Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3180/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: « yaşayış sahəsindən çıxarılma və sahənin təhvil verilməsi, torpaq sahəsinin və tikilinin təcrid edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1059/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci ildə Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat tərtib edilib. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və sahənin ona təhvil verilməsi, torpaq sahəsinin və tikilinin təcrid edilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən torpaq sahəsinin hesabatının 6-cı səhifəsindəki torpaq sahəsinin planında göstərilən küçədən girişin sağ tərəfində yerləşən və cavabdehə verilmiş 1,5 sot torpaq sahəsində yerləşən iki otaqlı tikilinin qarşı tərəfində - ona məxsus olan 0,5 sot torpaq sahəsində inşa edilmiş yaşayış sahəsindən cavabdehin çıxarılması, həmin yaşayış sahəsinin ona təhvil verilməsi, cavabdehə aid olan və ona məxsus 8 sot torpaq sahəsinin tərkib hissəsi olan həmin 1,5 sot torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşərək cavabdehin istifadəsində olan iki otaqlı tikilinin onun sahibliyində və istifadəsində olan 6,5 sot torpaq sahəsindən onun maliyyə vəsaiti hesabına təcrid olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilib ki, cavabdeh mərhum X1nun həyat yoldaşı olmuşdur. X1 mənzil sahəsi ilə təmin olunmadığı üçün onun istifadəsində olan Yasamal rayonu, Qanlı Gölün qərb sahili, ev 101 saylı 8 sot torpaq sahəsi üzərində inşa etdiyi tikilidən 2 otaq və kommunal xidmətləri mərhum qardaşına və cavabdehə vermişdir, həmçinin həmin öz torpaq sahəsindən 1,5 sot torpaq sahəsini təmənnasız ayıraraq qardaşına və cavabdehə vermişdir ki, orada özlərinə yaşayış sahəsi inşa etməklə və gələcəkdə həmin inşa edəcəkləri yaşayış sahəsinə köçməklə onların istifadəsinə verdiyi tikilini özünə təhvil versinlər. Qardaşı və cavabdeh arasında münasibətlər gərginləşmiş və sonda onlar arasında nikah 2016-cı ildə pozulmuşdur. Hazırda cavabdeh mərhum qardaşına və onun istifadəsinə verdiyi tikilini geri qaytarmır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1059/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mənzildən çıxarılma hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, iddiaçı mübahisəli yaşayış sahəsinin (özbaşına tikilinin) ona məxsus olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçının vəsatəti ilə dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi evdə Cavabdeh yaşamışdır. İddiaçı nə hazırda mübahisələndirdiyi evdə, nə də ki, özünə məxsus tikilidə yaşamamışdır. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmənin qətnamədə mübahisəli mənzilin özbaşına tikili olduğuna istinad edərək onun mübahisəli torpaq sahəsinə və qeyd olunan mənzillərə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamasına istinad edərək, potensial mülkiyyətçi kimi cavabdehin ona aid olan mənzildən çıxarılmasını tələb etmək hüququnun olmamasını göstərmişdir. Lakin məhkəməyə təqdim olunmuş sübutlarla da təsdiq olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində olan tikililərlə birlikdə 2005-ci ilədək onun valideynlərinin faktiki istifadəsində olmuşdur, 2005-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsi tərəfindən onun adına həmin torpaq sahəsinə və üzərindəki tikililərə dair eskiz-layihə tərtib olunması, eyni zamanda məhkəmədə şahidlərin verdiyi ifadələrlə mübahisəli torpaq sahəsinin və tikililərin onun faktiki istifadəsində olması sübut olunmuşdur. Qeyd olunanlardan da görünür ki, məhkəmə tərəfindən hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi tətbiq olunmalı olduğu halda tətbiq edilməmişdir. Bununla da həmin maddi hüquq normasının tələbləri pozulmuşdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər son qoymağıtələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mübahisəli torpaq sahəsi və üzərindəki tikililər uzun müddət onun valideyinlərinin, sonra isə onun faktiki və mübahisəsiz istifadəsində olduğu üçün, həmin yaşayış sahələri üzərində potensial mülkiyyət hüquqlarının olması, eyni zamanda mülkiyyətçi olmayan və əmlaka qanuni sahiblik edən şəxslərin də hüquqlarının qanunla qorunması nəzərə alınarsa, məhkəmənin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmamasını əsas gətirərək, cavabdehə qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia qaldırmaq hüququnun olmamasını göstərməsi məhz hazırki mübahisə üzrə qeyd olunan maddi hüquq normalarının pozulmasıdır. Məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsinin təcrid olunmasının mümkün olub-olmaması barədə heç bir araşdırma aparılmamışdır. Hesab edir ki, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırıması üçün həmin məsələ müvafiq ekspertiza təyin edilərək araşdırılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
18. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
19. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
20. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin bir hissəsi və onun yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, həmçinin iddiaçı hüquqdan sui-istifadə etməklə irəli sürdüyündən bu cür iddia haqlı sayılmır.
21. Belə ki, mübahisəli yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin bir hissəsi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikilinin bir hissəsinə) və yerləşdiyi torpaq sahəsinə iddiaçının hansısa aidiyyəti ilə bağlıdır.
22. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair 23 may 2025-ci il tarixli Qərardadında göstərildi ki... Qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğu nəzərə alınaraq məhkəmələr tərəfindən şəxsin marağının nədə ifadə olunduğu, qanunla qorunub-qorunmadığı hər bir işin hallarından asılı olaraq müəyyən edilməlidir. Qeyd olunan qərardadda formalaşdırılan hüquqi mövqeyə görə… Beləliklə, hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın. Göründüyü kimi qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Odur ki, normativ aktlarda hüquqi müdafiənin obyekti kimi qanunla qorunan maraq (mənafe) və hüquq anlayışlarından bir qayda olaraq birlikdə istifadə olunur. ...Beləliklə, maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir. ...Müraciətə səbəb olan mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.
23. İddiaçı iddia tələbində və apellyasiya şikayətində hazırkı iddiasını hansı əsasla və nəyə görə irəli sürdüyünü və nədən narazı olduğunu göstərib. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yuxarıda qeyd olunan hüquqi dəyərləndirməni apararaq iddianı rədd edib. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin üzərində olan tikililərlə birlikdə 2005-ci ilədək onun valideynlərinin faktiki istifadəsində olduğunu, 2005-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsi tərəfindən onun adına həmin torpaq sahəsinə və üzərindəki tikililərə dair eskiz-layihə tərtib olunduğunu, 8 sot torpaq sahəsi üzərində inşa etdiyi tikilidən 2 otaq və kommunal xidmətləri, həmçinin həmin öz torpaq sahəsindən 1,5 sot torpaq sahəsini təmənnasız ayıraraq mərhum qardaşına və cavabdehə verib ki, orada özlərinə yaşayış sahəsi inşa etməklə və gələcəkdə həmin inşa edəcəkləri yaşayış sahəsinə köçməklə, onların istifadəsinə verdiyi tikilini özünə təhvil versin, ancaq cavabdehin 1,5 sot torpaq sahəsindən əlavə, 0,5 sot sahədə inşa etdiyi(iddiaçı iddia edir) yaşayış sahəsini də qanunsuz olaraq eskiz-layihəyə saldırdığını, cavabdehdən 0,5 sot sahədə inşa etdiyi tikilidən və torpaq sahəsindən çıxmasını və ona təhvil verilməsini tələb etsə də heç bir nəticəsinin olmadığını, dəfələrlə mübahisələrinin polis bölməsində araşdırıldığını qeyd edib.
24. Bununla əlaqədar, məhkəmə tərkibi hesab etdi ki, iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlərə dair mütəxəssis (mühəndis,ekspert) rəyi alınsın: -Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən 800(səkkiz yüz) kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş evin qiymətləndirilməsinə dair Hesabat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kimin sifarişi əsasında, nəyə əsasən və hansı məqsədlə tərtib edilmişdir və bu hesabatda göstərilən torpaq sahəsi və (və ya) üzərindəki tikili İddiaçı yaxud hansısa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla(mülkiyyət, istifadə, sahiblik,icarə və.s) qeydiyyata alınmışdırmı? -Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən 800(səkkiz yüz) kv.metr yaxud daha az ölçüdə olan torpaq sahəsinin mülkiyyət növü nədir və hansı kateqoriya torpaqlara aiddir? -Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş Yasamal rayonu Qanlı gölün qərb sahili 101 ünvanda yerləşən 800(səkkiz yüz) kv.metr torpaq sahəsi və üzərində inşa edilmiş evin qiymətləndirilməsinə dair Hesabatdan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsində həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair hansısa hüquqmüəyyənedici sənəd yaxud texniki pasport, plan sxemi və.s mövcuddurmu?
25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 3-21-3-30/2-3610/2026 saylı, xx.xx.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edildi ki, qiymətləndirməyə dair Hesabat eskizinə əsasən mübahisələndirilən tikili eskiz tərtib olunan dövrdə (4.9m x 5.0m) həyət tikilisi olmuşdur. 2010-cu ildə inşa olunaraq genişləndirilmişdir (təqribən 36.0 kv.m) və fərdi yaşayış evi kimi istifadə olunur. Mübahisələndirilən tikilinin yerləşməsini əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahə və üzərindəki tikilinin qeydiyyatı barədə bazada məlumat yoxdur. X8 (Bakı) ASC tərəfindən müraciət edilmiş ümumi sahənin daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahə və üzərindəki tikilinin qeydiyyatı barədə bazada məlumat yoxdur. Arxiv məlumatlarına əsasən arxivdə mövcud olan hesabat pasportunun təqdiq edilmiş surəti rəyə əlavə olunur.
26. Göründüyü kimi, qeyd olunan rəy və sxemlə, həmçinin yerli baxışı zamanı da müəyyən edildi ki, mübahisəli ünvanda təxminən 800 kv. metr torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsində bir neçə tikili mövcuddur. İşin mübahisəsiz halıdır ki, tərəflər bu torpaq sahəsinin və tikililərin müəyyən hissəsinə sahiblik və ondan istifadə edir. İşin mübahisəli halı isə təxminən 50 kv. metr torpaq sahəsi və onun üzərində yerləşən tikili ilə bağlıdır. Başqa sözlə, iddiaçı 650 kv. metr torpaq sahəsinin onun, 150 kv. metr torpaq sahəsinin isə cavabdehin istifadəsində olmasını mübahisələndrmir. Mübahisələndirdiyi yalnız onun istifadəsində olduğunu iddia etdiyi 50 kv. metr torpaq sahəsi və üzərindəki tikili ilə bağlıdır. Apellyasiya baxışı zamanı da sözügedən mübahisəli tikilini iddiaçı özü inşa etdiyini, cavabdeh isə həmin tiklinin yaşadığı evin tərkib hissəsinə aid olduğunu və iddiaçıya aid olmadığını, özünün inşa etdiyini göstərdi. Yerində baxış zamanı da qeyd olunan tikilinin cavabdehin istifadəsində olduğu, iddiaçının isə həmin ünvanda yaşamadığı bəlli oldu. Əlbətdə ki, bu cür vəziyyətdə sübutetmə predmetinə aid olan halları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, o, istinad etdiyi halları sübuta yetirə bilməmiş, yəni mübahisəli tikilinin məhz özü inşa etdirdiyinə və ya ona aid olduğuna dair mötəbər sübut təqdim edə bilməyib.
27. Məhkəmə tərkibi vurğulayır ki, əslində işin halları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin rəyi lə də açıq-aşkar təsdiq olunur ki, əslində mübahisənin əsl səbəbi qeyd olunan torpaq sahəsindən və üzərindəki tikilidən istifadə ilə bağlı deyil, yəni iddiaçının həmin 50 kv. metr torpaq sahəsi və üzərindəki tikilidən istifadə etmək zərurəti və ehtiyacı ilə əlaqədar olmamışdır. Əsl səbəb həm iddiaçının, həm də cavabdehin gələcəkdə tikinti şirkətinin torpaq sahəsinin üzrəində çoxmənzilli yaşayış binasının inşası ilə əlaqədar alacaqları kompensasiya görədir və onlar arasındakı mübahisə də bununla bağlı yaranıb və davam edir. Demək ki, tərəflər söküntü nəticəsində veriləcək kompensasiyanın məbləği uğrunda uzun müddətdir ki, çoxsaylı mübahisələrin, o cümlədən cinayət təqibi üzrə araşdırmanın iştirakçılarına çevrilib. İşdə olan sənədlər də məhkəmə tərkibinin bu qənaətini birmənalı təsdiq etmiş olur.
28. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xoş olmayan münasibətlər mövcuddur. Demək iddiaçı sözügedən ölçüdə tikiliyə və torpaq sahəsinə ehtiyac və zərurət olmadan, sırf hüquqdan sui-istifadə edərək hazırkı iddianı irəli sürüb. Ona görə də, iddianın təmin edilməməsi həm də onların qarşılıqlı gərgin münasibətləri baxımından düzgün hesab edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1059/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1059/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.