Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-321/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı iş üzrə (Açar sözlər: «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər, yəni İddiaçı və Cavabdeh ata-oğuldur. Mübahisə predmeti Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai (indiki K.Rəhimov) küçəsindəki 74 saylı evin 72-ci mənzilidir. Həmin mənzil xx.xx.1997-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil 3 (üç) otaqlı olmaqla ümumi sahəsi 64,62 kvm-dir. Mənzildə iddiaçı, cavabdeh və iddiaçının 1977-ci il təvəllüdlü digər oğlu Rövşən İsmayılov qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdeh onun oğludur və uzun illərdir ki, Rusiyada yaşamışdır. Daha sonra Rusiyadan deport edilərək 2014-cü ildə Azərbaycana qayıtmış, orada bütün sənədlərini itirdiyini bildirmişdir. Pis vəziyyətdə olduğuna görə mənzilə qeydiyyata alınmasını ondan xahiş etmiş, lakin 2023-cü ilə qədər onunla yaşamamışdır. 2023-cü ildən onun evində yaşamağa başlamışdır. Cavabdeh spirtli içki aludəçisi olduğu üçün mütəmadi olaraq işki qəbul edir. Bu səbəbdən iddiaçı məcbur olub evi tərk etmişdir. Hazırda qohumları ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsini, 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, iddiaçı cavabdehə ekspert rəyinə uyğun olaraq hesablanacaq kompensasiyanı, həmin məbləğ 10000 manatdan artıq olsa da ödəməyə razıdır.
5. Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, mübahisəli evdə qeydiyyatdadır və evdən çıxmaq kimi fikri yoxdur. Belə ki, həmin mənzil onun puluna alınıb. O, uşaqlıqdan işləyib, sonradan gül biznesi ilə məşğul olub. Vaxt var idi ki, iddiaçıya sayı bilinməyən məbləğlərdə pul göndərib, həmin pulun bir hissəsi də mənzilin alınmasına xərclənib. O, iddiaçıya təklif etmişdir ki, birlikdə yaşaya bilmirlərsə, evi satıb məbləği yarıya bölsünlər və hərə öznə ayrıca ev alsın. O, kompensasiya ödənilməklə mənzildən çıxarılmasına razı deyildir. Təklif olunan məbləğə özünə ev alması mümkün deyil. O, Bakı şəhərində doğulub böyüyən adamdır və hardasa kənarda gedib yaşaya bilməz. Ailəsi ilə birlikdə küçədə qala bilməyəcəyindən yalnız evin satılıb məbləğin bərabər hissədə bölünməsini qəbul edə bilər.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-533/24 saylı iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia qismən təmin olunaraq, İddiaçı tərəfindən Cavabdeh Hüseyn oğluna 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi, 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh Hüseyn oğlunun həmin mənzildən çıxarılması qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının həmin əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə iddiaçı X1 xüsusi mülkiyyət hüququnun xx.xx.1997-ci il tarixdə qeydə alınması Cavabdeh həmin mənzildə uzun illər yaşamaması və 2014-cü ildən sonra mənzilə qeydiyyata düşərək, daha sonra isə mənzilə köçməsi işin mübahisələndirilməyən hallarındandır. İddiaçı cavabdehin istifadə hüququnun yaranmasını mübahisələndirmir və kompensasiya ödənilməsini təklif edir. İlkin olaraq 10000 manat kompensasiya təklif edilsə də, iddiaçı ekspert rəyinə uyğun hesablanacaq kompensasiyanı ödəməyə razıdır, cavabdeh isə yalnız mənzil satılıb, satışdan əldə edilən pulun yarısı ona verildiyi təqdirdə mənzildən çıxacağını bildirir.
8. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində təklif edilmiş 10000 manat məbləğində kompensasiyanı tam olaraq qənaətbəxş hesab etməmişdir. Belə ki, ekspert rəyindən göründüyü kimi, cavabdehə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşaması üçün hər ay təxminən 300 manat pul lazımdır və həmin pulun davamlı şəkildə - ən azı 3 il müddətində ödənilməsi zəruridir. Belə olan halda məhkəmə İddiaçı tərəfindən Cavabdeh Hüseyn oğluna 10800 (300x36) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini ağlabatan hesab etmişddir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və kompensasiya məbləğinin bazar qiymətinin düzgün müəyyən olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği cavabdehin əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən lazımi araşdırma aparmamış, ekspertin real olmayan rəyi ilə kifayətlənmişdir. Səthi araşdırma nəticəsində məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Ona görə də cavabdehin dəlilləri nəzərə alınmaqla kompensasiya məbləği yenidən müəyyən edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
14. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddəyə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 12 iyul 2016-cı il tarixli qərarı: Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir... Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir... Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən yalnız kompensasiya məbləğinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə iddiaçı X1 xüsusi mülkiyyət hüququnun xx.xx.1997-ci il tarixdə qeydə alınması, Cavabdeh həmin mənzildə uzun illər yaşamaması və 2014-cü ildən sonra mənzilə qeydiyyata düşməsi, daha sonra isə mənzilə köçməsi işin mübahisələndirilməyən hallarındandır.
22. İddiaçı məhz bu fakta, yəni mənzilə mülkiyyət hüququ olmasına əsaslanaraq hazırkı iddianı qaldırmışdır. O, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını mübahisələndirmir və istifadə hüququnun xitamının əvəzi kimi kompensasiya ödənilməsini təklif edir. İlkin olaraq 10000 manat kompensasiya təklif edilsə də, iddiaçı ekspert rəyinə uyğun hesablanacaq kompensasiyanı ödəməyə razı olduğunu bildirmişdir.
23. Məhkəmə ekspert rəyini əsas götürərək cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 300 manat kirayə haqqı ödəməli olduğunu nəzərə alaraq kompensasiya məbləğini 10.800 manat müəyyən etmiş və həmin məbləği cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitamının əvəzi kimi təsbit etmişdir.
24. Hazırda cavabdeh qətnaməni bütövlükdə deyil, yalnız kompensasiya məbləğinə aid hissədə mübahisələndirir. Cavabdehin fikrincə, məhkəmə kompensasiya məbləğini düzgün müəyyən etməmişdir, ekspert rəyi əsaslı deyil, qətnamə ilə müəyyən edilmiş məbləğ reallığı əks etdirmir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.).
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.
28. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
30. Apellyatorun kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən əmlakın kirayə dəyərinin real bazar qiymətinə uyğun şəkildə müəyyən edilməməsi barədə dəlillinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
31. Birinci instansiya məhkəməsidə işə baxılarkən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9601 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 64,62 kv.m mənzilin və ona oxşar mənzilin aylıq icarə haqqının nəzəri qaydada orta bazar qiyməti təxminən 300 manat təşkil edir. Tələb və təklifdən, tərəflərin qarşılıqlı razılaşmasından, həmçinin mənzilin təmirlilik səviyyəsindən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
32. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 300 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, görünür ki, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 10.800 manat təşkil edir. Cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 10 800 manat deyil, daha çox təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
33. Cavabdehin apellyasiya şikayətinin və etirazının dəlillərinin araşdırılması və həmin dəlillərə daha müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, lakin mübahisəli mənzildə yaşayan cavabdeh tərəfindən mənzil ekspert baxışına təqdim edilmədiyindən, yəni ekspert mənzilə buraxılmadığından ekspertizanın aparılmasından imtina edilmişdir.
34. Apellyasiya baxışı zamanı müəyyən olunduğu kimi, hazırda mübahisəli mənzildə cavabdeh yaşayır. İddiaçı (mülkiyyətçi) isə mənzildə cavabdehlə birgə yaşamağın qeyri-mümkünlüyü səbəbindən mülkiyyətçisi olduğu mənzildə deyil, başqa ünvanda yaşayır.
35. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5),
36. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən cavabdehin ekspertizanın aparılmasına təşəbbüs göstərmədiyini, tədqiqat predmetini ekspert baxışına təqdim etmədiyini ekspertizanın aparılmasında maraqlı olmaması, habelə onun keçirilməsinə maneə kimi qiymətləndirir.
37. Kollegiya cavabdehin mübahisəli mənzili baxış keçirilməsi üçün ekspertə təqdim etmədiyini, ekspertiza keçirilməsinə şərait yaratmadığını və MPM-in 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləği cavabdehə 3 il davamlı oxşar şəraitli mənzildə yaşaması üçün ağlabatan məbləğdir. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kompensasiya məbləğinin əsaslı, real olmamasına, aylıq kirayə haqqının 300 manat deyil, daha çox olmasına dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən bununla bağlı əlavə araşdırma aparılmasına cəhd edilsə də, cavabdeh özü buna mane olmuşdur.
38. Məhkəmə kollegiyası göstərilənləri, eləcə də mübahisəli mənzildən istifadə hüququ olan digər şəxslərin mövcudluğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.
42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
43. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. .