Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3193/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evini iddiaçının mərhum əri X3 xx.xx.2006-cı il tarixdə Sabunçu Rayonu Balaxanı bələdiyyəsindən fərdi yaşayış evinin tikintisi üçün aldığı 600 kv.m torpaq sahəsində inşa etmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh, iddiaçının oğlu Anar Nağıyevlə ailə qurduqdan sonra Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən evə gəlin gəlmiş və orada uzun müddət yaşamışdır. Kənddə iş çatışmazlığı səbəbindən cavabdeh, iddiaçının oğlu Anar Nağıyevlə Bakı şəhərinə gəlmiş və bir müddət kirayədə yaşamışlar. İddiaçının mərhum əri Davud Nağıyev oğlunun maddi vəziyyəti aşağı olduğundan, oğluna onlarla birlikdə yaşamalarını bildirmişdir. Davud Nağıyev xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bundan sonra da, iddiaçı, iddiaçının oğlu və iddiaçının gəlini olan cavabdeh birlikdə bir neçə il mübahisəli evdə yaşamışlar. 2020-ci ildə cavabdehlə iddiaçının oğlunun münasibətləri pisləşmiş və onların nikahına məhkəmə qaydasında xitam verilmişdir. Cavabdehin təzyiqləri, atdığı şər və böhtanlar səbəbindən iddiaçının və oğlu evi tərk edərək, kirayə tutduqları mənzildə yaşamaq məcburiyyətində qalmışlar. İddiaçı dəfələrlə cavabdehə evi tərk etməsini tələb etsə də, cavabdeh onu hər dəfə döymüş və təhqir etmişdir. Bu səbəbdən iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən evdə qeydiyyatdadır. Cavabdehin cehizləri də həmin evdədir. Mübahisəli evin kommunal xidmətləri iddiaçının adınadır. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat
3. Cavabdehin iddiaya qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçının oğlu Anar Nağıyev ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş, nikahları 2021-ci ildə pozulmuşdur. Nikahda olduqları müddətdə ailənin birgə vəsaiti ilə mübahisəli evi inşa etmişlər və hazırda övladı ilə birlikdə həmin evdə yaşayır. Həmin evin inşasında cavabdehin qardaşı Təlatüm Muradov da işləmişdir. İddiaçı və ailə üzvləri həmin evdə heç vaxt yaşamamış, iddiaçının əri (cavabdehin keçmiş qayınatası) Davud Nağıyev vəfat etdikdən sonra iddiaçı həmin evi və torpaq sahəsini vərəsə kimi rəsmi və faktiki olaraq qəbul etməmişdir. İddiaçı mübahisəli evin mülkiyyətçisi deyil, həmin ev cavabdeh ilə Anar Nağıyevin birgə nikahda olduqları zaman birgə qazancları hesabına inşa edilmişdir. Evin inşa edilməsinə yerləşdiyi torpaq sahəsinin istifadəçisi Davud Nağıyev sağlığında icazə vermişdir. İddiaçının torpaq sahəsinə dair hər hansı sənəd təqdim etmədən və Davud Nağıyevin vərəsəsi kimi həmin əmlakı qəbul etmədən hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin və torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsinə olmasına (müqavilə, order və s.), bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını tam və düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmişlər.
9. İş üzrə cavabdeh bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
10. İddiaçının vəkili (nümayəndəsi) isə ərizə ilə Məhkəməyə müraciət edərək, digər məhkəmədə onun iştirakı ilə baxılan iş üzrə keçirilən iclasda iştirak etməsi ilə bağlı hazırki iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasında iştirak edə bilməyəsəyini bildirərək, apellyasiya baxışının təxirə salınmasını xahiş etsə də, istinad etdiyi halın mövcud olmasını təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə iş üzrə tərəflərin üzrlü səbəb olmadan apellyasiya baxışı iclaslarına gəlməmələrinin halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə onların iştirakı olmadan baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
13. Məhkəmənin qənaətinə görə Rayon Məhkəməsi iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı səhv nəticəyə gəlmişdir.
14. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.).
16. Rayon Məhkəməsi iddiaçının yuxarıda qeyd olunan ünvanında yerləşən evin və torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsinə olmasına (müqavilə, order və s.), bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməməsinə əsaslanaraq iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir.
17. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, “Avropa insan hüquqları konvensiyasının” 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (“İatridis Yunanıstana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.1999-cu il tarixli qərar; № 31107/96, § 54).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (“Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2010-cu il tarixli qərar; № 18768/05, § 103).
19. Neftçala Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 ilə iddiaçı xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşlar.
20. İş materiallarından görünür ki, Sabunçu Rayonu Balaxanı bələdiyyəsinin 296 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçının əri X8 Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
21. Fərdi yaşayış evinin həmin torpaq sahəsində inşa edilməsi, iddiaçının əri Davud Nağıyevin xx.xx.2009-cu il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır.
22. Mübahisəli fərdi yaşayış evinin Davud Nağıyevin ölümündən əvvəl, iddiaçı ilə birgə nikah dövründə inşa edilməsi, cavabdehin “evin Davud Nağıyevin icazəsi ilə inşa edildiyini” bildirməklə torpaq sahəsinin sahibi kimi Davud Nağıyevi qəbul etməsi, iddiaçının Davud Nağıyevin birinci növbə vərəsələrindən biri olması, iddiaçının Davud Nağıyevin vəfatından sonra da bir müddət mübahisəli fərdi yaşayış evində yaşamaqla ondan və yerləşdiyi torpaq sahəsindən istifadə etməsi, mübahisəli əmlaka mərhum ərindən miras qalmış əmlak kimi yanaşması və bu yanaşmanın onun yanlış təsəvvürünə deyil, mərhum ərinə torpaq sahəsi ayrılması barədə inzibati orqanın (bələdiyyə) aktına əsaslanması işin mübahisəsiz halları olmaqla onu deməyə əsas verir ki, iddiaçı gələcəkdə hüquqlarının təsbit edilə biləcəyi ağlabatan və “qanuni gözləntisi” olan əmlakla bağlı iddia tələbi irəli sürmüşdür və belə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik şəxs hesab edilə bilər.
23. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli ev iddiaçının ərinə qanuni əsasla ayrılmış torpaq sahəsində inşa edilmişdir. Ev “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının ərinin adına qeydiyyata alınmasa da, onun, onun ölümündən sonra isə vərəsəsi olan arvadının əmlakı (əşyası) olmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçı, həmin evlə bağlı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. İddiaçının bu kimi subyektiv hüquqa malik olmaması barədə Rayon Məhkəməsinin mövqeyi səhvdir.
24. İşə mövcud sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür (maddə 180.2.).
25. Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir.
26. İşdə olan AZ-İ seriyalı 382224 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, iddiaçının oğlu Anar Nağıyev ilə cavabdehin nikahına xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
27. Cavabdeh mübahisəli evin onunla keçmiş əri Anar Nağıyevin birgə vəsaiti ilə inşa edildiyini bildirsə də, iddiaçının həmin sahənin inşasında iştirakının olması sübuta yetmir.
28. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Hazırki iş üzrə mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun olmasını sübuta yetirmək vəzifəsi üzərinə düşən cavabdeh belə bir hüququnu olmasını sübuta yetirə bilməmişdir.
30. Mübahisəli ev cavabdehin daimi yaşayış yeri sayılmır. Cavabdeh Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatdadır, onun mübahisəli evdə bu qaydada yaşamasının hüquqi əsası yoxdur və mənzildən çıxarılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin təsiri altına düşmür.
29. Belə olan halda müəyyən edilir ki, iddiaçı subyektiv hüquq sahibi kimi cavabdehin mübahisəli fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. g) apellyasiyanın nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.
31. Odur ki, MPM-in 385.1-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
32. Apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən, iş üzrə məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehə aid edilməli, bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi kimi 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat, ümumilikdə 150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, iddia təmin edildiyindən, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
34. Cavabdeh isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 dekabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh Bakı Şəhəri Sabunçu Rayonu Balaxanı bələdiyyəsinin 296 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçının əri X2 Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsində inşa edilmiş (və ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evi” olan) evdən çıxarılsın. İş üzrə məhkəmə xərcləri Cavabdeh aid edilsin. Bu məqsədlə Cavabdeh cəmi 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.