Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3222/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X13 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3207/2019saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçılar İddiaçı1 və X9 (Aleskerova Aygun) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, X6, azyaşlı övladları X3 və X4 ünvan 1 ünvanına köçürülməsi və mənzildə yaşamasına dair hər hansı bir qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3207/2019saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddia təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki,2014-cü ildə iddiaçının qardaşı Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq, həmin vaxtdan həmin mənzilə köçüb orada yaşayır. Onlar evlənərkən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 108, 70 saylı mənzilin Fərhada məxsus olduğunu bildirmişlər. Lakin sonra bilmişdir ki, onu aldadıblar. Ona görə də aralarında narazılıq yaranmışdır. Hazırda iddiaçı Mikayıl və ailəsi həmin mənzildə yaşamır, onlar başqa ünvanda yaşayırlar. Eyni zamanda, bildirdi ki, iddiaçılardan İddiaçı1 azyaşlı övladları ilə birgə mənzilə köçməsinə razı olsa da, digər iddiaçı A.Ələsgərovanın mənzilə köçməsinə qətiyyən razı deyil. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, İddiaçı1 və Cavabdeh2 qardaşdırlar, mənzil isə onların anası V.Ələsgərovanın mülkiyyətindədir. Onlar uzun müddət həmin mənzildə mehriban yaşamışlar. Təxminən, bir ilə yaxındır cavabdehlər ilə iddiaçının və onun ailə üzvləri arasında söz-söhbətlər yaranmışdır. Yaranmış söz-söhbətə səbəb isə cavabdehlərin iddiaçıların qeyd olunan ünvanda yaşamalarına icazə verməməsi olmuşdur. Halbuki, həmin mənzil bu qardaşların anası (üçüncü şəxs) V.Ələsgərovanın mülkiyyətindədir ki, o da iddiaçının və onun ailə üzvlərinin həmin ünvanda yaşamalarına rəsmi qaydada icazə verib, lakin bütün bunlara baxmayaraq, cavabdehlər onların qeyd edilən ünvanda yaşamalarına mane olur. Rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxs V.Ələsgərova məhkəmə iclasına gəlməmişlər vəsəbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 108 saylı evin 70 saylı mənzili X1 xüsusi mülkiyyətindədir. İddiaçılar həmin mənzilə qeydiyyatdadırlar. İddiaçı1 X1 oğludur. İddiaçı1 və X9 06dekabr 2009-cu ildən rəsmi nikahdadırlar, onların birgə nikahdan xx.xx.2010-cu ildə X7 və xx.xx.2012-ci ildə X8 doğulmuşdur. X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 108 saylı evin 70 saylı mənzilinə İddiaçı1 və ailə üzvlərinin köçməsinə və yaşamasına razıdır, heç bir etirazı yoxdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 108 saylı evin 70 saylı mənzili V.Ələsgərovanın xüsusi mülkiyyətindədir. İddiaçılar həmin mənzilə istifadə hüququ olan şəxslərdir. Cavabdehlər isə onların həmin mənzildə yaşamalarına mane olur. Mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, özünə məxsus həmin mənzilə hazırkı iş üzrə iddiaçıların köçməsinə və yaşamasına razıdır, heç bir etirazı yoxdur. Belə olan halda Kollegiya hesab edir ki, hazırkı işin faktiki halları və istinad olunan maddi hüquq normaları baxımından iddia tələbi əsaslı olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, onun tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3207/2019saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3222/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3222/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver