Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3179/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər :mənzildən məcburi çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkiliX3nun, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 89A, mənzil 4 (bundan sonra - mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) anasının mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə anası öldükdən sonra vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır.
2. Cavabdeh2 iddiaçının anasının qohumu, Cavabdeh1 sonuncunun arvadıdır. Cavabdehlər iddiaçının anasının razılığı ilə 2000- ci ilin əvvəllərində onun əvvəlki mənzilə köçmüş, sonradan həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzil verildiyindən hazırki mübahisəli mənzilə köçmüşlər və hal-hazıradək orada yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2000-ci illərin əvvəlində anası müvəqqəti yaşamaları üçün mənzili qohumları olan cavabdehlərə vermişdir. Əvvəllər digər yaşayış yeri, olduğu üçün cavabdehləri narahat etməyib, indi özünün mənzilə ehtiyacı olduğundan cavabdehlərin mənzildən çıxmalarını tələb etsə də, onlar imtina etmişlər. Bu da onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. .
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-848/2022 nömrəli iş üzrə 2 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.1, 157.2, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mənzil Cavabdeh2oviçin anasının vəsaiti hesabına alınmışdır. Atası və anasının münasibəti pis oldugundan anası öz adına ev almaq istəməmiş, bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsünün qarşısını almaq olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsə də buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Hesab edirlər ki, mübahisəli mənzil Mehmanın anası tərəfindən alındığından həmin mənzildə yaşamaq hüquqları vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onların həmin mənzildə uzun müddət yaşadıqları, onların həmin mənzilə istifadə hüquqları tam araşdırılmamışdır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları qətnamədə əsaslandırmamış, tamamilə əsassız və qeyri-qanuni qətnamə qəbul etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4000/2022 nömrəli iş üzrə 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, cavabdehlər apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər apellyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişlər və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları qətnamədə əsaslandırmamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-483/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, . Bir sıra digər hüquqlar kimi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ da mütləq deyil və qanunla məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Bununla yanaşı, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (§ 29-31).
15. Həmçinin, qeyd edilmişdir ki, Qüvvədə olan qanunvericiliyə əsasən Konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qaydalar, habelə qanunla müəyyən edilmiş qaydada yaranan mənzildən istifadə etmək hüquqları Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
16. Qərarda həmçinin qeyd edilmişdir ki, Baxılan iş üzrə iddiaçının özünün bildirdiklərinə və işin mübahisə olunmayan hallarına görə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının anası 2000-ci illərin əvvəllərində mənzili müvəqqəti yaşamaları üçün qohumları olan cavabdehlərə vermişdir və mübahisə yarananadək cavabdehlər həmin mənzildə yaşamışlar. Göründüyü kimi cavabdehlərin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayınadək yarandığı üçün MPMin 217.2-ci maddəsinə (§ 35) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə (§ 28) əsasən həmin münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə (§ 23-27) tənzimlənir. . Lakin işə baxmış məhkəmələr MPM-in 88-ci maddəsinə əsasən (§ 34) işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli olan mənzildən istifadə hüququnun yaranması və həmin hüququn itirilməsi ilə bağlı normalarını mübahisəyə tətbiq etməmişlər. iddiaçının yeni Mülki Məcəllənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etməsi əvvəlki mülkiyyətçinin sağ olduğu dövrdə yaranmış istifadə hüquqlarının avtomatik xitamı üçün əsas deyil. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi, qanunverici əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olduğu hallarda mülkiyyət hüququnun başqa şəxsə keçməsini əşyaya olan digər əmlak hüquqlarının xitamı əsası kimi müəyyən edir.
d) Hazırki apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq İddiaçı məhkəmənin kompensasiya təklifi ilə bağlı cavabdehlərə hər hansı bir məbləğdə kompensasiya ödəmək fikirinin olmadığını bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi
25. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər.
27. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
28. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
29. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı;
30. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı;
31. Bir sıra digər hüquqlar kimi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ da mütləq deyil və qanunla məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Bununla yanaşı mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
32. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı;
33. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:
40. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstəriləşlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
45. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 89A, mənzil 4 mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır.
47. Reyestrdə 2V-786 № ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, O, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X5 vərəsəsi: Bakı şəhəri, Nərimanov rayonu, X13 PR, ev 89A, mənzil 4 ünvanında qeydiyyatda olan qızı İddiaçı (AA*******. xx.xx.2019 - Asan 1. FİN xxxxxxx, d/t:xx.xx.1983) və o miras əmlakdan tam 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nm yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2013-cü il tarixdə X6 verilmiş **********27-05301-093016 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 89A, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 37.8 kv/m olan mənzildən ibarətdir.
48. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 89A, mənzil 4 İddiaçı mülkiyyətindədir və həmin mənzilin iddiaçının adına dövlət reyestrində qeydə qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə Çıxarış verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 89A, mənzil 4-dən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
49. Birinci instansiya məhkəməsnin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən, iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil iddiaçıya təhvil verilməlidir.
50. Məhkəmə kollegiyası kassasiya inatansiyası məhkəməsinin qərarında qeyd edilənləri də nəzərə almaqla birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
51. Belə ki, baxılan iş üzrə iddiaçının özünün bildirdikləri və işin mübahisə olunmayan hallarına görə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının anasının əvvəlki mənzilində 2000-ci illərin əvvəllərindən cavabdehlər yaşamışlar, daha sonra həmin mənzilin yerinə iddiaçnın anasına hazırki mənzil verilmiş və davamlı olaraq yenə də hazıradək həmin mənzildə cavabdehlər yaşamışlar.
52. Göründüyü kimi, cavabdehlərin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayınadək yarandığı üçün MPM-in 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir.
53. Lakin işə baxmış birinci instansiya məhkəməsi MPM-in 88-ci maddəsinə əsasən işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli olan mənzildən istifadə hüququnun yaranması və həmin hüququn itirilməsi ilə bağlı normalarını mübahisəyə tətbiq etməmişdir.
54. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
55. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.
56. İşin araşdırılmış hallarından mübahisəsiz qaydada görünür ki, mübahisəli mənzil İddiaçı anasının mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə anası öldükdən sonra vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. Cavabdeh2 iddiaçının anasının qohumu, Cavabdeh1 sonuncunun arvadıdır. Cavabdehlər iddiaçının anasının razılığı ilə 2000-ci ilin əvvəllərində ilk öncə əvvəlki mənzilə, daha sonra isə hazırki mənzilə istifadə hüquqları yüklü olaraq keçmişdir və hazırda da orada yaşayırlar.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisədə iddiaçının yeni Mülki Məcəllənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etməsi əvvəlki mülkiyyətçinin sağ olduğu dövrdə yaranmış istifadə hüquqlarının avtomatik xitamı üçün əsas deyil. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi qanunverici əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olduğu hallarda mülkiyyət hüququnun başqa şəxsə keçməsini əşyaya olan digər əmlak hüquqlarının xitamı əsası kimi müəyyən edir.
58. Mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi iddiaçının anası olduğu üçün mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq işin 2 əsas halı nəzərə alınmalıdır: X7 mübahisəli mənzilin mülkiyyətçisi olmuşdur; cavabdehlər X4 ailə üzvü olmasalar da (MM-nin 53-cü maddəsinə əsasən), mübahisəli evdə yaşamış və təsərrüfat aparmışlar və hazırda da yaşayırlar, yəni MM-nin 53-cü maddəsinin üçüncü cümləsinin tələbi baxımından mülkiyyətçinin ailə üzvü hesab edilə bilərlər. Məhkəmə kollegiyası qanunun yuxarıda şərh olunan normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzilə istifadə hüququ əldə etmişlər.
59. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ əhəmiyyətinə baxmayaraq, mütləq deyil və məhdudlaşdırıla bilər. Bu həm də ondan irəli gəlir ki, mülkiyyət xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, həm də mühüm sosial funksiyaya malikdir. Bu mənada mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Belə olan halda isə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ təminatsız (kompensasiyasız) aradan qaldırıla bilməz.
60. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış olsa da, hazırda bu hüquqa qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yalnız kompensasiya verilməklə xitam verilməsi mümkündür. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının mövcudluğuna münasibətdə vicdanlı olmamamış, yəni onların hüquqlarının mövcud olmağını bilmiş, anasının mülkiyyətində olan vaxtlarda da yalnız cavabdehlərin həmin mənzildə yaşamaqla vərəsəlik qaydasında mənzilə əldə edərkəndə yüklü halda qəbul etmişdir.
61. Təkrar apellyasiya icraatı zamanı kollegiya konstitusiya məhkəməsinin məlum mövqeyinə uyğun olaraq iddiaçı tərəfə kompensasiya verilməsi təklif edilmiş, iddiaçı isə cavabdehlərin mənzilə dair hər hansı hüququnun olmadığını qeyd edərək kompensasiya verilməsinə razı olmadığını bildirmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
63. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat, İddiaçıdan alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olubolmamasına bağlı deyildir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat, İddiaçı alınaraq Cavabdeh2 və Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.