Məhkəmə qərarları › İş №2(103)-3183/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3183/2022

17.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3183/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən (vəkil A.Layıc) elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemində və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi A.Layıc tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçıların adından imzalanmasına dair müvafiq etibarnamə şikayətə əlavə edilməmişdir. (Apellyasiya şikayətinə sadəcə vəkilin orderi əlavə edilmişdir). Digər tərəfdən apellyasiya şikayətinə iddiaçıların adından “PDF formatlı” apellyasiya şikayəti də əlavə olunmuş, lakin məhkəmə kollegiyasının mövqeyinə görə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan iddiaçıların elektron kabinet vasitəsilə daxıl olmadığından mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhz iddiaçılarıın özləri tərəfindən verilmiş və onlar tərəfindən imzalanmış apellyasiya şikayəti kimi qəbul edilə bilməz. Bundan əlavə, Hökümət ödəniş portalından görünür ki, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş dövlət rüsumu vəkil A.Layıcın adından ödənilmişdir. MPM-in 46-cı maddəsinə görə işdə iştirak edən şəxslərin tərkibi tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Məcəllənin 61-ci maddəsində isə qeyd edilib ki, prosesin digər iştirakçıları şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillərdir. Həmçinin, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Yuxarıda qeyd edilən normalardan görünür ki, vəkil MPM-in 46-cı maddədə göstərilən şəxslər dairəsinə aid deyil, vəkil prosesin digər iştirakçısı kimi dövlət rüsumunu öz adından deyil, məhz şikayət vermiş şəxs və ya şəxslərin adından (etibarnaməsi olduğu halda vəkil) ödəməlidir. MPM-in 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə şikayt geri qaytarılır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar