Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3182/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evi üzərində pay və istifadə hüququnun tanınması, mənzilə köçürülmə”” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1459/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsindəki 83/85 saylı fərdi yaşayış evində həyat yoldaşı X1 məxsus hissə üzərində onun birgə mülkiyyətçi kimi ½ hissəsində pay hüququnun, həmin fərdi yaşayış evindən azyaşlı uşaqları ilə birlikdə istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları X2 və X3 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 1999-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsindəki 83/85 saylı fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçı cavabdehlə birlikdə həmin evdə yaşamış və birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Birgə nikadan xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 adlı 2 uşaqları anadan olmuşdur. Ailə qurduqları vaxtdan mehriban şəraitdə yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün və tamam başqa-başqa insanlar olduqlarına görə münasibətləri pozulmuş və iddiaçı nikahın pozulmasına dair məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı mübahisəli mənzildən çıxarılmışdır. İddiaçının yaşamaq üçün başqa yeri yoxdur, keçmiş həyat yoldaşın Cavabdeh nə iddiaçı ilə, nə də uşaqları ilə maraqlanmır. Halbuki cavabdehin ailə üzvü kimi iddiaçının da həmin mənzildə uşaqları ilə birlikdə yaşamaq hüququ var. İddiaçı daimi yaşamaq üçün mübahisəli evə cavabdeh tərəfindən köçürülmüşdür, cavabdehlə birgə yaşamışdır, ümumi təsərrüfat aparmış və birgə nikadan olan uşaqları həmin evdə anadan olmuşdur. İddiaçı cavabdehdən dəfələrlə azyaşlı uşaqları ilə onun həmin mənzilə buraxılmalarını və mənzildən istifadə hüququnun təmin edilməsini xahiş etsə də, cavabdeh onları mənziləburaxmır. Mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı isə 1999-cu ildə ailə quraraq bu mənzilə köçüb yaşamağa başlamışdır. 2000-ci ilin fevral ayında bu mənzil vərəsəlik əsasında həyat yoldaşının mülkiyyətinə keçmişdir. Birgə nikah dövründə onlar mənzildə əlavə tikinti işləri apararaq mənzilin dəyərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yaxşılaşdırmalar etmişlər. Bu yaxşılaşdırmalar 2003-cü ildə qanuniləşdirilmişdir. Həmin yaxşılaşdırmalar mənzilin dəyərini xeyli artırmışdır. Bu baxımdan iddiaçı mübahisəli fərdi yaşayış evi üzərində həyat yoldaşı Cavabdeh məxsus hissədə birgə mülkiyyətçi kimi pay hüququna malikdir. Bundan əlavə iddiaçı 1999-cu ildə bu evə köçüb orada yaşadığına görə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun bu yaşayış evindən istifadə hüququ var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1459/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsindən İddiaçı azyaşlı övladları xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə istifadə hüquqlarının tanınması və İddiaçı azyaşlı övladları xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüququ normalarını pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər mıəhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir; çünki iddiaçı qətnamənin yalnız həmin hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, “Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsindən İddiaçı azyaşlı övladları xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə istifadə hüquqlarının tanınması və İddiaçı azyaşlı övladları xx xxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsinə köçürülməsi” hissələri apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2005ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayıh evinin 2/8 hissəsi Cavabdeh mülkiyyətindədir (14 saylı DNK-nın xx.xx.2000-ci il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən sözügedən əmlakın ½ hissəsi; Nəsimi Rayon İcra hakimiyyətinin xx.xx.2003-cü il tarixli 216 saylı sərəncamına əsasən Cavabdeh məxsus hissəsində əlavə tikililər qanunlaşdırılmışdır; 13 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 4Ə/3- 552 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 1/8 hissəsi özgəninkiləşdirilmişdir; 13 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/4- 673 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1/8 hissəsi özgəninkiləşdirilmişdir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Bu mənada kollegiyanın qənaətinə görə, Şəfa Əliyevanın irəli sürdüyü faktiki hallar onun Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsindəki 83/85 saylı fərdi yaşayış evinə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin 2/8 hissəsi Cavabdeh mülkiyyətindədir və tərəflər nikaha daxil olduqdan sonra İddiaçı həmin ünvana köçmüş və orada yaşamışdır. Qeyd olunan fərdi yaşayış evi Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə vərəsəlik qaydasında əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Şərh olunanlardan göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 83/85 saylı fərdi yaşayış evinin 2/8 hissəsinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi mümkün deyildir və bu səbəblə də birinci instansiya məhkəməsinin həmin mənzillə bağlı gəldiyi nəticə qanunidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı birgə nikah dövründə onlar mənzildə əlavə tikinti işləri apararaq mənzilin dəyərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yaxşılaşdırmalar aparıldığını irəli sürsə də, məznildə aparılan əlavə tikinti işlərinə hansı məbləğdə vəsait xərcləndiyi və həmin vəsaitin onların ümumi gəlirləri olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1459/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3182/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3182/2020
24.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver