Məhkəmə qərarları › İş №2(103)-3184/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3184/2022

29.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3184/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və sair” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 30.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən qanuni icarə və istifadəsində olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanuni icarə və istifadəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, sökülünün tam şəkildə ərazidən çıxarılması və torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətə gətirilməsi və daşınmaz əmlaka icarə və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30.11.2014-cü il tarixdə “İcarə hüququnun alqı-satqı” müqaviləsi ilə X1 Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsini 99 illiyə almışdır. İcarə hüququnun müddəti 29.05.2007- ci il tarixdən 29.05.2106-cı ii tarixədək müəyyən edilmişdir. Alınmış torpaq sahəsi üzərində icarə və istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışı ilə dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak üzərində icarə və istifadə hüququ dövlət reyestrində 703 nömrəli reyestr kitabında 8 nömrəli vərəqində qeydə alınmışdır. İcarə və istifadəsində olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və o, həmin ərazidə özbaşına tikili inşa etmişdir. Dəfələrlə cavabdehdən özünə məxsus olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, Cavabdeh torpaq sahəsini pulla aldığını iddia edərək özbaşına tikilini sökməkdən imtina etmişdir. Bununla bağlı Bakı şəhəri Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinə şikayət ərizəsi yazılmışdır. Verilmiş şikayət əsasında Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən 26 aprel 2018-ci il tarixdə “Cinayət işinin başlanılmasın rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Müvafiq Qərara əsasən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən X4 MN ******* 456 saylı Protokol tərtib edilmiş və Protokolun icrası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına həvalə edilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh icarə və istifadəsində olan torpaq sahəsində özbaşına və qanunsuz inşa etdiyi tikilini sökməyib və hələ də həmin torpaq sahəsini zəbt etməkdə davam edir. Qeyd olunanlara əsasən, 30.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən qanuni icarə və istifadəsində olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanuni icarə və istifadəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, sökülünün tam şəkildə ərazidən çıxarılması və torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətə gətirliməsi və daşınmaz əmlaka icarə və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək, torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olaraq 311 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən məcburi çıxarılma və digər” tələblərə dair 2019-cu il tarixində iddia ərizəsi ilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Ona görə də məhkəmə hazırki işə baxmamalı, mülki iş üzrə icraata xitam verməli idi. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə 152.5-ci maddəsi məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Məhkəmə cavabdehin də mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququna əsas təşkil edəcək müvafiq sənədlərə sahib olmasını araşdırmamışdır. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiqedilməsi) aydın şəkildə izah verilməlidir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin üst-üstə düşməməsinə dair 2(003)-203/2019 saylı məhkəmə işi üzrəqəbul edilmiş müvafiq ekpertiza rəyi müvcuddur. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Z.Hüseynov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, 20.11.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsi 29.05.2007-ci il tarixli icarə müqaviləsi və 2014-cü il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən, İddiaçı icarəsindədir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2615 nömrəli, 27 avqust 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 20.11.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin 2585 kv.m. hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Hüquqi dəyərləndirmə:

12. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, daha əvvəl eyni tərəflər arasında eyni predmetlə bağlı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi mövcud olduğundan, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir.

13. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin kollegiya iclasında verdikləri izahata əsasən araşdırmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi eyni tərəflər arasında olan mübahisə ilə bağlı olsa da, mübahisə predmeti olan torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi olmamışdır.

14. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamədə mübahisələndirilən torpaq sahəsi RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış torpaq sahəsidir. Lakin, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi isə RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış torpaq sahəsidir.

15. Göründüyü kimi, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi ilə hazırda mübahisələndirilən torpaq sahələri eyni olmadaığından, eyni tərəflər arasında, eyni predmetlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması səbəbindən mülki iş üzrə icraata xitam verilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassız olmuşdur.

16. Kollegiya qeyd edir ki, birinci instansiya mıəhkəməsində icraat zamanı keçirilmiş ekpertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 20.11.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin 2585 kv.m. hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

17. Ekspert rəyinin mötəbərliyini sübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən ekpert rəyini sübut qismində qəbul etməkdə haqlı olmuşdur.

18. Kollegiya iş materiallarına və ekspert rəyinə əsasən qeyd edir ki, Cavabdeh İddiaçı icarəsində olan torpaq sahəsinin 2585 kv.m. hissəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh torpaq sahəsindən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

23. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. Kollegiya işin materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qanunvericiliyin qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinin təmin edilərək Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin İddiaçı təhvil verilməsi, həmçinin, həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar