Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3208/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaka paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(007)-219/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil 100.000 (yüz min) manat qiymətə alınmışdır. İddiaçı birgə nikah dövründən əvvəl, xx.xx.2008-ci il tarixdə reyestrdə onun adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzili 80.000 (səksən min) manat qiymətə xx.xx.2020-ci il tarixdə satmışdır. Birgə nikahları dövründə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 nömrəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı tərəflər arasında birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 nömrəli mənzilə paylarının müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaka paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********22-05101-093013 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48 ünvanında yerləşən mənzil 26 onun xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzili 2019-cü ilin dekabr ayında qeyri-rəsmi olaraq 80.000 manata satıb, xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişdir. 2019-cü ilin dekabrında alqı-satqı nəticəsində əldə olunan pulun üzərinə 20.000 manat əlavə edib 30 dekabr 2019-cu il tarixdə ünvan 3 ünvanında olan evi 100.000 manat məbləğində ödəniş edərək almışdır. Göründüyü kimi baş verən alqı-satqı prosesinin kökü nikah dövründən əvvələ aparılaraq düşmüşdür. Bu səbəbdən də hesab edir ki, əmlak bölgüsü Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aparılmalıdır. Birgə nikah dövründə əldə edilmiş əmlakın hazırki günə olan bazar qiymətinə uyğun olaraq 9/10 hissəsinin ona, 1/10 hissəsinin isə cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş əmlakın hazırki günə olan bazar qiymətinin müəyyən olunması, müəyyən olunmuş məbləğin 9/10 hissəsinin iddiaçıya verilməsi, 1/10 hissəsinin isə cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş əmlakın hazırki günə olan bazar qiymətinin müəyyən olunması, müəyyən olunmuş məbləğin 8/10 hissəsinin iddiaçıya verilməsi, 2/10 hissəsinin isə cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Vüsal bəyin evinin yanındakı ofisdə 2003-cü ildən bəri alqısatqı ilə məşğul olmuşdur. Vüsal evini satışa çıxarmışdır. Axırıncı müştəri 82 min manat vermiş, amma Vüsal razılaşmamışdır. O, Vüsalın atasını da tanımışdır. Bu evi satıb yeni ev almaq istəmişlər, ona görə də ev axtarmışlar. O, həmin aldıqları mənzilin altındakı təmirli mənzili göstərmiş, amma təmirini bəyənməmişlər. Sonra Vüsal özü internetdə mənzil tapmışdır. Sənədləşmə işlərini bilən biri kimi alqı-satqıda o, iştirak etmişdir. 100.000 manata alqı-satqı baş tutmuşdur. Bu evin satışında isə o, iştirak etməmişdir. Vüsalın atasının “Hyundai” markalı maşını olmuş, təxmini 35.000 manata satmışdır. Alqı-satqı olmamış yeni evi behləmişdir. Evi 100.000 min manata almış, 2.000 manat da beh vermişdir. Köhnə evi o, satmamışdır, amma 85000 manata satılmışdır. Vüsal çıxandan sonra o evdə 3 ay 500 manatdan kirayəçi qalmışdır. Sonra uzun müddətə o, başqa şəxsə kirayəyə vermişdir. Müştəri aparanda evdə Vüsal bəyin yoldaşı olmuşdur. O, evin satılmağından məlumatlı olmuşdur. Satışa qoyan kimi dərhal axtarmışlar. Vüsalın yoldaşının alqı-satqıya etirazı olmamışdır. Yeni evin alınmağında iştirak etmişdir. Elə olur ki, pul banka girməmiş də olur. Bankın rüsumu ödənilir. Vüsal demişdir ki, o, ev yiyəsi ilə danışmış, pulu ondan alıb gətirmişdir. Onun bildiyi həqiqət odur ki, pulun mənbəyi əvvəlki ev olmuşdur. Onun rəsmi VÖEN-i var, qanuni şəkildə alqı-satqı ilə məşğul olur. 2003-2004-cü ildən Vüsalı tanıyır. Toyda iştirak etməmişdir. Toydan sonra yaxından tanış olmağa başlamışdır. O, o sahədə işləyir. Ora atasının evi olmuşdur. O evin təmirində şəxsən o, usta aparmışdır. Vüsalın dediyinə görə pulu evi satdığı adamdan götürmüşdür. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, uşaqları birlikdə bağçaya getmişlər, Sədaqətlə oradan tanışdırlar. Hər zaman telefon əlaqələri olmuşdur. Yanlız onu təsdiq edə bilər ki, dekabr ayında onun qızının doğum günü olmuşdur. Təxmini noyabr ayının axırı, dekabr ayının əvvəli, ortası olmuşdur ki, qızına hədiyyə almaq üçün “Laçın Ticarət Mərkəzi”nə getmişdir. O zaman Sədaqət xanımla qaynatasını görmüşdür. Qaynatasının adı Salehdir. Orta boy, ağbaş, saçının ortası seyrək kişi olmuşdur. Salamlaşmışlar, qızı Zəhraya qızıl alacağını demiş, o isə ev almaq üçün qızıl satdıqlarını demişdir. Sonra telefonla danışanda o, mebelləri satdıqlarını, atasının da köməklik etdiyini demişdir. Onun evinə gediş-gəlişi olmamışdır. Amma onlar görüşmüş, danışmışlar. Sonra təxmini 15 gün keçəndən sonra telefonla danışanda Sədaqət demişdir ki, 23.000 manata qızılı satmışlar. Evin alış-satışı barədə bilmir. Qızılı maraqdan soruşmuşdur, o da, demişdir. Sədaqəti gündəlik görmüşdür, belə qızıl taxmağını isə deyə bilməz. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Sədaqətin anası Yaqut müəllimə ilə çox yaxın rəfiqədir. O, onların evinin içini, o da onun evinin için bilmişdir. Sədaqətin cehizlərini belə bir yerdə gedib almışlar. Sadəqətin öz evinə getməmişdir. Məclislərdə bir yerdə olmuşlar. İllər öncə məclidə evin alınması barədə təsadüf olaraq eşitmişdir ki, Sadaqətin qaynatası pulun üstünün düzəlməməyi barədə söz salmışdır. O, təsadüf olaraq eşitmişdir, bu söhbət üçün yığışmamışlar. Sədaqət xanımın elə ata evində də qızılı olmuşdur. Onların işlədiyi məktəbi bitirib deyə bilmişdir. Yaqut müəllimə uşaqlar olanda, ad günlərində qızıl alıb vermişdir. O, bu tərəfi tanıyır, gördüyü də olub, görmədiyini də Yaqut müəllimə demişdir. Vüsalı illər öncə evlənən vaxtı görmüşdür. Evlərinə gedişgəlişi yoxdur. Səhv etmirsə, ad günü olmuşdur, dəqiq xatırlamır. Hamı orada olmuşdur. Bu söhbət 5-6 il öncə olmuşdur. Söhbət olan yerdə təbii ki, onlar da orada idilər. Yaqut müəllimə danışmış, bəzən əsəbləşmişdir. Qız ailə qurandan Yaqut müəllimənin bir əli üzərlərində olmuşdur, maaş alıb, aparıb pul vermiş, bazarlıq etmişdir. Ev 2 otaqlı olmuş, 3 otağa düzəltmişlər. Otaq sayı artırmaq istəmişlər. Saleh müəllim demişdir ki, pulun üstü düzəlmir, 10000-15000 köməklik etsinlər. Sonradan Yaqut müəllimə demişdir ki, köməklik ediblər, əşyalar, qızıllar satılmışdır. Yanında olmamışdır, amma verdiklərini bilmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki,o, hər iki tərəflə qohumdur, ona görə də olanları deyir. Saleh kişinin əvvəldən evi olmuşdur. Toydan sonra həmin evə getmişlər. Onlar əmisigillə məsafə olaraq çox yaxındırlar. 2019-cu ilin dekabr ayında əmisi Məzahir kişi demişdir ki, pul lazımdır. O isə demişdir ki, bir müddətə qaytarmaq şərtilə verə bilər. Sədaqətin cehizini o, aparmışdır. Evə 30000 manatlıq cehiz qoymuşlar. 10000 manat borc vermişdir. O, Xırdalanda, Sarayda ev tikintisi ilə məşğul olur, həyət evi tikib satır. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Sədaqət ilə tələbə yoldaşı olmuşlar, illərdir ki, rəfiqədirlər. Vüsalı da nişanlı vaxtlarından tanımışdır. Qız vaxtı evlərinə getmişdir. Ailə qurduqdan sonra evlərinə getməmişdir. Telefonla əlaqəsi olmuşdur. Vüsalı son dəfə Sədaqətin qardaşının toyunda görmüşdür. Bildirmişdir ki, yeni evə köçəcəklər. Pul olubolmamasını soruşduqda, o, demişdir ki, pul var, qızıl da satacaqlar. Qızılı 23.000 24.000 manata satmışlar. O, demişdir ki, pul çatmır, atası söz vermişdir ki, üstünü düzəldəcək. O demişdir ki, yeni evə köçəcəklər, biraz pul olduğunu demişdir, ev satıb sonra almaqlarını bilmir. Sədaqəti toydan sonra çox görməmişdir. Qardaşının toyunda görmüşdür. Amma qızılı olmuşdur, anasına da vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(007)- 219/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 saylı mənzilin 9/10 hissəsi üzərində İddiaçı, 1/10 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması, əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat vəsait İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “X18” MMC-nin xeyrinə ödənilməsi və məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlakın 8/10 hissəsinin iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu tələbinin əsası kimi birgə nikah dövründə əldə edilmiş əmlakın alınması zamanı sərf edilmiş vəsaitin 80000 manat hissəsinin iddiaçının öz şəxsi vəsaiti olmasını göstərmişdir. Belə ki, iddiaçının nikahdan əvvəlki dövrdə xx.xx.2008-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış mənzili olmuş, həmin mənzili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə 80.000 manata satmışdır. Birgə nikah dövründə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil 100.000 (yüz min) manat qiymətə alınmış, həmin mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən, alqı-satqı prosesinin yeni il bayramı ərəfəsində qeyri-rəsmi formada baş tutduğunu, yalnız yeni ildən sonra rəsmiləşdirildiyini, birgə nikahdan qabaq əldə etdiyi öz şəxsi əmlakını 80.000 manata satdıqdan sonra, 100.000 manata yeni mənzili birgə nikah dövründə əldə etdiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh izahat verərək, iddiaçının göstərdiyi bu xüsusatı təsdiq edərək, köhnə evi satıb, həmin gün yeni evi aldıqlarını bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin əmlakın 8/10 hissəsinin iddiaçıya verilməsinə dair hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə birgə nikah dövründə əldə olunmuş əmlakın 2/10 hissəsinin tərəflərin arasında bərabər paylara bölünməsinə dair hissədə qeyd etmişdir ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələblərində qeyd olunan əmlak İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonrakı müddətdə əldə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olubolmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Odur ki, qeyd olunan mənzilin 2/10 hissəsi tərəflərin birgə nikah dövrünə aid hesab edilməli və bu səbəbdəndə iddiaçının birgə nikah dövründə əldə olunmuş ümumi əmlak üzərində paylı mülkiyyət hüququnun tanınması tələbi əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əmlakın 2/10 hissəsinin tərəflər arasında bərabər paylarda bölünməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 saylı mənzilin 9/10 hissəsi üzərində İddiaçı, 1/10 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə Cavabdeh etirazında və izahatlarında göstərdiyi hallara, habelə cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə qeyd etmişdir ki, cavabdeh və sonuncu tərəfindən dəvət edilmiş şahidlər cavabdehə məxsus 30.000 manat dəyərində cehiz əmlakının əvvəlki ev ilə birlikə satılmasını, cavabdehin atasının iddiaçıya 10.000 manat məbləğində borc verməsini, cavabdehin özünə məxsus qızıl-zinət əşyalarını 23.000 manata satmasını və bununla da tərəflərin yeni, mübahisə predmeti olan mənzili almalarını bildirsələr də, bu göstərilən hallar iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir. Cavabdeh tərəfindən həmin halları təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini və birgə nikah dovrundə alınmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyi kuçəsi, 1C saylı evdə yerləşən 37 saylı mənzilə 1/2 hissədə onun, 1/2 hissədə iddiaçı X3 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, ev 1C unvanda yerləşən 2 otaqlı, 37 saylı mənzili alarkən alqı-satqı muqaviləsi baglanaraq alqı-satqı ilə baglı 100.000 manat notarius vasitəsilə pul keçirilərkən, iddiaçının ozunə məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsi, 48 saylı binada yerləşən 26 saylı mənzili hələ satılmamışdı. Yəni Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi ev 1C unvanda yerləşən 2 otaqlı, 37 saylı mənzili iddiaçının nikahdan qabaq aldığı evin satışından əldə olunan pula almamışlar. Birgə nikah dovrundə 2 otaqlı evi aldıqdan 8 gün sonra iddiaçı nikahdan qabaq aldığı evi satmışdır. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evin 37 saylı mənzili xx.xx.2019-cu il tarixində alınmış, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsində yerləşən 48 saylı evin 26 saylı mənzili isə xx.xx.2020-ci il tarixində satılmışdır. İddiaçı nikaha qədər əldə etdiyi Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsi, ev 48-də yerləşən 26 saylı mənzili ondan soruşmadan onun mebelləri ilə birlikdə satmışdır. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi ev 1C unvanda yerləşən 2 otaqlı, 37 saylı mənzili alarkən pul çatmadığından qaynatası onunla birlikdə “Laçın” Univermağında ona toy zamanı hədiyyə verilmiş və valideynləri tərəfindən bağışlanmış qızıl-zinət əşyalarını da onunla birlikdə satmışdır. Həmin qızıl əmlakların satışından 23.000 manat pul əldə edilmişdir. X10 ev alındığı zaman pul çatmadığı üçün 10.000 manat pul vermişdir. Beləliklə də, 30.000 manat onun cehizlərinin, 23.000 manat qızıllarının, 10.000 manat atasından alınan pulun, yəni 63.000 manatın iddiaçıya heç bir aidiyyatı yoxdur, ona aidiyyatı var. Hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, ev 1C unvanda yerləşən 2 otaqlı, 37 saylı mənzilin 9/10 hissəsinə onun, 1/10 hissəsinə isə iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iddiaçının payını artırmaq məqsədilə ifadələri iddiaçının xeyrinə dəyişmişdir. Belə ki, iddiaçı tərəfin ifadəsində qeyd edilmişdir ki, “guya ev formal olaraq 2019-cu ildə satılmış, pulu alınmış və həmin pulun üzərinə çatışmayan məbləğ qoyularaq xx.xx.2019-cu il tarixində ünvan 4 ünvanında yerləşən 37 saylı mənzil alqısatqı yolu ilə alınmışdır”. Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsi, ev 48, mənzil 26 qanuni şəkildə notariat oisində xx.xx.2020-ci il tarixində satılmışdır. Alqı-satqı əməliyyatı həyata keçirildikdə satıcı evi alıcıya verir və alıcı razılaşdıqları məbləği satıcıya verir. Əgər formal olaraq iddiaçı İsmayılov Vusal nikahdan qabaq aldıgı 5 mərtəbəli, xruşov tipli binada yerləşən 2 otaqlı mənzilini satıb 80.000 manat pul almışdırsa onda qanuni alqı-satqıda, yəni xx.xx.2020-ci ildə yenidən satdığı həmin mənzilin alqı-satqısı ilə bağlı alıcı 80.000 manat İsmayılov Vusala yəni, satıcıya necə verə bilərdi. Alıcının 45 kv.metr olan otağa 160.000 manat verib alması ağlabatan deyil. Əslində vəkil özü də ifadəsində bildirmişdir ki, ünvan 4 unvanında yerləşən 37 saylı mənzil, ünvan 2-nın satılmasından 8 gün əvvəl alınmışdır. İddiaçı tərəfindən məhkəməyə gətirilmiş şahidlərdən Mirzəyev Bəxtiyar vasitəçi oldugunu bildirmiş, ünvan 4 unvanında yerləşən 37 saylı mənzilin alınmasında iştirak etdiyini, lakin Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsi, ev 48, mənzil 26-nın satışında iştirak etmədiyini, yanında pul verilmədiyini bildirmişdir. Yəni birgə nikah dovrundə mənzil alınması işin mubahisəsiz halıdır, amma Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsi, ev 48, mənzil 26-nın satışından əldə edilən pula alınmamışdır. Şahid həmin evin satılmasında iştirak etməmiş, pul görməmişdir. Tərəfindən dindirilmiş şahidlər Tağıyeva İradə “Laçın” univermagında qızıl şobəsində onunla qaynatası Salehi görüdüyünü, “mənim ona ev almaq istəyirik, pul çatmır, qızıllarımı qaynatamla birlikdə satırıq deməyimi təsdiq etmişdir”. X13 atasının da evin alınmasına komək etdiyini, şahid Həsənov Vilayət isə hər iki tərəfin qohumu olduğunu, toydan sonra 2 otaqlı, xruşov tipli mənzilə getdiklərini, 2019-cu ilin dekabr ayında qızın atası Məzahir kişi ona 10.000 manat pul lazım olduğunu, onun isə Məzahirə qaytarmaq şərti ilə verə biləcəyini bildirmiş, 10.000 manat pul vermişdir. Cehizi atası ilə birlikdə aldığını, 30.000 manat cehizə pul verildiyini, 10.000 manat Məzahir kişiyə ev almaq uçun çatışmayan məbləğin üzərinə pul qoyması barədə ifadə vermişdir. Tərəfindən şahid kimi dindirilmiş Hüseynova Elnurə bildirmişdir ki, “onun qardaşının toyunda mən yeni evə köçəcəyimizi, pul lazım olduğu üçün qızıllarını satacağını, qızılı 23.000-24.000 manata satacağını söylədiyini bildirmişdir”. İşdə onun xeyrinə çoxsaylı subutlar olmasına baxmayaraq hakim hər vasitə ilə ifadələri saxtalaşdırmağa, iddiaçının xeyrinə yonəltməyə, qətnamədə aydın olmayan, yəni çaşdırıcı hallara istinad etməyə çalışmışdır. Hesab edir ki, məhkəmə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərini pozmuşdur və məlum olmayan səbəblərdən iddiaçının manafeyinə uyğun qətnamə çıxartmış, onun və 2 uşağının taleyi hakimi maraqlandırmamışdır. İddiaçı bildirir ki, “özünə məxsus ünvan 2-nı formal satmışdır”. Məhkəmə isə qətnamədə formal alqı-satqı muqaviləsi olmamasını, alqı-satqı müqaviləsinin yazılı şəkildə və notariat qaydada rəsmiləşdirilməli olmasını qeyd etməmiş, iddiaçının vəkili qismində çıxış etmişdir. Guya iddiaçı 2019-cu ildə satdığı özünə məxsus, nikahdan əvvəl aldığı ünvan 2-nı 80.000 manata satmış və onun üzərinə 20.000 manat pul əlavə edərək 100.000 manata Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 1C saylı evdə yerləşən 37 saylı 2 otaqlı mənzili (3 otaqlı mənzilə çevrilmişdir) almışdır. Məsələ ondadır ki, rəsmi olaraq iddiaçının birgə nikahdan əvvəl aldığı ünvan 2 xx.xx.2020-ci il tarixində notariat qaydada rəsmiləşdirililərək satılmışdır, yəni birgə nikah dövründə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evdə yerləşən 37 saylı mənzil alındıqdan 8 gün sonra satılmışdır. İddiaçının dediyinə görə guya evi özünə məxsus ünvan 2-nı satdıqdan sonra almışdır. Həmin vaxt bayram olmamışdır. Əslində birgə nikah dövründə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 1C saylı evdə yerləşən 37 saylı mənzili xx.xx.2019-cu ildə almışlar. İddiaçıya məxsus ünvan 2 xx.xx.2020-ci ildə satılmışdır. Göründüyü kimi birgə nikah dovrundə alınan ev, nikahdan qabaq alınan evin formal olaraq satılmasından alınan “pula” alına bilməzdi, çunki nikahdan qabaq satılan ev, birgə nikahda alınan evdən 8 gün sonraya aid edilir. Ümumiyyətlə hakim bilməlidir ki, formal alqı-satqı olmur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikah daxil olmuşdur. Birgə nikah dövründə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil 100.000 (yüz min) manat qiymətə alınmışdır. İddiaçı birgə nikah dövründən əvvəl, xx.xx.2008-ci il tarixdə reyestrdə onun adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzili 80.000 (səksən min) manat qiymətə xx.xx.2020-ci il tarixdə satmışdır. Birgə nikahları dövründə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 nömrəli mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı iddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlakın 8/10 hissəsinin iddiaçıya verilməsi hissəsində tələbinin əsası kimi birgə nikah dövründə əldə edilmiş əmlakın alınması zamanı sərf edilmiş vəsaitin 80.000 manat hissəsinin iddiaçının öz şəxsi vəsaiti olmasını göstərmişdir. Belə ki, iddiaçının nikahdan əvvəlki dövrdə xx.xx.2008-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış mənzili olmuş, həmin mənzili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə 80.000 manata satmışdır. Birgə nikah dövründə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil 100.000 (yüz min) manat qiymətə alınmış, həmin mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən, alqı-satqı prosesinin yeni il bayramı ərəfəsində qeyri-rəsmi formada baş tutduğunu, yalnız yeni ildən sonra rəsmiləşdirildiyini, birgə nikahdan qabaq əldə etdiyi öz şəxsi əmlakını 80.000 manata satdıqdan sonra, 100.000 manata yeni mənzili birgə nikah dövründə əldə etdiyini qeyd etmişdir. Məhkəmə Kollegiyası, məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ərarvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. İddiaçı iddia tələbini əsaslandırarkən, alqı-satqı prosesinin yeni il bayramı ərəfəsində qeyri-rəsmi formada baş tutduğunu, yalnız yeni ildən sonra rəsmiləşdirildiyini, birgə nikahdan qabaq əldə etdiyi öz şəxsi əmlakını 80.000 manata satdıqdan sonra, 100.000 manata yeni mənzili birgə nikah dövründə əldə etdiyini qeyd etsə də, iş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evin 37 saylı mənzili xx.xx.2019-cu il tarixində alınmış, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rustəmov kuçəsində yerləşən 48 saylı evin 26 saylı mənzili isə xx.xx.2020-ci il tarixində satılmışdır. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evin 37 saylı mənzili birgə nikahdan qabaq əldə etdiyi öz şəxsi əmlakını 80.000 manata satdıqdan sonra, 100.000 manata birgə nikah dövründə əldə etdiyini qeyd etsə də, irəli sürdüyü dəlilləri mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Belə ki, iş materiallarından aydın görünür ki, iddiaçının nikahdan qabaq əldə etdiyi mənzilin İddiaçı tərəfindən satılmış və alqı-satqı xx.xx.2022-ci ildə rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evin 37 saylı mənzili isə xx.xx.2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında alınmışdır. İddiaçı tərəf Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev kuçəsi, 1C saylı evin 37 saylı mənzilin alınması üçün sərf edilmiş vəsaitin mənbəyi kimi nikahdan qabaq əldə etdiyi mənzilin satılmasından nağd qaydada pul almasını göstərsə də, kollegiya bu dəlili digər sübutlarla tamamlanmadığı üçün inandırıcı saymır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, nikahdan əvvəl alınan mənzil xx.xx.2020-ci ildə notarial qaydada rəsmiləşdirilərkən satış pulu olan 80.000 manat notariatın depozit hesabına qoyulmaqla baş tutmuşdur. İddiaçı ilk iclaslarda bu rəsmiləşdirmə zamanı 80.000 manat pulu alıcıdan əvvəlcədən alaraq üzərinə 20.000 manat qoyulmasını göstərsə də, kollegiyanın iclasında bunun əksi olaraq məbləği dost-tanışdan alaraq notariat əməliyyatından sonra qaytardığını bildirmiş, lakin borc aldığı şəxslərin adlarını sadalasa da onlardan aldığı borc məbləğlərini qədərini unutduğunu göstərmişdir. Kollegiya iddiaçının bu dəlilləri ilə bağlı qeyd edir ki, ididaçının nikahdan qabaq əldə etdiyi mənzilin satılmasının 2019-cu ildə baş tutmasına və xx.xx.2020-ci ildə isə rəsmiləşdirmənin formal olmasına dair arqumentləri əsassız olmaqla məqsəd cavabdehi nikah dövrünə əldə edilmiş mənzildə pay hüququnu əhəmiyyətli dərəcədə azaltmaqdan ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə 14 mart 2010-cu il tarixində Bakı Nikah evində 397 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikahla ailə həyatı qurub, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48-də 26 nömrəli 2 otaq ümumi sahəsi 51 kvadrat metr olan mənzildə cehizlərini yığaraq birgə yaşamışlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci təvəllüdlü X8 adlı uşaqları var. Tərəflər 2019-cu ildə alınmış yeni mənzilə köçüb yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-2229/2024 saylı qətnaməsilə nikahları pozulmuş uşaqların analarının yanında qalması və hər ay hər birinə 235 manat olmaqla, cəmi 470 manat aliment İddiaçı tutularaq ona ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı aralarındakı nikahın pozulma prosesi dövründə hazırki əmlak bölgüsü iddiasını xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Məhkəmə qeyd edir ki, bu tərəfin hüququ olsa da, iddianın bu qaydada və qeyd edilən dövrdə qaldırması da işin diqqətə layiq hallarındandır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, köhnə mənzildə olan mebellər yeni alınmış mənzilə köçürülməmiş, təzə mənzildə yeni mebellər quraşdırılmışdır. Belə ki, cavabdeh köhnə mənzilin orada olan əşyalarla, yəni onun cehizləri də daxil olmaqla əmlakla satılmasını göstərsə də, iddiaçı kollegiyanın iclasında izahat verərək əvvəlki mənzildə olan köhnə əmlakların yeni mənzilə köçürülməsini qeyd etmişdir. Lakin sonra izahatı dəyişərək köhnə əmlakları sonradan yeni mənzildən satılmasını göstərmişdir. Kollegiya əmlaklarla bağlı iddiaçı tərəfin evin, onun içərisində olan əmlakların satılması ilə bağlı ziddiyyətli izahatlarının qarşılığında cavabdeh tərəfin dəlillərinin daha ağlabatan və inandırıcı olması qənaətinə gəlir. Belə ki, iddiaçı tərəf bu hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan rəydə əksini tapan evin fotoşəkillərindən aydın görünür yeni mənzil yalnız yeni mebellərlə təchiz olunmuşdur (i.v.59-61). Məhkəmə Kollegiyasının iclasında tərəflər bu halı öz izahatları ilə təsdiq etmişlər. Kollegiya cavabdeh tərəfin birinci instansiya məhkəməsi zamanı izahat və iddiaya etirazında əvvəl evi satıb sonra isə yeni mənzil almalarına dair göstərilənlərə qiymət verərək bunu iddiaçının dəlillərinin əsaslı olması kimi qiymətləndirmir. Belə ki, tərəflərin izahatları və şahid ifadələrindən də görünür ki, 2019-cu ildə əvvəlki evin satışa qoyulması işin mübahisəsiz halıdır. Lakin iddiaçının heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqini tapmayan, evin qeyri-rəsmi olaraq notariatdan kənar satılaraq 80.000 manat əldə olunması və sonra da iddiaçının təbirincə deyilsə formal olaraq alıcının adına rəsmiləşdirmə zərurəti olduğu üçün həmin məbləğin özü tərəfindən alqı-satqı müqaviləsi zamanı bank hesabından keçirilməsi üçün təqdim etməsi və yenidən götürməsi kimi dəlilləri cavabdehin evi satıb yenisini alması kimi izahatının əsil mahiyyətini göstərir. Başqa sözlə, iddiaçının göstərdiklərinə mənzili əldə edən şəxsin şahid qismində dindirilməsini təmin etmək yolu obyektiv hüquqi qiymət vermək olardı. Belə bir sübut növü təqdim edilmədiyi halda cavabdehin izahat və iddiaya etirazında əvvəl evi satıb sonra isə yeni mənzil almalarına dair göstərilənlər iddianın əsaslı olmasının təsdiqini kimi qiymətləndirilə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən səhvə yol vermiş və bunun nəticəsində maddi hüquq normalarını düzgün tətbiq etməyərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 saylı mənzilin 9/10 hissəsi üzərində İddiaçı, 1/10 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüquqları tanınması barədə səhv nəticəyə gəlmişdir. Halbuki işin araşdırılmış halları ilə həmin mənzilin məhz birgə nikah dövründüə əldə edilməsi mübahisəsiz olmuş, həmçinin mənzilin alınması zamanı hər hansı bir tərəfin nikahdan əvvəl əldə etdiyi qazanc hesabına və ya daha çox onun vəsaitindən istifadə edilməsi müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlakın rejimi tətbiq edilməklə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 saylı mənzilinə dair tərəflərin 1/2 hissədə olmaqla payları müəyyən edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, yəni məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmənin qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat vəsait İddiaçı tutularaq “X18” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(007)- 219/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 1C ünvanında yerləşən 37 saylı mənzil iddiaçının və cavabdehin birgə mülkiyyəti hesab olunmaqla mənzilin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən olunsun. Əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat vəsait İddiaçı tutularaq “X18” MMC-nin xeyrinə (VÖEN: **********, hesab nömrəsi: AZ77PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, swift: PAHAAZ22, bank kodu: 505141, valyuta:AZN, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov