Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3226/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), lundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı intizam tənbehlərinin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və maddi xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 906/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB ilə aralarında bağlanmış xx.xx.2015-cü il tarixli 1001 nömrəli əmək müqaviləsinə əsasən Birliyin Bakı X10 Departamentinin Qaradağ rayonu üzrə Texniki istismar xidmətinə əsas 5ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsində xx.xx.2016-cı il tarixində dəyişiklik edilərək, işçinin vəzifəsi Birliyin Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə əsas 5-ci dərəcəli qaz avadanlıqların təmiri və istismarı üzrə çilingər vəzifəsinə qəbul edilmişdir.
2. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-364/2023 nömrəli əmrinə əsasən əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir.
3. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-482/2023 nömrəli əmrinə əsasən əmək funksiyasının layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
4. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594/2023 nömrəli Əmrinə əsasən əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə Birliyin Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidmətinin qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək haqqından ¼ məbləğində cərimə edilmişdir.
5. Cavabdeh İB-nin BRQİD-nin Mərkəzi TİX-nin rəisi, rəis müavini, usta, yeni qazlaşma komissiyasının üzvü və təmir işləri aparan obyektin iş icraçısı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, daxil olmuş məlumat əsasında Səbail rayonu, Nizami küçəsi 48 ünvanına baxış keçirilmiş, İddiaçı tərəfindən qaz xəttlərinin və qaz sayğacının yerinin dəyişdirildiyi aşkar edilmişdir.
6. Hüquq Departamentinin rəisi tərəfindən Cavabdeh İB-nin baş direktoruna ünvanlanmış xidməti yazıda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xidmətin əməkdaşları tərəfindən İddiaçı xidmət etdiyi əraziyə baxış keçirilən zaman, İddiaçı əvvəlki intizam tənbehlərindən nəticə çıxarmayaraq yenidən eyni xarakterli intizam pozuntusu törətməsi aşkar edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıq verilməsi xahiş edilmişdir.
7. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Səbail rayon Qaz İstismar İdarəsinin işçiləri X2 və İddiaçı əməllərində qanunazidd hərəkətlər müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-İK-904/2023 saylı əmrinə əsasən işçi İddiaçı ilə bağlanılmış xx.xx.2015-ci il tarixli 1001 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam təhbehlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması) xitam verilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli 77-04ə nömrəli Qərarından çıxarışdan görünür ki, Bakı Regional Qazın İstismarı Departamentinin Mərkəzi rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
10. İddiaçı xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almış, iddia ərizəsi poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh İB qarşı işəgötürənin xx.xx.2023-cü il tarixli aktın qanunsuz və etibarsız hesab edilməsi, Birliyin BRQİD-nin Baş mühəndisinin xx.xx.2023-cü il tarixli 14-2-2-3/3-11-5111/2-23 saylı təqdimatının qanunsuz və etibarsız hesab edilməsi, Birliyin Hüquq Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2- 24/3-11\2599/2023 saylı xidməti məlumatın qanunsuz və etibarsız hesab edilməsi, Birliyin HİK-nın protokollarının və xx.xx.2023-cü il tarixli 77-04ə saylı qərarının qanunsuz və etibarsız hesab edilməsi, işəgötürənin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmri, xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594 saylı əmri verilmiş intizam tənbehlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Cavabdeh İB-də əvvəlki iş yerinə, yəni Birliyin BRQİD-nin Mərkəz rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlığının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri vəzifəsinə bərpa olması tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsinin əsaslarına səbəb olmuş işəgötürən tərəfindən verilmiş intizam tənbehləri hər biri ayrı-ayrılıqda qanunsuzdur və əsassızdır. Eyni zamanda, X1i qaydada razılığı alınmadan işdən azad olmuşdur. Maddi və prosessual hüquq normaları kobud şəkildə pozulduğundan "Azəriqaz” İB-nin onun barəsində bütün əmrləri ləğv edilməlidir. Həmçinin, intizam pozuntusunun aşkar olunduğu gün xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, işəgötürən xx.xx.2023-cü il tarixdə X6 Komitəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. Beləliklə, cavabdeh intizam pozuntusu aşkar olunduğu gündən 1 ay 24 gün sonra intizam tənbehini vermişdir.
13. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ilə müraciət edərək, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən verilmiş əmrlə işdən azad edilmiş, bundan 8 gün sonra xx.xx.2023-cü il tarixində o mediasiyanın tətbiqi barədə təkliflə mediatora müraciət etmiş, xx.xx.2023-cü il tarixində mediasiya sessiyası tərəflər arasında başa çatmışdır, bundan 27 gün sonra isə xx.xx.2023-cü il tarixində o, iddia icraatı qaydasında işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən olunur ki, İddiaçı işdən azad edildikdən 1 təqdim ayı keçdikdən sonra 35 gün sonra məhkəməyə müraciət etmiş, bununla da o, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
14. Daha sonra Cavabdeh İB-nin nümayəndəsi yenidən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin üzrlü olmayan səbəblərdən ötürüldüyünü, işəgötürən cavabdeh hüquqi şəxs tərəfindən iddiaçı barəsində verilmiş əmrlərin iddiaçı tərəfindən bu günə kimi mübahisələndirilmədiyni və ləğv edilmədiyini nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
15. İddiaçı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəməyə müraciət edərək bildirmişdir ki, intizam tənbehlərindən tabeçilik qaydasında şikayətlər verməyi və onların verilməsinə əsas olmuş sənədlərlə tanış olmaq istəyi həmin qərarları qəbul edildikdən sonra başlanmışdır. Lakin, bu şikayət və istəkləri heç biri bu günə kimi təmin olunmamışdır. İddiaçının hüquqlarını pozan 1-ci, 2-ci, 3-cü və 4-cü intizam tənbehinin verilməsinə əsas olmuş özünə aid Birliyin, o cümlədən BRQİD-nin vəzifəli şəxslərinin xidməti yazılarının və HİK-nin qərar və protokolları ilə rəsmən tanış ola bilməmişdir. Bu səbəblə də o, Azərbaycan Respublikası 186-cı maddəsinin 2-ci bəndinə əsasən verilmiş İşəgötürənin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı, xx.xx.2023-cu il tarixli 14-2-2/3-İİ-364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ- 482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ-594 nömrəli əmrlərlə verilmiş intizam tənbehlərindən verdiyi hazırkı şikayətə baxılması üçün Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 130-133-cü maddələrində nəzərdə tutulmuş müddəti üzrlü səbəblər nəticəsində buraxılmış hesab edilməsini xahiş etmişdir.
16. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 906/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia qismən təmin edilmiş, “Azəriqaz" İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-904/2023 saylı əmr və həmin əmrə əsasən tətbiq edilmiş intizam tənbehinin ləğv edilməsi, İddiaçı Cavabdeh Bakı X10 Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismarı Xidmətinin “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri” vəzifəsinə bərpa edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, Cavabdeh İB-dən dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə iddiaya işəgötürənin xx.xx.2023-cü il tarixli aktının, Birliyin BRQİDnin Baş mühəndisinin xx.xx.2023-cü il tarixli 14-2-2-3/3-11-5111/2-23 saylı təqdimatının, Birliyin Hüquq Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2-24/3-11\2599/2023 saylı xidməti məlumatının, HİK-nın protokollarının və xx.xx.2023-cü il tarixli 77-04 saylı qərarının qanunsuz və etibarsız hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, akt aşkar edilmiş pozuntuları əks etdirir və aktın tərtib edildiyi zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Təqdimat və vəsatət isə əmək funksiyasının yerinə yetirilməsi zamanı işçi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymətin verilməsi ilə bağlı müraciət olduğuna görə həmin sənədlərin hər hansi hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, həmin sənədlərin qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, qeyd edilən sənədlərin etibarsız və qanunsuz hesab edilməsi üçün də hər hansı əsas olmadığından iddia bu hissədə təmin edilməməlidir.
19. Məhkəmə iddiaya işəgötürənin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3-1İ- 594 saylı əmri ilə verilmiş intizam tənbehlərinin ləğv edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir.
20. Məhkəməyə təqdim edilmiş aktlar və izahatlardan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən əmək funksiyaları yerinə yetirilən zamanı nöqsanlara yol verilmişdir. Belə olan halda, onun barəsində tətbiq edilmiş intizam tənbeh tədbirləri qanuni olmuşdur. Digər tərəfdən, iddiaçı barəsində 2023-cü ilin mart, aprel və may aylarında tətbiq edilmiş intizam tənbeh tədbirləri barəsində məlumatlı olsa da, həmin tənbeh tədbirlərini mübahisələndirməmişdir. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə sadəcə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Məhkəmə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı ərizəyə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən istinad edilən hallar obyektiv səbəb hesab edilə bilməz və müddətinin iddiaçıdan asılı olmayan səbəblərə görə ötürüldüyünü təsdiq etmir. Odur ki, iddia xx.xx.2023-cü il tarixli, 14-2-2/3-11-364/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/301İ-482/2023 saylı, xx.xx.2023-cü il tarixli 14-2-2/3- 1İ-594 saylı əmri ilə verilmiş intizam tənbehlərinin ləğv edilməsi hissəsində iddia müddəti ötürüldüyünə görə də rədd edilməlidir.
21. Məhkəmə iddiaya xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmri ilə verilmiş intizam tənbehinin ləğv edilməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Cavabdeh İB-də əvvəlki iş yerinə, yəni Birliyin BRQİD-nin Mərkəz rayonları üzrə Texniki İstismar Xidmətinin qaz avadanlığının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri vəzifəsinə bərpa olması hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir.
22. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB tərəfindən qeyd edilən əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini təsdiq edən hal kimi göstərilmişdir ki, qeyri-yaşayış sahəsində işləyən Ramil adlı usta qaz xəttlərinin yerinin Mehman adlı şəxs tərəfindən dəyişdiriliyini bildirmişdir. Buna əsasən də qanun pozuntununsun iddiaçı tərəfindən törədilməsi rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfin bu dəlili qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini sübut etmək üçün kifayət deyildir.
23. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qanun pozuntusunun iddiaçı tərəfindən törədilyi təsdiq edilmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmr də əsassız olmuşdur.
24. Məhkəmə cavabdeh tərəfin xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırki tələblə bağlı İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrinin ləğv edilməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almış, iddia ərizəsini isə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrə əsasən tətbiq edilmiş intizam tənbeh tədbiri ləğv edilməli, İddiaçı vəzifəsinə bərpa edilməli və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məcburi işburaxmaya görə əmək haqqı tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71.2, 71.3, 72, 296.2, 296.3, 296.6, 296.7, 300.1-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 35.1, 35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-904/2023 saylı əmrin verilməsi əsası “Azəriqaz İB”-nın Bakı X10 DepartamentininMərkəzi rayonlar üzrə TİX-nin rəisi Rauf Qasımovun Bakı X10 Departamentinin rəisi Rauf Əhmədova yazdığı xidməti məlumat və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdır. Xidməti məlumatda göstərilmişdir ki, Səbail rayonunun, ünvan 1 ünvanlarında əhali və qeyri-əhali yaşayış sahələrini təbii qazla təmin edən 89, 76 və 57 mm diametrlik qaz xətlərinin yeri özbaşına olaraq dəyişdirilmiş və qaz xətləri qapalı şəraitə salınmışdır. Qaz xəttinin yerini dəyişdirən şəxs araşdırılaraq məlum olmuş və bu faktı həmin ərazidə binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin təmiri ilə məşğul olan Ramin adlı şəxs də təsdiqləyərək qaz xətlərinin yerini “Azəriqaz İB”nin nümayəndəsi Mehman adlı şəxs tərəfindən dəyişdirildiyi bildirilmişdir. Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrəTİX-nin rəisi Rauf Qasımov xidməti məlumatında göstərilənlərlə əlaqədar məhkəmə iclasına şahid qismində dəvət edilmiş, xidməti məlumatında göstərilən faktları iddiaçı ilə üzləşmədə təsdiq etmişdir. Şahid Rauf Qasımovun öz xidməti məlumatına münasibətdə verdiyi ifadəsinə görə İddiaçı tərəfindən şahidə suallar belə verilmədi (audio-videoyazıya müşahidə zamanı təsdiq olunacaqdır). Xidməti məlumatı ilə əlaqədar Rauf Qasımovun məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi qətnamədə göstərilməmiş, həmin ifadənin Rauf Qasımovun adından qətnaməyə və məhkəmə iclas protokoluna əlavə edilməsi üçün tərəfindən protokola qeydlər verilmişdir. Bakı X10 Departamentinin Mərkəzi rayonlar üzrə TİX-nin rəisi Rauf Qasımovun xidməti məlumatında göstərilənlərlə əlaqədar İddiaçı hələ xx.xx.2023-cü il tarixdə işəgötürən Cavabdeh İB-nin Baş direktoru Ruslan Əliyevin adına izahat verərkən göstərmişdir: Nizami küçəsi 48 ünvanında heç bir qaz xəttinin yeri dəyişdirilməmiş və qapalı şəraitə salınmamışdır. Həmin qeyd olunan ünvan Nizami küçəsi 46-dır və bu barədə məlumat tutan kimi vətəndaşa irad tutmuşdur. xx.xx.2023-cü il tarixində səhər saatlarında ünvan 3 ünvanda qaz xətti qapalı vəziyyətdən çıxarılmış, baş mühəndis Natiq müəllimin göstərişi ilə necə olmalıdırsa o cür də Bakı X10 Departamentinin (BRQİD-nin) nümayəndəsinə göstərmişdir. Bundan əlavə, iddiaçı izahatında həmin halın nöqsan olduğunu etiraf etmiş və yaxın zamanlarda podratçı təşkilat tərəfindən aradan qaldırılacağını göstərmişdir. İddiaçı yazılı izahatında məsul çilingər olduğu Səbail rayonunun Nizami küçəsi ünvanında qaz xəttinin qapalı vəziyyətə salınmasını dolayısı ilə podratçı qaz təşkilatı və hansısa bir vətəndaş tərəfindən icra edildiyini göstərmiş olsa da, iddiaçı tərəfin özü bunu sübut etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, cavabdeh tərəfin verdiyi əmr birinci instansiyası tərəfindən ləğv edilmiş, kifayət qədər araşdırılmış və əsaslı qətnamə qəbul edilmişdir. Bildirir ki, cavabdeh təşkilatın rəhbərliyinin səriştəsizliyi və vəzifəsini düzgün icra etmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir, bu əsassız əmrlərə imza atılmasının bariz nümunəsidir. Birinci instansiya məhkəməsi işə qanun çərçivəsində baxmış, iddianı qismən təmin etmiş olsa da, cavabdeh tərəfindən verilmiş əmrin əsassız olmasını sübuta yetirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi icraatı dövründə ilk olaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etsə də, qarşı tərəf poçt xəbərnaməsini təqdim etdi. İddia müddətinin ötürülmədiyini müəyyən etdikdən sonra mübahisələndirməmişdir. Məhkəmə iclaslarında etiraz və yazılı izahatını təqdim etsə də, birinci instansiya məhkəməsi qətnamədə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni qeyd etmiş, digər məsələləri qeyd etməmişdir. İddiaçıya vətəndaş şikayətləri əsasında ardıcıl olaraq töhmət, şiddətli töhmət, əmək haqqının ¼ hissəsində cərimə olaraq intizam tənbeh tədbirləri barədə əmrlər verilmişdir. Birinci instansiya məhkəməsi sonuncu əmrə münasibətdə sübut olunmadığını qeyd edir. İddiaçının barəsində rəisi tərəfindən xidməti məlumat yazılmışdır. İddiaçı həmin xidməti məlumat üzrə izahat yazmışdır. Lakin birinci instansiya məhkəməsi bu məsələyə qiymət verməmişdir. Hansı ki, o izahatda iddiaçı faktın nöqsan olduğunu qəbul edir. Birinci instansiya məhkəməsi məhz intizam tənbehinin 1 ay müddət ötürülməklə verilməsi əsası ilə iddianı qismən təmin etsə idi, bununla bağlı etirazı olmazdı, bəlkə də apellyasiya şikayəti verilməyəcəkdi. İddiaçı barəsində onun işlədiyi Bakı X10 Departamentində 24 gün müddətində araşdırılma aparılıb. Sonra isə Cavabdeh İB-yə göndərilib və 1 ay da Cavabdeh İB-də araşdırma gedib. Nəticədə 1 ay 24 gün sonra işdən azad edilib.
30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı etiraz ərizəsində məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 79.1. İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
37. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
38. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, Cavabdeh İB tərəfindən qeyd edilən əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini təsdiq edən hal kimi o, göstərilmişdir ki, qeyri-yaşayış sahəsində işləyən Ramil adlı usta qaz xəttlərinin yerinin Mehman adlı şəxs tərəfindən dəyişdiriliyini bildirmişdir. Buna əsasən də qanun pozuntununsun iddiaçı tərəfindən törədilməsi rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh tərəfin bu dəlili qanun pozuntusunun iddiaçı tərəfindən törədildiyini sübut etmək üçün kifayət deyildir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçı tərəfindən əmək funksiyaları yerinə yetirilən zaman nöqsanlara yol verilmişdir. Belə ki, bununla bağlı cavabdeh təşkilatın əməkdaşları tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.
40. Bununla belə, cavabdeh tərəfindən iddiaçının barəsində xx.xx.2023-cü il tarixli 14-2-2/3-İK-904/2023 nömrəli əmr tərtib edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri nəzərə alınmamışdır.
41. Belə ki, həmin maddəyə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
42. Qeyd olunduğu kimi, cavabdehin əməkdaşları tərəfindən iddiaçının xidmət etdiyi əraziyə baxış keçirilən zaman aşkar edilmiş pozuntulara dair xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Beləliklə, artıq həmin tarixdə cavabdehə iddiaçı tərəfindən əmək funskiyasının pozulduğu aşkar olunmuşdur.
43. Buna baxmayaraq, cavabdeh intizam tənbehinin verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş bir ay müddət keçdikdən sonra (iddiaçının xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək məzuniyyətində olduğu nəzərə alındıqda belə) xx.xx.2023-cü tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə iddia tələbi məhz bu əsasla təmin edilməli idi.
45. O da qeyd edilməlidir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti buraxılmamışdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-906/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-904/2023 saylı əmr ləğv edilsin. İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə (Bakı X10 Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismarı Xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri) bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdehndən 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: