Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3220/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh4 verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina № 25-də yerləşən 12 saylı mənzildən cavabdehlərin çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 648 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamı əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 006367 saylı orderi əsasında ona ayrılmışdır. İddiaçı özü və ailə üzvləri 10 ildən çoxdur ki, həmin mənzildə qeydiyyatdadırlar. Buna baxmayaraq onlar həmin mənzilə köçüb, mənzildə yaşaya bilmirlər, çünki Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdehlər həmin mənzili qanunsuz olaraq zəbt etmişlər. İddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək, mənzilin boşaldılmasını xahiş tələb etsələr də, cavabdehlər mənzildən çıxmırlar. Buna görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehlərin iddia tələbinə münasibətləri barədə məlumat
3. Cavabdeh4 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hal-hazırki vəziyyətdə iddia tələbini qəbul etmir. Belə ki, mənzilin iddiaçıya ayrılması qanunsuz olmuşdur. Çünki mənzilə dair iddiaçıya order verilən zaman onlar həmin mənzildə, artıq 1997-ci ilin mart ayından etibarən yaşayırdılar. Onlar həmin mənzildə məcburiyyət qarşısında qalaraq, məcburi köçkün kimi məskunlaşmışlar. Onlar, onlara yaşayış sahəsinin verilməsi ilə bağlı Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişlər. Komitə tərəfindən onlara, onların Bakı şəhərində məskunlaşmalarına, işləmələrinə, uşaqların Bakı şəhərində təhsil almalarına baxmayaraq, onlara Şirvan şəhərində ev təklif etmiş, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq təklifi qəbul etməmiş və Bakı şəhərində onlara ev verilməsini xahiş etmişlər. Ancaq ata-baba yurdları olan Cəbrayıl rayonunda onlara gələcəkdə ev verilərsə, onlar mübahisəli mənzildən özləri çıxacaqlar.
4. Cavabdeh3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə eyni məzmunla izahat vermişdir.
5. Digər Cavabdehlər iddiaya dair münasibətlərini bildirməmiş, məhkəmə baxışı iclasında da iştirak etməmişlər. Buna görə də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil qanuni əsasla iddiaçıya məxsusdur. Cavabdehlərin həmin mənzildə yaşamalarının hüquqi əsası yoxdur. Buna görə də, iddia əsaslı hesab edilərək, təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh4 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsaları Cavabdeh4 Rayon Məhkəməsinə verdiyi izahatın məzmunun ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
10. Apellyator olan Cavabdeh4 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin, habelə iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat vermişdir.
11. O, apellyasiya baxışının növbəti iclasına, digər cavabdehlər isə apellyasiysa baxışının heç bir iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam ilə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina № 25-də yerləşən 57 saylı mənzilin iddiaçıya ayrılması ilə əlaqədar verilmişdir.
15. Bakı Şəhəri Yasamal RİH başçısının xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, RİH-nin xx.xx.2008-ci il tarixli sərəncamı ilə iddiaçıya yuxarıda qeyd edilən ünvanda yerləşən 57 saylı mənzil verilməli idi. Lakin həmin sərəncama RİH-nin xx.xx.2013-cü il tarixli sərəncamı ilə mənzilin nömrəsi ilə bağlı düzəliş edilmiş, mənzilin 12 saylı mənzil olması müəyyən edilmişdir.
16. RİH tərəfindən iddiaçının adına verilmiş 006367 saylı orderdən görünür ki, order, iddiaçıya, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina № 25-də yerləşən 12 saylı mənzilə köçüb, yaşaması üçün verilmişdir.
17. Orderdə iddiaçının özünün, arvadının və qızının adları göstərilmişdir. İş üzrə cavabdehlərin həmin orderdə adları yoxdur.
18. İşdə olan sənələrdən görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün olan iş üzrə cavabdehlər Cəbrayıl rayonun Hacılı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar.
19. İşin hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya ayrılmış mənzildə yaşayırlar. Cavabdeh4 bildirir ki. onlar 1997-ci ilin mart ayndan həmin mənzildə yaşayırlar.
20. Məhkəmə qeyd edir ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə ermənistan ordusu tərəfindən işğal edilmişdir. Cəbrayıl rayonundan olan məcburi köçkünlər Azərbaycan Respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar.
21. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, məcburiyyət qarşısında Cəbrayıl rayonunu tərk etmiş cavabdehlər mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmamışlar. Onlar 3 ildən yuxarı müddət ərzində başqa yerdə yaşamışlar.
20. Bu baxımdan Məhkəmə hesab edir ki, mübahisəli mənzil cavabdehlərin məcburi köçkün olaraq məskunlaşdığı yer deyil, onlar həmin mənzili sonradan zəbt etmişlər.
21. Bundan başqa qeyd edilməlidir ki, “Akimova Azərbaycana qarşı” iş üzrə (şikayət № 19853/03) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında məcburi köçkünlərin order əsasında Akimovaya verilmiş mənzildə 1997-ci ildən yaşamalarını, sonuncunun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir.
22. Qeyd edilən qərarda təsbit edilmiş hüququ mövqedən hazırkı işin həllinə yanaşdıqda müəyyən edilir ki, mübahisəli mənzil iddiaçıya order əsasında ayrılsa da, iddiaçının həmin mənzil üzərində gözlənilən mülkiyyət hüququ mövcuddur və bu baxımdan mənzil iddiaçının mülkiyyətində olan əmlak sayıla bilər.
23. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.). Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29.).
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
25. Daha sonra nəzərə alınmalıdır ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamalarının heç bir hüquqi əsası yoxdur.
26. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterlidir. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
30. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdehlər, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər. İş üzrə iddiaçı isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
31. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.