Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-32/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X6, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər X18 və Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə qarşı “zəbt olunmuş bağ sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnamədən cavabdeh X23 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 05 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər X18 və Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə qarşı zəbt olunmuş bağ sahəsinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna ərazisində yerləşən 2668 saylı, 12 yanvar 2005-ci il tarixli müqavilə ilə ona məxsus 0,25 ha sahəsi olan, cavabdeh X23 tərəfindən zəbt olunmuş bağın özünə qaytarılması, cavabdeh X23 tərəfindən tikilmiş hasarın və tikilinin onun hesabına sökülməsi və cavabdeh Qala Bələdiyyəsinin 06 dekabr 2005-ci il tarixli 33 saylı sərəncamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna ərazisində yerləşən 2668 saylı 12 yanvar 2005-ci il tarixli müqavilə ilə X7 məxsus 0.25 ha sahəsi olan, cavabdeh X23 tərəfindən zəbt olunmuş bağın X7 qaytarılması, cavabdeh X23 tərəfindən həmin sahədə tikilmiş hasar və tikilinin onun hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın X10 tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X23 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmaqla iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Xaşa-Xuna ərazisində yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 15.06.1994-cü il tarixli 862 saylı sərəncamı əsasında X13 və X11 adına müvafiq qaydada 56 və 57 saylı orderlə 491 ”B” və 491 “F” saylı bağ sahələri kimi ayrılaraq həmin vətəndaşlara verilmişdir. Bu vətəndaşlar tərəfindən maneəsiz olaraq 1994-2015-ci illərdə bu torpaq sahəsindən istifadə olunmuşdur. 2015-ci il tarixdə bağ torpaq sahəsinin sahibləri özlərinə məxsus torpaq sahəsinə dair ona sonradan satmaq məqsədilə 13.09.2015-ci il tarixdə 424797 və 424798 saylı bütün hüquqlarla etibarnamə vermişdir. Hal-hazırda əmlaklar qeyd olunan şəxslərin adlarında qalmaqla onun tərəfindən etibarnamə əsasında həmin torpaqlara nəzarət edilir. 23.08.1994-cü il tarixdə icarədar X8 vəfat etmişdir. 2668 saylı icarə müqaviləsi üzrə icarədar vəfat etməmişdən əvvəl bağ sahəsindən istifadə etməmiş, bu səbəbdən qeyd olunan bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli 61333 nömrəli qərarına əsasən 16.06.1994-cü il tarixdə 59 nömrəli protokol əsasında bağ sahəsi X24 və X21 üçün 4919 v ə 4914 saylı bağ sahəsi kimi ayrılmışdır. Bundan sonra bağ sahəsi 2015-ci il tarixə qədər bu şəxlər tərəfindən istifadə edilmişdir. 2015-ci ildə vətəndaşlar etibarnamə əsasında özlərinə məxsus qeyd olunan bağ sahəsini Hatəm İbrahimova təqdim etmişlər. İddiaçı ilə 2005-ci il tarixdə bağlanmış icarə müqaviləsi tam qanunsuzdur. İlkin icarədar ilə müqavilə 10 il müddətinə 1990-cı ilə qədər bağlanmış, ilkin icarədar 1994-cü ildə vəfat etmişdir. Bağ sahəsi əgər onun ailə üzvləri tərəfindən istifadə olunsa idi, o zaman onlar tərəfindən icarə müqaviləsi təzələnərdi. Yalnız 2015-ci ildə köhnə tarixə 2005-ci il tarixli icarə müqaviləsi əldə edilməsi ona əsas verir ki, məhkəmə tərəfindən cavabdehin iddia müddətini tətbiq etməli olduğu halda bunu etməmişdir. 12.01.2005-ci il tarixli 2668 saylı müqavilənin bağlandığı tarixdən 10 ildən artıq vaxt keçmiş və keçən 11 il müddətində bağ torpaq sahəsindən iddiaçı istifadə etməmişdir. İddiaçının bu bağ sahəsinə heç bir subyektiv hüququ yaranmamışdır. Çünki bağ sahəsi 1994-cü ildən torpaq sahəsinin ilkin icarədarının sağlığında sərəncam əsasında başqa şəxslər üçün ayrılmışdır. Bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 1994-cü il tarixli sərəncamı olduğu halda 2005-ci ildə həmin torpaq sahəsinə dair müqavilə bağlana bilməzdi. Çünki 2005-ci ildə torpaq sahəsi başqa şəxslərin istifadəsində olmuş, iddiaçı 2005-ci ildən sonrakı vaxtlarda, yəni bu tarixdən sonra keçən 10 il müddətində bağ sahəsi ilə maraqlanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10769/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2245/18 saylı 06 aprel 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında təkrar baxılması təyin edilmişdir. 03.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər X23, Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi, X25, X21 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin cavabdehlər X23, Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin, X14, X11 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən iddiaçının nümayəndəsi (oğlu) X15, nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatlarında bildirdilər ki, Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna ərazisində yerləşən 2668 saylı 12 yanvar 2005-ci il tarixli müqavilə ilə iddiaçıya verilmiş 0,25 ha sahəsi olan bağ sahəsi cavabdeh X23 tərəfindən zəbt olunmuşdur, halbuki iddiaçı həmişə həmin bağ sahəsindən istifadə etmiş, sonradan həmin bağ sahəsinin cavabdeh ona Qala Bələdiyyəsinin 06 dekabr 2005-ci il tarixli 33 saylı sərəncamı ilə verildiyini bildirmiş, lakin araşdırma aparılandan sonra məlum olmuşdur ki, əslində bələdiyyənin cavabdehə ayırdığı torpaq sahəsi başqa yerdə yerləşir, bu halı bələdiyyənin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən də təsdiq etmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Belə olan halda iddiaçı haqlı olaraq cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb edir. Odur ki, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsi və birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Ağaməmməd oğlu apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır. Çünki iş üzrə iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. İş materiallarında olan Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X9 arasında bağlanmış 2668 saylı 12 yanvar 2005-ci il tarixli müqavilənin surətindən aydın olur ki, Xəzər rayonu, Xaşa-Xuna ərazisində yerləşən sahəsi 0.25 ha olan 429 saylı bağ 10 il müddətinə ailə üzvləri ilə birgə X4 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin **********90 saylı 21.05.2016cı il tarixli məktubunda Xəzər rayonu Xaşa-Xuna ərazisində yerləşən 429 saylı bağ sahəsinin Bakı şəhər İcraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 28 mart 1953-cü il tarixli 96/2418 saylı protokoluna əsasən X5 icarəyə verildiyi və onunla 2668 saylı müqavilə bağlandığı, X2 vəfatından sonra keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 12 yanvar 2005-ci il tarixli 01 saylı protokoluna əsasən sözügedən bağ sahəsinin X4 icarəsinə verildiyi və onunla 12 yanvar 2005-ci il tarixli 2668 saylı müqavilə bağlandığı göstərilmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin verdiyi 56 saylı orderin surətindən aydın olur ki, Bakı şəhər icra hakimiyyətinin 15 iyun 1994-cü il tarixli 862 saylı qərarına əsasən Xəzər rayonu, Xaşa-Xuna bağlar sahəsində 104 saylı VTK nəzdində, sahəsi 0.12 ha olan 491 “Q” saylı bağ X19 ayrılmışdır. Eyni zamanda Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 57 saylı orderinə əsasən Bakı şəhər icra hakimiyyətinin 15 iyun 1994-cü ıl tarixli 862 saylı qərarı ilə Xəzər rayonu, Xaşa-Xuna bağlar sahəsində 104 saylı VTK nəzdində, sahəsi 0.12 ha olan 491 “V” saylı bağ R X16 ayrılmışdır. Bakı şəhər icra hakimiyyəti Başçısının Aparatının 7-5625/17 saylı 05.10.2016-cı il tarixli məktubunda Bakı şəhər icra hakimiyyəti Başçısının 15 iyun 1994-cü il tarixli 862 saylı Səncamı ilə Xaşa-Xuna bağlar sahəsində 104 saylı VTK-da, X19 491 saylı, X16 491 “V” saylı bağların ayrıldığı göstərilir. Birinci instansiya məhkəməsində sübutların yerində müayinəsi zamanı mübahisəli torpaq sahəsinin 4 tərəfdən mişar daşı ilə ilə hasara alındığı, daxilində 4 yarımtikilinin inşa edildiyi, həyətə giriş hissəsinin üst-üstə yığılmış mişar daşları ilə bağlandığı, mübahisəli torpaq sahəsinin arxa hissəsində daxilində 2 mərtəbəli evin tikildiyi qonşu torpaq sahəsinin yerləşdiyi, mübahisəli torpaq sahəsinin arxa tərəfi istiqamətində, sağ hissəsində torpaq sahəsi ilə yanbayan bir-birindən daş hasarla təcrid edilmiş, daxilində yarımtikili olan iddiaçının qaynı və baldızına məxsus digər torpaq sahələrinin yerləşdiyi, mübahisəli torpaq sahəsinin sağ, sol və ön tərəfdən yolla əhatə olunduğu müəyyən edilmişdir. Həmçinin yerində müayinə zamanı Pirallahı magistral yolundan sağ tərəfə Binə qəsəbəsi istiqamətində gedən yolun üzərində yerləşən “H.Z.Tağıyev” adına NQÇİnin arxasında 12 sot boş torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh Qala Bələdiyyəsinin nümayəndəsi X28 həmin torpaq sahəsinin Qala bələdiyyəsi tərəfindən Hatəm İbrahimova ayrılmış sahə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X29 izahatında bildirmişdir ki, o, iddiaçının bacısı oğludur. 1963-64-cü illərdə iddiaçının qonşuluğunda onlara da bağ sahəsi ayrılmışdır. İddiaçının əvvəllər dəmir torla hasarlanmış bağ sahəsi Vaqif və Ağaəmi adlı şəxslərin bağlndan ortaq divarla ayrılır. Bağda üzümçülük olmuşdur. İddaçının bağında əvvəl balaca butka kimi tikili olsa da, onu kimsə söküb aparmışdı. O, torpaq sahəsinin zəbt edildiyini oğlundan eşitmiş, özu bağa gedib baxmamışdır. 2010-cu ilədək öz bağına gedib-gəlmiş, bağında olduğu vaxt iddiaçını da ailə üzvləri ilə birgə mübahisəli bağda görmüşdür. Şahid qismində ifadə vermiş X12 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşı arvadıdır. Mübahisəli bağ 1952-ci ildə iddiaçının ərinə verilmişdir. Sonradan icarə müqaviləsi iddiaçının adına dəyişdirilmişdir. Mübahisəli bağ onun bağının qoşuluğunda yerləşir. Bağlarından hər yay tətilində istifadə edirlər. Əvvəllər hamının o cümlədən özlərinin və iddiaçının da bağ sahəsi dəmir torla hasarlanmışdır. Son vaxtlar öz bağının hasarını mişar daşı ilə hasarlamışdır. 1 il yarım olar ki, iddiaçının bağ sahəsinin zəbt edildiyini görmüşdür. Zəbt edən Hatəm adlı şəxs torpaq sahəsini daş ilə hasara almış və orada xırda köşkə bənzər yarımçıq tikililər də inşa etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsinin nümayəndəsi X28 iddiaya etirazını onunla əsaslandırmışdır ki, cavabdeh Qala bələdiyyəsi tərəfindən X18 torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsi orderlər əsasında deyil, Qala bələdiyyəsi ərazisində yerləşən başqa ərazidən ayrılmışdır. Mübahisəli ünvanda yerləşən torpaq sahəsi Qala bələdiyyəsi tərəfindən İbrahimov Hatəmə ayrılmamışdır. Torpaqayırma iddiaçının maraqlarına toxunmadığından iddia tələbi bələdiyyəyə münasibətdə əsassızdır və təmin edilə bilməz. İşə baxmış məhkəmə X19 ayrılmış sahəsi 0.12 ha olan 491Q saylı və X16 ayrılmış sahəsi 0.12 ha olan 491V saylı bağların X3 icarəsinə verilmiş 429 saylı bağ sahəsi ilə üst-üstə düşməklə eyni sahələr olmasına, həmin sahənin bələdiyyə tərəfindən Hatəm İbrahimova verilməsinin sübuta yetirilməməsinə, mübahisəli sahənin qanunsuz olaraq sonuncunun istifadəsində olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna ərazisində yerləşən 0.25 ha torpaq sahəsi hazırda X1, torpaq sahəsi Hatəm İbrahimov tərəfindən 4 tərəfdən mişar daşı ilə hasara alınmış və daxilində 4 yarımtikili inşa edilmişdir. Hazırda iddiaçı X4 cavabdeh X18 qarşı tələbi Bakı şəhəri Qala qəsəbəsi Xaşa- Xuna ərazisində yerləşən 2668 saylı, 12 yanvar 2005-ci il tarixli müqavilə ilə ona məxsus 0,25 ha sahəsi olan, cavabdeh X23 tərəfindən zəbt olunmuş bağın özünə qaytarılması, cavabdeh X23 tərəfindən tikilmiş hasarın və tikilinin onun hesabına sökülməsi barədədir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2245/18 saylı 06 aprel 2018-ci il tarixli qərarında göstərilmişdi ki, apellyasiya instansiya məhkəməsi iddiaçıların hazırki iş üzrə subyektiv hüququnun olması baxımından iddia tələbinin əsaslı olub-olmaması məsələsinin yoxlanması üçün 12 yanvar 2005-ci il tarixli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş bağ sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş bağ sahəsi ilə eyni olub-olmamasını müzakirə etməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin 12 yanvar 2005-ci il tarixli icarə müqaviləsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 etirazları üzrə araşdırmalar aparmalı və araşdırma nəticəsində müəyyən edilmiş halların iddianın rədd edilməsinə əsas verib-vermədiyini müəyyən etməlidir. Belə ki, Cavabdeh1 göstərir ki, mübahisə predmeti olan yerə münasibətdə iddiaçının əri Ş.Hacıəliyevə 28 mart 1953-cü ildə torpaq sahəsi ayrılsa da, sonuncu 1990- cı illərdə həmin torpaq sahəsindən istifadə etməmiş və onunla bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Ona görə də həmin torpaq sahəsi qanunun tələbinə uyğun olaraq Birlik tərəfindən 15 iyun 1994-cü ildə M.Hümbətovaya və F.Ramazanova verilmişdir. Sonuncular isə həmin torpaq sahəsini qarşılıqlı razılıq əsasında onun istifadəsinə vermişlər. Yeni apellyasiya baxışında eyni zamanda Ş.Hacıəliyevlə bağlanmış icarə müqaviləsi üzrə sonuncunun 15 iyun 1994-cü ilə kimi bağ sahəsindən istifadə edib-etmədiyi, o cümlədən mübahisəli torpaq sahəsinin naturada M.Yarmətovaya və F.Ramazanova ayrılmış torpaq sahəsi olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin adı çəkilən qərarında qoyulan məsələlərlə bağlı araşdırma aparıldı və müəyyən olundu ki, iş üzrə tərəflərin, şahidlərin və Qala bələdiyyəsinin nümayəndəsinin verdikləri izahat və ifadələrə əsasən iddiaçı mərhum həyat yodaşına əvvəllər məxsus olan torpaq sahəsindən davamlı istifadə etmiş, bu istifadə ilə bağlı həyat yoldaşının vəfatından sonra mübahisəli torpaq sahəsi ilə bağlı hüquqları dövlət tərəfindən tanınmış, belə ki, bunun davamı olaraq onunla 12.01.2005-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Bu fakt da onu təsdiq edir ki, mübahisəli torpaq sahəsi 12.01.2005-ci il tarixə qədər də iddiaçının istifadəsində olmuşdur. Daha sonra məhkəmənin 2(103)-7227/2018 saylı 29 avqust 2018-ci il tarixli qərardadı ilə ekspert tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğu ilə bağlı əldə edilmiş sənədlər nəzərə alınmaqla, həmçinin iş üzrə tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə, 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçı X4 icarəsinə verilmiş bağ sahəsinin (arxiv cizgi məlumatlarına istinadən) cavabdeh X23 tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsi ilə üstüstə düşüb-düşmədiyinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. 13.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş koordinatlara əsasən 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 429 saylı bağ sahəsi arxiv cizgisi və sematik xəritəyə əsasən Hatəm İbrahimov tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşür, Səfurə Hacıəliyevaya verilmiş müqavilədə bağın sahəsi 0.25 ha göstərilməsinə baxmayaraq arxiv cizgisinə əsasən bağın sahəsi 0.19 ha-dır. Eyni zamanda 11.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekpsrtiza Mərkəzinin 10/3230 saylı 28.01.2021-ci il tarixli rəyindən görünür ki, ölçülmüş ərazinin faktiki sahəsi 3686 kv.m. olmaqla hasara alınmışdır. Mübahisəlndirilən ərazi dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Prezidentinin 2186 saylı 22.05.2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı İdarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün məhkəmənin qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması məqsədilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və aşağıdakı kimi cavablandırılmışdır. Təqdim edilmiş koordinatlara əsasən 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 429 saylı bağ sahəsi arxiv cizgisi və sematik xəritəyə əsasən Hatəm İbrahimov tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Səfurə Hacıəliyevaya verilmiş müqavilədə bağın sahəsi 0.25 ha göstərilməsinə baxmayaraq arxiv cizgisinə əsasən bağı sahəsi 0.19 ha-dır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmiş, bu səbəbdən də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyində 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 429 saylı bağ sahəsinin arxiv cizgisi və sxematik xəritəyə əsasən Hatəm İbrahimov tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü göstərilsə də, həmin torpaq sahələrinin məhz hansı hissədə üst-üstə düşməsi (hansı tərəfdən neçə kv.m. qeyd edilməklə) dəqiq olaraq göstərilməmişdir. Bu baxımdan məhkəmənin 03.03.2021-ci il tarixli qərardadı ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğu ilə bağlı əldə edilmiş sənədlər nəzərə alınmaqla, ekspert tərəfindən iş üzrə tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə, 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçı X4 icarəsinə verilmiş bağ sahəsinin (arxiv cizgi məlumatlarına istinadən) cavabdeh X23 tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsi ilə hansı hissədə (kv.m. qeyd edilməklə) üstüstə düşməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, lakin iş üzrə ekspert rəyi təqdim edilməmişdir. Buna görə də 03.03.2021-ci il tarixli qərardadda qoyulan məsələyə aydınlıq gətirilməsi məqsədilə 13.11.2020-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyini vermiş Yequruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifov məhkəmə iclasına dəvət edilmişdir. 29.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş adı çəkilən mütəxəssis rəyini vermiş İlham Şərifov izahatında bildirmişdir ki, X4 istifadəsində olan 429 saylı bağ sahəsi X23 tərəfindən zəbt olunmuşdur. Belə ki, verdiyi rəydə (cild İİ, səh: 140-141) təqdim edilmiş koordinatlara əsasən 12.01.2005-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 429 saylı bağ sahəsinin arxiv cizgisi və sxematik xəritəyə əsasən cavabdeh Hatəm İbrahimov tərəfindən faktiki zəbt edilmiş mübahisəli bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü göstərilsə də, əslində həmin torpaq sahəsi cavabdeh tərəfindən tam zəbt olunmuş sayılır. Ona görə ki, Səfurə Hacıəliyevaya verilmiş müqavilədə bağın sahəsi 0.25 ha göstərilsə də, arxiv cizgisinə əsasən bağın sahəsi 0.19 hektar təşkil edir. Hazırda həmin torpaq sahəsi bütövlükdə Hatəm İbrahimov tərəfindən zəbt olunmuşdur. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən X18 torpaq ayrılmasına dair Bakı şəhəri Qala Bələdiyyəsinin 06 dekabr 2005-ci il tarixli 33 saylı sərəncamının, həmin torpaq sahəsinin cizgisinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi və həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin ünvanı barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Bakı şəhər Xəzər rayonu Qala Bələdiyyəsinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Bakı şəhər Xəzər rayonu Qala Bələdiyyəsinin sədri Mahir Novruzov tərəfindən verilmiş məktubdan görünür ki, Qala Bələdiyyəsinin 33 saylı 06.12.2005-ci il tarixli Sərəncamına əsasən X18 ayrılmış 1200 kv.m torpaq sahəsi H.Z.Tağıyev adına NQÇİ-nin arxa hissəsindəki ərazidə yerləşir. Belə ki, o, 26.01.2015-ci il tarixdən Qala Bələdiyyəsinin sədri vəzifəsində işləyir, sədr seçildiyi vaxt məktubda qeyd edilən dövrün sənədləri ona təhvil verilmədiyindən tələb olunan sənədlərin təqdim edilməsi qeyri-mümkündür. Beləliklə, iş üzrə müəyyən olundu ki, iddiaçıya əvvəllər mərhum ərinə verilmiş (torpaq sahəsi iddiaçının mərhum əri Ş.Hacıəliyevə 28 mart 1953-cü ildə verilmişdi) torpaq sahəsi ilə bağlı sonradan onunla 12.01.2005-ci il tarixli icarə müqaviləsi bağlanmış, keçən müddət ərzində həmin bağ sahəsi mərhumun və onun ailə üzvlərinin istifadəsində olmuş, sonradan Qala Bələdiyyəsinin 33 saylı 06.12.2005-ci il tarixli Sərəncamına əsasən X18 1200 kv.m. torpaq sahəsi ayrıldığı üçün cavabdeh həmin torpaq sahəsinin iddiaçıya verilmiş torpaq sahəsi olduğunu güman etmiş və məhz iddiaçıya verilmiş torpaq sahəsini zəbt etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin arxiv cizgisi və sxematik xəritəyə əsasən harada yerləşdiyi bəlli olduğu üçün həmin torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt olunduğu faktı mütəxəssis rəyi ilə tam təsdiq olunur. Cavabdeh isə ona Qala bələdiyyəsinin 06.12.2005-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin məhz hasara alıb və tikililər inşa etdiyi əraziyə aid olmasını sübuta yetirə bilmir. Başqa sözlə, Qala bələdiyyəsi tərəfindən cavabdehə ayrılmış torpaq sahəsinin ayrıc aktı və cizgisi olmadığı halda, Qala Bələdiyyəsi məhkəmə sorğusuna cavab olaraq cavabdehə ayrılmış torpaq sahəsinin ünvanının fərqli olduğunu (iddiaçının istifadəsində olan torpaq sahəsi olmadığı) bildirdiyi halda cavabdehə ayrılmış sahənin iddiaçının icarəsinə verilmiş torpaq sahəsi olduğu iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda iddiaçı onun icarəsinə verilmiş, arxiv cizgisi və sxematik xəritə məlumatlarında əksini tapan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu nəzərə alaraq cavabdehin onun torpaq sahəsindən çıxarılmalı olması və tikililərin də məhz cavabdehin hesabına sökülməsi barədə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması barədə iş materiallarında sübutların mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən ona Qala bələdiyyəsinin məlum sərəncamı ilə ayrılmış torpaq sahəsinin məhz zəbt etdiyi və iddiaçının istifadəsində olan torpaq sahəsi olması sübuta yetirilmir. Kollegiya nəzərə alır ki, iddiaçıya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunması faktı apellyasiya baxışı zamanı alınmış mütəxəssis və ekspert rəyi ilə tam təsdiq olunduğundan bu hal, iddiaçının hazırki iddianı qaldırmaqda həm subyektiv hüququnun mövcud olduğunu təsdiq edir, həm də iddiasında haqlı olduğu üçün onun iddiasının təmin olunması üçün əsas verir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və iddianın rədd olunması üçün əsas vermir. Qeyd olunanlarla bağlı, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdeh Hatəm İbrahimovdan apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinə görə 105.26 manat məbləğində vəsait tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, ekspertiza xərcinin dəyəri olaraq 50 manat məbləğində ekspert xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-311/2017 saylı 14 iyul 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X23 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Cavabdeh X10 mütəxəssis rəyinə görə 105.26 manat məbləğində vəsait tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, ekspertiza xərcinin dəyəri olaraq 50 manat məbləğində ekspert xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2(103)-32/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-32/2021
05.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver