Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3185/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilmiş pəncərələrin hörülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, tərçüməçi X5, İddiaçı və onun nümayəndəsi-vəkili X1, Cavabdeh nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş pəncərələrin hörülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2025 saylı, 5 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində pəncərələr quraşdırılmışdır.
2. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı ev, ümumi sahəsi 67.4 kv.m. olan ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyta alınmışdır.
3. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi, 5-ci Salyan döngəsində mülkiyyətində olan 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı, 81.8 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabında 2228 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
4. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1/37270 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir. Lakin tikintinin inşasına dair hər hansı icazə və layihə sənədi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1,4.2 bəndinin tələbləri pozulmuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində quraşdırılmış pəncərələrin nəfəsliyə çevrilməsi texniki cəhətdən mümkündür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə2 tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə sökülməsi, həmçinin boşluğa yerləşdirilən pəncərə sisteminin memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermədiyindən bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı evin istinad divarı üzərində quraşdırılan mansard sahəsinin tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə, dayaq konstruksiyaları arasında boşluğa yerləşdirilən onun həyətinə baxan pəncərələrin bişmiş kərpiç və ya mişar daşı ilə hörülərək bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. 05.04.2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh Nümayəndə2 əsl Cavabdeh ilə əvəz olunmuşdur.
8. İddia onunla əsaslandırılmışdır ki, onun AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetr xidmətinin ********** saylı qeydiyyat şəadətnaməsi ilə ona məxsus olan Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, ev 19 fərdi yaşayış evində uzun müddətdir yaşamasına baxmayaraq, qonşusu Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 3 ünvanında yaşayan Nümayəndə2 tərəfindən ona məxsus ünvan 4 ünvanında yerləşən tikilinin 7,0 metr uzunluğunda istinad divarı üzərində qonşu tərəfindən daş konstruksiyalı mansard sahə tipli ərazi inşa edilmişdir. Qonşu tərəfindən ona məxsus istinad divarı üzərində mülkiyyətçinin həyətyanı sahəsinə açılan 7,0 x 1,2 metr həcmində PVC pəncərə sistemi quraşdırılmışdır. Beləliklə, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın tələblərinə müvafiq olaraq tikintiyə başlamazdan öncə tikinti layihəsinin icra edən şəxs - qonşu ara məsafəsinin saxlanması qaydalarını bilməli və buna əməl etməli idi. Mülkiyyətçiyə məxsus evin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalı olduğu halda qonşu tərəfindən bu qanunun tələblərinə riayət edilməmiş, inşa edilən divar ona məxsus evin istinad divarları üzərində quraşdırılmışdır. Bu hal qanunaziddir. Qonşu tərəfindən artırma sahənin inşası nəticəsində mülkiyyətçi yağış sularının ona məxsus evin dam örtüyünə, bitişik ortaq divarların daxili səthinə və həyətyanı sahəsinə axması ilə üzləşib. Bu hal, dəfələrlə təmir edilməsinə baxmayaraq, oxşar fəsadların təkrar baş verməsinə zəmin yaradır. Halbuki aşağıda qeyd edilən bütün normativ hüquqi aktlar bu tipli yanaşmaların yolverilməz və qeyri-qanuni olduğunu təsdiq edir. Atmosfer yağıntılarından yaranan suların kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçiriməlidir. Qonşu tərəfindən ona məxsus istinad divarı üzərində mülkiyyətçinin həyətyanı sahəsinə açılan 7,0 x 1,2 metr həcmində PVC pəncərə sistemi quraşdırılması layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilərdi. Mövcud vəziyyətdə qonşu tərəfindən təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə quraşdırılan pəncərə boşluqları nəinki qarşılıqlı razılaşma əsasında, hətta memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri, həmçinin qüvvədə olan tikinti norma və standartlarının tələbləri pozulmaqla həyata keçirilmişdir. "xxxx" MMC-nin daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici-mütəxəssisi qarşısında qoyulmuş suala uyğun olaraq rəydə göstərilir ki, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir. Dəfələrlə cavabdehin özünə bu qanunsuzluğa son qoymağı tələb etsə də, nəticəsi olmamışdır. Səbail rayonu Polis İdarəsinə edilmiş müraciətinə cavab məktubu ilə bildirilmişdir ki, məhkəməyə müraciət edilsin.
9. Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəməyə təqdim etdiyi müstəqil ekspertin rəyindən də görünür ki, cavabdehin mülkiyyətində olan tikili 1900-cü ilin tikilsidir. Həmin tikliinin gücləndirilməsi üçün artıq 30 ildən çox müddətdir ki, mülkiyyətində olan sahənin üzərinə çardağ, yəni dam hissədən yağış sularının qarşısının alınasına görə həmin damın üzərində çardağ (mansard tipli) tikilmişdir. Ekspert qaşısında qoyulmuş suallara cavab olaraq müəyyən edilir ki, həmin çardağ (mansard tipli) qonşunun divarının üzərində deyil, cavabdehin mülkiyyətində olan sahənin üzərində tikilmiş və qonşuya heç bir təhlükə yaratmamaqla yanaşı, qonşunun hüquqlarına toxunmur. Digər tərəfdən, mansard sahədə quraşdırılmış plastik pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Həmin pəncərələrin görüntülərinə dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, İddiaçı idda ərizəsində Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Bildirir ki, həmin tikili tikilərkən Şəhərsalma və Tikinti Məcəlləsi olmamışdır. Yəni Məcəllə 2012-ci il tarixdən sonra qəbul edilmişdir. Odur ki, istinad edilən qanunvericilik normasının geriyə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, 1900-cu ilin tikilisinin üzərində inşa edilmiş çardağ (mansard tipli) artıq 30 ildən çoxdur ki, tikilmiş və bu günə kimi qonşu İddiaçı belə bir iddia ilə cavabdehə və ya digər orqanlara müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış tələbin heç bir əsası olmadığından, iddia tələbi absurd əsaslarla əsaslandırıldığından və ümumi iddia tələbi 10 il nəzərdə tutulduğundan iddia müddətini tədbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1/37270 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir. Lakin tikintinin inşasına dair hər hansı icazə və layihə sənədi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1, 4.2-ci bəndinin tələbləri pozulmuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanında qaraj tikilisi üzərində inşa edilmiş tikilinin iddiaçıya məxsus 19 saylı evin həyətyanı sahəsinə baxan hissəsində quraşdırılmış pəncərələrin nəfəsliyə çevrilməsi texniki cəhətdən mümkündür.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2025 saylı 05 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaçının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Digər tərəfdən, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
13. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirmişdir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 33 və 60-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.4, 164.1, 165.1, 170.2, 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli və e-2(009)-58/2025 saylı qətnaməsinin ləğv edilməsini, işin yeni tərkibdə, obyektiv və hərtərəfli qiymətləndirilməsi şəraitində yenidən baxılmasını və iddia ərizəsində qoyulmuş tələblərin tam təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qonşu tərəfindən ona məxsus istinad divarı üzərində həyətyanı sahəsinə açılan 7,0 x 1,2 metr həcmində PVC pəncərə sistemi quraşdırılmışdır. Beləliklə, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın tələblərinə müvafiq olaraq tikintiyə başlamazdan öncə tikinti layihəsinin icra edən şəxs - qonşu ara məsafəsinin saxlanması qaydalarını bilməli və buna əməl etməli idi. Mülkiyyətçiyə məxsus evin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalı olduğu halda qonşu tərəfindən bu qanunun tələblərinə riayət edilməmiş, inşa edilən divar mülkiyyətçiyə məxsus evin istinad divarları üzərində quraşdırılmışdır. Bu hal qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci iltarixli 160 Noli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1, 4.2 bəndinin tələbləri pozulmuşdur. "xxxx" MMC-nin daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici-mütəxəssisi qarşısında qoyulmuş suala uyğun olaraq rəydə göstərilir ki, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir. Dəfələrlə cavabdehin özünə bu qanunsuzluğa son qoymağı tələb etsə də, nəticəsi olmamışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində mülkiyyətində olan 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı, 81.8 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabında 2228 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1/37270 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tikintinin inşasına dair hər hansı icazə və layihə sənədi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1,4.2 bəndinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində pəncərələr quraşdırılmışdır. Mansard tipli tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində quraşdırılan pəncərələr memarlıq və şəhərsalma normalarının tələblətinə cavab vermir. Hətta hakim özü də təsdiq edir ki, “Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanında qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikili tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikililərdir”.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh aqressiv şəkildə qanunsuz hərəkətləri davam etdirir. Həmin mansard tipli sahədən emalatxana və s. kimi istifadə edir. Mansard tipli sahənin özünə aid olan hissəsi bağlıdır, ona tərəf baxan hissə 4 il bundan əvvəl pəncərələrlə bağlanmışdır. Cavabdeh tərəf pəncərəsini açır və ev sakinləri onun həyətinə tərəf baxır. 5 ilə yaxın müddət ərzində mansard tipli sahə açıq vəziyyətdə olmuşdur. O, cavabdehlə eyni vaxtda həmin əraziyə köçmüşdüer. Tikinti işlərini hissə-hissə aparırdılar. Cavabdeh tərəf qarajı ona aid olan divarın hissəsində tikmişdir. Pəncərə sistemi quraşdırılan tərəf düz onun həyətinə baxır.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəf qonşudur, onun köhnə qarajı vardır, sənədi yox idi. Həmin qarajın üzərində mansard tikilmişdir. Həmin mansard tipli sahənin 7 pəncərəsi iddiaçının həyətinə baxır. Ekspertiza tərəfindən rəy də verildi ki, bu qanunsuz tikilidir. Onlar məhkəmədən onun sökülməsini yaxud tamamilə kərpic daşı ilə hörülməsi məsələsini qoymuşdular. Daha sonra qərara gəldilər ki, sökülməyə ehtiyac yoxdur, həmin hissələr hörülsün. Şüşələrin sökülərək yerinin hörülməsini xahiş etmişdir. Nazirlər Kabinetinin 2020-ci il tarixli, 160 nömrəli qərarı vardır. Məhkəmə Ekspertizanın rəyində də qeyd edilmişdir ki, tikili tamamilə Nazirlər Kabinetinin qərarına zidd tikilmişdir. İcra Hakimiyyətinin, eyni zamanda iddiaçının razılığı olmadan, hər hansı razılığa gəlmədən bu tikili tikilmişdir. Bu şüşələr nəyə görə iddiaçının həyətinə baxmalıdır. Tikinti aparılan zaman çoxsaylı narazılıqlar olmuşdur, lakin cavabdeh tərəf buna məhəl qoymamışdır. Mansard tipli sahə təqribi 6 il bundan əvvəl tikilmişdir. Cavabdehin evi yuxarıdadır, təmsil etdiyi şəxsin evi isə aşağıdadır. Yuxarıdan pəncərələr isə iddiaçının evinə baxır. Əvvəllər həmin yer açıq idi. Şüşənin kərpiclə hörülməsini xahiş edir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iş üzrə həm mütəxəssis rəyi, həm də ekspert rəyi vardır. Kifayət qədər araşdırma aparılmışdır. Mütəxəssis rəyinin özündə də qeyd edilmişdir ki, o tikili 1900-cü ilin tikilisidir. Hətta texniki pasportda da qeyd edilmişdir. Mansard tipli artırma 1985-ci ilin tikilisidir. Qarajın üstü 1985-ci ildə tikilmişdir. Mütəxəssis rəyində birbaşa qeyd edilmişdir ki, 19 nömrəli evə tərəf açılan pəncərələrin şüşələri bağlanmadan pəncərələrin şüşələrinin mat boya ilə rənglənməsi və ya buzlu şüşə ilə əvəz edilməsi məqsədəmüvafiqdir. Rəyə uyğun olaraq həmin pəncərələri buzlu şüşə ilə əvəz elədilər. Bu tikili 1985-1986-cı ilin tikilisidir, həmin vaxt Nazirlər Kabinetinin qərarı mövcud deyildi. Nazirlər Kabinetinin qərarında memarlıq-tikinti obyektlərindən söhbət gedir. Mansard tipli tikili tikilən zaman icazəyə ehtiyac yox idi. Qarajın üzəri var idi, sadəcə buzlu şüşələrlə örtülmüşdür. CD diskdə həmin yerin 2000-ci illərdə mövcud olduğu görsənir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 27.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 28.170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 29.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 30.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
31.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, hazırkı işin hallarının dəyərləndirilməsi Mülki Məcəllənin 157.4 və 170.2 maddələrinə əsasən müqayisəli şəkildə həyata keçirilməlidir.
34. Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Qanunun digər normanın mənasına görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.).
36. Qanunun mənasından göründüyü kimi qonşu daşınmaz əmlak mülkiyyətçiləri birbirinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, bu təsir öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.
37. Baxılan iş üzrə iddiaçı cavabdehin yaşadığı evdən onun həyətinə açılmış pəncərənin bağlanmasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, pəncərələrin açılması bu cür həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.
38. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaçının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Digər tərəfdən, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri-şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir.
39. Yuxarıda da qeyd olunduğu kimi pəncərələrin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin pəncərənin mövcudluğu iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyrimütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
40. Lakin iddiaçının verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan fərqlənən, pəncərələrin mövcudluğunun özüözlüyündə onun yaşayış sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsini təsdiq edən hər hansı hala istinad edilməmişdir. Halbuki, qonşu təsirinin qadağan edilməsi, hazırkı halda qonşuluqda inşa edilmiş tikilidəki pəncərələrin bağlanması barədə iddia qaldırmış iddiaçı qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdiyi halda əsaslı hesab edilə və təmin oluna bilərdi.
41. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 1 ünvanında qaraj tikilisi üzərində inşa edilmiş mübahisəli tikilidən uzun müddətdir ki, açıq mansard kimi istifadə etmiş, həmin tikilidə pəncərə sistemi 5-6 il bundan əvvəl quraşdırılmışdır.
42. İddiaçı cavabdehin mansard tipli tikilinin inşa edilməsinin dayandırılmasını, sökülməsini və s. tələb etməmiş, tikilinin açıq vəziyyətə qlamasına etiraz etməmiş, orada hətta tikinti işlərinin görülməsinə, pəncərə sisteminin quraşdırılmasına imkan vermiş, bununla cavabdehdə həmin sahədən arxayın istifadə etməsinə güvən yaratmışdır. Beləliklə də bu cür davranışla iddiaçı müddət keçdikdən sonra yaranmış vəziyyəti ilə bağlı “status-kvo”nu (mövcud vəziyyəti) tanımış olmuşdur.
43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2025 saylı 5 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova