Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-32/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları tələbinə dair” 2(011)- 192/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2019-cu tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 nömrəli mənzil Bakı şəhəri 18 saylı Notariat Kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən nağd şəkildə pulunu ödəməklə cavabdehlərdən almışdır. Həmin mənzil xx.xx.2013-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur, müvafiq şəkildə DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində rəsmi reyestr qeydiyyatından keçmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilmişdir. Cavabdehlər həmin mənzili iki il ərzində təhvil verib köçüb getməli idilər, həmçinin mənzilə olan pasport qeydiyyatdan da çıxmalı idilər. Lakin cavabdehlər alqı-satqı müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərini üç ildir ki, yerinə yetirmirlər. Müxtəlif yollarla yaşayış sahəsini təhvil verməkdən boyun qaçırırlar, satdıqları yaşayış sahəsini boşaltmaq istəmirlər. Cavabdehlərin ona məxsus yaşayış sahəsində qydiyyatda qalmaları onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və mənzilə dair hər hansı sərəncamın verilməsinə ciddi maneçilik törədir. Sözügedən müqavilənin 13-cü bəndində qeyd olunmuşdur ki, satıcı müqavilə notarial qaydasında təsdiq olunduğu tarixdən iki ildən sonra qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(011)-192/2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, cavabdehin iddiaçıya 80000 ABŞ dolları borcu olmuş, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq sınaq müddəti təyin edilmişdir. İddiaçı istintaqda və məhkəmədə işə baxılan zaman ərizə ilə müraciət edərək ziyanının ödənildiyini və cavabdehdən şikayətinin olmadığını bildirmişdir. İddiaçı sonradan cavabdehin ona olan borcundan müəyyən məbləğini ödədiyini etiraf etmişdir, hətta iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı evin alqı-satqısı zamanı bank hesabına ödənilmiş pul məbləğini də götürmüşdür. İddiaçı ilə cavabdeh arasında olan borcun təminatı olaraq mübahisəli mənzil alqı-satqı edilmiş, lakin həmin müqavilə müqaviləsi görünüş üçün bağlanmış, əslində isə niyyətləri ipoteka müqaviləsi bağlamaq olmuşdur. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, alqı-satqıdan sonra iki il müddətində həmin mənzildə yaşamaq hüquqları saxlanılmışdır. Həmin iki il ərzində cavabdeh iddiaçıya 23500 ABŞ dolları pul ödəmişdir və hazırda iddiaçıya 16500 ABŞ dolları borcu qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)-7732/2019 saylı qərardadı ilə mülki işin icraatı iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(011)-5549/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilinə dair bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh İddiaçı adına verilmiş RX serailı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorundan və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-1115/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(011)-5549/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4008/2021 saylı qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-1115/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində qanuniliyin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi işin tədqiq edilmiş hallarına əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanması, həmin mənzilin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəticəsində qeyd edilən daşınmaz əmlak üzərində Cavabdeh1 mülkiyyət və bundan irəli gələn digər məhdud əşya hüquqları itirilmiş, iddiaçının isə mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları saxlanıla bilməz, odur ki, cavabdehlərin həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar mənzildən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli, 1(101)-1031/2013 saylı hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2006-cı ilin aprel ayında özünü Rabitə və İnformasiya Texnologiya Nazirliyinin məsul şəxsi kimi təqdim edərək İddiaçı ünvan 1 ünvanda yerşələn poçt şöbəsini satacağı ilə aldadaraq 2006-2008-ci illərdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə sonuncudan ünvan 2 ünvanın yaxınlığında 13.500 manat olan 15000 ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında 20250 manat olan 25000 ABŞ dolları, sonuncu dəfə 2008-ci ilin dekabr ayının ilk 10 günündə Xətai rayonu, Xocalı prospekti 18 A saylı binanın yaxınlığında məzənnəsi 32000 manat olan 40000 ABŞ dolları, ümumilikdə 65750 manat olan 80000 ABŞ dolları pul alıb ələ keçirməklə zərər çəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə həmçinin müəyyən edilir ki, zərərçəkmiş şəxs İddiaçı 27 iyun 2013-cü il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Cavabdeh2 ona vurduğu 80000 ABŞ dolları maddi ziyanın tam şəkildə ödənildiyini və onun təqsirləndirilənə qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 05 noyabr 2013cü il tarixli ərizənin surətindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 80000 ABŞ dolları maddi ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilinə dair verilmiş 23 oktyabr 1986-cı il tarixli, 256444 saylı orderin surətindən görünür ki, həmin order 5 nəfər ailə tərkib i- qızları M.Abdullayeva, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 olmaqla Cavabdeh1 verilmişdir. 148 saylı MTK tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli, 1474 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Emin Hüseynov və Cavabdeh7 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilində yaşayırlar. Cavabdeh1 ilə İddiaçı arasında 27 iyun 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında həmin mənzilə dair 19 oktyabr 2013-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən RX serialı, ******* saylı çıxarış verilmişdir. Həmin müqavilənin 11-ci bəndinə görə satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 2 il müddətində faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüşdür. Notariat işindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ərizə ilə notariat kontoruna müraciət edərək Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilin satılmasına etiraz etməmişlər. "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı 31 yanvar 2019-cu il tarixli məktubun surətindən görünür ki, 27 iyun 2013-cü il tarixdə 07 iyun 2013-cü il tarixli etibarnamə əsasında İddiaçı tərəfindən notariusun depozit hesabından 143510 nömrəli çek ilə 40000 manat vəsait məxaric edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17 dekabr 2018-ci il tarixli, 28605 saylı rəyindən müəyyən edilir ki, 4Ə-03-633 saylı notariat işinin 8-ci vərəqəsində Cavabdeh2 adından olan 25 iyun 2013-cü il tarixli 7E-17958 saylı reyestrlə qeydiyyatdan keçmiş ərizənin sonundakı imza və “Abdullayev Ə” yazıları-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Hazırki iş üzrə iddiaçı cavabeh Cavabdeh1 ilə bağladığı alqı-satqı müqaviləsi əsasında mübahisə obyekti olan mənzilin mülkiyyətçisidir, onun həmin əmlakdan istifadə, sahiblik, ona dair sərəncam vermək hüquqları mövcuddur. Cavabdehlər həmin mənzili iddiaçının xeyrinə özgəninkiləşdirməklə mənzilə olan əmlak hüquqlarını itirmişlər. Bu əsasla iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, borcun təminatı olaraq mübahisəli mənzil alqı-satqı edilmiş, həmin müqavilə görünüş üçün bağlanmış, əslində isə niyyət ipoteka müqaviləsi bağlamaq olmuşdur. Kollegiya hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddia təmin edilməmişdir. Bu isə o deməkdir ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış müqavilə qüvvədədir, həmin müqavilədən doğan hüquqi nəticələr tətbiq edilməlidir. Azərbayan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2021-ci tarixli, 2(011)-192/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-32/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-32/2022
07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver