Məhkəmə qərarları › İş №2(103)-3210/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3210/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3210/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, problemli kreditlərin restrukturizasiyasına dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına və X5 Palatasının xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən onun kredit borc məbləğinin düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə «xxxx» KB ASC-nin Nərimanov filialından 4.850 ABŞ dolları kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. xx xxxx 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ondan 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sent və ödənilmiş 20 manat dövlət rüsumu bankın, 10 manat dövlət rüsumunun isə dövlət büdcəsi hesabına tutulmalı idi. Azərbaycan Respublikası Prezidentinin Fərmanına və X5 Palatasının Qaydalarına əsasən hesablama zamanı ona hesablanmış kredit borcunun düzgün hesablanmaması məlum olur. X5 Palatasının xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarının 5.2.1-ci bəndində qeyd edilir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Lakin bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 3.726 manat 26 qəpik borcu qalmalı olduğu halda, ona 4.313 manat 60 qəpik, sonradan isə 2.483 ABŞ dolları 98 sent borc qalığı göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1203/2020 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, işin obyektiv araşdırılmamasını, və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-3815/2015 saylı qətnaməsi ilə «xxxx» KB ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sentin (qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulması, çatışmayan 10 manat dövlət rüsumunun İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və İddiaçı ümumi borc məbləğinin bir hissəsini özü banka ödəmişdir.Problemli kreditlərlə bağlı məlum Fərmanın qəbulu zamanı iddiaçının faiz və dəbbə borcu olmamış,Fərmanın icrası ilə bağlı iddiaçıya 2428 manat 92 qəpik (1428,77ABŞ dolları) kompensasiya məbləği hesablanmış və bank tərəfindən həmin məbləğ yalnız əsas borcun azaldılmasına silinmiş,ynəicədə iddiaçının banka xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən 2.483 ABŞ dolları 98 sent məbləğində əsas borcu qalmışdır. Hesab edir ki, iddia tələbi tam əsassızdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-3815/2015 saylı qətnaməsi ilə «xxxx» KB ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sentin (qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulması, çatışmayan 10 manat dövlət rüsumunun İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra, İddiaçı ümumi borc məbləğinin bir hissəsini özü banka ödəmiş, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı «xxxx» KB ASCdən aldığı kreditlə bağlı 2.428 manat 92 qəpik kompensasiya məbləği ödənilmiş, nəticədə onun banka xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən 2.483 ABŞ dolları 98 sent məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanına (bundan sonra,Fərman) əsasən;

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanda, həmçinin milli valyutada 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmışdır. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İddiaçı iddia ərizəsində ona ayrılmış (hesablanmış) müvafiq kompensasiyanın cavabdeh bank tərəfindən qalıq borcuna düzgün silinməməsini, qalıq borcunun 3726,92 manat qalmalı olduğu halda, 2483,98 ABŞ dolları təşkil etməsini (təqribən 500 manat fərq) və s. göstərmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etirazında – Fərmana əsasən iddiaçıya ayrılmış 1428,77 ABŞ dolları (2428,91 manat) kompensasiyanın hamısının qalıq əsas borcdan silinməsini, faiz və dəbbə borcunun olmamasını və s. göstərərək, iddianın əsassız olmasını bildirmişdir. İşdə olan hesabdan çıxarışdan və digər sənədlərdən (maliyyə arayışı və s.) göründüyü kimi, iddiaçının özünün etdiyi ödənişlər və kompensasiya məbləğinin ödənilməsi ilə bağlı bütün əməliyyatlar, hesablanmış borc məbləğləri və qalıq barədə məlumatlar müfəssəl şəkildə əks olunmuşdur. İddiaçı Fərmana əsasən faizlərin və dəbbə pulunun tam silinməli olmasını bildirsə də, işdən olan sübutlardan görünür ki, Fərmanın qəbulu vaxtı iddiaçının faiz və dəbbə borcu mövcud olmamış, müvafiq kompensasiya məbləği əsas borcun azaldılmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir.Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Bu səbəbdən də,məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1203/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar