Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3176/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-yə qarşı mülki iş üzrə (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, müddətli əmək müqaviləsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5in nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5inə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5in “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5in “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5i tərəfindən ödənilməsi qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir.
3. xx.xx.2023-cü il tarixli əmrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsində çalışan İddiaçı müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5ə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4- 77/2023 nömrəli əmrinin ləğv edilməsi, onu əvvəlki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X5in Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə bərpa ediməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, xx.xx.2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin proqram vasitələrinin tətbiqi və texniki xidmət şöbəsində kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5i yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-ci il tarixdən yeni yaradılmış "Əmək Bazarı və Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4 sonradan bildikləri müddətə, yəni 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq "Ümumi" şöbədə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Bundan sonra 3 ayın tamamında, yəni xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə əsassız olaraq **********9 saylı xitam əmri verilmişdir. Qanunsuz olaraq onu işdən çıxarması ilə əlaqədar cavabdehə qarşı Binəqədi Rayon Məhkəməsində "Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Apellyasiya Məhkəməsinin qətnaməsindən də narazı qalaraq kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3564/2022 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Sonradan aidiyyət ilə bağlı Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru Aslan Aslanbəylinin icraatına verilmişdir. Cavabdeh bir müddət müxtəlif bəhanələr gətirərək sənədi qəsdən yubatmış və nəhayət ki, icra sənədi qismən, yəni əmrin ləğv edilərək işə bərpa hissəsində təmin edilmiş və o, xx.xx.2022-ci il tarixində 3 ay müddətinə Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Müqaviləsi bitdikdən sonra yenidən müqavilə bağlanmadan 3 ay müddətinə uzadılmışdır. Növbəti 3 ay tamamında, yəni xx.xx.2023-cü il tarixində yenə də əvvəlki əsaslarla əmək müqaviləsinin bitməsi əsası ilə hansı ki, o əsas artıq bütün məhkəmə instansiyalarında əsassız sayılmışdır və o, yenidən işə bərpa edilmişdir. Hətta əvvəlki icra sənədi belə əmək haqqının ödənilməsi hissəsində tam icra edilməmişdir və bununla bağlı artıq məhkəməyə müraciət etmişdir. İcra sənədinə hazırda xitam verilməmişdir və icra məmurunun icraatındadır. Müddətin bitməsi ilə onun işlədiyi X4 işdən çıxarılması əsassız və qanunsuzdur. Belə ki, işlədiyi X5 və təyin edildiyi vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olan iş olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir ki, onlardan hamilə, habelə üç yaşınadək uşağı olan qadınlardır. İşdən azad olunan tarixdə isə hamilə olduğunu bildirsə də, buna məhəl qoymadan onu qanunsuz olaraq işdən çıxardılar. Hesab edir ki, cavabdehin onu işdən çıxarmağı qanunsuz və əsassız olduğundan iddiası təmin edilməlidir. Beləliklə, əmək müqaviləsinin müddətli bağlanmasına işçi olaraq onun iradə ifadəsi üzrə razılığı yoxdur, işəgötürənin razılığı isə 47-ci maddənin "f' bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Eyni zamanda da eyni əsaslarda bir dəfə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam vermə əmri məhkəmə tərəfindən əsassız hesab edilərək ləğv edilmişdir və qismən də olsa icra edilmişdir. Eyni əsaslarla yenidən əmək müqaviləsinə xitam verilməsi başa düşülən deyildir və qanunsuz hesab edilməlidir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı, 06 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbinin təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5in “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4- 77/2023 nömrəli əmrin ləğv edilməsi; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5in Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa ediməsi; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5i tərəfindən ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırıb ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində mütəxəssiz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Mərkəz ləğv edildikdən sonra iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifəsindən azad edilmiş və daha sonra cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə ümumi şöbədə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı vəzifəsindən azad edilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh tərəfindən qismən icra edilmişdir. xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş və iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə 3 ay müddətinə Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin müddəti başa çatdıqdan sonra yenidən müqavilə bağlanmadan müqavilənin müddəti 3 ay uzadılmışdır. Həmin 3 ay tamam olduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçı yenidən vəzifəsindən azad edilmişdir. Mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədəmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində iddiaçı 1 aydan da az müddət ərzində öz əmək funksiyalarını yerinə yetirə bilmişdir. Nəticə etibarı ilə hansı meyarlara əsasən və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrıseçkiliyə yol vermiş olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yeni yaradılan X5 (cavabdeh) iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərir. Hüquqi nəticə etibarı ilə Mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və iki ilə yaxın müddətdə həmin Mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. İddiaçının əmək funksiyası isə davam edən əmək bazarı münasibətlərində müxtəlif mövzular barədə elmi-tədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuş və bu baxımdan öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda, əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2023-cü il tarixli, № 3-17-6/3- 4-77/2023 nömrəli əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab etmişdir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5inin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X5i tərəfindən ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, məhkəmənin işçinin əvvəlki işlədiyi və ləğv edilmiş X1 ilə cavabdeh qurumu eyniləşdirməsi, birinin digəri ilə eyni funksiyaları icra etməsi və ya hüquqi varisi olması barədə mülahizələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5in yaradılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarın və həmin Qərarın 1 saylı Əlavəsi ilə təsdiq edilmiş Nizamnaməsinin məzmunu ilə təkzib edilir. Belə ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya iddiaçının daha öncə işlədiyi ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi deyil, onun öhdəlikləri ilə bağlı cavabdeh deyil, o cümlədən ləğv edilmiş Mərkəz qarşısında onun sərbəstləşən işçilərini işlə təmin etmək kimi bir öhdəliyi olmamışdır. Mərkəz “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən ləğv edilmişdir. Observatoriya isə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə yaradılmış və Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədən göründüyü kimi Milli Observatoriya Nazirliyinin strukturuna daxil deyil. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya iddiaçının daha öncə işlədiyi ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi deyil, onun öhdəlikləri ilə bağlı cavabdeh deyil, o cümlədən ləğv edilmiş Mərkəz qarşısında onun sərbəstləşən işçilərini işlə təmin etmək kimi bir öhdəliyi olmamışdır. Ləğv edilmiş Mərkəzin və Milli Observatoriyanın fəaliyyət profili, yaradılma məqsədi, təşkilati-hüquqi forması və maliyyələşmə əsasları da Mərkəzdən tamamilə fərqlidir. Observatoriya X5dir, “X5lər haqqında” Qanunun 3.1, 6.2.8-ci maddələrinə və Nizamnaməsinin 1.5-ci bəndinə əsasən fəaliyyət istiqamətləri üzrə kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Ləğv edilmiş Mərkəzin isə belə səlahiyyəti mövcud olmamışdır. Ləğv edilmiş Mərkəz müvafiq sahələr üzrə elmi tədqiqatlar aparan əsas və əlaqələndirici təşkilat kimi məşvərətçi hüquqa malik Elmi Şuraya malik olmuşdur. Observatoriya isə müvafiq sahələrdə sorğu-müayinə, monitorinq, təhlil və proqnozlar aparan praktiki əsaslarla fəaliyyət göstərən X5dir, hər hansı Elmi Şuraya malik deyil. İki qurumun fəaliyyətinin maliyyələşməsi mənbəyi də fərqlidir. Ləğv edilmiş Mərkəzdən fərqli olaraq Observatoriyanın fəaliyyəti işsizlikdən sığorta fondunun vəsaitindən maliyyələşir (“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VİQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 1.3, 1.5-ci bəndləri). Göründüyü kimi, Milli Observatoriya ləğv edilmiş Mərkəzdən tamamilə fərqli səlahiyyətləri icra edir və onun fəaliyyət istiqamətləri sonuncudan əsaslı şəkildə fərqlənir. Belə olan halda iddiaçının Observatoriyadakı əmək funksiyalarının Mərkəzdəki fəaliyyətinin davamı kimi qiymətləndirilməsinin və Mərkəzdəki xidmət illərinin Observatoriyaya da aid edilməsinin heç bir hüquqi və faktiki əsası mövcud deyil. Qeyd olunduğu kimi, müqayisə olunan qurumların fəaliyyət istiqamətləri, fəaliyyət metodları, maliyyələşmə əsasları, hüquqi statusları və təşkilati-hüquqi formaları tamamilə fərqlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında cavabdeh “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5in nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Belə ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir.
24. Bundan əlavə, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından bəlli olur ki, bundan əvvəl də iddiaçı ilə əmək müqaviləsi eyni əsasla ləğv edildiyi üçün cavabdehin həmin əmri ləğv edilmiş və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə aktlarında iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün əsasların olmadığı xüsusi vurğulansa və bu hal işə bərpa olunması üçün əsas olsa da cavabdeh yenə də məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçı ilə müddətli, yəni üç ay müddətinə əmək müqaviləsi bağlamış, bu müddət bir dəfə uzadıldıqdan sonra növbəti dəfə uzadılmadan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh işəgötürən məhkəmə aktlarında göstərilən hüquqi mövqeləri nəzərə almadan və buna əhəmiyyət vermədən yenə də iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamış və sonradan eyni əsasla əmək müqaviləsini yenidən ləğv etmişdir. Bu cür vəziyyətdə cavabdeh xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.
25. Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında da bir daha bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir.
26. Həmin Qərarda formalaşan hüquqi mövqeyə görə, ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
27. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq xx.xx.2018-ci ildən əvvəlki Mərkəzdə və hazırki cavabdeh qurumda işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Düzdü cavabdeh əvvəlki Mərkəzin hüquqi varisi olmasa da eyni fəaliyyətlə məşğul olur və iddiaçı da həm əvvəlki, həm də yeni iş üzrə eyni əmək funksiyasını yerinə yetirir.
28. Bir sözlə, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 2018-ci ildən davam edən əmək fəaliyyətində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır.
29. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.