Məhkəmə qərarları › İş №2(103)-3175/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3175/2022

17.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3175/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 3025/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə dəymiş ziyana görə 6920,17 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasandırılmışdır ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan Az **-FE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış Az **-AC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtonəqliyyat vasitəsinə 07 iyul 2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən Az **-AC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11922,13 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 05.01.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə azadolma çıxılmaqla 11822,13 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olduğundan 4901,96 manat məbləği "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 6920,17 manatın "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər dəymiş ziyan məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər vurulmuşdur. Zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 6920,17 manat məbləğində vəsait subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı sığorta təşkilatının xeyrinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 3025/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 4114,04 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,90 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını qiymətləndirərkən təmir mərkəzi tərəfindən təqdim olunmuş 08 oktyabr 2020-ci il tarixli elektron qaiməsinə (nəqliyyat vasitəsi təmir olunduğundan elektron qaimə əsasında ödənişin olunması tələb olunur) və "xxxx" MMC tərəfindən təqdim olunmuş təmirin razılaşma protokoluna nəzər yetirməmiş, qeyd olunan sənədə hüquqi qiymət verməmişdir. Həmin sənədlərdə dəyişdirilmiş və ya təmir olunmuş ehtiyat hissələrinin yeni və ya köhnə olması qeyd olunmamışdır. Yəni detalların yalnız qiymətləri qeyd olunmuşdur. Təmir olunmuş avtomobillə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası düzgün aparılmamış, təmir şirkətinə ödənilmiş əlavə dəyər vergisi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdeh2 isə şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 izahatında həmçinin bildirdi ki, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, digər avtomobilə dəymiş zərər qüsur aktının məlumatlarına uyğun deyil və həddən artıq şişirdilmişdir. Dəymiş zərərin əvəzi kimi ondan real zərərin həcmindən də artıq məbləğdə pul tutulduğundan, əlavə dəyər vergisinin də ondan tələb olunması ədalətsizdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 3025/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7256-8/2565 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 07.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Audi A6” markalı Az **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9016 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Audi A6” markalı Az **-AC-*** dövlət qeydiyyat nömrəli avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalının avtomobilinin təmiri və ehtiyat hissələri üçün 11822,13 manat pul ödənilsə də, ekspert rəyində qüsur aktında qeyd olunan həmin təmir və ehtiyat hissələrinin dəyəri 9016 manat qeyd edilmişdir. Bundan başqa cavabdehin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olduğundan, 4901,96 manat məbləği "xxxx" ASC-nin hesabına ödənilmişdir. Belə olan halda, ekspert rəyində qeyd olunan məbləğdən "xxxx" ASC-yə ödənilmiş 4901,96 manat çıxılmalı, yəni 9016 manat – 4901,96 manat = 4114,04 manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə avtomobilin buraxılış ilinin 2016-cı il olmasını nəzərə alaraq ehtiyat hissələrinə köhnəlmə faizini tətbiq etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin 07.07.2020-ci il tarixli qüsur aktında ƏDV nəzərdə tutulsa da, sığorta şirkəti zədələnmiş və sıradan çıxmış ehtiyat hissələrinin dəyərindən və xidmət haqqından başqa hesablanmış əlavə dəyər vergisini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə mübahisələndirilən bilən məbləğ 6920,17-4114,04=2806,13 manat olmaqla 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 3025/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar