Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3211/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-də əsas iş yeri kimi logistika şöbəsində sürücü vəzifəsinə təyin edilmişdir. Əmək haqqının məbləği hər ay 345 manat təşkil etmişdir. 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmrlə “Logistika şöbəsi” bölməsində “Sürücü” vəzifəsində işləyən İddiaçı Talıb oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 13 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi barədə əmr edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin ləğv edilərək onun öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, xx.xx.2023-cü il tarixdə iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək haqqı ödənilməsi, həmin gün üçün, eləcə də, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi, vurulmuş maddi zərərə görə 1452 manat məbləğində, mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 35 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda ehtiyat sürücü vəzifəsində işə qəbul olunarkən ona bildirmişlər ki, şirkətin iş rejimi 6 günlük iş həftəsidir, zərurət olduğu halda bazar günləri də işə çağrılacaqdır. Onun gündəlik iş vaxtı 8 saat, aylıq əmək haqqı isə 700-800 manat olacaq və hər ay gecikdirilmədən vaxtlı-vaxtında ödəniləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, maaş kartına cəmi 163 manat məbləğində pul köçürülür, qalan məbləğ isə xeyli gecikmə ilə kassadan hissə-hissə nağd şəkildə ödənilir. Əmək haqqı vaxtında ödənilmədiyindən həddindən artıq maddi çətinliklərlə üzləşir. O, problemləri ilə bağlı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə elektron qaydada və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə yazılı ərizə ilə Cavabdeh MMC-nin prezidentinə müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə 52 yaşında xərçəng xəstəliyindən vəfat etmiş həyat yoldaşının məzar daşını düzəltdirməyə və il mərasimini keçirməyə maddi imkanı olmamışdır. Hər dəfə maaş almaq üçün şirkətin kassirinə müraciət etdikdə ona bildirilmişdir ki, rəhbərlik işçilərin maaşı üçün pul ayırmır, deyir pul yoxdur, kimin xoşu gəlmirsə işdən çıxsın. Şirkətin avtomobil xidmətinin rəisi Samir Kərimov da hər gün mütəmadi olaraq onu məcbur edirdi ki, ərizə yazıb işdən çıxsın. Deyirdi “rəhbərlik sənə görə məni çox incidir, ya öz xoşunla ərizə yazıb işdən çıx, ya da özüm səni işdən qovduracağam”. Nəhayət, xx.xx.2023-cü il tarixdə mühafizəçi onu işə buraxmamış və bildirmişdir ki, kadrlar bölməsinin rəisi onlara göstəriş verib ki, onu şirkətin ərazisinə buraxmasınlar. Kadrlar bölməsinin rəisi Orxan müəllimlə telefon əlaqəsi saxlamış və o, ona bildirmişdir ki, “sən artıq işdən qovulmusan. Gələn həftənin bazar ertəsi günü saat 15:00-dan sonra gəlib bayırda gözləyərsən, əmrin surətini və son haqqhesabı gətirib sənə verəcəklər”. xx.xx.2023-cü il tarixdə ona yalnız “Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin kserosurəti təqdim edilmişdir. Həmin əmrin məzmunundan açıq-aydın görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas mövcud olmamışdır və işəgötürənin məqsədi onu işdən kənarlaşdırmaqla şirkətdə törədilən ciddi qanun pozuntularını gizlətmək olmuşdur. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə əmrin surətini alıb evə qayıtdıqdan sonra poçt vasitəsi ilə Cavabdeh MMC tərəfindən onun yaşadığı ünvana göndərilən 44 №-li xx.xx.2023-cü il tarixli məktubu almışdır. Həmin məktubda isə qeyd edilmişdir ki, “21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixindən bu günə kimi işə gəlmirsiniz. Bu barədə sizinlə istifadə etdiyiniz ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb, siz zənglərə cavab verməmisiniz, işə gəlməməyinizin səbəbini izah edən rəsmi sənədi Şirkətə (xəstəlik vərəqəsi) təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, əmək intizamını kobud surətdə pozduğunuza görə 08 dekabr 2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.” Əvvəla olaraq onu bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə mərhum həyat yoldaşının il mərasimi keçirilməli idi və rəhbərliyin bu barədə məlumatı var idi. Yasa gələn qonaqları heç olmasa əli boş da olsa qəbul edib qarşılarına heç olmasa bir stəkan çay qoymaq vəzifəsi isə birbaşa olaraq hüzr sahibinin üzərinə düşür. Digər tərəfdən, xx.xx.2023-cü il tarixdən başlayaraq şirkətin rəhbərinə dəfələrlə etdiyi müraciətlərin heç bir nəticəsi olmadığı üçün Konstitusiyanın 36cı və Əmək Məcəlləsinin 295-ci maddəsində nəzərdə tutulmuş tətil hüququndan istifadə edə bilər. xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzindən ona təqdim edilən Sosial Arayışdan görünür ki, 25 aprel 2023-cü il tarixdə Cavabdeh MMC ilə onun arasında xxxxxxx000400 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə aylıq əmək haqqı 345 manat müəyyən edilmiş, lakin digər hissələrdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü (əmək müqaviləsinin məzmunu), 44-cü (əmək müqaviləsinin forması) maddələrinin tələblərinə riayət edilməmiş, iş rejimi qeyri-müəyyən olaraq “digər” göstərilmiş, iş saatları, nahar fasiləsinin vaxtı və başqa zəruri məlumatlar ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdə Paşa Bankdan ona təqdim edilən çıxarışdan isə görünür ki, onun maaş kartına xx.xx.2023-cü il tarixdə aprel ayının əmək haqqı üçün 57.5 manat əvəzinə 27.86 manat az, cəmi 29.64 manat məbləğində, xx.xx.2023-cü il tarixdə may ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyun ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyul ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə avqust ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə sentyabr ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə oktyabr ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə noyabr ayının əmək haqqı üçün 345 manat əvəzinə, hər ay 181.99 manat az, cəmi 163.01 manat məbləğində, xx.xx.2023-cü il tarixdə işəgötürənin son haqq-hesabı düzgün hesablanmamış, 223 manat əvəzinə, 151 manat az, cəmi 72 manat məbləğində pul köçürülmüş və bunların nəticəsində cavabdeh tərəfindən ona 1452 manat məbləğində maddi zərər vurulmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2212/24 saylı iş üzrə 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmrin ləğv edilməsi, İddiaçı öz vəzifəsinə, yəni Cavabdeh MMC-nin logistika şöbəsində sürücü vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq bir gün üçün əmək haqqı ödənilməsi, Cavabdeh MMC-dən əmək haqqının verilməsinin gecikdirilməsi səbəbindən 54.48 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 35 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin 50%, yəni 42.5 manat Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, qalan 50%, yəni 42.5 manatın iddiaçıya aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə 04 dekabr 2023-cü il tarixli əmr əsaslandırılmamış, iddiaçının izahatı alınmamış, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə qeyd edilməmiş, əmrə əlavə edilməmişdir. Cavabdeh tərəf iddiaçının izahatının alınmamasını bu barədə tərtib edilmiş aktı təqdim edərək, iddiaçını izahat verməkdən imtina etməsi ilə əsasandırsa da, məhkəmə bu dəlili ağlabatan hesab etməmişdir. Digər tərəfdən, müəyyən olunur ki, iddiaçı tərəfin 21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixdə İddiaçı işə çıxmaması üzrlü səbəblə, yəni 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminin təşkil edilməsi ilə bağlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən qeyd edilmiş halın üzrlü səbəb kimi qiymətləndirilməməsi, iddiaçı tərəfin izahatının alınmaması, məhz bu əsasa görə əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tədbirlərindən ən sərt olanının işəgötürən tərəfindən seçilməsi və işçi üzərində tətbiq edilməsi ədalətsiz və qanunsuz olmaqla işçinin mənafelərinə zidd olmuşdur. İddiaçı öz razılığı ilə xx.xx.2023-cü il tarixdə, yəni iş günü hesab edilməyən bayram günündə (ZƏFƏR GÜNÜ) işə cəlb edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq ona əmək haqqı ödənilməmişdir. İddiaçı iddia tələbində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini məhkəmədən xahiş etsə də, həmin aylar üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışla təsdiq edilmişdir ki, həqiqətən əmək haqqının verilməsində iyun ayı üçün 9 gün gecikmə, sentyabr ayı üçün 28 gün gecikmə, oktyabr ayı üçün 3 gün gecikmələr olmuş və həmin gecikmələr nəticəsində 14.67 manat, 34.92 manat və 4.89 manat olmaqla, cəmi 54.48 manat məbləğində işçiyə ziyan dəymişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddiaçının həmin hissədə də tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi vurulmuş maddi zərərə görə 1452 manat məbləğində vəsaitin cavabdeh təşkilatdan tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. İddia ərizəsinin məzmunu ilə də, iddiaçı tərəfindən bir daha təsdiq edilmişdir ki, əmək haqqısı aylıq 345 manat olmaqla, həmin məbləğin 163 manatı onun kart hesabına, digər məbləğ isə hissə-hissə ödənilmişdir.
6. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 46, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin ikinci hissəsi, 71-ci maddəsinin üçüncü hissəsi, 72, 83, 84, 172, 186-cı maddəsinin 2-ci hissəsi, 300-cü maddəsinin birinci hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə səhlənkar yanaşaraq sübutlara tam baxmamış, işdə olan Bakı DOST Mərkəzindən təqdim edilən Sosial Arayışa, Paşa Bankdan verilən çıxarışa tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və gəlmiş olduğu yekun nəticəni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işdə olan xx.xx.2023-cü il tarixində 4 saylı Bakı DOST Mərkəzindən təqdim edilən Sosial Arayış və eyni tarixdə Paşa Bankdan verilən çıxarış göstərilməmiş, onları rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rəhbər tutulmuş qununlar və ya digər hüquqi aktlar göstərilməmiş, həmin hissədə yalnız ümumi ifadələrdən istifadə edilmişdir. İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş dövlət rüsumunun qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə açıqaydın qeyd olunub ki, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunan haldır. İldönümü ilə bağlı hər hansı bir istisna halı mövcud deyildir. Bundan başqa, iddiaçının 6 gün ildönümünə hazırlaşması ağlabatan hal deyildir. İşəgötürənə məlumat verilməklə 1 gün ola bilər. İddiaçı isə cavabdehə hər hansı bir məlumat verməmişdir intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bununla bağlı olaraq qeyd etmək istərdik ki, iddiaçıya işə gəlməməsi barədə izahat verməyi bildirilmiş, o isə izahat verməkdən imtina etmiş və bununla bağlı Akt tərtib olunmuşdur. İddiaçı özü də məhkəmədə onun izahat verilməsi üçün dəvət edilməsini və izahat vermək üçün müəssisəyə getmədiyini təsdiqləmişdir. İşə baxan hakim AR ƏM 84cü maddəsinin tələbini əsas götürməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04- 12- 23/146 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, AR ƏM 84cü maddəsinin tələbində əmrin ləğv edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddiaçı ilə telefon əlaqəsi saxlamaqla da işə gəlməyini və ya gəlməməyinin səbəbi barədə gəlib izahat verməyini ona bildirmişdir. Cavabdeh tərəfindən telefonla əlaqə saxlanılması faktını iddiaçı özü də məhkəmə iclasında təsdiq edərək ona əmək haqqı verilmədiyindən tətil etdiyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən verilmiş 04 dekabr 2023-cü iltarixli, A/04-12-23/146 nömrəliəmr sosial.gov.az da qeyd olunmuş cədvəldə formaya uyğun olaraq tərtib edilmişdir. Həmin cədvəldə əmrin əsaslandırılmasının doldurulması məcbur deyildir. Əgər məcburi olsaydı, onda əmr sosial.gov.az göstərilmiş sistem tərəfindən təsdiq olunmazdı. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin Xidmət tərəfindən cavabdehə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cümaddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə cərimə edilir. Göründüyü kimi, əmək müfəttişliyi yalnız müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalara görə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əgər 04 dekabr 2023-cü il tarixli, A/04-12- 23/146 nömrəli əmr qanunsuz olsaydı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək MüfəUişliyi Xidməti bununla bağlı cavabdehə qarşı müvafiq inzibati tənbeh tədbiri görmüş olardı. Bu fakt onu sübut edərək təsdiq edir ki, 04 dekabr 2023-cü il tarixli, A/04-12- 23/146 nömrəli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. .
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 11. Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71, hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83, hissə 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84, hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Maddə 84, hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84, hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 74, bənd 2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 172. Əmək haqqının verilməsi müddətləri Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 186, hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 300, hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarı
əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilmişdir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair hissədə ləğv olunmaqla iddia tələbi həmin hissədə rədd edilməli, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində isə dəyişdirilməlidir.
18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair hissədə işin hallarını düzgün müəyyən etsə də, qətnamədə gəlinən nəticə həmin hallara uyğun olmamış və maddi, prosessual hüquq normaları bu hissədə düzgün tətbiq olunmamışdır.
19. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən qeyd edilmiş halın (işçinin həyat yoldaşının vəfatının ildönümü ilə bağlı işə gəlməməsinin) üzrlü səbəb kimi qiymətləndirilməməsi, iddiaçı tərəfin izahatının alınmaması, məhz bu əsasa görə əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tədbirlərindən ən sərt olanının işəgötürən tərəfindən seçilməsi və işçi üzərində tətbiq edilməsi ədalətsiz və qanunsuz olmaqla işçinin mənafelərinə zidd olmuşdur.
20. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, iddiaçı 21- 25 noyabr, 27 noyabr, 1-2 dekabr 2023-cü il tarixlərində işə çıxmamışdır. O, göstərilən tarixlərdə işə çıxmamasının səbəbini 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminin təşkil edilməsi ilə və eləcə də əmək haqqının verilməməsinə görə təkbaşına tətil elan etməsi ilə izah etmişdir.
21. İddiaçı apellyasiya baxışı zamanı da həmin tarixlərdə işə gəlməməsinin səbəbi kimi məhz bu iki əsasa, yəni 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminə hazırlaşmasına və bir aylıq tətil hüququndan istifadə etməklə təkbaşına tətil elan etməsinə istinad etdi.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, qanunvericilikdə yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunması qeyd edilir. İldönümü ilə bağlı hər hansı bir istisna halı mövcud deyildir. Digər tərəfdən, iddiaçının həyat yoldaşının vəfatı ilə bağlı ildönümünə hazırlaşması işəgötürənə məlumat verilməklə 1 gün ola bilərdi. İşdən göründüyü kimi, iddiaçı bununla bağlı cavabdehə hər hansı bir məlumat verməmişdir.
23. İddiaçının təkbaşına tətil elan etməsi ilə bağlı dəlilinə gəldikdə isə Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, tətil yalnız Əmək Məcəlləsinin 270-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda və 271-273-cü maddələrində göstərilən qaydada keçirilə bilər. Tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir (maddə 271). Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir (maddə 272). Kollektiv əmək mübahisəsinin həllinin istənilən mərhələsində qısamüddətli (bir saata qədər) xəbərdarlıq tətili keçirilə bilər. Xəbərdarlıq tətili barədə qərar bu Məcəllənin 262ci maddəsinin qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3 iş günü qalmış bu barədə işəgötürənə yazılı məlumat verilməlidir.
24. Göründüyü kimi, iddiaçının tətil elan etməsi ilə bağlı dəlilinin də heç bir hüquqi əsası olmamışdır.
25. İddiaçının ona göndərilən məktubda göstərilən xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə bu əsasla xitam verilərkən xəbərdarlıq müddətinin müəyyən edilməsi, yaxud gözlənilməsi qüvvədə olan əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.
26. Belə olan halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuş, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.
27. Həmçinin, işdən göründüyü kimi, intizam tənbehi tətbiq edilməmişdən əvvəl iddiaçıdan izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
28. Əmək haqqının verilməsinin gecikdirilməsinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir.
29. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2024-cü il tarixli 3-17- 5/2-T-2649/7/2024 saylı məktubdan görünür ki, təqdim olunmuş əmək haqqı bank hesabından çıxarışa əsasən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə təyinatı noyabr əmək haqqı və son haqq hesab olmaqla 163.01 manat və 72 manat vəsaitlər köçürülmüşdür. "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən onun xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu, ödənilmədiyi məlum olmuşdur. Təqdim edilən əmək haqqı bank hesabından çıxarışda 2023-cü ilin may ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyun ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyul ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü il avqust ayının əmək haqqının isə xx.xx.2023-cü il tarixində gecikdirilərək ödənildiyi, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinin pozulduğu, həmçinin, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən Sizin xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilməməsi səbəbindən, "TAC” MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN1933621 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.
30. Göründüyü kimi, X3 Xidməti apardığı araşdırma ilə may, iyun, iyul, avqust aylarının əmək haqqının ödənilməsində gecikmələrə yol verildiyini müəyyən etmişdir. Lakin X3 Xidməti sentyabr və oktyabr aylarının əmək haqqının vaxtında ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Həmin aylar üçün əmək haqqının hansı tarixdə ödənildiyi Cavabdeh MMC-nin özünün 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışında aydın şəkildə göstərilmişdir. Belə ki, həmin arayışda sentyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə və oktyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə ödənildiyi qeyd edilmişdir.
31. Ümumiyyətlə, Cavabdeh MMC-nin 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışının məzmunundan göründüyü kimi, işəgötürən əmək haqqının ödənilməli olduğu tarixlə bağlı fərqli mövqe nümayiş etdirmişdir. İşəgötürənin mövqeyinə görə əmək müqaviləsinin şərtlərinə əsasən əmək haqqı 30 gün sonra verilməlidir. İşəgötürən bu əsasla hesablama apararaq 2023-cü ilin may ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə ödənilməsində hər hansı gecikmə olmadığı, 2023-cü ilin iyun ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 9 gün gecikmə ilə, 2023-cü ilin iyul ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni gecikmə olmadan, 2023-cü ilin avqust ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni gecikmə olmadan, 2023-cü ilin sentyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 28 gün gecikmə ilə, 2023-cü ilin oktyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 3 gün gecikmə ilə ödənildiyi qənaətinə gəlmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin əmək haqqının ödənilməli olduğu tarix və gecikmələrlə bağlı bu mövqeyini Əmək Məcəlləsinin 172-ci maddəsinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinə zidd sayır. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 345 manat məbləğdə əmək haqqı ödənilir. Əmək müqaviləsinin 4.6-cı bəndinə əsasən əmək haqqı ayda 1 dəfə olmaqla hər ayın 30-da ödənilir (iş vər.81). İşəgötürən əmək müqaviləsinin bu şərtini “ayın 30-u” kimi yox, “30 gün ərzində” kimi qiymətləndirməklə yanlış mövqe nümayiş etdirir.
33. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
34. Əmək Məcəlləsinin 172-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, bir dəfə ödənilən aylıq əmək haqqı ay sonunadək ödənilib başa çatdırılmalı, növbəti aya keçid olunmamalıdır.
35. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunmuş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışda və X3 Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2024-cü il tarixli 3-17- 5/2-T-2649/7/2024 saylı məktubunda göstərilən məlumatlara əsasən hesab edir ki, iddiaçıya 2023-cü ilin may ayından oktyabr ayınadək (may və oktyabr ayları da daxil olmaqla) aylıq əmək haqqının ödənilməsində gecikmələrə yol verilmişdir. Belə ki, 2023-cü ilin may ayı üçün əmək haqqı xx.xx.2023-cü ildə, yəni 26 gün gecikmə ilə, 2023cü ilin iyun ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 34 gün gecikmə ilə, 2023-cü ilin iyul ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 22 gün gecikmə ilə, 2023-cü ilin avqust ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 22 gün gecikmə ilə, 2023-cü ilin sentyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 52 gün gecikmə ilə, 2023-cü ilin oktyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 28 gün gecikmə ilə ödənilmişdir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə işəgötürən əmək haqqının ödənilməsində gecikmələrə yol verməklə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərini pozmuşdur.
37. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
38. İddiaçının aylıq əmək haqqısı 345 manat təşkil etdiyindən hər gün üçün əmək haqqının bir faizi məbləğində ödənc 3,45 manat təşkil edir.
39. Bu rəqəm 2023-cü ilin may ayı üçün 89,70 manat (26 gün x 3,45 man ), iyun ayı üçün 117,3 manat (34 gün x 3,45 man), iyul ayı üçün 75,9 manat (22 gün x 3,45 man), avqust ayı üçün 75,9 man (22 gün x 3,45 man), sentyabr ayı üçün 179,4 manat (52 gün x 3,45 man), oktyabr ayı üçün 96,6 manat (28 gün x 3,45 man) olmaqla, cəmi 634,8 manat təşkil edir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının verilməsinin məhz işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin ödənc məbləğinin hesablanmasında səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 1 faizi məbləğində ödənc tutulması hissəsində dəyişdirilməli, əmək haqqının verilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq cavabdehdən 634,8 manat məbləğində pul vəsaiti tutulub iddiaçıya ödənilməlidir.
41. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı İddiaçı iş günü hesab edilməyən bayram günündə çalışması ilə əlaqdar bir gün üçün əmək haqqının ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə işin halları düzgün müəyyən olunduğundan və maddi hüquq norması düzgün tətbiq olunduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu nəticəni Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun sayır.
42. Məhkəmə kollegiyası vurulmuş maddi zərərə görə 1452 manat pul tələbinin rədd olunması hissəsində də məhkəmənin düzgün nəticəyə gəldiyini qeyd edir və hesab edir ki, həmin hissədə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçı 345 manat əmək haqqının yarısının kart vasitəsilə, yarısının da hissə-hissə olmaqla ona tam ödənildiyini, lakin ödəmələrin vaxtında aparılmadığını, gecikmələrlə ödənildiyini bildirdi.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsi əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə rədd olunsun. Qətnamə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən əmək haqqının verilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq 634,8 (altı yüz otuz dörd manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.