşı 2 Qarabağ müharibəsi qazisi X10 Cavabdeh tərfindən aqressiv münasibət görərək evə buraxılmamışdır. Dəfələrlə Cavabdeh qardaşı X6 şər ataraq, əsassız şəkildə polisə şikayət etmişdir. X1 2009-cu ildən Almaniyada yaşayır və hər zaman bu konfliktin razılıq yolu ilə həll olunmasına çalışmışdır. Lakin Cavabdeh heç bir şərtlə razılaşmamış, evin yalnız ona məxsus olduğunu iddia etmişdir. Bu ilin avqust ayının 22-dən bir ay müddətində X1 Azərbaycana gəlmişdir, lakin öz evinə gedə bilməmişdir. Bir dəfə cəhd etmiş, onda da Cavabdeh qapını açmamışdır. Sonradan telefon zəngi ilə həmin vaxt guya evdə olmadığını bildirmişdir. Hal-hazırda qardaşı 2-ci Qarabağ müharibəsi qazisi X10 və o sözü gedən mülkiyyətin hüquqi sahibi olaraq ayrılıqda kirayə evlərdə yaşamağa məcburdurlar. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-223/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdeh iddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızına məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0.0483 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən (evdən) əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsində olan ev 2010-cu ildən tikilməyə başlayıb və 2013-cü ildə qapısı pəncərəsi olmayan yarımçıq tikili olub. 2013-cü ildə cavabdeh, iddiaçının qardaşı X12 ilə ailə həyatı qurandan həmin yarımçıq tikili gənc ailəyə verilib və cavabdeh, onun ailəsi şəxsi vəsaitləri hesabına tikintini davam etdirərək bu günkü günə qədər həmin evdə yaşayıblar. Cavabdehin və onun ailəsinin tikinti işlərinin aparılmasından onlar tərəfindən vəsaitin və əməyin xərclənməsindən torpaq sahəsinin və hazırki iddiaçının xəbəri, məlumatı olub və bununla bağlı onların heç bir etirazı olmayıb. Belə ki, həmin yarımçıq tikili onlara könüllü sürətdə, yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə verilmişdir. Lakin, iddiaçı 01.09.2021-ci il tarixində bağışlama müqaviləsi əsasında həmin torpağa mülkiyyət hüquqları əldə etdikdən sonra, torpaq sahəsini yüklü surətdə (içərisində ev olduğu və cavabdehin orada ailəsi ilə yaşadığı halda) qəbul etməsinə baxmayaraq, hüquqlarından sui-istifadə etmiş və müxtəlif bəhanələr gətirərək, o cümlədən digər qardaşının başqa yerdə kirayədə qalmasını əsas tutaraq belə bir iddia qaldırmışdır. Belə müəyyən olunur ki, iddiaçı və əvvəlki mülkiyyətçi yarımçıq tikilini iddiaçının və ailəsinin sahibliyinə vermiş, cavabdehin və onun ailəsi özlərinin şəxsi resurslarından istifadə edərək evi abadlaşdırmış, onu yaşayış səviyyəsinə çatdırmış və bundan sonra iddiaçı hüquqlarından sui - istifadə edərək onların həmin evdən çıxarlıması məsələsini qoymuşdur. Halbuki, bağışlama iddiaçı hüquqlarının pozulmasını hesab etdiyi halda müqaviləsindən imtina etmək, ona əvəzsiz verilmiş hədiyyəni qəbul etməmək hüquqlarına malik idi. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar, eyni zamanda mübahisəli tikilinin özbaşına tikili olması və məhkəmə predmeti olmaması halları nəzərə alınmamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı tərəfindən həmin evin tikilməsində heç bir xərc çəkilməmiş, hər hansı bir əmək sərf olunmamışdır. İddiaçı ona bağışlanılan torpaq sahəsini əvəzsiz olaraq, eyni zamanda yüklü vəziyyətdə, üzərində ev olmaqla və cavabdehin həmin evdə sahiblik hüquqları əsasında yaşadığı halda qəbul etmişdir. Cavabdehin, həmin torpaq sahəsinin üzərində tikilən evdə sahiblik hüquqları əsasında yaşaması faktı torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə məlum olmuş, bu faktı tanımış, onunla bağlı hər hansı bir etirazı olmamış və torpaq sahəsini o vəziyyətdə (yüklü vəziyyətdə) hazırkı iddiaçıya bağışlamışdır. İddiaçının öz hüquqlarından sui - istifadə etməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hal - hazırda cavabdehin ailəsi ilə birlikdə: əri X12, iki azyaşlı uşaqlı ilə həmin evdə yaşaması məhkəmə tərəfindən araşdırılmamışdır. Tikilinin cavabdehin, əri Yasinov Rəşad və qaynatası Yasinov Yaşar tərəfindən aparılması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tikilinin cavabdehin əri Yasinov Rəşadın və qaynatası Yasinov Yaşarın vəsaiti hesabına (bunun üçün götürdükləri kreditlərin hesabına), əməyi və vaxtı hesabına aparılması nəzərə alınmamışdır. Tikilinin, mübahisəli torpaq sahəsinin 0,018 ha torpaq sahəsində aparılması və qalan 0,03 ha torpaq sahəsinin iddiaçının sahibliyi və istifadəsində olması nəzərə alınmamışdır. İddiaçı tərəfindən qaldırılan iddiada cavabdehin uşaqlarla birlikdə çıxarılması göstərilsə də, məhkəmə o hissəyə hüquqi qiymət verməmiş, iddianı tam təmin edilməsini göstərsə də, uşaqlarla bağlı hissədə iddia tələbləri qeyri müəyyən vəziyyətdə saxlanılmışdır. Eyni zamanda qətnamədə şahidlərin ifadələri təhrif olunmuşdur. Mübahisəli evə dair tiikinti işlərinə rəhbərlik edən və tikinti işləri aparmış cavabdehin qaynatası Yasinov Yaşar karonavirus xəstəliyi səbəbindən birinci instansiya məhkəməsinə cəlb olunmamışdır. Cavabdehin əri X12 işin birinci instansiya məhkəməsində araşdırılması zamanı Ukrayna Respublikasında olduğundan məhkəmə prossesinə cəlb etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçıya bağışlanan zaman həmin torpaq sahəsində hazırda yaşadığı ev movcud olmuş və torpağın əvvəlki sahibi, eləcə də iddiaçı onların orada yaşamasından məlumatlı olmaqa torpaq sahəsini həmin vəziyyətdə qəbul etmişdir. Lakin torpaq sahəsində olan evdə tərəfindən müəyyən işlər görülməklə xərci çıxmışdır. İddiaçının qardaşı X12 ilə aralarında olan nikah isə formal olaraq pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsində yerləşən tikili cavabdeh və onun ərinin hesabına tikilmişdir və torpaq sahəsi bağışlanan zaman iddiaçı həmin tikilinin mövcudluğundan məlumatlı olmuşdur, torpağı yüklü qəbul etmişdir, lakin hazırki iddia tələbi ilə iddiaçı öz hüquqlarından sui-istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia tələblərinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinə, eləcə də torpaq sahəsində yerləşən tikiliyə cavabdehin hər hansı hüquqları olmasa da hazırda cavabdeh torpaq sahəsində olan tikilidə yaşayır və bu da iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 01.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin 0.0483 ha hissəsi Əhədova (Hacıyeva) Aynurə Yaşar qızına X5 tərəfindən bağışlanmışdır. İş materiallarında olan Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin 0.0483 ha hissəsi Əhədova (Hacıyeva) Aynurə Yaşar qızının adına 09.09.2021-ci il tarixdə hüquqi qeydiyyat keçmişdir Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Cavabdeh qardaşının keçmiş arvadı olmuş, bir müddət Rusiya Federasiyasında yaşamış, ordan qayıdandan sonra həmin evdə yaşamışlar. Torpaq sahəsi onların olmuş, həmin həyətdə 2008-ci ildə evin tikilməsi başlanılmış və həmin vaxt o, Almaniyaya getmişdir. Evin tikilməsi anasının vəsaiti hesabına əmələ gəlmişdir. Anası onunla birlikdə Almaniyada olub, evin tikilməsi üçün anası pulu ona vermiş, köçürmə əməliyyat etməklə pulu qardaşına ya da bacısının adına hissə-hissə göndərmişdir. Birinci instansiya məhkəməsi baxışı şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iddiaçının xalasıdır. Torpaq sahəsini bacısına o vermişdir. Bacısı evin tikilməsi üçün yaxınlıqda yerləşən qardaşının həyətində olan qaraja tikinti materialları alıb yerləşdirmişdir. Torpaq sahəsinə bacısı daş alıb tökəndən sonra əri Yaşara pul vermiş, özü isə Almaniyaya getmişdir. Ev 2009-cu ildə tikilmişdir. Evin taxdadan pəncərələri alınmışdır. Bacısı Almaniyada olan zaman isə evin təmir işlərində əlavə xərclər üçün pul göndərmişdir. Həmin evə 1-2 dəfə getmiş, həmin zaman mətbəx və 1 otaq hazır olmuşdur. Cavabdeh əri ilə birgə həmin evdə yaşamışlar. Mətbəxin döşəməsi, tavanı vurulmuş və mebeli quraşdırılmışdır. Zalın döşəməsi tavanı vurulmuş divarına isə divar kağızı vurulmuşdur. Birinci instansiya məhkəməsi baxışı şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Həmin mübahisəli evdə işləmişdir. Təxminən 3-4 il əvvəl iddiaçının anası Reyhan xanım ondan telefon vasitəsi ilə əlaqə saxlayaraq xahiş etmişdir ki, evdə santexnik işləri görsün. Buna görə lazımi materialların siyahısını yazıb vermiş, materialları isə Rəşad almışdır. Həmin işə görə isə ona 800 manat əmək haqqı Rəşad tərəfindən verilmişdir. 2 mərtəbəli evin kombi sistemini quraşdırdığını, evin 1-ci mərtəbəsində zal, mətbəx sanitar qovşağı, 2-ci mərtəbəsində isə 2 otağın olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, evi iddiaçının anası tikmişdir. Cavabdeh gəlin gələndən sonra iddiaçının anası ilə birlikdə evi tam təmir etmişlər. İddiaçının anası təxminən 2008-2009-cu ildə Almaniyaya getmiş və oradan bildiyinə görə təmir üçün pul göndərmişdir. Cavabdeh gəlin gələndə evin damı vurulmuş, ilk növbədə 6 ay Yaşarın evində yaşamış, sonra isə əri ilə birlikdə əldə etdikləri vəsaiti və iddiaçının anasının köməkliyi ilə təmiri tamamlamışlar. Birinci instansiya məhkəməsi baxışı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, ustadır və cavabdehin evində təmir işləri görmüşdür. Belə ki, təxminən 4 il əvvəl evdə pilləkənin yığılması işlərini görmüş və ona ilk dəfə 1800 manat cavabdehin yeznəsi Ağasəlim vermiş, daha sonra isə 1600 manat və pilləkən təhvil veriləndə isə 300 ABŞ dolları iddiaçının anası vermişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan tikilinin hüquq müəyyənedici sənədi yoxdur (tikiliözbaşına tikilidir). Həmin tikilinin yerləşdiyi torpaq sahəsi (Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən 0.0483 ha torpaq sahəsi) əvvəllər iddiaçının X1na məxsus olmuş, hazırda isə Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İş üzrə Cavabdeh iddiaçının qardaşı ilə 2013-cü ildə nikaha daxil olmuş (Cavabdeh məhkəmə iclasında bildirdiyinə əsasən). Cavabdeh iddiaçının qardaşı ilə ailə quranda mübahisə predmeti olan tikili inşa edilmiş halda olmuş, Cavabdeh iddiaçının qardaşı ilə bir müddət, yəni 2019-cu ilədək birlikdə həmin tikilidə yaşamışlar və yaşadıqları dövrdə tikilidə təmir işləri aparılmışdır. Hazırda iddiaçı bildirir ki, iş üzrə cavabdeh həmin tikilidə yaşayır, iddiaçının isə həmin tikilidən və tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə icazə vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisə predmeti olan evdə yaşaması və həmin tikilidə müəyyən təmir işlərin aparılmasında iştirak etməsi halları onun həmin evdə daimi olaraq yaşamalı olması üçün əsas ola bilməz. Belə ki, hazırki mübahisə predmeti olan tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsindədir və iddiaçı mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaqla orada hər hansı tikilini tikmək üçün hüquqi əsası vardır. Belə ki, sözügedən tikili özbaşına tikili olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı adına rəsmiləşdirilə bilər. Bu baxımdan onun həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, onun qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada yerləşən tikilidən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və orada olan tikilidən digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşaması qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehin tikilinin təmirində iştirak etməsi halı həmin tikiliyə münasibətdə hüququnun yaranması kimi qiymətləndirilməsi qanuna uyğun hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin hüquq müəyyənedici sənədi olmasa da həmin tikilinin yerləşdiyi torpaq sahəsi hazırda Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir və cavabdehin həmin torpaq sahəsinə eləcə də tikiliyə hər hansı hüquqlarının olması müəyyən edilməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilidə cavabdehin yaşaması, mülkiyyətçi kimi iddiaçıya qanunla tanınan hüquqlarını həyata keçirilməsinə maneə yaratmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada yerləşən tikilidən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apellyasiya şikayətində iddiaçı və əvvəlki mülkiyyətçinin yarımçıq tikilinin cavabdehin və onun ailəsinin sahibliyinə verildiyi qeyd edilsə də, işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, hazırda cavabdeh iddiaçı ilə ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisəli tikili özbaşına tikili olsa da həmin tikilinin yerləşdiyi torpaq sahəsi hazırda iddiaçının mülkiyyətində olduğundan iddiaçının tikiliyə münasibətdə mülkiyyət baxımından qanuni gözləntiyə malikdir. Cavabdeh həmçinin qeyd olunan tikilinin mübahisə predmeti olmadığını və iddiaçı tərəfindən qaldırılan iddiada cavabdehin uşaqlarla birlikdə çıxarılması göstərilməsini, birinci instansiya məhkəməsinin isə uşaqlarla bağlı hissədə iddia tələbləri qeyri - müəyyən vəziyyətdə saxlanılmasını göstərsə də, iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı iddia tələbini dəqiqləşdirməklə məhz cavabdehin torpaq sahəsin ilə yanaşı həmin torpaq sahəsində yerləşən tikilidən də (evdən) əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər tərəfdən cavabdeh mübahisəli tikiliyə dair xərc çəkdiyini bildirmişdir, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tikiliyə dair xərclərinin olmasını təsdiq etdiyi halda bununla əlaqədar olaraq ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-223/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3162/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3162/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver