Məhkəmə qərarları › İş №2(103)-3213/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3213/2024

04.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3213/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: töhmət verilməsinə dair əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X13 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “töhmət verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1841/2024 nömrəli 19 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 nömrəli əmrdə aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən əmr edirəm: 1. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X2 heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı töhmət verilsin. ... Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il 20 noyabr tarixli 3-17-4/3-1-93662/2023 nömrəli razılaşdırılması.”

2. Pansionatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində qəbul şöbəsində kargüzar vəzifəsində çalışan X18, X1 13:00 radələrində BRM-də keçiriləcək təlimə getdikləri üçün X4 direktoru X16 qəbul şöbəsinə yaxınlaşıb kompüter operatoru vəzifəsində çalışan İddiaçı pansionatdan xidmət alıb çıxan Ə.O.Ş-lərin jurnalda qeydiyyatının aparmasını tapşırdı. Cavab olaraq İddiaçı qızı “Xeyr mən bu işi səhv edərəm ona görə qeydiyyat işini icra etməyəcəyəm” deyə cavab verdi, direktor ona “siz diqqətli olub işləsəniz səhviniz olmayacaq bu çıxış yolu deyil” deyə ona iki dəfə təkrar tapşırıq verdi. Cavabında isə yenidən “Xeyr mən bu işi icra etməyəcəyəm”. Direktor ona “Bu işi əgər icra etmirsinizsə bu barədə izahat yazmalı olacaqsınız” deyə bildirdi, o isə “izahatda yazmıyacam” deyib yenidən etiraz etdi. Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması Mütəxəssis Paşayev G.B. oğluna tapşırıldı.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 nəzarət, audit, monitortinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsinin müdiri, baş mütəxəssisi, aparıcı mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, X4 kompüter operatoru vəzifəsində işləyən Ağayeva X14 direktoru Təranə Quliyevanın xx.xx.2023-cü il tarixdə 3-17-4/3-1-91443/2023 nömrəli xidməti məktubunda qeyd edilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədi ilə Agentliyə dəvət olunmuşdur. A.Ağeyeva qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da yazılı izahat verməkdən aşkar şəkildə imtina etmişdir.

4. İntizam tənbehinin verilməsinin razılaşdırılması haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədri Anar Bayramov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış Xidməti məruzədə aşağıdakılar göstərilmişdir: “ ...Agentliyin X4 direktoru Təranə Quliyeva xx.xx.2023-cü il tarixdə 3-17-4/3-1-91443/2023 nömrəli xidməti məktubla Pansionatın kompüter operatoru vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixində əlilliyi olan şəxslərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi barədə tapşırıq verilməsinə baxmayaraq, İddiaçı tapşırığı icra etməkdən aşkar şəkildə imtina etdiyini, digər işçilərin də şahidliyi ilə ona kobud şəkildə cavablar verdiyini, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətdiyini, tapşırığı icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyni bildirmişdir. Həmçinin, məruzədə İddiaçı daimi olaraq subordinasiya qaydalarını pozduğunu, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda isə hədəqorxular gəldiyini və təhdidedici sözlərlə digər əməkdaşlara qarşı da eyni hərəkətlər etdiyini, onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq, heç bir nəticəsi olunmadığını bildirmişdir. Məruzədə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X15 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair Pansionatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizam-intizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir aktın tərtib olunduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk etmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə tərəfimizdən müvafiq akt tərtib olunmuşdur. Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də X4 kompüter operatoru vəzifəsində işləyən İddiaçı şifahi olaraq qeyd edilən faktları etiraf etməsi, onun tərəfindən rəhbərinin tapşırıqlarını icra etməkdən imtina etməsi tərtib olunmuş aktlarla da öz təsdiqini tapmışdır. Həmçinin, İddiaçı tərəfindən həm Pansionatın direktorunun, həm də Agentliyin yazılı izahat tələbini rədd etməsi onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi, bundan başqa Agentliyin xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin intizam, etik və davranış” qaydalarının 4.2.2 bəndinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması aşkarlanmışdır”.

5. X4 direktoru Təranə Quliyeva tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzəsində aşağıdakıar göstərilmişdir: “ ... X6 kompüter operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində pansionatın direktoru tərəfindən Ə.O.Ş-lərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi tapşırılmışdır, lakin o bu işi icra etməyəcəyini bildirmişdir. Bu işi icra etməyəcəyini izahatla əsaslandırması söylədildikdə isə izahat da yazmayacağını bildirmişdir. Barəsində akt tərtib olunub müvafiq işçilər tərəfindən təsdiqlənmişdir. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, əməkdaş daim subordinasiya qaydalarını pozur, pansionat daxili qaydaların icrasını tələb etdikdə isə “mən məhkəmə ilə işə bərpa olunmuşam, heç kim mənə söz deyə bilməz,lazım gələrsə mən sizi işdən çıxartdıraram“ deyərək təhdidedici sözlərlə digər əməkdaşlara hədə qorxu gəlir. Dəfələrlə tərəfimdən söhbət aparılmasına baxmayaraq həm rəhbərliklə həm də digər əməkdaşlarla özünü adekvat aparmır”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən töhmətin verilməsi barədə 20 noyabr 2023-cü il tarixli əmri əsassız olduğundan ləğv edilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X2 heyətində kompüter operatoru vəzifəsində çalışır. Son bir neçə il ərzində adı çəkilən Pansionatda işləməyi əsl mənasında bir istiraba çevrilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayında məhkəmə qaydasında işə bərpa olunduqdan sonra pansionatının rəhbərliyi onunla sanki ədavət aparır. Məqsədləri bütün təsir vasitələrdən istifadə etməklə onun işdən kənarlaşdırılmasıdır. Bunun əyani nəticəsidir ki, 05 dekabr 2022ci il tarixdə rəhbərlik tərəfindən ona əsassız olaraq töhmət verilmişdir. X4 hazırkı direktoru olan Təranə Quliyevanın ona qarşı münasibəti daha şiddətli olmuşdur. Sonuncu kollektiv içində onu təhqir edir, hətta xəstələrinin yanında onu alçatmaqdan çəkinmir, “paranoid” xəstəsi adlandırır. Təranə Quliyeva çalışdıqları pansionatın foyesinə daxil olan zaman ayağa qalxmalıdırlar və oranı tərk edənə kimi ayaq üstündə qalmalıdırlar. 20 noyabr 2023-cü il tarixdə Təranə Quliyeva ona heç bir əsas olmadan töhmət verilməsini təşkil etmişdir. Əmrin surəti təqdim olunanda məzmunu onu lap təcübləndirmişdir. Çünki yazdıqları - “əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmir, əmək intizamına və müəssisədəki intizam qaydalarına əməl etmir, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verir” kimi ifadələr heç bir sərhəd çərçivələrə sıxmır. Onun əmək müqaviləsində aşağıdakı funksiyalar nəzərdə tutulmuşdur: ƏOŞ-nin (əlilliyi olan şəxslər) Mərkəzə dəvət və qəbulunu təmin etmək. Reabilitasiya alt sistemində ƏOŞ-lə saxlamaq. Sistemdə adları olan ƏOŞ-i proqram təminatına köçürmək. Qəbul olunmuş ƏOŞ-in qeydiyyat jurnalında qeydiyyatını aparmaq. Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. ƏOŞ-in qəbulunu reabilitasiya alt sistemində qeyd etmək. Müəssisəyə daxil olan zənglərə cavab verməsi, pasientlərin yaxınlarının suallanna cavab vermək. Çıxan xəstələrin qeydiyatını jurnalda aparmaq. Kartları arxivə yığmaq. Mətni daxil etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək. Kompüter şəbəkəsində iş aparmaq. İddiaçı əmək müqaviləsində qeyd olunan funksiyalardan yanız - “Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. Mətni daxil etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək” vəzifələrini yerinə yetirir. Qalan vəzifələri mərkəzləşdirilmiş internet vasitəsi ilə 1C proqramına girişi olmadığından icra etmir. Bunun səbəbi belə bir təminatın rəhbərlik tərəfindən ona verilməməsidir. Həmin vəzifələri rəhbərlik tərəfindən təminat verilən kargüzar aparır. X6 üç kompüter operatoru və bir kargüzar vəzifə ştatı var. Kompüter operatorunun vəzifəsi əmək müqaviləsində göstərilən vəzifələr olsa da, Pansionatın rəhbərliyi tərəfindən üç kompüter operatoru arasında iş bölgüsü aparılmışdır. Faktiki olaraq onun çalışdığı pansionatda kompüter operatoruna aid işləri iki kompüter operatoru və bir kargüzar tərəfindən aparılır. Halbuki, kargüzarın əlilliyi olan şəxslərin (ƏOŞ-nin) pansionata qəbuluna heç bir aidiyyəti yoxdur. Həmçinin kompüter operatoruna aid vəzifələr rəhbərlik tərəfindən digər şəxslərə də həvalə olunub.

8. Cavabdeh iddiaya etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanmış və iddiaçı Agentliyin X4 kompüter operatoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı fəaliyyəti ərzində rəhbərliyin tapşırıqlarını icra etməkdən aşkar şəkildə imtina etmiş, digər işçilərin də şahidliyi ilə öz rəhbərinə kobud şəkildə cavablar vermiş, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətmiş, tapşırıqları icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyini bildirmişdir. Həmçinin daimi olaraq subordinasiya qaydalarını pozaraq, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda hədə-qorxular gəlmiş və təhdidedici sözlərlə digər əməkdaşlara qarşıda eyni hərəkətlər etmişdir. Onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu hallarla bağlı X3 Agentliyin aparatına daxil olan aktlar və məruzələrdə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X15 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizamintizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir akt tərtib olunduğu müəyyən olunmuşdur. Məruzədə göstərilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk etmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə müvafiq akt tərtib olunmuşdur. Nəticədə, iddiaçının əmək fəaliyyəti zamanı öz vəzifə öhdəliklərini ardıcıllıqla pozduğuna görə barəsində aktlar tərtib olunmuş və 20 noyabr 2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 186-cı maddəsinin 2.a bəndinə uyğun olaraq töhmət verilmişdir. Töhmət verildikdən sonra da iddiaçı barədə davam edən şikayətlər olmuşdur. Onun öz iş yoldaşının ünvanına istifadə etdiyi təhqiramiz ifadələrə görə Agentliyin əməkdaşı və onun anası tərəfindən şikayət Agentliyə daxil olmuşdur.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 mart 2024-cü il tarixli 2(001)-1841/2024 nömrəli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı intizam tənbehinin verilməsi haqqında 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 saylı əmrin ləğv edilməsi, mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və X4 direktoru Təranə Quliyeva tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzə məhz xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və müəssisə tərəfindən pozuntu hesab edilmiş fakt ilə bağlıdır. Belə olan halda intizam tənbehinin verilməsi haqqında əmrin bir ay keçdikdən sonra – xx.xx.2023-cü il tarixdə verilməsinin hüquqi əsasları məhkəməyə təqdim edilmiş sənədlərdən aydın deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə buna cavab olaraq bildirmişdir ki, fakt xx.xx.2023-cü il tarixdə baş versə də, rəhbərlik tərəfindən iddiaçının tapşırılmış işi icra edilməməsi xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ona tapşırılmış işi icra etməkdən imtina etdikdən sonra X4 direktoru X16 tərəfindən “Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması mütəxəssis Paşayev G.B oğluna tapşırıldı”. Yəni, tapşırığın iddiaçı tərəfindən icra edilməməsi direktor tərəfindən dərhal aşkar edilmiş və gündəlik icra edilməli olan həmin işin icrası digər əməkdaşa tapşırılmışdır. Məhkəmə Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuş X18 və X12 şikayət ərizələrinə hazırkı iç çərçivəsində istinadını ümumiyyətlə anlaşılan hesab etmir. Belə ki, həmin ərizələr xx.xx.2023-cü il tarixdə verilmiş intizam tənbehinin əsası kimi qəbul edilə bilməz.

11. Məhkəmə göstərmişdir ki, iddiaçıya intizam tənbehi verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. İntizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilmədiyindən, digər məsələlərin araşdırılmasına zərurət yaranmasa da, Kompüter operatorunun Vəzifə təlimatı formasında “Reabilitasiya alt sistemində” icra edilən müxtəlif funksiyalar sadalansa da, İddiaçı həmin sistemə çıxışının olmaması (*cavabdeh tərəf bunun əksini məhkəmə araşdırılması gedişatında sübut edə bilməmişdir) və olmadığı təqdirdə, qeyd olunan funksiyaların icrasının ondan tələb edilməsi ağlabatan deyil.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 186.1, 186.2, 187.1, 187.2, 189.1, 189.4, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti, apellyasiya baxışı zamanı isə apellyasiya şikayətinə əlavə verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti və əlavə onunla əsaslandırılmışdır ki, işçinin əmək funksiyalarından olan - “qəbul olunmuş ƏOŞ-in qeydiyyat jurnalında qeydiyyatını aparmaq; müəssisəyə daxil olan zənglərə cavab verməsi, pasientlərin yaxınlarının suallarına cavab vermək; çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaq; rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək kimi vəzifələrinin icra edilməsi üçün işçiyə heç də mərkəzləşdirilmiş internet vasitəsi ilə 1C proqramına girişinin olması və xüsusi səlahiyyətinin olması tələb edilmir. İddiaçı pansionatda xidmət alıb çıxan əlilliyi olan şəxslərin məlumatlarını kağız daşıyıcıda olan jurnalda qeydiyyatını aparmaq vəzifəsi daşıyırdı və bu əmək vəzifəsini icra etməyib. Elektron sənədlərin imzalanması üçün nəzərdə tutulan elektron imzanın olmaması kağız daşıyıcıda olan jurnalda qeydiyyatın aparılmasına maneə olan hal sayıla bilməz. İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli töhmət əmri prosessual müddət çərçivəsində müddət ötürülməməklə 1 ay ərzində verilmişdir. Belə ki, 2023-cü ilin 18 və 19 noyabr tarixləri qeyri-iş günləri olduğundan və müddətin axımının sonuncu günü bu qeyri-iş günlərinə düşdüyündən intizam tənbehi barədə əmrin xx.xx.2023-cü ildə verilməsi qanunidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini və əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

17. İddiaçı və nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, Təranə xanım onu yanına çağıraraq birbaşa tapşırıq verməyib, sadəcə keçərkən və qayıdarkən soruşmuşdur ki, “bu jurnalı kim yazacaq”, bildirilmişdir ki, “Gündüz müəllim”, o da Yaşar müəllimin sözünün üstünə bildirmişdir ki, “Gündüz müəllim”, Təranə xanım soruşmuşdur ki, “Siz niyə yazmırsız”, o da girişi olmadığını bildirmişdir. Təranə xanım da demişdir ki, “onda izahat yazın”, o isə heç nə deməmiş, fikirləşmişdir ki, izahat yazmalı nəsə yoxdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 8. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

19. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

20. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

21. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

22. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

30. İddiaçı hazırki tələbində ona töhmətin verilməsi barədə 20 noyabr 2023-cü il tarixli əmri mübahisələndirmişdir.

31. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, intizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilməmişdir və Kompüter operatorunun Vəzifə təlimatı formasında “Reabilitasiya alt sistemində” icra edilən müxtəlif funksiyalar sadalansa da, İddiaçı həmin sistemə çıxışının olmaması (*cavabdeh tərəf bunun əksini məhkəmə araşdırılması gedişatında sübut edə bilməmişdir) və olmadığı təqdirdə, qeyd olunan funksiyaların icrasının ondan tələb edilməsi ağlabatan deyil.

32. Kollegiya hesab edir ki, məhkəmənin qəanəti qanunsuz və əsassız olmuşdur.

33. Əmək Məcəlləinin 187.2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

34. Məcəllənin 8.2-ci maddəsinə görə müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Əgər müddətin son günü qeyriiş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir (8.4).

35. Qeyd edilən fakta dair Pansionatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində qəbul şöbəsində kargüzar vəzifəsində çalışan X18, X1 13:00 radələrində BRM-də keçiriləcək təlimə getdikləri üçün X4 direktoru X16 qəbul şöbəsinə yaxınlaşıb kompüter operatoru vəzifəsində çalışan İddiaçı pansionatdan xidmət alıb çıxan Ə.O.Ş-lərin jurnalda qeydiyyatının aparmasını tapşırdı. Cavab olaraq İddiaçı qızı “Xeyr mən bu işi səhv edərəm ona görə qeydiyyat işini icra etməyəcəyəm” deyə cavab verdi, direktor ona “siz diqqətli olub işləsəniz səhviniz olmayacaq bu çıxış yolu deyil” deyə ona iki dəfə təkrar tapşırıq verdi. Cavabında isə yenidən “Xeyr mən bu işi icra etməyəcəyəm”. Direktor ona “Bu işi əgər icra etmirsinizsə bu barədə izahat yazmalı olacaqsınız” deyə bildirdi, o isə “izahatda yazmıyacam” deyib yenidən etiraz etdi. Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması Mütəxəssis Paşayev G.B. oğluna tapşırıldı.

36. 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 nömrəli əmrlə Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X2 heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı töhmət verilmişdir.

37. Göründüyü kimi qanunvericiliyin tələbinə görə müddətin axımı təqdim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən başlanır və müddətin son günü qeyri-iş günü olaraq ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

38. Baxılan iş üzrə icra intizamının pozulması xx.xx.2023-cü ildə aşkar edilmiş, müddətin axımı ertəsi gün, yəni 20 oktyabr tarixindən başlanılmış və 20 noyabr 2023-cü il tarixli əmrlə isə töhmət verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, 19 noyabr 2023-cü il tarixi qeyri-iş günü olmuşdur.

39. İddiaçı sistemə çıxışının olmamasına istinadən qeyd edilən funksiyanın icrasının ondan tələb edilməsinin ağlabatan olmaması ilə bağlı məhkəmənin qeyd etdikləri də əsassızdır.

40. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin “İşçinin əmək funksiyaları” adlı 3-cü paraqrafının 3.1.1-ci bəndində işçinin əmək funksiyaları sadalanmışdır, həmin funksiyalardan biri də “Çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaq”dır.

41. Hazırda iddiaçıya töhmət verilməsinə səbəb olmuş hal məhz bu funksiyanın icrası ilə bağlı olmuşdur.

42. İddiaçı birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin sualına cavab olaraq göstərmişdir ki, “Yeməkxanaya nəzarət üçün gələn Təranə xanım proqrama girişi olan 3 xanımın təlimdə olduğunu bildiyindən çıxış jurnalını kimin yazacağını soruşduqda “Gündüz müəllim yazacaq” deyə cavab vermişəm.”

43. Apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, Təranə xanım onu yanına çağıraraq birbaşa tapşırıq verməyib, sadəcə keçərkən və qayıdarkən soruşmuşdur ki, “bu jurnalı kim yazacaq”, bildirilmişdir ki, “Gündüz müəllim”, o da Yaşar müəllimin sözünün üstünə bildirmişdir ki, “Gündüz müəllim”, Təranə xanım soruşmuşdur ki, “Siz niyə yazmırsız”, o da girişi olmadığını bildirmişdir. Təranə xanımda demişdir ki, “onda izahat yazın”, o isə heç nə deməmiş, fikirləşmişdir ki, izahat yazmalı nəsə yoxdur.

44. Göründüyü kimi göstərilən vəzifəsinin icrası tapşırılmış, iddiaçı isə sistemə girişi olmadığını bildirmişdir, bununla bağlı ona izahat yazması bildirilmiş, o isə izahat yazmamışdır.

45. Yuxarıda qeyd edildiyi kimi tapşırılan funksiya “çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaqdır” və aydın məsələdir ki, qeydiyyatın jurnalda aparılması üçün iddiaçının sistemə girişinin olmasına ehtiyac olmamışdır, yəni bu hala istinadən göstərilən funksiyanı icra etməməsi əsassızdır.

46. İddiaçının birbaşa ona belə bir tapşırıq verilməməsi ilə bağlı qeyd etdikləri də əsassızdır, belə ki, özü bildirmişdir ki, jurnalı yazmadığına görə direktor ona izahat yazmasını demişdir, o isə izahat yazmalı bir hal olmadığını ehtimal edərək yazmamışdır. Buradan aydın olur ki, ona tapşırılmış vəzifəni icra etmədiyi üçün bununla bağlı izahat yazması tələb edilmişdir.

47. Göründüyü kimi işçi əmək funksiyasına daxil olan vəzifəni icra etməmiş və işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi olaraq töhmət verilmişdir.

48. Töhmət verilməsinə dair əmrin əsassız olması barədə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1841/2024 nömrəli iş üzrə 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “töhmət verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar