Məhkəmə qərarları › İş №2(103)-3220/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3220/2022

29.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3220/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə 04.08.2021-ci il tarixli, K/248 nömrəli əmr ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə - Azərbaycan Respublikası Qida X2 X4 təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə bərpa olunsun, məcburi işburaxmaya görə əmək haqqı ödənilsin, habelə mənəvi zərərin əvəzi kimi 1.000 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı Azərbaycan Respublikası Qida X2 X4 təhlükəsizliyinə nəzarət sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin 04.08.2021-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə ləğv edilib. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olub, müqavilənin müddəti 04.08.2021-ci il tarixdə bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia ərizəsində bir neçə hala istinad olunub. Eyni hallara apellyasiya şikayətində də istina olunub. Birinci, iddiaçı qeyd edir ki, əmək vəzifələrinin icrası zamanı heç vaxt nöqsana yol verməyib. Məhkəmə qeyd edir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün müddətin qurtarması kifayətdir. İkinci, iddiaçı qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununda Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməsi göstərilməyib. Məhkəmə qeyd edir ki, əmrin məzmununda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunub. Üçüncü, iddiaçı qeyd edir ki, əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün işçiyə verilməli olsa da kitabça ona verilməyib, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi isə 10 gündən sonra verilib. Məhkəmə qeyd edir ki, həmin hallar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar