Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3207/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)- 2910/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 12 fevral 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 3 ay müddətinə Cavabdeh MMC-də “Texniki istismar şöbəsinə yanğından mühafizə üzrə müfəttiş- baş təlimatçı” vəzifəsinə işə qəbul edilmişdir.
2. 01 mart 2022-ci il tarixli, 39/K saylı əmrə və 02 saylı əlavə razılaşmaya əsasən, İddiaçı “Mülki müdafiə və yanğın təhlükəsizliyi sektoruna müdir” vəzifəsinə təyin edilmişdir.
3. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 13 fevral 2023-cü il tarixdən etibarən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmrin ləğv edilməsi, MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 aprel 2009-cu tarixli əmrlə "xxxx" MMC-nə yanğından mühafizə üzrə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Daha sonra müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. İşlədiyi dövrdə heç bir töhmət almamış, işini layiqincə yerinə yetirərək müxtəlif vəzifələrdə işləmişdir. 2023-cü ilin yanvar ayında ona bildirmişlər ki, iddiaçı ilə əmək müqaviləsi bir ay müddətinə bağlanır və yalnız MMC daxilində yenilənir, iddiaçı ilə müqavilə bitdikdən sonra yenidən əmək müqaviləsi bağlanacaqdır. Uzun müddət peşə fəaliyyətində nailiyyət qazanmış işçi kimi onunla bir aylıq sınaq müddəti verilməklə müqavilə bağlanmasına etiraz etdikdə isə qanunun tələbinin belə olduğunu, sınaq müddəti bitdikdən sonra uzun müddətli əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Lakin, onu aldadaraq, 16 fevral 2023-cü il tarixdə müqavilə müddətinin bitməsi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, ixtisası və peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər ixtisar zamanı işdə saxlanılır. Bu baxımdan, işdən azad olunarkən onun peşəkarlıq səviyyəsi və digər üstünlükləri nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən işəgötürənin sözügedən əmri tamamilə qeyriqanuni və əsassız olduğundan hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)- 2910/2023 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilərək, cavabdehin 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmri etibarsız hesab edilmiş, iddiaçının MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, MMC tərəfindən məcburi işburaxma müddəti üzrə 16 fevral 2023-cü il tarixdən işə bərpa edildiyi günədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 73-cü maddəsinin 1ci hissəsinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 59-cu maddəsinin 1, 2-ci hissələrinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2 və 3-cü hissələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə artıq 12 fevral 2018-ci il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanmışdır. Bu baxımdan məhkəmənin Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə əsaslanmasının heç bir hüquqi əsası yoxdur. Həmin əmr tam qanunidir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5878/2023 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)-2910/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən “qarşılıqlı razılıq” hazırkı halda mövcud olmamışdır. Belə ki, “qarşılıqlı razılıq” deyəndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının isə 01 aprel 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.
c) Kassasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmidir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmrin məzmunundan görünür ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Habelə, iddiaçı iddia ərizəsində onun ştatın ixtisarı ilə əlaqədar olaraq işdən azad olunduğunu və Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edərək, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs kimi işdə qalmalı olduğunu qeyd etmişdir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və əmək müqaviləsi bildirişi həmin tarixdən müvafiq qaydada sistemə daxil edilmişdir. İddiaçının iddia etdiyi hal həqiqəti əks etdirsə belə, onun istinad etdiyi normanın mənasına görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin, həqiqəti əks etdirməyən belə bir hal apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən nəzərə alınmamışdır. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, iddiaçı ilə 12 fevral 2018-ci il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı günədək davamlı şəkildə müddətli əmək müqaviləsi bağlanmışdır. Bununla da, iddiaçı qeyd olunan müddətli əmək müqavilələrini imzalayanda dəfələrlə öz iradə ifadəsini bildirmiş və hər dəfə növbəti müddətli əmək müqaviləsini imzaladığı vaxt həmin müqavilənin müddətli bağlandığını bilmişdir. Həmçinin iddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, 01 aprel 2009-cu il tarixdən "xxxx" MMC-də müvafiq vəzifələrdə çalışmış və 12 fevral 2018-ci il tarixdən həmin Cəmiyyətin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. Halbuki, həqiqəti əks etdirməyən belə bir çevrilmə olmamışdır. Belə ki, nə qeyd olunan vaxt, nə də hazırkı dövrdə iddiaçı, 2009cu ildən işlədiyi müvafiq hüquqi şəxsin adı cavabdeh təşkilatın adına dəyişdirilməmişdir. Halbuki, qeyd olunan hər iki təşkilat mövcuddur və müxtəlif fəaliyyət növü ilə məşğul olmaqda davam edirlər. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, tərəflər 12 fevral 2018-ci ildən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 5 ilə yaxın bir müddətdə davamlı şəkildə müddətli əmək müqaviləsi bağlamaqla, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iradə ifadələrini bəyan etmişlər. Lakin məhkəmə kollegiyası iddiaçının 01 aprel 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz” qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan hal məhkəmə kollegiyası tərəfindən işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın məhz işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünməsi ilə izah etmişdir. Halbuki, iş materiallarından, habelə əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, tərəflər arasında 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Sonradan həmin əmək müqaviləsinə istər müddətlə, istərsə də müvafiq vəzifə və həmin vəzifəyə uyğun aylıq əmək haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı çoxsaylı (16 adda) dəyişiklik edilmişdir. Məhkəmə kollegiyası belə bir məqama diqqətsiz yanaşması yalnız təəssüf hissi doğurur. Halbuki, belə bir vacib məqam müvafiq qətnamədə hüquqi cəhətdən əsaslandırılmalı idi. Lakin, məhkəmə kollegiyası yalnız “daha inandırıcı görünür” deyə qeyd etməklə, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşəgötürən müvafiq maddənin tələbi əsasında əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqdan istifadə edərək, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qeyd edilən əmək müqaviləsinə xitam verməsi barədə iddiaçı tərəfindən mübahisələndirilən əmri vermişdir. Əmək müqaviləsinin müddəti qurtardığı təqdirdə onun yenidən eyni və ya başqa bir müddətə bağlanması ilə bağlı işəgötürən üzərində hər hansı bir qaydada imperativ norma milli əmək qanunvericiliyində öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbinə istinad edən məhkəmə kollegiyası əsassız olaraq belə bir mövqedə olmuşdur ki, iddiaçının gördüyü iş (müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı) müvafiq maddədə sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçı gördüyü işlə (müdafiə və yanğın təhlükəsizliyi) bağlı müddətli əmək müqaviləsini 12 fevral 2018-ci il tarixdə bağlamış və müqavilənin müddəti bitdikdən sonra müvafiq qaydada müqavilənin müddəti artırılmışdır. Hər hansı bir iş profili ilə bağlı müddətsiz əmək müqaviləsinin bağlanması ilə əlaqədar Əmək Məcəlləsində imperativ norma mövcud deyil. Həmin norma üzrə işəgötürən müvafiq profilli iş yerlərinə işçi ilə əmək müqaviləsi bağlayarkən mütləq səkildə həmin müqaviləni müddətsiz bağlamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbindən də göründüyü kimi, müvafiq işlər və halların heç biri iddiaçıya aid olmamışdır. Bu baxımdan, həmin maddənin tələbinə əsasən müvafiq əmək müqaviləsinə bəhs edilən əsasla xitam verilməsi üçün heç bir qadağa halı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri tərəflərin iştirakları ilə araşdırılmamış və əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 648/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5878/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur.
16. Etiraz iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən "xxxx" MMC-də işləmişdir, yalnız müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC adlandırıldıqdan sonra 2023-cü ilin yanvar ayında ona təklif olunmuşdur ki, müəssisənin adı dəyişdiyindən əmək müqaviləsi də yenilənəcək, ona görə də öz xahişinlə işdən azad olunmaq barədə ərizə ilə müraciət et. Daha sonra 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanmışdır. Baxmayaraq ki iddiaçı uzun müddət həmin müəssisədə işləyib və yüksək təcrübəli mütəxəssis olub, onu 2023-cü ilin fevralın 16-da əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad etmişlər. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, rəhbərlik onu aldatmış, ona qarşı qərəzli mövqedə olmuş, işçilər arasında ayrı-seçkiliyə yol vermişdir. İddiaçı işəgötürənin əsl niyyətini hiss etsə idi, işdən azad olunmaq barədə ərizə yazmaz və iradəsinə uyğun olmayan cəmi 1 ay müddətə əmək müqaviləsinin bağlanmasına əsla razılıq verməzdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
19. 35-ci maddəsinin İ-İV hissələrinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 2. 3-cü hissə. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.
21. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
22. Maddə 47. Bənd “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
23. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 68. 2-ci hissə. Bənd “b”. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
26. Maddə 74. 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)- 2910/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
37. Kollegiya ilk növbədə işin araşdırılmış halları ilə bağlı qeyd edir ki, cavabdeh “X5” MMC 14 yanvar 2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Tərəflərin qarşılıqlı razılığı ilə 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən, iddiaçı, üç ay müddətinə cavabdehdə “Texniki-istismar şöbəsinin yanğından mühafizə üzrə müfəttişi baş təlimatçısı vəzifəsinə işə qəbil edilib. İşəgötürənin 01 mart 2022-ci il tarixli, 39/k saylı əmri ilə iddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, cavabdehdə “Mülki müdafiə və yanğın təhlükəsizliyi sektoruna” müdir vəzifəsinə keçirilib. Həmçinin, işəgötürənin digər 01 iyul 2022-ci il tarixli, 78.1/k saylı əmri ilə iddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, cavabdehdə “Mülki müdafiə və böhran vəziyyətinin idarə edilməsi şöbəsinə” müdir müavini vəzifəsinə keçirilib və işəgötürənin 16 fevral 2023-cü il tarixli, 39/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 16 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib.
38. Hazırda iddiaçı, 01 aprel 2009-cu il tarixdən "xxxx" MMC-də “Yanğından mühafizə üzrə baş müfəttiş vəzifəsinə” təyin edildiyini, sonradan həmin Cəmiyyətdə müxtəlif vəzifələrdə çalışdığını, 12 fevral 2018-ci il tarixdən isə "xxxx" MMC-nin adının Cavabdeh MMC-nə dəyişdirildiyini, son 14 il müddət ərzində fasiləsiz olaraq həmin Cəmiyyətdə işlədiyini və gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işəgötürənin onunla üç ay müddətinə 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağladığını, sonradan həmin Cəmiyyətdə müxtəlif vəzifələrdə çalışdığını, işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsasına görə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozduğunu göstərib, işəgötürənin 16 fevral 2023-cü il tarixli, 39/k saylı əmrinin etibarsız hesab edilərək, məcburi işburaxdığı günlər üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini iddia edir.
39. Cavabdeh isə tərəflərin qarşılıqlı razılığı ilə 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçının 3 ay müddətinə Cavabdeh MMC-də “Texnikiistismar şöbəsinin yanğından mühafizə üzrə müfəttiş- baş təlimatçı vəzifəsinə işə qəbul edildiyini, sonradan həmin Cəmiyyətdə müxtəlif vəzifələrdə çalışdığını, əmək müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 16 fevral 2023-cü il tarixli, 39/k saylı əmri ilə 16 fevral 2023-cü il tarixdən xitam verildiyini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini göstərib, iddiaya etiraz edir.
40. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, mübahisə olunan əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunub. Qeyd olunan əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
41. Kollegiya qeyd edir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı halda iddiaçı, 14 yanvar 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış cavabdehlə qarşılıqlı razılıq əsasında üç ay müddətinə 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlayaraq “Texniki-istismar şöbəsinin yanğından mühafizə üzrə müfəttiş- baş təlimatçı” vəzifəsinə işə qəbul edilib və sonradan öz razılığı ilə həmin Cəmiyyətdə müxtəlif vəzifələrə keçirilib. Göründüyü kimi, əmək müqaviləsində göstərilən üç aylıq müddət 12 may 2018-ci il tarixdə qurtarsa da, tərəflər arasında əmək münasibətləri davam etdirilib və üç aylıq müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri həmin müqaviləyə xitam verilməsini tələb etməyib və əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə, yəni 12 may 2023-cü il tarixədək uzadılıb.
42. Kollegiya qeyd edir ki, iddiaçının 01 aprel 2009-cu il tarixdən fasiləsiz olaraq nə "xxxx" MMC-də, nə də Cavabdeh MMC-də işləməsini, həmin təşkilatlarla müddətsiz əmək müqaviləsi bağlamasını, habelə onunla müddəti müəyyən edilmədən bağlanmış əmək müqavilələrinin onun razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, cavabdehin apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə müəyyən olunur ki, sözügedən hər iki hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ayrı-ayrı hüquqi şəxslərdir və hazırda hər iki təşkilat özünəməxsus bu və ya digər fəaliyyət növləri ilə məşğul olur.
43. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh MMC "xxxx" MMCnin hüquqi varisi deyildir. Belə ki, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmaqla yaradılmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 3, hüquqi təmsilçisi- X4 olan "xxxx" MMC və xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmaqla yaradılmış, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 3, hüquqi təmsilçisi X2 olan Cavabdeh MMC iki ayrı hüquqi şəxsdir.
44. Kollegiya həmçinin qeyd edir ki, hazırkı işdə, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilən qarşılıqlı razılığın iddiaçının iradəsini ifadə etmədiyini özündə ehtiva edən heç bir sübut yoxdur. Belə ki, tərəflər arasında əvvəldən qarşılıqlı razılığa əsasən müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlanıb və iddiaçı, həmin müqaviləyə əsasən 16 fevral 2023-cü il tarixədək cavabdeh təşkilatda işləyib və ötən müddət ərizəndə onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməyib. Yalnız əmək müqaviləsinin müddəti bitdikdən və bu əsasla işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edib.
45. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq bildirir ki, tərəflər arasında bağlanmış 12 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edib-etmədiyi, həmin müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan əsasın olub-olmadığı aydınlaşdırılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli müqavilə xx.xx.2023-cü il tarixdə müddətin bitməsi əsası ilə ləğv edilmişdir, tərəflər arasında sözügedən müddətli əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etməmiş, yəni müddətli müqavilənin müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan əsas mövcud olmamışdır. Belə ki, həmin məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi işəgötürən müqavilədə nəzərdə tutulan müddət bitdikdən sonrakı bir həftə ərzində əmək müqaviləsinə xitam vermişdir.
46. Kollegiya kassasiya instansiya məhkəməsinin digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmadığının müəyyən edilməsinə dair göstərişlərini nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfin iş materiallarına əlavə edilməsi üçün təqdim etdiyi əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, iddiaçının iddia etdiyi kimi ona qarşı ayrı-seçkilik edilməmişdir, cavabdeh MMC-də işçiərin bir qismi müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərir. Həmçinin cavabdehin nümayəndəsi müəssisədə çalışan 350dək işçinin əksəriyyətinin müddətli əmək müqaviləsi əsasında çalışdığını bildirmişdir.
47. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)- 2910/2023 saylı qətnaməsini əsassız hesab edir. Odur ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İddiaçı iddia tələbi formal mülahizələrdən ibarət olduğu üçün təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC -nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(001)- 2910/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 39/K saylı əmrin ləğv edilməsi, MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.