Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3177/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzildən və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvandakı mənzilindən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması və həmin mənzildən qeydiyyatdan çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı mənzil onun mülkiyyətidir. Hazırda həmin mənzildən qanunsuz və əsassız olaraq, Cavabdeh istifadə edir. Cavabdeh onun mülkiyyətində olan mənzildən təkbaşına istifadə etməklə kifayətlənməyərək, iddiaçının bir mülkiyyətçi kimi mülkiyyət hüququnu kobud surətdə pozmaqdadır. Belə ki, onun qanuna zidd hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan mənzilindən nəinki istifadə edə bilmir, ümumiyyətlə mənzilinə daxil ola bilmir. Cavabdeh onun keçmiş gəlinidir. Oğlu X1 həyat yoldaşı olubdur. Oğlu ilə cavabdeh arasındakı nikaha cavabdehin iddiası əsasında Nərimanov rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə xitam verilibdir. Onların arasındakı nikaha xitam verildiyi 2018-ci il tarixdən oğlu qeyd edilən mənzili tərk edərək başqa ünvanda yaşayır. 2018-ci ildən bu günə qədər cavabdeh mülkiyyətindəki mənzildən təkbaşına istifadə etməyə başlayıbdır. Baxmayaraq ki, onunla aralarında olan qohumluq münasibətlərə son qoyulmuşdur. Cavabdeh oğlundan ayrıldıqdan sonra, onunla və iddiaçının digər ailə üzvləri ilə bütün əlaqələri tam kəsmişdir. Hətta iddiaçının nəvələri ilə əlaqələrini kəsibdir. Cavabdehin oğlu ilə birgə nikahından iki azyaşlı uşağı vardır. İddiaçı cavabdehə dəfələrlə şifahi müraciət edərək, mənzilin boşaltmasını tələb etməsinə baxmayaraq, cavabdeh onun tələblərinə əhəmiyyət belə vermədi. İddiaçı məcbur olub cavabdehə 27.04.2021-ci il və 10.06.2021-ci il tarixlərində yazlı qaydada müraciət edərək, mülkiyyətində olan mənzildən çıxmasını tələb etmişdir. O məcbur olaraq 30.06.2021-ci il tarixdə Nərimanov rayon polis idarəsinin qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdehin mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin 2015-ci ildə alınan Bakı şəhəri, Xətai rayonu, Afiyyəddin Cəlilov küçəsi, ev 27 A, mənzil 436 (Yeni qaydada: ünvan 3 ünvanda üç otaqlı və tam təmirli mülkiyyətində mənzili vardır. 2019-cu ildə isə həmin mənzilə Çıxarış almışdır. Cavabdehin mülkiyyətində təmirli üç otaqlı mənzilin olmasına baxmayaraq, iddiaçının mülkiyyətindən qanunsuz istifadə etməklə yanaşı, onun mülkiyyət hüququnu qəsdən pozur. Cavabdeh iddiaçının ərizəsi əsasında mənzilə qeydiyyata götürülmüşdür. Cavabdehlə hər hansı bir qohumluq münasibətlərinin olmamasına baxmayaraq, cavabdeh ona vaxtilə göstərilmiş insani münasibət və hörmətdən sui-istifadə edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(005)-4555/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzildən çıxarılması, iddianın “Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzildən istifadə hüququnun itirilməsi” hissəsi istifadə hüququnun olmaması əsası ilə rədd edilməsi, (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnaməndən cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(005)-4555/2021 saylı qətnaməsinin tam ləğv olunması və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində cavabdehin istifadə hüququnun olmasını qəbul etmişdir, buna görə də həmin hüquqa kompensasiya verməklə xitam verilə bilər, digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur, həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur, iddiaçı həmin razılaşmanın olduğunu və ya olmadığını sübut etməlidir. Əlavə olaraq onu cavabdeh notariat kontorunda vaxtı ilə hər hansı bir sənədlərə imza atmışdır və bu sənədlərin elə razılaşma olması istisna olunmur, bunu iddiaçı istifadə hüququna xitam vermək tələbini irəli sürməklə dolayısı yolla təsdiq edir, ona görə müvafiq qurumlara sorğuların göndərilməsi zəruriyyəti var. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(103)-3177/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş və mülki iş üzrə icraata iddia tələbinin qeydiyyatdan çıxarılma hissəsində “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilmişdir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)- 1860/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X8 qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi təmin edilmiş, X9 ilə X10 arasında 17.06.2006-cı ildə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evi) qeydə alınmış və 1505 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 27.11.2013-cü il təvəllüdlü X6 və 15.12.2007-ci il təvəllüdlü X7 iddiaçı (anası) Hüseynova (Əhmədova) Elnaz Cümşüd qızının yanında saxlanılması, cavabdeh X4 23 02 2018-ci il tarixdən başlayaraq, 27.11.2013-cü il təvəllüdlü X11 və 15.12.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat hər ay sabit pul məbləğində aliment alınaraq iddiaçı Hüseynova (Əhmədova) Elnaz Cümşüd qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)- 1860/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, DİN MAPS şöbəsi tərəfindən 01.02.2018-ci il tarixli arayışa əsasən X9 xx.xx.1982-ci ildə Tacikistan Respublikasının Çkalovsk şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, 436 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küçəsi, 78, M15, m6) nömrəli ümumi sahəsi 121.4 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3057 nömrəli reyestr kitabının 285440 nömrəli vərəqində 07.06.2019cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2640 nömrəli reyestr kitabının 245919 nömrəli vərəqində 27.04.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı 13.08.2021-ci il tarixli müraciətinə cavab məktubun surətində ona şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmiş, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan 07.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi mənzildən çıxarma hissəsində iddianı təmin edərkən qənaətini o şəkildə əsaslandırmışdır ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşaması sonuncunun öz mülkiyyətində istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və o mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 152, 157.4). Məhkəmə Kollegiyası iş materiallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı İlahə Məmliyeva 2003-cü ildə mübahisəli mənzilə köçərkən əmlakın mülkiyyətçisi qaynatası Bəyzadə Məmliyev olmuşdur. Bu səbəbdən, tərəflərin arasında yaranmış mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Kollegiya hesab edir ki, apellyator mənzilin mülkiyyətçisi ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Mövcud olmayan hüquqa xitam verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh mübahisəli mənzildə istifadə hüququnun mövcud olmaması, həmin mənzilə hər hansı hüquqi bağlılığının olmaması səbəbindən onun həmin mənzildən çıxarılmasına dair tələb də əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları qismən əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsi “cavabdehin mənzildən çıxarılması”na dair iddianın təmin edilməsi və “istifadə hüququnun itirilməsi”nə dair iddianın rədd edilməsi hissələrində apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin “mənzildən və qeydiyyatdan çıxarılma”nın təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3177/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3177/2022
26.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver