Məhkəmə qərarları › İş №2(103)-3198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3198/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3198/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(005)-4081/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mayakovski 8/9 küçəsində yeni tikilmiş 16 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi isə 127 kv.m olan 3 otaqlı, tam təmirli mənzilin ona təhvil verilməsi və ödənilməyən 7.000 (yeddi min) manat kirayə pulunun Cavabdeh2 MMC-dən alınması, dəymiş ziyana görə 70.000 (yetmiş min) manat pulun Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən və Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 30 may 2019-cu il tarixli 140 №-li sərəncamı ilə ünvan 1 ünvanında yerləşən yataqxananın sökülməsi və orada yaşayan sakinlərin mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq müqavilələr üzrə yeni yaşayış sahələri ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Lakin şirkət vəzifə səlahiyyətlərini aşaraq 08 may 2019-cu il tarixli K 037 saylı kirayə müqaviləsi ilə onu aldatmağa cəhd göstərmişdir. O, qonşularından aldadıldığını öyrənib, xx.xx.2019-cu ildə “Mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması, daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli tərəfindən 2(103)-10121/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmişdir. Mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi 8/9 saylı binanın tinində yerləşən 4.5 kv.m sahəsi olan köşkə, ünvan 1 saylı binada yerləşən 59 saylı mənzilə cavabdeh və digər şəxslər tərəfindən hər hansı formada müdaxilə edilməsi, həmçinin mübahisəli əraziyə daxil olmaq, iddiaçılara və ailə üzvlərinə qeyri-prosessual vasitələrlə təsir etmək, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi Nərimanov rayonu Mayakovski küçəsi 8/9 çoxmənzilli yaşayış binasının hər hansı bir hissəsini sökmək, həmçinin Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 8/9 saylı binanın tinində yerləşən köşkü daşımaq cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə qərardadını saymayan Cavabdeh2 MMC şirkəti binanı sökmüş, köşkü qeyri-müəyyən yerə daşımış, qurduğu gəlir yerini dağıtmışdır. Sökülən binanın yerində 16 mərtəbəli bina tikərək 2021-ci ilin sentyabr ayından sakinlərə təhvil verilmişdir. Onun 8 nəfər ailə üzvü var. Cavabdeh2 MMC onunla mənzil qanunvericiliyinə uyğun müqavilə bağlamır. Ona yaşayış sahəsi 18 kv.m olan mətbəxi olmayan - 2 mənzil təklif edərək razılaşma aktına qol çəkdirmək istəyir ki, 8 nəfər ailə üzvlərini o mənzillərə yerləşdirə bilmir. O, Mayakovski 8/9 yataqxana binasında əvvəllər 21 il müxtəlif vəzifələrdə işlədiyi Azərbaycan Dövlət Kontrakt Korporasiyasının nəzdində olan Azərmetal idarəsindən, həmkarlar təşkilatının qərarı ilə yaşamağa göndərilmişdi. Həmin idarədə 1992-ci ildə Qaynaqlı və soyuq emallı boruların topdan satışı və balansı şöbəsində mühəndis, xx.xx.1992-ci ildə isti emallı boruların balansı və topdan satışı şöbəsinə keçirilmişdir. xx.xx.1996-cı ildən isə 2-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir.1997-ci ildə arxivçi, 2005-ci ildən 2013-cü ilə qədər də həmin idarənin təsərrüfat şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. 8 nəfər ailə üzvü ilə birlikdə sökülən Mayakovski 8/9 küçəsindəki binada mənzil 59-da Daşınmaz Əmlakın seriya MH №0198241 saylı çıxarışda 36 kv.m kubcalanmış sahənin hamısının yaşayış sahəsi olduğu yazılır və 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində tam mülkiyyət hüququ üzrə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 890 nömrəli reyestr kitabında 827312 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın **********66-05101- 093011 №-li texniki pasportu da var. Həmin texniki pasportun çertyojuna baxdıqda görünür ki, yaşayış sahəsi 36 kv.m olan mənzilin önündə 27 kv.m-dən böyük olmaqla eyvanı da vardır. Eyvanın çertyojunun üzərində ölçüsü qeyd olunmamış, əmlakdan qeydiyyatdan keçməmişdir. Əlavə tikinti işləri apardığı, mənzilin həmin eyvanın ölçüsünü 27 kv.m-dən çox olduğunu sübut etmək üçün, sökülən Mayakovski 8/9, mənzil 59 yataqxana binasının proyektinə baxmaq kifayətdir. Mənzilin faktiki yaşayış sahəsi şirkət tərəfindən ölçülmüş 62 kv.m faktiki yaşayış sahəsi təyin edilmiş və onlara 74 kv.m yaşayış sahəsi veriləcəyi bildirilmişdir. 74 kv.m olan mənzil 4 otaqlı mənzildir. Mənzilin ümumi sahəsi 162.20 kv.mdir. Mayakovski 8/9 ünvanında tikilən, 1-ci binanın proyektində, 4 otaqlı mənzil yoxdur. Ən böyük mənzil 3 otaqlı mənzildir, yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi 127 kv.m-dir. Onlara təxminən 35 kv.m ziyan dəymişdir, həmçinin sökülən binanın tinində yerləşən, yeganə gəlir yeri olan köşkün sökülməsi nəticəsində gündəlik qazancını itirərək ziyana düşmüşdür. Cavabdeh2 MMC onun iş yerini qanunsuz söküb yerində özünə 2 mərtəbəli ofis tikmişdir. Sərəncamlarda ona yalnız bina söküb, tikməyə icazə verilsə də obyektlərin binanın 1-ci mərtəbəsində tikiləcəyi planlaşdırılsa da o, vəzifə səlahiyyətlərini aşmışdır. Evdən onlara təxminən 35 kv.m ziyan dəymişdir, işə görə isə 4.5 kv.m sahə və həmin yerdə gündəlik qazancı olan 15-20 manat çörək pulunu itirmişdir. Ali Məhkəmənin hakimi Zaur Əliyev işin halında aşkara çıxartmışdır ki, Cavabdeh2 MMC 74 kv.m yaşayış sahəsini 2 mənzildə verəcəyi öhdəçiliyini götürmüşdür. Lakin mənzilin bir sənədi vardır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(005)- 4081/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” hissəsində xitam verilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” hissəsinə artıq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1382/2020 saylı xx.xx.2020-ci il tarixli və 2(005)-1187/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri ilə hüquqi qiymət verilmiş, həmin qətnamələr qanuni qüvvəsini almışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(005)- 4081/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(011)-6692/2022 saylı 23 dekabr 2022-ci il tarixli qərardadını ləğv edib, iddia tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin iş üzrə "xxxx" MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” hissəsində xitam verilməsi barədə qərardadında belə bir nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1382/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nəqarşı “müqavilənin dəyişdirilməsi, mənzil verilməsi, qeyri-yaşayış yerində iş yerinin bərpası və kirayə pulunun artırılması” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. Belə ki, iddiaçının iddia tələbində işdən göründüyü kimi cavabdehlər Cavabdeh2 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Mayakovski 8/9 küçəsində yeni tikilmiş 16 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi isə 127 kv.molan 3 otaqlı, tam təmirli mənzilin ona təhvil verilməsi və ödənilməyən 7000 (yeddi min) manat kirayə pulunun Cavabdeh2 MMC-dən alınması, dəymiş ziyana görə 70.000(yetmiş min) manat pulun Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən vəCavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(011)-6692/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022ci il tarixli, 2(011)-6692/2022 nömrəli qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

9. 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

10. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

11. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İşin mübhaisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.

14. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.

15. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 8 may 2019-cu il tarixli, K037 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC tərəfindən İddiaçı qanuni istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 saylı binanın tinində yerləşən 4,5 kv.m sahəsi olan köşk üzərində istifadə hüququna və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 binada yerləşən 59 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququna qəsdən son qoyulması, Azərbaycan SSR X6 Təchizat Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 14 saylı orderə əsasən, Şakir Xaniyevin qanuni istifadəsində olan, ümumi sahəsi 232 kv.m qeyri-yaşayış sahəsinə istifadə hüququna və Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli OM İ 14223 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvandakı çoxmənzilli yaşayış binasında yerləşən 1 saylı mənzil üzərində qəsdən son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 MMC ilə onun arasında bağlanmış 8 may 2019-cu il tarixli, K037 saylı müqavilənin dəyişdirilməsi, mülkiyyətində olan 62,08 kv.metr üç otaqlı mənzilinin sökülərək əvəzində həmin şirkət tərəfindən ona həmin binanın 4-6 mərtəbələrindən birində tam təmirli 3 otaqlı mənzilin verilməsi, tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyriyaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri-yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi və bina tikilib istismara verilənə qədər ona verilən kirayə haqqının 500 manatdan 600 manata artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(005)-1382/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir.

18. İddiaçı Cavabdeh2 MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 may 2019-cu il tarixli, K037 saylı müqaviləyə əsasən hazırki vaxtadək ona ödənilməli olan, lakin 16 aydır ki, ödənilməyən hər ay üçün 500 manat olmaqla, ümumilikdə 8.000 manat məbləğində kirayə haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilən 95 manat məbləğində dövlət rüsumu, cəmi 7.595 manat məbləğində pulun Cavabdeh2 MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, habelə cavabdehlə aralarında bağlanmış 8 may 2019-cu il tarixli, K037 saylı müqavilənin 1.1-ci bəndinə əsasən yaşayış sahəsi biri 44 kv.m və digəri 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzilin cavabdeh tərəfindən ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Qanuni qüvvəsini almış (xx.xx.2022-ci il tarixdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)-1187/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

20. Göründüyü kimi iddiaçı hazırki tələbində yuxarıda qeyd edilən analoji hallara (tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyri-yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri- birinin verilməsi, müqavilə bağlanarkən şirkət tərəfindən aldadılması və əvəzinə 3 otaqlı mənzilin verilməli olması və s.) istinad edərək, sonda üç otaqlı tam təmirli mənzilin verilməsi və kirayə haqqının ödənilməsini tələb etmişdir. Bu tələblərlə bağlı o məhkəməyə müraciət etmiş, beləliklə də hazırki mübahisənin başlanmasına əsas olmuş iddianın predmeti əvvəlki məhkəmə baxışlarının predmeti olmuş və işə mahiyyəti üzrə baxılaraq o iddialar təmin olunmamışdır. Yəni, həmin mülki işlərə baxılarkən iddiaçının hazırki tələbləri araşdırılmış və qiymətləndirilmişdir.

21. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, hazırki mülki işin icraatına “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” hissəsində xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi bina tikintisi başa çatdıqdan sonra tərəflər arsında bağlanmış müqavilənin predmeti olan mənzil və ödənilməmiş kirayə haqqının təhvil alması iddiaçıya təklif olunmuş, həmin müqavilə şərtlərinin dəyişdirilməsinə əsas olmamış, köşkün yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması halı isə öz təsdiqini tapmamışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4081/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məhəmməd Rüstəmli Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar