Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3170/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 barət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı 17 mart 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2022-ci illər üçün "xxxx" MMMC-nin xərclər və gəlirlər smetasını, görülən işlər haqqında məlumatları, kommunal haqların miqdarının müəyyən edilməsi barədə "xxxx" MMMC-nin Ümumi Yığıncağının qərarının onlara təqdim edilməsi öhdəliyinin Cavabdeh və X3 üzərinə qoyulması və İddiaçı1 xeyrinə 1020 manat, İddiaçı3 xeyrinə 850 manat, İddiaçı2 xeyrinə 850 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X4 qarşı ("xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul tələbinə dair mülki iş üzrə icraata cavabdeh X4 aid hissədə xitam verilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri, Nizami rayonu, X6 küçəsi, ev 106, mənzil 2-dir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı 17 mart 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı mövcud dövrdə Gəncə şəhəri, Nizami rayonu, X6 küçəsi, ev 106, mənzil 2 ünvanı olsa da, müəyyən edilmişdir ki, cavabdeh şəxsiyyət vəsiqəsini xx.xx.2025-ci il tarixdə, yəni iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən sonra (xx.xx.2024-cü il) yeniləmiş və qeydiyyat ünvanını dəyişdirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli MAPS arayışından da görünür ki, Cavabdeh həmin tarixə Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi, məh. 851, ev 10, m. 100 ünvanında qeydiyyatda olmuşdur. Göründüyü kimi, cavabdeh, iddia ərizəsi məhkəmənin icraatına götürüldükdən sonra qeydiyyat ünvanını dəyişərək Gəncə şəhərinə qeydiyyata düşmüşdür. Bu isə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmiş işin başqa məhkəməyə göndərilməsi üçün əsas kimi çıxış edə bilməz. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia ərizəsi verilən zaman da göstərilən qeydiyyat yeri formal xarakter daşımış və o, faktiki olaraq həmin ünvanda yaşamamışdır. Hesab edir ki, onun məhkəmə aiddiyəti barədə verdiyi ərizənin təmin edilməməsi mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarının məqsədlərinə və işə səlahiyətli məhkəmələr tərəfindən baxılması barədə qanunun tələbinə uyğun deyildir. Məhkəmə işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında onun vəsatətini əsassız və qanunsuz olaraq təmin etməməklə göstərilən prosessual hüquq normasını pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı, 21 aprel 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh cəlb etmişdir. Məhkəməyə müraciət edilən zaman Cavabdeh qeydiyyat ünvanının ünvan 3n edilmişdir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti), həmçinin Mülki Prosessual Məcəllənin 44-cü maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar da hazırkı işdə aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət etməklə cavabdeh qismində cəlb etdiyi Cavabdeh mövcud qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin digər mərhələsində cavabdehin rəsmi qeydiyyat yerini dəyişməsi isə məhkəmə tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından da müəyyən edildiyi kimi, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-999/2025 saylı 17 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3170/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3170/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver