Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3197/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Bakı Baş Səhiyyə Mərkəzinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrlü hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Bakı Baş Səhiyyə Mərkəzinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 14 fevral 2022-ci il tarixli 76-k saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin xx.xx.2022-ci il tarixinə ödənilməmiş son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi), eləcə də əmək haqqı ödənilməyən gündən hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləğinin Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Həmin qətnamə 02 noyabr 2022-ci il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” X5 elektron kabinetinə yerləşdirilmiş, həmin qurumun direktorunun imzaladığı və məhkəməyə 18 yanvar 2023-cü il tarixdə daxil olmuş apellyasiya şikayəti, elektron məhkəmə sistemi vasitəsilə verilmədiyi əsas göstərilməklə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. “Bakı Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi 31 yanvar 2023-cü il tarixdə növbəti dəfə apellyasiya şikayəti, həmçinin şikayət üzrə ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qətnamə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə poçta verilmiş və xx.xx.2022-ci il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ə rəsmi qaydada çatdırılmış, qətnamədən ilk dəfə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, lakin həmin şikayət xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarılmışdır. Hazırda növbəti dəfə apellyasiya şikayəti verirlər və hesab edirlər ki, şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilməlidir. Belə ki, qətnamə xx.xx.2022-ci il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin elektron kabinetinə daxil edilsə də, Mərkəzin “Elektron Məhkəmə” İnformasiya Sisteminə girişində yaranmış problemlər səbəbindən iş üzrə verilən apellyasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya Sistemi ilə verilməyərək kağız daşıyıcıda poçt vasitəsilə məhkəməyə göndərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sisteminə cavabdehin məlumatları daxil edilməmiş və məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 elektron kabinetinə bu iş daxil olunmamışdır.
5. Məhkəmənin 23 fevral 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması qərara alınmış, həmin qərardaddan İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
6. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
8. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
9. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
13. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
14. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Yuxarıda qeyd olunduğu kimi, məhkəmənin qətnaməsi “Bakı Baş Səhiyyə Mərkəzi” X5 elektron kabinetinə 02 noyabr 2022-ci il tarixdə yerləşdirilmiş, həmin qurumun direktoru tərəfindən ilk dəfə verilən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə kağız daşıyıcıda məhkəməyə daxil olmuşdur.
19. İş materiallarında və elektron məhkəmə sistemində qətnamənin PHŞ-nin, yaxud nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi barədə PHŞ-nə, eləcə də nümayəndəyə məlumat göndərilməsi (elektron poçt, SMS və s. vasitəsilə) barədə sübut mövcud deyildir – PHŞ-nin irəli sürdüyü arqumentə görə isə elektron sistemdə olan problemlər səbəbindən qətnaməni xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əldə edə bilmişlər.
20. Göründüyü kimi, qətnamənin “Bakı Baş Səhiyyə Mərkəzi” X6 məhz xx.xx.2022-ci il tarixdə çatdırılmış olduğu nəticəsinə əminliklə gəlmək mümkün deyildir və bu qeyri-müəyyənliyin PHŞ-nin ziyanına şərh olunması onun məhkəmə müdafiəsi hüququna xələl gətirə bilər.
21. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4401/2022 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə