Məhkəmə qərarları › İş №2(103)-3224/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3224/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3224/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər: X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, birləşdirilmiş birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İddiaçı vəkili-nümayəndəsi Vəkil1, birinci mülki iş üzrə cavabdeh (birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı) "xxxx" MTKnın vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, birinci mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (Shirinzade Orkhan və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi və s.”; birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-nın cavabdeh Shirinzade Orkhana qarşı (İddiaçı, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və 16 saylı Mənzil Kommunal İstismar sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan ona vurulmuş maddi zərərin qanuna müvafiq hesablanıb ödənilməklə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzilinin əvvəlki vəziyyətə qaytarılması və ya bu mümkün olmadıqda isə ona dəymiş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu olan 577 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 nömrəli evin 22 nömrəli mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfinfən verilmiş Seriya RX, ******* nömrəli (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bundan başqa, onun mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 ünvanında 110.8 kv.metr olan qeyri-yaşayış sahəsi də olmuşdur. Mənzili də həmin qeyri-yaşayış sahəsinin arxasında ona bitişik idi. İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini 12 aprel 2016-cı il tarixdə kürəkəni ilə onu təhdid və şantaj edərək, hədə-qorxu yolu ilə alqı-satqı müqaviləsi bağlatmaqla əlindən almışdılar. Ondan sonra iddiaçı qeyri-yaşayış sahəsini əlindən alan şəxslərin qorxusundan mənzildə yaşaya bilməmiş, lakin hərdən gedib mənzilə baş çəkmişdir. Sonra qonşulardan eşitmişdir ki, həmin ərazidə yerləşən evlərin sökülərək yerində hündürmərtəbəli binalar tikilməsi barədə söz-söhbətlər gedir. O da gözləyirmiş ki, həmin ərazini alan şəxslər onunla əlaqə saxlayıb, qanuna müvafiq olaraq mülkiyyətində olan mənzillə bağlı iddiaçı ilə müqavilə bağlanacaq, müqavilədən gələn qarşılıqlı razılaşmadan sonra mənzil söküləcəkdir. Bu yaxınlarda eşitmişdir ki, onun mülkiyyətində olan həmin mənzil sökülmüş və yerində hündürmərtəbəli bina tikilir. Bundan sonra o müəyyənləşdirmişdir ki, "xxxx" MTK tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54 nömrəli evin 22 nömrəli mənzili onun xəbəri olmadan, ona bildirilmədən, onun orada müvəqqəti yaşamamağından istifadə edərək qanunsuz olaraq sökməklə qəsdən məhv etmişlər. Cavabdeh "xxxx" MTK-nın rəhbəri onun statusunda olan bir şəxsi şəxsən özü axtarmalı və bu niyyəti barədə məlumatlandırmalı idi. Lakin cavabdeh onu xəbərdar etmədən özbaşına olaraq onun mülkiyyətində olan mənzili dağıtmışdır. O bu özbaşınalığa dözə bilməz və sonuna qədər mübarizə aparacaq. Qeyd edilən özbaşınalıq onda və ailə üzvlərində çox ciddi psixoloji sarsıntı yaratmış, onlar mənəvi iztirab keçirmişlər, hazırda da bu sarsıntı davam edir. Onun evi hər hansı sənəd və əsas olmadan özbaşına sökülmüş və o, evin altında yerləşən özünə məxsus torpaq sahəsindən məhrum edilmişdir. Bununla da cavabdeh "xxxx" MTK onun Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. O cavabdeh "xxxx" MTK-dan həmin ərazini hansı sənəd əsasında əldə etməsi və onun mülkiyyətində olan mənzilin sökülməsinə əsas verən sənədlərin verilməsi barədə şifahi olaraq müraciət etsə də, cavabdeh həmin sənədləri ona verməkdən imtina etmişdir. Bununla da cavabdeh "xxxx" MTK-dan ona məxsus mənzilin əvvəlki vəziyyətə qaytarılması, əgər bu mümkün olmadıqda isə dəymiş 236.850 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin, ödənilmiş dövlət rüsumu 577 manat pulun və vəkil üçün ödənilmiş 150 manat pulun alınaraq ona ödənilməsini tələb etmək ədalətli olardı . İddiaçı "xxxx" MTK cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Shirinzade Orkhan arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunması, 1.1-ci bəndin “Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nəsimi rayonu, Azadlıq 54 ünvanında yerləşən Mülkiyyətçiyə məxsus, sahəsi 110.8 kv.m olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə təmirli yeni inşa ediləcək binadan 121.88 kv.m ölçülü qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m olan bir qarajı Mülkiyyətçiyə verməyi öhdəsinə götürür” məzmununda, 2.1.1-ci bəndin isə “Mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışın köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin sahibi olduğu qeyri-yaşayışı "xxxx" MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1845 (min səkkiz yüz qırx beş) manat məbləğində kirayə haqqı ödəyir” məzmununda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı MTK qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü həyata keçirmək, cavabdehin istifadəsində olan faktiki sahəsi 155 kv.m., 2-ci mərtəbə (mansard) – 45 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzində yeni inşa ediləcək binadan 230 m2 sahəli qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olan bir ədəd qarajı cavabdehə verməyi öhdəsinə götürmüşdür. İddiaçıya təqdim edilən **********07-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən, ünvan 3 ünvanında 110,80 m2 sahəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsinin bütün sahəsinin ona məxsus olduğunu, 110,80 m2 sahənin çıxarışda qeyd edildiyi, qalan sahənin isə qeydiyyata alınmadan özünün faktiki istifadəsində olduğunu iddiaçıya bildirmişdir. Buna görə də onunla ümumilikdə 210 m2 faktiki sahənin əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Lakin daha sonra İddiaçı tərəfindən mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətə qaytarılması və ya vurulmuş zərərə görə kompensasiya tələbinə dair iddia qaldırılmışdır. Həmin iş üzrə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, İddiaçı ünvan 3 ünvanında 22 saylı mənzilə dair reyestrdən çıxarışı mövcuddur. Həmin mənzil isə hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndində göstərilən, faktiki sahəsi 155 kv.m., 2-ci mərtəbə (mansar) – 45 kv.m. olan qeyriyaşayış sahəsinin bir hissəsi ilə eynilik təşkil edir. Bununla da müəyyən olunur ki, cavabdeh başqa şəxsə məxsus əmlakı öz qeyri-yaşayış sahəsinə qataraq iddiaçını aldatmış, ondan daha böyük sahəli əmlakın əldə edilməsi üçün bu yola əl atmışdır. Ona görə də hazırkı müqavilənin şərtlərinin, o cümlədən aylıq kirayə haqqının dəyişdirilməsi və həqiqi sahəyə uyğunlaşdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən yanlış məlumat verilməklə iddiaçı aldadıldığı üçün tərəflər arasında bağlanmış əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndləri etibarsız hesab olunmalıdır. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, cavabdeh özünün bildirdiyinə əsasən ona məxsus 210 kv.m. qeyri-yaşayış sahəsi müqabilində 10 % daha artıq sahəli 230 kv.m. sahənin və 1 ədəd 40 kv.m. qarajın verilməsinə razı olmuşdur. Buna əsasən yuxarıda qeyd edilən bəndlər etibarsız hesab edildikdən sonra tərəflərin razılığına əsasən cavabdeh 110,8 kv.m. sahəyə uyğun 10 % daha artıq 121,88 kv.m. qeyri-yaşayış sahəsinin və 1 ədəd qarajın cavabdehə verilməsi müəyyən edilməlidir. Eyni zamanda, hazırkı əvəzləşdirmə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, iddiaçı 210 kv.m. sahəyə görə 3.500 manat aylıq kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu isə 1 kv.m. üçün 16,66 manat deməkdir. Həmin qiymət əsasında 110,8 kv.m. üçün aylıq kirayə haqqı 1.845 manat müəyyən edilməlidir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya qarşı əvəzləşdirmə müqaviləsində göstərilən aylıq kirayə haqqının verilməsinə dair iddia tələbinə də Nizami Rayon Məhkəməsində baxılmaqdadır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər birləşdirilərək, tələblərə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə birinci mülki iş üzrə İddiaçı birinci mülki iş üzrə cavabdeh "xxxx" MTKya qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan maddi zərərin əvəzi kimi 111.084 (bir yüz on bir min səksən dörd) manat, mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat olmaqla, cəmi 112.084 (bir yüz on iki min səksən dörd) manat məbləğində pulun birinci mülki iş üzrə İddiaçı verilməsi; birinci mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 170 (bir yüz yetmiş) manat hissəsi və hüquqi xidmət xərcinin 30 (otuz) manat hissəsi birinci mülki iş üzrə cavabdeh "xxxx" MTK-dan alınaraq birinci mülki iş üzrə İddiaçı verilməsi; məhkəmə xərclərinin qalan hissəsinin birinci mülki iş üzrə İddiaçı aid edilməsi; birinci mülki iş üzrə iddianın qalan hissədə təmin edilməməsi; birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı "xxxx" MTK-nın birləşdirilmiş ikinci mülki iş üzrə cavabdeh Shirinzade Orkhana qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab olunması və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2(006)-89/2025 saylı qətnaməsinin birinci mülki işə aid hissədə ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi, yalnız maddi zərərin əvəzi kimi 72.565 manat məbləğində pulun birinci mülki iş üzrə İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci mülki iş üzrə cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (Shirinzade Orkhan və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki işə aid hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qətnamənin bu hissəsinin yoxlanılması təşkil edir. Apellyasiya baxışı zamanı birləşdirilmiş birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) İddiaçı vəkilinümayəndəsi Vəkil1 və birinci mülki iş üzrə cavabdeh (birləşdirilmiş ikinci mülki iş üzrə iddiaçı) "xxxx" MTK-nın vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. "xxxx" MTK ünvan 3 ünvanında yerləşən 22 saylı mənzildə İddiaçı payına görə kompensasiya qismində İddiaçı 105 000 (yüz beş min) manat nağd qaydada verir.

2. İddiaçı təsdiq və qəbul edir ki, bu Sazişin birinci bəndində qeyd edilən məbləğ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsində ona dəyən maddi və mənəvi zərərin əvəzi kimi göstərilən pulun əvəzinə verilir, bununla bağlı onun heç bir tələb və etirazı yoxdur, gələcəkdə də olmayacaqdır.

3. Tərəflər öhdəlik götürürlər ki, bu barışıq sazişi təsdiqləndikdən sonra Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-3224/2025) ərizə ilə müraciət edərək eyni məzmunda barışıq sazişinin təsdiq olunması və icraata xitam verilməsini xahiş edəcəklər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (Shirinzade Orkhan və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 22 iyul 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi həmin mülki işə aid hissədə ləğv edilməklə, mülki işin icraatının bu hissəsinə xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPMnin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı və cavabdeh "xxxx" MTK arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 22 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. "xxxx" MTK ünvan 3 ünvanında yerləşən 22 saylı mənzildə İddiaçı payına görə kompensasiya qismində İddiaçı 105 000 (yüz beş min) manat nağd qaydada verir.

2. İddiaçı təsdiq və qəbul edir ki, bu Sazişin birinci bəndində qeyd edilən məbləğ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsində ona dəyən maddi və mənəvi zərərin əvəzi kimi göstərilən pulun əvəzinə verilir, bununla bağlı onun heç bir tələb və etirazı yoxdur, gələcəkdə də olmayacaqdır.

3. Tərəflər öhdəlik götürürlər ki, bu barışıq sazişi təsdiqləndikdən sonra Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-3224/2025) ərizə ilə müraciət edərək eyni məzmunda barışıq sazişinin təsdiq olunması və icraata xitam verilməsini xahiş edəcəklər.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi qismən – İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (Shirinzade Orkhan və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki işə aid hissədə ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (Shirinzade Orkhan və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları onlara geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar