Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-320/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı “mənzildə çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi, ev 10-da yerləşən 9 saylı mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzil iddiaçıya məxsusdur. Laçın rayonundan məcburi köçkün olan cavabdeh, cavabdehin arvadı X10, onların övladları Toğrul və Gülpəri 1992-ci ildə mənzili zəbt etmiş və hazıra kimi mənzildə yaşayırlar. İddiaçı özü də məcburi köçkün olsa da, mənzilin cavabdehlər tərəfindən zəbt olunmasına görə ailə üzvləri ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə əsassız və qanunsuzdur. Çünki, cavabdeh və onun ailə üzvləri məcburi köçkündürlər və 1992-ci ildən mübahisəli mənzildə yaşayırlar. Onlar mənzildə məskunlaşdıqları vaxtda nə iddiaçı, nə də ki başqa şəxslər tərəfindən, o cümlədən dövlət təşkilatları tərəfindən onlara qarşı heç bir pretenziya irəli sürülməmişdir. Lakin onların həmin mənzildə yaşamalarına baxmayaraq iddiaçı mənzili özəlləşdirmişdir ki, bu da özü özlüyündə qanunsuzdur. Apellyasiya baxışının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər apellyasiya baxışına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdehin ailə üzvlərinə münasibətdə təmin edilmiş hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisəli mənzilə dair Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 035433 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin yerləşdiyi binaya xidmət göstərən 66 saylı MKİS-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektoru tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh X2 rayonundan məcburi köçkündür. Laçın Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Laçın şəhər sakinləri olan cavabdeh X8, onun arvadı (1968-ci il təvəllüdlü) X10, onların övladları (1991-ci il təvəllüdlü) X7 və (1992-ci il təvəllüdlü) X1 rayonundan məcburi köçkün olaraq mübahisəli mənzildə məskunlaşmışlar. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh və onun yetkinlik yaşana çatmış ailə üzvləri mübahisəli mənzildə yaşasalar da həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır. Hazırda iddiaçı Cavabdeh və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmasını tələb edir. Tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır (maddə 13.). Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, milli qanunlarla yanaşı beynəlxalq qanunveriliciyədə nəzər salındıqda müəyyən edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur. Cavabdehin iddiaçıya məxsus mənzildən onun iradəsinə zidd istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik normalarının tələblərini pozur. Buna görə də cavabdeh həmin mənzildən çıxarılmalıdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin cavabdehin ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması ilə bağlı tələbin təmin edilməsi hissəsində gəldiyi nəticə MPM-nin tələblərinə uğun deyil. Belə ki, həmin hissədə tələb cavabdehin ailə üzvlərinə qarşı yönəlsə də, cavabdehin ailə üzvləri iddia ərizəsində cavabdeh kimi qeyd edilməmiş, onlar iddia ərizəsində “cavabdehin ailə üzvləri” kimi qeyd olunmuş, onlar Rayon Məhkəməsi tərəfindən əlavə cavabdehlər kimi işin baxılmasına cəlb edilməmişlər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia ərizəsində “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslər iş üzrə cavabdeh sayıla və onlara qarşı sürülmüş iddia təmin edilə bilməz. Çünki, MPM-nin tələblərinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər (maddə 50.1.). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3.). İddia ərizəsində digər məlumatlar ilə yanaşı işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları (maddə 149.2.2), iddia bir neçə cavabdehə verildikdə cavabdehin hər birinə qarşı yönələn tələb (149.2.3) göstərilməlidir. Belə olan halda həmin hissədə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslərə aid hissəsi rədd edilməlidir. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384, 385, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamə qismən, yəni cavabdehin ailə üzvləri kimi qeyd edilmiş şəxslərin mübahisəli mənzildən çıxarılması barədə hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə, yəni cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi, ev 10-da yerləşən 9 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi hissədə Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-320/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-320/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver