Məhkəmə qərarları › İş №2(103)-3209/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3209/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3209/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X6, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 və onun nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı Sarıyev Miranar Mövsüm oğluna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağayev X2 Miranar Mövsüm oğluna və Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşən 1600 kv.m torpaq sahəsinin 1960-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı kimi mərhum anasının istifadəsinə verildiyini, 1996-1998-ci illərdə Qaradağ RİHB sərəncamlarına əsasən həmin ünvana pasport qeydiyyatına alındıqlarını, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixili Sərəncamı ilə həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin X4 adına sənədləşdirilməsinin qərara alındığını, X4 xx xxx 2002-ci il tarixdə vəfat etdiyini, ölümündən sonra anasından qalmış həmin mirası qəbul etdiyini, lakin bu zaman ƏMDK-nin sözügedən torpaq sahəsini qanunsuz olaraq Miranar Sarıyevə satdığını öyrəndiyini irəli sürmüş, buna görə də qeyd olunan torpaq sahəsinə dair Sarıyev Miranar Mövsüm oğluna verilmiş xx xxxxxxx 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunaraq iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, sübutlara obyektiv qiymət verməyərək qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddiaçının apellyasiya baxışı zamanı iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi də nəzərə alınmaqla onun iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sarıyev Miranar Mövsüm oğlu arasında bağlanmış xx xxxxxxxx 2013cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqaviləyə əsasən Sarıyev Miranar Mövsüm oğlu adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2013-cü il tarixdə aparılmış qeydin pozulması və çıxarışın ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və Sarıyev Miranar Mövsüm oğlunun verdikləri kassasiya şikayətləri, həmçinin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X3 müraciəti üzrə ondan təqdimat verən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı əsasında işə baxan Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən, Sarıyev Miranar Mövsüm oğlunun kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Sarıyev Miranar Mövsüm oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının qərarındakı göstərişlərə uyğun olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X9 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, X11 Miranar Mövsüm oğluna qarşı “birgə mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə məhkəmədə baxıldığı üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edərək prosesə cəlb olunmasını xahiş etmiş, lakin məhkəmə onu prosesə cəlb etməmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin iddia tələbi təmin olunaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhü küçəsi 2A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 2/3 hissədə payları müəyyənləşdirilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı bu xüsusat nəzərə alınmadan qətnamə çıxarılmış, prosessual hüquqları kobud şəkildə pozulmuş, eyni zamanda, apellyasiya instansiyası qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən iddiaçının apellyasiya baxışı zamanı irəli sürdüyü yeni tələbə baxmışdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Tərəflər arasındakı mübahisə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsində yerləşən torpaq sahəsi ilə bağlıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə Miranar Seyidova satılmışdır. Eyni zamanda, Miranar Seyidovla arvadı Cəmilə Babayeva arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə yekun məhkəmə aktı əsasında torpaq sahəsinin 1/3 hissəsinə Miranar Seyidovun, 2/3 hissəsinə Cəmilə Babayevanın mülkiyyət hüququ tanınmışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin 800 kv.m hissəsi onların ailəsinə məxsus olduğundan, həmin əmlakın Miranar Seyidovun xeyrinə əvəzli şəkildə özgəninkiləşdirilməsi barədə bağlanmış əqd qanunsuzdur. Bununla belə, iddiaçı həmin əqdin və əqd əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini tələb edir. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsiilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əqdin və ya orqanların, hüquqi şəxslərin hüquqi nəticə yaradan aktlarının və qərarlarının etibarsızlığı anlayışı isə onu ehtiva edir ki, qeyd edilən əqd, akt və ya qərar, hazırkı işə münasibətdə isə alqı-satqı müqaviləsi və çıxarış verildiyi və yaxud bağlandığı an qanunvericiliyin şərtlərinə uyğun verilməmiş və ya bağlanmamışdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı əqdin etibarsızlığını deyil, ləğvini tələb edir. Azərbaycan Respublikası MPMnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunanlara həmin maddənin tələbləri baxımından hüquqi qiymət verilmədən alqı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə qəbul edilmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi iddiaçı çıxarışda qeyd olunan 0,17699 ha torpaq sahəsinin 800 kv.m hissəsinin onların ailəsinə məxsus olduğunu mübahisələndirməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi işin qeyd olunan halına da hüquqi qiymət verməmiş, bu halda iddiaçının həmin torpaq sahəsinə bağlanmış əqd ilə çıxarışı bütövlükdə mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Azərbaycan Respubikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericiliyin tələblərinə görə, məhkəmə tərəfindən yalnız torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sübut hesab edilə bilən rəy alınmaqla, iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməklə, iddiaçının qanunsuz olaraq satıldığını istinad etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb- düşmədiyi müəyyən edilməklə iddia tələbinin əsaslı olub-olmaması nəticəsinə gəlmək olar. Halbuki yuxarıda qeyd edildiyi kimi apellyasiya məhkəməsi tərəfindən istinad olunan xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri ümumiyyətlə müəyyən edilməmişdir. Miranar Sarıyevə satılmış torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 2 A ünvanında, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşir. Bu halda məhz qeyd olunan ünvanda iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerində müəyyən edildikdən sonra iddia etdiyi 800 kv.m torpaq sahəsinin Miranar Sarıyevə satılmış və mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi Miranar Sarıyevlə bərabər Cəmilə Babayevanın paylı mülkiyyətindədir. Buna baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı hazırki mübahisəyə dair işə baxılması zamanı Cəmilə Babayevanln maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq o, işə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur”. Kassasiya instansiyasının mövqeyini də əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A saylı evə daimi pasport qeydiyyatına alınması, xx.xx.1997-ci il tarixli sərəncamı ilə həmin ünvanda yerləşən 1600 m2 torpaq sahəsində tikdirdiyi yaşayış evinin X4 adına sənədləşdirilərək qeydiyyatda alınması, xx.xx.1998-ci il tarixli sərəncamı ilə isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsindəki 1600 m2 torpaq sahəsində yerləşən 6 A saylı yaşayış evinin sənədləşdirilib qeydiyyata alınaraq X4 şəxsi mülkü sayılması qərara alınmış, X10 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sarıyev Miranar Mövsüm oğlu arasında xx.xx.2013-cü tarixdə bağlanmış 4524 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 2 A ünvanındakı Təsərrüfat blokunun yarımçıq tikilisinin istifadəsində olan 1769,9 kv.m torpaq sahəsi adı çəkilən şəxsə satılmış, xx.xx.2013-cü il tarixdə Miranar Sarıyevə sözügedən yarımçıq tikiliyə və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı, məhz Qaradağ rayon İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamlarına istinad edərək Miranar Sarıyevə satılmış torpaq sahəsi üzərində mərhum nənəsinin (Güllü İsmayılovanın) vərəsəsi kimi hüquqlarının olduğunu iddia etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etmədiyi zaman, həmin torpaq sahəsinin iddiaçıya (onun nənəsinə) ayrılması barədə sənəd aşkar edilməməsinə, iddiaçının və ya Güllü İsmayılovanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyinə, torpağın Miranar Sarıyevin mülkiyyətində olmasına əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının mərhum nənəsinə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə görə, “vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir”. Həmin Əsasnamənin 2-ci və 3-cü bəndlərinə görə isə, “göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Vətəndaşların arzusu ilə ...fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altındakı torpaqlara dair sənədlər ... X1 və İstismarı Birliyi vasitəsi ilə də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilə bilər”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə görə isə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından aydın olur ki, iddiaçının mərhum nənəsinə Qaradağ rayon İcra Hakimiyyətçi başçısının sözügedən sərəncamı əsasında ayrılmış torpaq sahəsi qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun olaraq onun mülkiyyətinə keçirilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Miranar Sarıyevə satılmış torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 2 A ünvanında, iddiaçının ona məxsusluğunu iddia etdiyi torpaq sahəsi isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixlı qətnaməsi ilə X8 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 6 A ünvanda yerləşən 1600 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə İddiaçı vərəsəlik hüququ tanınmış, həmin qətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti əsasında Bakı Apellyasi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə ləğv olunaraq iddia baxılmamış saxlanılmışdır. İşin müəyyən olunan digər halına görə, Babayeva (Sarıyeva) Cəmilə Nazim qızının Sarıyev Miranar Mövsüm oğluna qarşı “birgə mülkiyyətdə olan əmlakın bölünməsi” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhü küçəsi 2 A ünvanında yerləşən qeyriyaşayış sahəsinə Cəmilə Babayevanın 3/2 hissədə, Miranar Sarıyevin 1/3 hissədə payları tanınmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində (Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli rəyi), X5 adına hazırlanmış texniki pasportda torpaq sahəsinin koordinatlarının olmaması səbəbindən onun hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, əvvəlki apellyasiya baxışı zamanı alınmış xx.xx.2019-cu il tarixli ekspert rəyində də eyni nəticəyə gəlinmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, məhz mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, cavabdeh Miranar Sarıyev mübahisəsi gedən torpaq sahəsinin 2/3 hissəsinə münasibətdə artıq faktiki olaraq iddiaya cavab verməli şəxs statusunu itirmişdir; torpaq sahəsinin 2/3 hissəsinin hazırkı mülkiyyətçisi olan Cəmilə Babayeva isə həmin sahə üzərində hüququ məhkəmə aktı əsasında əldə etməklə onun hüquqlarının xələl görməsi mümkün deyildir. Kollegiya onu da qeyd edir ki, hazırkı apellyasiya icraatı həmçinin işdə iştirak etməyə cəlb olunmayan X3 müraciəti üzrə Ali Məhkəmə sədrinin müvafiq təqdimatı əsasında başlanmış olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi onun hüquqlarının pozulması ilə nəticələnmədiyindən Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinin tətbiqinə zərurət mövcud deyildir; çünkü həmin prosessual hüquq normasına görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-30/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun; ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat isə ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar