Məhkəmə qərarları › İş №2(103)-3216/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3216/2022

12.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3216/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2577/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh İcbari Sığorta Bürosuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakının bərpası üçün təmir işlərinin dəyəri olan, müstəqil sığorta şirkətinin əməkdaşlarının da təyin etdiyi cəmi 7447 manat pulun, eyni zamanda dövlət rüsumu və müstəqil sığorta şirkəti ilə müqavilə anlaşmasının haqqı 120 manat və ona uzun müddətdə ödənişi etməkdən yayındığı üçün 0.1 faizinin də tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2577/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi əsl olmayan tərəfə qarşı verilməsi əsası ilə təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7110/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, İcbari Sığorta Bürosundan 7.447 manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, qiymətləndirilmə xərci 120 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edimişdir. Cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-171/2022 saylı, 11.01.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7110/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi Nümayəndə2 ayılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, şikayət tam əsassızdır, müqavilə iddiaçı ilə ASC "xxxx" Sığorta Şirkəti arasında bağlanıb, iddiaçı 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmiş, ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və imtinanın əsası kimi ona istinad etmişdir ki, araşdırma zamanı iddiaçının evinin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadının, mətbəx və hamamının divarları çat verərək aralanmışdır. Beləliklə, hazırkı mərhələdə sığorta hadisəsinin olub-olmamasını yoxlanılmasının əhəmiyyəti yoxdu. İddiaçı hazırda ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti tərəfindən onun müraciəti ilə bağlı 06.05.2021-ci il tarixli imtinanı mübahisələndirməli, onun nəticəsindən asılı olaraq sığorta hadisəsinin olduğu müəyyən edildiyi təqdirdə, İcbari Sığorta Bürosu tərəfindən ödəniş edilə bilər. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. BB 151581 saylı Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta edilmişdir. İddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmiş, ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və imtinanın əsası kimi ona istinad etmişdir ki, araşdırma zamanı iddiaçının evinin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadının, mətbəx və hamamının divarları çat verərək aralanmışdır. “Standart İnsurance Sığorta Şirkəti” tərəfindən Nümayəndə2 ünvanlanmış məktubdan görünür ki, “İcbari Sığortalar Haqqında” Qanunun 21.1, 36.3-cü maddələrini nəzərə alaraq şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsi mümkün hesab edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)- 6321/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkətinə” qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmış və qeyd edilmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Ali Məhkəmə 2(102)- 171/2022 saylı, 11.01.2022-ci il tarixli qərarının 55-ci bəndində göstərmişdir ki, sığortaçının müflis elan olunması ilə əlaqədar kreditorların tələblərinin həlli qaydası müəyyən olunmuşdur və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “İcbari sığortalar haqqında” Qanunun 32.1-ci maddəsi də həmin qaydalar nəzərə alınmaqla tətbiq olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara aydınlıq gətirməmişdir. Qərarın 56-cı bəndində göstərmişdir ki, ...apellyasiya instansiyası məhkəməsi İcbari Sığorta Bürosunun cavabdehlik daşıdığı barədə qəti nəticəyə gəlmiş olsa belə, iddianın təmin olunması üçün digər şərtin mövcudluğunu - sığorta hadisəsi olub-olmamasını müəyyən etməlidir. Bu baxımdan mübahisəyə nəzər salındıqda görünür ki, iddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və imtinanın əsası kimi ona istinad etmişdir ki, araşdırma zamanı iddiaçının evinin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadının, mətbəx və hamamının divarları çat verərək aralanmışdır. Mülki iş materiallarında olan BB 151581 saylı Daşınmaz Əmlakın İcbari Sığortası haqqında Şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B saylı fərdi yaşayış evi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta edilmişdir. ASC "xxxx" Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv edilmiş və şirkətin müflis elan edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəmsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsinə əsasən ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(006)- 6321/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan “Standart Sığorta Şirkətinə” qarşı “sığortalı əmlaka dəymiş zərərin ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmış və qeyd edilmişdir ki, sığorta şirkətlərinin ləğvi ilə əlaqədar yaranmış praktika və qanunun analogiyasına əsasən müəyyən olunur ki, müflis elan olunmuş banklara münasibətdə olduğu kimi müflis elan edilmiş sığorta şirkətləri ilə bağlı iddialara da iflas proseduruna nəzarət edən məhkəmədə baxılır. İddiaçı sığortaçıya 25 sentyabr 2020-ci il tarixli məktubla müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənilməsini xahiş etmiş, ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti iddiaçının müraciətinə 06.05.2021-ci il tarixli məktubla cavab verərək sığorta ödənilməsindən imtina etmiş və imtinanın əsası kimi ona istinad etmişdir ki, araşdırma zamanı iddiaçının evinin daxilində yerləşən hamamın döşəməsinin altından keçən su xəttinin gizli olaraq uzun müddət ərzində axıtmasından özülə uzun müddət su dolmuş və nəticədə özülaltı torpağın çökməsindən evin bütün 4 yaşayış otaqlarının fasadının, mətbəx və hamamının divarları çat verərək aralanmışdır (i/v 72). Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası qanununun 45.3-cü maddəsinə əsasən kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə həmin maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Cavabdeh hazırkı iddia tələbində etiraz dəlilində qeyd edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Sığorta Şirkətinin ona ünvanladığı 06.05.2021-ci il tarixli məktubla sığorta hadisəsi olmadığ üçün sığorta ödənişindən imtinasını mübahisələndirməlidir, bundan sonra sığorta hadisəsinin olması təsdiq edildiyi halda, sığorta bürosu tərəfindən ödəniş edilə bilər. Belə olan halda, Məhkəmə kollegiyası hazırkı işin müəyyən olunmuş digər halları ilə yanaşı cavabdehin etiraz dəlilləri ilə razılaşaraq və onları nəzərə alaraq qeyd edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Eyni zamanda, iddiçıya ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş 06.05.2021-ci il tarixli sığorta ödənişindən imtinanı mübahisələndirmək hüququnun olması izah edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlərlə birlikdə tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, rayon məhkəməsi iş üzrə maddi və prosessual qanunvericiliyin tətbiqində səhvə yol verməmiş, düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2577/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiçıya ASC "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş 06.05.2021-ci il tarixli sığorta ödənişindən imtinanı mübahisələndirmək hüququ izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vüsalə Baxışova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar