Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3227/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1, digər Cavabdeh2, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı,onun və azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü Zeynəb Annazadənin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 3, 15 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin və ona əlavənin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu ildən sonra yaranmışdır. Bu halda mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə, maddi hüquq normalarını pozaraq, qanunsuz və əsassız olaraq xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Qüvvədə olan MM-in 30.4cü maddəsinin tələbləri baxımından isə, iddiaçı mübahisəli mənzilə gözlənti hüququ olan şəxsin, yəni Cavabdeh2 ailə üzvü hesab olunmur. Bundan başqa, birinci instansiya məhkəməsi, tərəflər arasında bağlılıq və hörmətin aradan götürülməsi, aralarında gərgin münasibətlər olması, eləcə də iddiaçının cavabdehlərə qarşı olan barışmaz münasibəti kimi faktorları nəzərə almamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının istifadə hüququ yaransa belə, qanunvericilik ailə münasibətlərinə xitam verildiyi təqdirdə keçmiş ailə üzvünün müvəqqəti saxlanılması imkanını nəzərdə tutur. Yəni, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsində istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onun yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Lakin hazırda iddiaçının və onun uşağının istifadə hüquqlarının müvəqqəti saxlanılması üçün əsaslar yoxdur. Belə ki, iddiaçının xüsusi mülkiyyətində ayrıca mənzili vardır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, iddiaçı xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu, Basqal kəndinə dincəlməyə getmiş, oradan isə anasının yaşdığı ünvan 1 ünvanına gedərək, birlikdə yaşadıqları mənzilə qayıtmamış, səbəb kimi də onlarla birlikdə qalmaq istəmədiyini, yoldaşı ilə birlikdə ayrıca evdə yaşamaq istədiyini göstərmişdir. Həmin vaxtdan hal-hazıradək qeyd olunan mənzildə yaşayır və həmin mənzil də onun mülkiyyətindədir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh2 nümayəndəsi də, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 3, 15 saylı mənzil xx.xx.1997-ci il tarixli order əsasında Cavabdeh2 istifadəsinə verilmişdir. İddiaçı, Cavabdeh2 oğlu Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixdə nikaha girmiş, mübahisəli mənzilə köçərək orada yaşamış və xx.xx.2019-cu il tarixdən həmin mənzilə qeydiyyata düşmüşdür. Bu nikahdan xx.xx.2017-ci ildə Zeynəb Annazadə adlı uşaqları doğulmuşdur. Sonradan adları çəkilən şəxslərin ailə münasibətləri pozulmuş və 2019-cu ilin iyul ayında İddiaçı həmin mənzili könüllü olaraq tərk edərək, qızı ilə birlikdə yaşamaq üçün valideynlərinin yaşayış sahəsinə köçmüşdür. Qeyd edilənlər, iddia ərizəsi, tərəflərin izahatları, nikah və doğum haqqında şəhadətnamələr, xx.xx.1997-ci il tarixli order, Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, mübahisəli mənzilin cavabdehlərin mülkiyyətində deyil, orderlə istifadəsində olduğunu, buna görə də həmin mənzilə gəlin köçərək 4 il yaşamaqla cavabdehlərlə birlikdə oradan istifadə hüqunun yarandığını bildirməklə, özünün və azyaşlı övladının həmin mənzilə köçürülməsini tələb edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə, iddiaçının mübahisəli mənzilin order əsasında kirayəçisi olan Cavabdeh2 ailə üzvü olmadığını, mənzili könüllü surətdə tərk etməsini, onun mülkiyyətində ayrıca yaşayış sahəsinin olmasını bildirərək, iddiaya etiraz edirlər. Kollegiya, mübahisənin həlli ilə bağlı ilk öncə bildirir ki, birinci instansiya məhkəməsi, iddianı təmin edərkən xx xxxxxxx 2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə isə tərəflər arasındakı mübahisəli hüquq münasibəti iddiaçının mübahisəli mənzilə köçdüyü 2015-ci ildən yarandığı üçün qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən, İddiaçı Cavabdeh2 kirayəçi olduğu mənzilə istifadə hüququ yaransa da, sonradan həmin hüquq itirilmişdir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. İddiaçı, mübahisəli mənzilin order əsasında kirayəçisi olan Cavabdeh2 gəlini olmaqla ailə üzvü sayılan şəxslərə aid olmasa da, Kollegiya, iddiaçının xx.xx.2015-ci il tarixdən 2019-cu ilin iyul ayınadək orada faktiki və daimi yaşamasını, birgə təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, onu həmin dövr üçün Cavabdeh2 ailə üzvü hesab edir. Bu hal isə göstərilən müddətdə iddiaçının mənzildən istifadə hüququnun olmasına dəlalət edir. Çünki, Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Bununla belə, nəzərə alınmalıdır ki, mənzildən istifadə haqqı mütləq hüquq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilər. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququ aradan qalxmışdır. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2016-cı il tarixli qərarında da vurğulamışdır ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi mənzildən istifadə hüququnun itirilmiş sayılması üçün əsasdır. Baxılan işin faktiki hallarından görünür ki, İddiaçı, 2019-cu ilin iyul ayından etibarən mübahisəli mənzili könüllü surətdə tərk edərək, daimi yaşamaq üçün valideynlərinin yaşayış sahəsinə köçmüş və hazırkı vaxtadək davamlı olaraq həmin ünvanda yaşayır. Eyni zamanda, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdraəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12, 20 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Belə olan halda, Kollegiya, hesab edir ki, iddiaçı daimi yaşamaq üçün başqa ünvana getdiyi və mülkiyyətində başqa daşınmaz əşya olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahəsi mövcud olduğu üçün onun Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 3, 15 saylı mənzilə istifadə hüququ, eyni zamanda yaşmaqla bağlı mənafeyi də aradan qalxmışdır. Bu baxımdan, Kollegiya hesab edir ki, daimi yaşamaq üçün könüllü olaraq başqa yerə getmiş və mülkiyyətində başqa yaşayış sahəsi olan İddiaçı daha əvvəl cavabdehlərə birlikdə yaşadığı mənzilə köçmək tələbi əsaslı sayıla bilməz. Çünki, yaşamaq haqqı, yalnız ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxıdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası, tələbin “iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Kollegiya, iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinin haqlı sayılmadığını və qanunvericinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iddianı bu hissədə də əsaslı saymır. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına uyğun olmamaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3227/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3227/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver