Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-323/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2645/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” MMC ilə aralarında olan xx.xx.2006cı il tarixli, 105 saylı müqaviləyə əsasən MMC-nin Bakı şəhəri , Xətai rayonu, Gəncə prospekti, 2935A saylı ünvanda inşa etdiyi iki bloklu yaşayış binasının ikinci blok 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil almışdır. İki mənzilə görə bağlanmış müqavilənin ümumi dəyəri 26895,96 manat olmuşdur. Mənzillərin dəyəri tərəfindən tam ödənilmişdir. “xxxxxxxxxxxxx” MMC-nin direktoru K.Kazımzadə dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “xxxxxx” MMC-yə həvalə edilmişdir. Binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus olan 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. “xxxxxx” MMC ilə X5 arasında bağlanmış “xx.xx.2013-cü il tarixli “xxxxxxxxxxxxx” MMC-ti ilə İddiaçı arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədən X1 müqaviləsi” adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri Bakı şəhəri, Gəncə prospekti, 29/35 “A” saylı ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 57, 47 kvadrat metr olan bir otağı İqbal Cəfərova satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişdir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən Cavabdeh ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymur, mənzili qaytarmır. Odur ki, cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2645/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzil iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2645/2019 saylı qətnaməsindən şikayət verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Məlikovanın ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. Məlikovanın mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. Məlikova ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və Məlikovanın 101 saylı mənzili eyni mənzil deyil, bu, ayrı-ayn mənzillərdir. Onu da məlumat üçün bildirir ki, Məlikova ona binanın 4-cü yaşayış mərtəbəsində (faktiki olaraq binanın ümumi 6-cı mərtəbəsində) məxsus olmuş mənzili başqa fiziki şəxsə satmışdır. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan nəzərə almamışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(011)-4102/2013 saylı qətnaməsi ilə Məlikovanın “xxxxxx” Şirkətinə qarşı onların binalarında 101 saylı mənzilə və onun üzərindəki mənzilə mülkiyyət hüququnun tanınması barəsində iddiası təmin edilməmişdir. Hakim bu qətnamənin surətini işə əlavə etmək üçün iddiaçıdan tələb etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, xx xxxxxx 2012-ci il tarixdə Məlikova ilə “xxxxxx” Şirkəti arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən şirkət Məlikovaya 34000 manat ödəməni yerinə yetirdiyi halda, iddiaçı (Məlikova) şirkətə (cavabdehə) qarşı 2 mənzilə sahiblik hüququ barədə iddiadan imtina edir. Qeyd olunan sazişin mətnində əlavə olaraq qeyd olunmuşdur ki, göstərilən məbləğdən əlavə 4000 manat Məlikovaya ödənilmişdir. Birinci instansiya məhkəməsi həmin sazişlə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3966/2012 saylı iş üzrə məhkəmə aktlarını də əsassız olaraq tələb etməmişdir. Xüsusən bildirir ki, o, özünə məxsus 94 saylı mənzil üzrə mülkiyyət hüququnu əldə etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2645/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006cı il tarixli, 105 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzillərin dəyəri 26895,96 manat təşkil edir. Müqavilənin çərtlərinə əsasən alıcı 14690,79 manat ilkin ödəniş etməli, qalan məbləği isə ilk 9 ayda 342,90 manat, sonrakı 31 ayda ərzində hər ay 294,16 manat olmaqla alıcıya ödəməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)- 886/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxx” Şirkətinə (MMC-yə) və X4 qarşı möqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü və 4-cü mərtəbələrində yerləşən ümümi sahəsi 57,47 kvjnetr olan 2 ədəd 1 otaqlı mənzillərin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 4307/2014 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-886/2014 saylı qətnaməsindən cavabdeh “xxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14.11,2006cı il tarixli, 179 saylı müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57, 47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən günür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikilən hündürmərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 11413 saylı ekspert rəyinin surətidən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-1342/2016 saylı qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A" ünvanında inşa ediimiş yaşayış binasının layihəsinə görə yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzilərin binanın faktiki neçənci mərtəbəsindən başlaması və sair sualların müyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, tədqiqat nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci; maddəsinin şərh edilməsinə dair" xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik ;və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Buna baxmayaraq, iddiaçı bu günəşimi mübahisəli mənzilə dair hüquqlarını reallaşdıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir, iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020ci il tarixli, 22433 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən mövcud binaya dair “xxxxxxxxxxxxxxxx” MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutlmuş mənzillər binanın 2 qeyr-yaşayış mərtəbəsinin üzərindən (-+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)- 2645/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-323/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-323/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver