Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3171/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Ərizəçi Qubat oğlu arasında bağlanmış 58 saylı 17 oktyabr 1993-cü il tarixli müqaviləyə görə, Nardaran qəsəbəsində 0,10 ha bağ sahəsi xx.xx.2003-cü il tarixinədək Bakı şəhəri, Neapol küçəsi, ev 16, mənzil 10 ünvanında qeydiyyatda olan icarəçi Ərizəçi Qubat oğluna icarəyə verilmişdir.
2. xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanında pasport qeydiyyatındadır.
3. Ərizəçi ilə X2 arasında nikah xx.xx.2008-ci il tarixdə Bakı Nikah Evində rəsmiləşdirilmişdir.
4. Ərizəçi Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üçün vergi ödənilməsinə dair Nardaran bələdiyyəsi tərəfindən tədiyə bildirişi göndərilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilmiş, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 17 oktyabr 1993-cü il tarixli “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq Ərizəçi ərizəsi baxılmamış saxlanmışdır.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli 58 saylı müqavilə və qeyd edilən bağ sahəsinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Ərizəçi (iddiaçı) Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.1993-cü il tarixində Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə arasında bağlanmış “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdə onunla Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilə bağlanmış, müqavilədə atasının adı “Hümbət” əvəzinə “Qubat” olaraq yazılmış, həmin torpaq sahəsi ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış alınması üçün müraciət edərkən bu yanlışlıq məlum olmuşdur. Hazırda həmin idarə ləğv olunduğundan yanlışlığın düzəldilməsi imkan xaricindədir, Şəxsiyyət vəsiqəsində soyadı İsmayılov, adı Qiyas, ata adı Hümbətdir, lakin müqavilədə ata adı “Qubat” olaraq göstərilmişdir. Həmin sənəd ona məxsusdur, sənəddə icarəçi qrafasında da onun qeydiyyatda olduğu Bakı şəhəri, Neapol küçəsi, ev 16, mənzil 10 göstərilmiş, hazırda da həmin evdə qeydiyyatdadır, MKİS tərəfindən verilmiş arayışdan da görünür ki, həmin mənzildə 1993cü ildə ondan əvvəl də yalnız Ərizəçi yaşamış və qeydiyyatda olmuş, Ərizəçi Qubat oğlu adlı vətəndaş olmamışdır. Hüquqi faktın müəyyən edilməsi həmin torpaq sahəsinə çıxarış alması üçün lazımdır. Hüquqi faktın müəyyən edilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunaraq “xx.xx.1993-cü il tarixli Bakı şəhəri icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı” müəyyən edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Həm Xətai Rayon Məhkəməsinə, həm də Nərimanov Rayon Məhkəməsinə xüsusi və iddia icraatı qaydasında müraciət edərkən tələbi cavabdeh qurumu yaranmış səhvi aradan qaldırmağa məcbur etmək deyildir. Hər iki icraat zamanı mülki mühakimə icraatı qaydasında göstərilən səhvin aradan qaldınlmasına nail olmaq istəyir. Çünki bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir.
10. Məhkəmənin şahid qismində dindirdiyi Rəsulov Malik-Əjdər Süleyman oğlu ifadəsində bildirmişdir ki, əmisi iddiaçının atası ilə qonşudur, iddiaçını da oradan tanıyır, onun Nardaranda bağı olduğunu eşitmişdir. İddiaçının atasının adı Hümbətdir, Hümbət müəllim vəfat etmiş, sənəddə yanlış olaraq Qubat yazılmışdır.
11. Məhkəmənin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, taksi sürücüsüdür, iddiaçı onunla tez-tez Nardaranda yerləşən bağlarına getmişdir. Bağ evinin içərisində olmayıb, lakin həyətində əyləşib çay içmişdir. İddiaçının atasının adı Hümbətdir, sənəddə səhv yazıldığını deyirdi.
12. Birinci instansiya məhkəməsinin 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
13. Məhkəmə mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırki iş üzrə iddiaçı eyni tələbi xüsusi icraat qaydasında ərizə formasında vermiş, birinci instansiya məhkəməsi tərəfindən ərizəsi təmin edilmiş, müqavilənin ona məxsus olması faktı müəyyən edilmişdir. Daha sonra maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, mübahisələndirilən icarə müqaviləsinin İdarənin arxiv əsaslarında aşkar edilmədiyini əsas gətirərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi hüquq haqqında mübahisənin olduğuna əsaslanaraq qətnaməni ləğv etmiş və ərizəni baxılmamış saxlamışdır. Hazırda iddiaçı torpaq sahəsinin ona məxsus olmasına, uzun müddətdir həmin torpaq sahəsindən istifadə etməsinə, icarə müqaviləsində ata adının düzgün yazılmadığına və hüquqlarının başqa qaydada bərpasının mümkün olmadığına əsaslanaraq icarə müqaviləsinin ona məxsus olması faktının iddia icraatı qaydasında müəyyən edilməsini xahiş etmişdir. 13.2. Məhkəmə qeyd edir ki, hazırki mülki iş xüsusi icraat qaydasında baxılmalı olsa da, apellyasiyya instansiyası məhkəməsinin qərarının preyudisiallığını, iddiaçının məhkəmə müdafiəsi hüququndan imtinanın yolverilməzliyini nəzərə alaraq məhkəmə işə iddia icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. 13.3. İş materiallarından göründüyü kimi, iddiaçının torpağın icarəyə verilməsinə dair sənəddəki ata adı şəxsiyyət vəsiqəsindəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və sənədin ona məxsus olması barədə hüquqi əhəmiyyətli fakt xüsusi icraat qaydasında artıq mübahisələndirilmişdir. Həmin sənəddə Ərizəçi əvəzinə yanlışlıqla Ərizəçi Qubat oğlu qeyd edilmişdir. 13.4. Məhkəmə tədiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, Bağlar Təsərrüfatı İdarəsi ilə Ərizəçi arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzunmüddətli icarəyə verilməsinə dair 58 nömrəli, 17 oktyabr 1993-cü il tarixli icarə müqaviləsi əsasında Ərizəçi Nardaran qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin müqavilədə icarəyə götürənin atasının adı səhvən "Qubat” kimi qeyd olunmuşdur. Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının ata adının "Qubat” deyil, "Hümbət” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin müqavilədə icarəçi qrafasında icarəçinin qeydiyyatda olduğu ünvan ünvan 3nvanda qeydiyyatdadır. Bu səbəbdən icarə müqaviləsinin iddiaçıya məxsus olmasının müəyyən edilməsi barədə iddia təmin edilməlidir. 13.5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunmuş "Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli, 58 saylı müqavilə və qeyd edilən bağ sahəsinə dair məlumatın İdarə arxivində aşkar edilməməsi” ilə bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin İdarənin arxivlərinin Bakı Ərazi İdarəsinə verilməsi qərara alınmışdır. Lakin həmin bağ sahəsinin uzun müddətdir ki, iddiaçının istifadəsində olması, orada bağ evi tikməsi, icarə müqaviləsinin əslinin iddiaçıda mövcud olması və məhkəməyə təqdim etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, sənədin arxivdə aşkar olunmaması idiaçının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilməz və bu hal onun hüquqlarının bərpasından imtinaya əsas ola bilməz.
14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 125-ci, Mülki Prosessual Məcəllənin 4.1-ci, 305.1.1-ci, 306.4-cü maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına istinad etmişdir.
15. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə bağ təsərrüfatı idarələri ləğv olunaraq onların yalnız arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş olsa da, iddiaçının istinad etdiyi 58 saylı xx.xx.1993-cü il tarixli müqavilə barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Məhkəmə ekspertiza keçirməmiş, həmin müqavilənin mötəbərliliyini yoxlamamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
19. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
20. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
21. Maddə 307.2.5. Məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
22. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən tələblə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. Əgər irəli sürülmüş tələbin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa tələb təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Qanunun mənasından göründüyü kimi (§ 18-22) hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
30. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
31. İşin müəyyən olunan halı odur ki, iddiaçıya torpağın icarəyə verilməsinə dair sənəddəki ata adı onun şəxsiyyət vəsiqəsindəki ata adı ilə düz gəlmir, hüquqmüəyyənedici sənəd olan həmin sənəddə “Ərizəçi” əvəzinə “Ərizəçi Qubat oğlu” yazılmışdır.
32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında göstərilmişdir ki,qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
33. Həmin Qərarın 6.2-ci və 6.3-cü bəndlərində tövsiyyə olunmuşdur ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə tam razılaşır, həmin əsaslandırmanın təkrarlanmasına zərurət görmür.
35. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, əsli təqdim olunan müvafiq sənədin cavabdeh İdarənin arxivində aşkar olunmaması həmin sənədin hər hansı şəxsə, o cümlədən iddiaçıya məxsus olması faktının müəyyənləşdirilməsinə maneə yarada bilməz.
36. Beləliklə, iddiaçının iddia tələbinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hər hansı əsas mövcud deyildir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2023 saylı iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə