Məhkəmə qərarları › İş №2(103)-32/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-32/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-32/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının prosessual hüquqi varisi X3, Cavabdeh2 və onun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(004)-2306/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 avqust 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsində yerləşən 1/2 hissənin qalan hissəsindən ibarət 10 saylı fərdi yaşayış evini qızları- Cavabdeh2 və Cavabdeh3 bağışlamış, müqavilə Bakı şəhəri 12 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-03-588 saylı qeydiyyat aparılmışdır. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş və fəaliyyət qabiliyyəti yoxlanılmışdır

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 27 aprel 2022-ci il taixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi, 10 saylı fərdi yaşayış evi ilkin olaraq 22 dekabr 1993-cü il tarixdə X2 və İddiaçı adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus olan 1/2 hissəsindən 16,4 kv.m hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 19 mart 1994-cü il tarixli 3M-2N-325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 27 fevral 2001-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. İddiaçı məxsus olan 1/2 hissəsindən qalan hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 08 avqust 2008-ci il tarixli 4Ə-03-588 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 adlarına 24 sentyabr 2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evinin 1/2 hissənin qalan hissəsindən bir hissə Cavabdeh2, 1/2 hissədən k/s 16.4kv.m X1, 1/2 hissənin qalan hissəsindən bir hissə Cavabdeh3 mülkiyyətindədir.

3. Bakı şəhəri 12 saylı notariat ofisinin İddiaçı ünvanlanmış 27 iyul 2021-ci il taixli məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlərin surətinə əsasən evini qızlarına bağışlamısdır. Həmin müqavilənin bir tərəfli qaydada ləğvi tələbinə cavab olaraq bildirilmişdir ki, 08 avqust 2008-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış "Bağışlama müqaviləsi"nin ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla müqavilənin bağlandığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Müqavilənin notariat qaydasında ləğv edilməsi üçün onun və qızlarının iştirakı ilə "Müqavilənin ləğvi haqqında Müqavilə" bağlanmalıdır. Bununla əlaqədar qızları ilə birlikdə notariat ofisinə müraciət edməsi xahiş edilmiş, müqavilənin birtərəfli qaydada ləğvi üçün isə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 12 saylı Notariat Kontoru tərəfindən təsdiq verilmiş 08 avqust 2008-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia dəqiqləşdirilmişdir)

6. İddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən, 2 otaqdan ibarət mənzili qızları Cavabdeh2 və Cavabdeh3 ona baxmaq və oğluna da pay düşəcəyi təqdirdə bağışlamışdır. Bağışlanma müqaviləsi bağlanan zaman qizları onu Notariat Kontoruna götürərək həmin fərdi yaşayış evinin bütün vərəsələr arasında bölünəcəyi, gələcəkdə səhhəti ilə bağlı yaranacag bütün maddi və digər ehtiyacların qarşılanması əvəzi olaraq onlara onlara vəsiyyətnamə verəcək. Bağışlanma müqavilənin mahiyyətini anlamamışdır, sonradan vermiş olduğu etibarnaməni sorğu edəndən sonra anlamışdır ki, qızları onu aldatmışdır. Lakin, mənzil üzərində mülkiyyət hüququnun ona keçməsinin səbəbini və qarşılığı olmasına baxmayaraq, Cavabdeh2 və Cavabdeh3 onunla aralarında bağlanılmış şifahi razılaşmanın şərtlərinin heç birinə əməl etməməklə, onu ağır xəstə vəziyyətdə mənzildə tək qoymaqla, ona heç bir maddi yardım etməməklə mülkiyyətə dair çıxarış alaraq həmin fərdi yaşayış evini özəlləşdirmişlər. Bununla da mənzilinə dair Dövlət Notariat Kontorundan müqavilənin hansi məqsədlə və hansi formada bağlanması ilə bağlı müraciət etdikdən sonra bilmiş və xəbərdar olmuşdur. Dəfələrlə qızları ilə əlaqə saxlanılmaqla onun səhhəti ilə bağlı yaranmış agır əməliyyatın zərurəti yaranması deyilsə də, buna heç bir əhəmiyyət verməmiş, bununla da onu son dərəcə çətin, ölümcül vəziyyətdə qoymaqla, aralarında bağlanılmış şifahi razılaşmanı kobud şəkildə pozmuşdurlar. Həmçinin həmin mülki ilə bağlı paylan olan digər övladlarının da hazirki müqavilədən xəbəri olmamışdır. Hazırkı müqavilənin bağlanmasını biləndən sonra məhkəməyə müraciət etmişdir. Belə ki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(004)- 2306/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış və Bakı şəhər 12 saylı notariat ofisinin notariusu X10 tərəfindən təsdiq edilərək 4Ə-03-588 nömrə ilə qeydə alınmış 08 avqust 2008-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə hədiyyə alanların üzərinə hər hansı bir öhdəlik qoyulması müəyyən olunmadığına görə, həmçinin həmin müqavilədən imtina edilməsi üçün əsas verən, MM-in 673.1-ci maddəsində qeyd edilən halların mövcud olması ilə bağlı iddiaçı tərəfindən iddia ərizəsinə hər hansı bir mötəbər sübut əlavə edilmədiyinə görə, qeyd olunan bağışlama müqaviləsinin və onun əsasında cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2, 421-673.1, 673.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə prosessinə dəvət edilən tərəflərin iştrakı təmin edilmədən qarşı tərəflərin nümayəndərinin iştirakı ilə məhkəmədə mülki işə baxılmışdır. Digər cavabdehlər isə notariat kontoru da öz izahatını və hazırki işə dair etirazını məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, onun ilə bağışlanma bağlanan zaman hazırkı müqavilə onun ahıl yaşında olduğunu və hüquqi savadsızlığının olmadığını əsas tutaraq aldatma faktı ilə bağlı ətraflı araşdırma aparmalı idi. Lakin məhkəmə tərəflərin izahatları ilə hazırkı iş üzrə iddianın təmin edilməməsinə dair qərar qəbul etmişdir. Hesab edir ki, hazırkı qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessində təqdim etdiyi fotoşəkillər və həmçinin qonşular tərəfindən təqdim edilən akta da hüquqi qiymət verilməmişdir. Hazırki fərdi yaşayış evində hesab edir ki, oğlu Səlimzadə Rəşadınn da haqqı vardır. Notariat Kontoruna həmin vaxt gedən zaman ona qızları bildirdilər ki həmin evi üç nəfər arasında bölürük. Lakin 2021-ci il tarixində notariat kontoruna sorğu verəndən sonra aydın oldu ki. ona bağışlanmaya imza etdirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən MM 673.1-c maddəsində nəzərdə tutulmuş halların mövcud olması, həmçinin aldatma faktı ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında bir-birinə zidd izahatlar vermiş, gah atasının adından aldadılaraq etibarnamə əsasında evin bağılanmasını, gah da atasının notariatda iştirak edərək müqaviləni şəxsən imzalamasa da, nə imzaladığını bilməməsi bildirmişdir. Aldadılmaqla və yanlışlıqla bağlanılmış əqdlərin qanunvericilikdə mübahisələndirilməsi 1 il nəzərdə tutulmuş və bu hallar əqdin ləğvi deyil etibarsızlığı üçün əsas ola bilən hallardı. Beləliklə bu işlə bağlı iddia müddəti ötürülmüşdür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı 20 sentyabr 2022-ci il tarixdə vəfat etdiyinə görə hüquqi varisi X5 ilə əvəz edilmişdir.

14. X5 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

15. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər;

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “MMin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.” “Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair ” 26 aprel 2024-cü il tarixli Qərarı: “...Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. ... ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir: - nikahın bağlanması və nikaha xitam verilməsi; - ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlər; - nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; - uşaqların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir. ... ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. ... Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.”

19. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Konstitusiya Məhkəməsinin Plenumu Qərarı: “- iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).”

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2024cü il tarixli “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə” dair metodik vəsaiti: “Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilir ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bağışlamaqdan və ya bağışlama vədindən imtinanın əsasları Mülki Məcəllənin 673.1-673.2-ci maddələrində sadalanmışdır. Həmin əsaslar sübuta yetirildikdə qeyd olunan bir illik kəsici müddət tətbiq oluna bilər. O da diqqətdə saxlanılmalıdır ki, bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarı). İmtina üçün əsaslar sübuta yetirilmədikdə isə sözügedən müddətin müzakirəsinə gərək qalmır. Bu halda iddia tələbi imtina üçün müvafiq əsasların aşkar edilmədiyinə görə rədd edilməlidir”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə hazırkı tələbini onunla əsaslandırmışdır ki, o bağışlanma müqavilənin mahiyyətini anlamamışdır, sonradan vermiş olduğu etibarnaməni sorğu edəndən sonra anlamışdır ki, qızları onu aldatmışdır. İddiaçı apellyasiya şikayətini də oxşar dəlillər ilə əsaslandırmışdır.

25. Kollegiya iddiaçının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu əsas formal mülahizərə əsaslanmamaqla, işin həqiqi halları ilə öz təsdiqini tapmalıdır.

26. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilir ki, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bağışlamaqdan və ya bağışlama vədindən imtinanın əsasları Mülki Məcəllənin 673.1- 673.2-ci maddələrində sadalanmışdır. Həmin əsaslar sübuta yetirildikdə qeyd olunan bir illik kəsici müddət tətbiq oluna bilər. O da diqqətdə saxlanılmalıdır ki, bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarı). İmtina üçün əsaslar sübuta yetirilmədikdə isə sözügedən müddətin müzakirəsinə gərək qalmır. Bu halda iddia tələbi imtina üçün müvafiq əsasların aşkar edilmədiyinə görə rədd edilməlidir.

27. Hazırkı mübahisə üzrə bağışlamaqdan imtina və ya müqavilənin ləğvi üçün hər hansı bir əsas mövcud deyildir, şikayətin dəlilləri formal xarakter daşımaqla yalnız apellyatorun mülahizələrinə əsaslanmışdır.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(004)- 2306/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(004)- 2306/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar