Məhkəmə qərarları › İş №2(103)-3204/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3204/2023

19.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3204/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - Sosial Xidmətlər Agentliyi Aparatının Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi Aparatının Səyyar sosial xidmətlərin təşkili departamentində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) ləğv edilib. Əmək kitabçasında həmin əmr barədə məlumat qeyd olunub (iş v. 53). Əmrin verilməsindən 1 ay sonra - xx.xx.2022-ci ildə iddiaçı əmək kitabçasını təhvil alıb və bu barədə akt tərtib olunub (iş v. 70). Aktda qeyd olunub ki, iddiaçı əmək kitabçasını aldıqdan sonra əmək kitabçalarının uçotu kitabını imzalamaqdan imtina edib. İddiaçı əmək kitabçasının ona həmin tarixdə verildiyini inkar etmir. Bu isə onu təsdiq edir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsindən xx.xx.2022-ci ildə məlumatlı olub. İddia ərizəsi isə bu tarixdən 10 ay sonra, yəni xx.xx.2023-cü ildə verilib. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi. Ümumiyyətlə, iddiaçı müddətin bərpası barədə vəsatət verməyib, vəsatət olmadan məhkəmə öz təşəbbüsü ilə müddəti bərpa edə bilməz. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar