Məhkəmə qərarları › İş №2(103)-3206/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3206/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3206/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının bərpa edilməsi, onun xx.xx.1989-cu il tarixdən 1992-ci ilin oktyabr-noyabr tarixinə kimi “Runo” Kooperativində tikiçi sahəsində işləməsi faktının müəyyən edilməsi və sosial sığorta stajının işlədiyi tarixə qədər bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Yaş həddini nəzərə alıb 25 iyul 2023-cü il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək xahiş etmişdir ki, təqaüdə çıxmağı barədə qərar qəbul etsinlər. Lakin ona bildirmişlər ki, araşdırma zamanı onun 58 yaşınının tamam olduğu tarixə ümumi iş stajınının 25 ildən az təşkil etdiyi 22 il 3 ay müəyyən olunub. Nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi kimi o, 1 aprel 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Əmək kitabçasında iş stajının əvvəli yazılsa da, 29 sentyabr 1989-cu il tarixdən xx.xx.1994-cü il tarixə kimi işləsə də uşaqları balaca olan vaxtı əmək kitabçasının arasından həmin vərəqləri çıxarıb, cırmışlar və nəticədə vərəqlər yararsız vəziyyətə düşdüyündən atılmışdır. Əmək kitabçasına baxdıqda, əmək kitabçasının 5, 6, 7 və 8 saylı vərəqlərinin olmadığı açıq aydın görünür. Əmək kitabçasının 4-cü səhifəsinin 5-ci sırasında qeyd olunur ki, o, 10 fevral 1989-cu il tarixdə Uvolena perovod 1-ci bəndinə əsasən “Runo” st 36 p-5 maddəsi ilə vəzifəsindən, həmin tarixdə işini dəyişməklə, Kooperativə, şvey vəzifəsinə işə qəbul olunub. xx.xx.1989-cu il tarixdən 3 dərəcəli mex üzrə mütəxəssis olub. xx.xx.1994-cü il tarixə kimi həmin sahədə çalışmışdır. Onun həmin Kooperativdə işləməyini, onunla həmin kooperativdə həmin illərdə işləmiş X7 və X4 təsdiq edə bilərlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) ərizə təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra, maraqlı şəxs) qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, ərizəçinin əmək kitabçasının korlanmasının səbəbi kimi ərizəsində göstərilən və izahatında qeyd olunanların üst-üstə düşməməsi, eləcə də şahid ifadələrinin ziddiyətli olması, ərizəçinin işlədiyini bildirdiyi “Runo” korporativi və “Runo” firması barədə arxiv sənədlərinin müəyyən olunmadığı, Vergi Xidmətinin məlumatına əsasən “Runo” firmasının xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçməsi, qeyd olunan ziddiyyətli məqamların birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmasına baxmayaraq, həmin hallara heç bir qiymətin verilməməsi və s. kimi əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinə etiraz edərək, ərizədə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş, həmçinin bildirmişdir ki, ilkin olaraq maraqlı şəxsə müraciət edərək barəsində müvafiq pensiya təyin olunmasını xahiş etmiş, həmin müraciət əsasında ona pensiya təyin olunmuşdur. Lakin daha sonra özünün də bilmədiyi səbələrdən əmək pensiyasının dayandırılması barədə qərar qəbul olunmuş, ona əmək kitabçasında göstərilməyən illərə dair hüquqi faktın tanınması barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, əmək pensiyasının dayandırlması barədə inzibati orqanın qərarı mübahisələndirməmiş, 25 ilinin tamamlanması üçün xx.xx.1989-cu ildən 1992-ci ilin oktyabr-noyabr tarixinədək işləməsi barədə hüquqi faktın müəyyən olunması üçün birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə, ərizəyə qarşı etirazda və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ilkin olaraq ərizəçi barədəsində pensiya təyin olunmuş, daha sonra araşdırma aparılaraq ilkin qərarın yanlış olduğu, ərizəçinin işlədiyi illərin qanunvericiliyin tələblərinə uyğun tamamlanmadığı aşkar olunmuş, eləcə də inzibati icraat materialları barədə məlumatsız olduğunu bildirmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, məruzəni və izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Ərizəçi ünvanlandığı 28 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 iyul 2023-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərə çatdırır ki, ona əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırma zamanı, onun 58 yaşının tamam olduğu tarixə ümumi iş stajının 25 ildən az təşkil etdiyi (22 il 3 ay (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 15 il 9 ay)) müəyyən olunub. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 58 yaşının tamam olduğu tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37700,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 58 yaşının tamam olmadığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1278,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağını xahiş etmişlər. Həmçinin iştirakı ilə 11 iyul 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyul 2023-cü il tarixli aktından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş Ərizəçi (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs əlaqə vasitəsi kimi telefonla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. İşdə olan T-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, orada digər iş yerləri ilə yanaşı, ərizəçinin X5 xx.xx.1984-cü ildə işə qəbul edilməsi, X3 xx.xx.1989-cu il tarixdə “Runo” Kooperativinə çevrilməsi barədə qeydlər vardır. Qeyd edilməlidir ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır (bənd 1.6). Baxılan işin yuxarıda sadalanan hallarından isə görünür ki, ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. ərizəçi ərizəsinə bu istiqamətdə ümumiyyətlə hər hansı sübut əlavə etməmiş, birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, ərizəni icraata qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ərizəçiyə xx.xx.2022-ci il tarixindən müvafiq əmək pensiyası təyin edilmiş, lakin sonradan inzibati icraat qaydasında araşdırma aparılaraq təyin olunmuş əmək pensiyasının verilməsi dayandırılmışdır. Belə olan halda, ərizəçinin inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarını inzibati qaydada mübahisələndirərək hüququnun bərpa olunmasına nail olmaq imkanları itirməmişdir. Çünki, əmək pensiyasının təyin olunması üçün ərizəçi tərəfindən müvafiq sənədlər inzibati orqana təqdim edilmiş və sonuncu ərizəçiyə əmək pensiyasının təyin olunması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməklə müvafiq inzibati akt qəbul etmişdir. Ərizəçinin özü də bildirir ki, onun əmək kitabçasında bütün qeydlər mövcud olmuş, lakin sonradan bəzi vərəqlər cırılmışdır. Belə olan halda ərizəçinin ona pensiya təyin olunan zamanı əmək stajının təsdiqi üçün zəruri sənədlərin təqdim olunması ehtimalı mövcuddur. İnzibati orqanın ərizəçiyə təyin olunmuş əmək pensiyasının sonradan dayandırılması istiqamətində hərəkətinin (qərarının) qanuni olub-olmaması isə mülki məhkəmənin deyil, aidiyyəti inzibati məhkəmənin baxış predmetinə aiddir. Bununla yanaşı, ərizəçi əvvəllər işlədiyi müvafiq hüquqi şəxslə bağlı zəruri məlumatları (həmin hüquqi şəxsin ləğv olunub-olunmaması və ya təşkilati hüquqi vəziyyətini dəyişməsi və s.) da ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə, ərizəçinin müvafiq iş illərinin məhkəmədən kənar qaydada təsdiqi imkanının tamamilə itməsi halı müəyyən edilmir. Halbuki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində “Runo” firmasının xx.xx.1994-cü il tarixdə 1502 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Beləliklə, aydın olur ki, ərizəçi lazımi sənədləri ala bilməməsini (yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü) təsdiq edən sübutları tam göstərməmiş və həmin sübutlar ərizəyə əlavə olunmamışdır. Belə olan halda isə, MPM-in 259.0.12-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Həmin maddəyə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Birinci instansiya məhkəməsi isə, prosessual nomaların tələblərini tam yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, ərizəçi qanunvericiliyn tələblərinə tam riayət etdikdən sonra, buna zərurət yarandığı təqdirdə yenidən hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciə etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar