Məhkəmə qərarları › İş №2(103)-3203/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3203/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3203/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(011)-8057/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzilin ikidə bir hissəsinin (ayaqyolu və mətbəxdən istifadə hüququ qalmaqla) onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 09.02.2001-ci ildə ailə qurmuş, birgə nikahdan 24.01.2000-ci il tarixdə X8, 16.10.2001-ci il tarixdə X10 və 21.11.2003-cü il tarixdə X9 doğulmuşdur. Onun işi ilə əlaqədar olaraq Rusiya Federasiyası ərazisində məskunlaşmışlar, lakin cavabdeh Rusiya Federasiyası ərazisində yaşayış icazəsi ala bilmədiyi üçün bir müddət sonra azyaşlı uşaqları ilə birgə ölkədən deport edilmişdirlər. O isə ailənin maddi təminatını davam etdirməyə məcbur olduğundan, təkbaşına Rusiya Federasiyası ərazisində yaşamağa və işləməyə davam etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(011)-7313/2019 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında olan 4 saylı mənzilə dair hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, lakin mübahisəli mənzilin yerləşdiyi bina təhvil verilmədiyi üçün mülkiyyət hüququnu qeydə aldıra bilməmişdir. Bununla belə, qanuni qüvvəyə minmiş qətnamə ilə 1/2 pay ona məxsus olduğundan, ona münasibətdə həmin əmlak mülkiyyətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(011)- 8057/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında olan 4 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuzdur, təhvil verilməyən mənzilə iddiaçı çıxarış ala bilmirsə onun həmin mənzilə köçürülməsi qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6130/2019 saylı 10.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Məmmədova (Abdullayeva) Afaq Vidadi qızı arasında bağlanılmış nikahın pozulması, 21.11.2003-cü il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anaları X5 yanında qalması, 21.11.2003-cü il təvəllüdlü X2 üçün 26.07.2019-cu il tarixdən başlayaraq, İddiaçı hər ay 160 manat məbləğində aliment tutularaq, X6 ödənilməsi, 16.10.2001-ci il təvəllüdlü X3 üçün 26.07.2019-cu il tarixdən başlayaraq 16.10.2019-cu il tarixədək İddiaçı hər ay 160 manat məbləğində alimentin tutularaq, X6 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 26.10.2020-ci il tarixli 2(102)-5160/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 05.02.2020-ci il tarixli, 2(103)-1717/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(011)- 7313/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanında olan 4 saylı mənzilə dair X5 və İddiaçı hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikah 10.12.2019-cu il tarixdə pozulmuş, birgə nikahlarından olan uşaqlar cavabdeh Afaq Məmmədovanın yanında saxlanmışdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında olan 4 saylı mənzilə dair hər birinin ½ hissədə payı müəyyən edilmişdir. İddiaçı hazırda həmin mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tərəflərin mənzildə yarı hissədə payları müəyyən edildiyindən, onların həmin mənzildən gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin mənzilə gözlənilən mülkiyyət hüququna sahib olmaqla, həmin mənzildən yarı hissədə pay hüququna malik olduğundan, mübahisəli mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29.01.2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin tərəflərin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mənzildə yarı hissədə paylarının müəyyən edilməsi mübahisəsizdir, belə olan halda məhkəmə onların həmin mənzildən gözlənilən mülkiyyət hüquqlarının olması və iddiaçının həmin mənzilə köçürülməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8057/2021 saylı iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar