Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3212/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 və üçüncü şəxs Ruslan Əzizovun iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik şəhadətnaməsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-485/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı və Cavabdeh1 qardaş-bacıdır. 2.Onların arasındakı mübahisə Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən, sahəsi 0,12 ha təşkil edən 6694 nömrəli bağ sahəsi ilə bağlıdır (bundan sonra – bağ sahəsi). Bağ sahəsi tərəflərin anası Sərfinaz Novruzovanın mülkiyyətində olub. O, xx.xx.2005-ci ildə ölüb. Ölüm tarixindən 9 il sonra - xx.xx.2015-ci ildə Bakı şəhəri 39 saylı Notariat Kontorunun notariusu cavabdehin adına bağ sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Şəhadətnamənin verildiyi tarixdən 6 gün sonra - xx.xx.2015-ci ildə bağ sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Mülkiyyət hüququnun qeydə aldındığı tarixdən 5 il sonra – xx.xx.2021-ci ildə cavabdeh bağ sahəsini alqısatqı müqaviləsi əsasında üçüncü şəxs Ruslan Əzizova 17.000 manata satıb. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, vərəsəlik şəhadətnaməsi və alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, miras qalmış bağ sahəsinə iddiaçının vərəsəlik hüququnun olması və miras payı müəyyən edilsin. 4.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ruslan Əzizov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 8.İddiaçı məhkəmə iclasına gəlməmişdir. 9.İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Miras xx.xx.2005-ci ildə açılıb. İddiaçı mirası qəbul etdiyini sübut edə bilməyib. O, birinci instansiya məhkəməsində icraat zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edib (iş v. 121). Lakin cavabdeh tərəf buna etiraz etdiyindən və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə mahiyyəti üzrə baxıb. Apellyasiya icraatı zamanı isə iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməyib, vəkil işə onun iştirakı olmadan baxılması xahiş edib. Apellyasiya icraatında iştirak edən üçüncü şəxs Ruslan Əzizov bildirib ki, bağ sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə satın alıb, həmin vaxtdan bağ sahəsi onun sahibliyindədir, bu müddətdə iddiaçı bir dəfə olsun bağ sahəsinə gəlməyib. 11.Beləliklə, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı mirası qəbul etməyib, cavabdeh isə mirası qəbul edib. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. İddiaçı mirası qəbul etmədiyinə görə, vərəsəlik şəhadətnaməsini və alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-485/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3212/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3212/2025
30.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver