Məhkəmə qərarları › İş №2(103)-3227/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3227/2022

12.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3227/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** FE *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə 01.11.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6429,32 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1157,28 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 27.11.2019cu il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 7586,60 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 3533,06 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya qalıq məbləğ olan 4053,54 manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya 4053,54 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh subroqasiya qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4053,54 manat sığorta ödənişinin, ödənilmiş 60,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 4053,54 manat sığorta ödənişinin, 60,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2022-ci il, 2(007)-576/2022 saylı qətnaməsinin ləğv edilməsi və keçiriləcək ekspertizanın rəyinə uyğun olaraq ziyanının məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında Cavabdeh apellyasiya şikayətindən imtinaya dair ərizəsini məhkəməyə təqdim edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2022-ci il, 2(007)-576/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.02.2022-ci il, 2(007)-576/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar