Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3168/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)-5443/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 495 manat məbləğində pul vəsaiti və ödənilən 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 525,40 manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 23.02.2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Volkswagen” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil "Nissan Micra" markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Nərimanov rayon DYPŞ-nin 25.02.2021-ci il tarixli TP ******* nömrəli Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktına əsasən, “Nissan Micra” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə 495 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 2145 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra 495 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 5443/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 495 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 525,40 manatın iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, işə onun iştirakı olmadan baxılmışdır. Avtomobil birgə nikah dövründə alınıb və birgə nikah dövründə də idarə olunub, məhkəmə isə birgə mülkiyyətdə olan avtomobili qanunsuz idarə etməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh2 məxsus "Volkswagen'’ markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil 01.11.2020-ci il tarixdə icbari sığorta müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Volkswagen” markalı, ** LT *** dövlət nişanlı avtomobil "Nissan Micra" markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktına əsasən, “Nissan Micra” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilə 495 manat maddi zərər vurulmuş və sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə dəymiş zərərə görə 495 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 ilə X1 06.04.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və nəqliyyat vasitəsini da nikahda olduqları vaxt – 07.05.2020-ci il tarixdə əldə etmişlər. İddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etdiyindən və bu hal inzibati xəta haqqında protokolla təsdiq olunduğundan, baş vermiş sığorta hadisəsi nəticəsində aparılmış sığorta ödənişi üzrə onun cavabdehə qarşı subraqasiya hüququ yaranmışdır. Cavabdeh1 isə hesab edir ki, avtomobil birgə nikah dövründə əldə edildiyindən, bununla da cavabdeh həmin avtomobilin birgə mülkiyyətçisi olduğundan, avtomobili idarə etmək üçün etibarnaməyə ehtiyac olmamışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyindən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Göründüyü kimi, sığortaçının subroqasiya hüququ o halda yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilsin. Başqa sözlə, hazırki işə münasibətdə iddiaçının subroqasiya hüququnun yaranması üçün Cavabdeh1 avtomobili idarə etməyə hüququ olmamalıdır. Lakin işin hallarından aşkar şəkildə görünür ki, avtomobil cavabdehlərin birgə nikahda olduqları dövrdə əvəzli əqd üzrə əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2). Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehlər 06.04.2017-ci il tarixdə nikaha daxil olmuşlar, nəqliyyat vasitəsi isə 07.05.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Yəni, həmin nəqliyyat vasitəsi onların birgə mülkiyyəti hesab edilir. Qanunun tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar əşyalar, həmin əyşalar onlardan kimin adına əldə olunmasından asılı olmayaraq, ərarvadın ümumi birgə mülkiyyətinə daxildir və ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Belə olan halda isə avtomobildən istifadə etmək imkanı Cavabdeh1 qanunla verilmiş hüquqdur və bu hüququ avtomobil adına qeydə alınmış arvadı tərəfindən etibarnamə verilməməsi şərti ilə məhdudlaşdırmaq olmaz. Hazırki işin halları baxımından Cavabdeh1 inzibati qaydada məsuliyyətə cəlb edilməsi əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsi qətnamənin qəbul edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5443/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3168/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3168/2022
20.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver