Məhkəmə qərarları › İş №2(103)-3230/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3230/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3230/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-214/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivini, Q.Əhmədov küçəsində Cavabdeh MMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində və inşa edilmiş tikilidə iddiaçıya məxsus 25% payın naturada ayrılaraq verilməsinə dair; Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massnivi, Q.Əhmədov küçəsində yüksək mərtəbəli yaşayış binasının inşasına dair bağlanmış xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsi üzrə binanın tikintisi başa çatana qədər tərəfindən tikintiyə qoyulan nağd pul vəsaitini ödənilməsinə və mənzillərin, qeyri yaşayış sahələrinin satışından əldə olunmuş gəlirlərdən 25%- ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 214/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

4. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-214/2024 nömrəli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən şikayət geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olmaqla, ciddi qanun pozuntuları ilə qəbul olunduğundan ləğv olunmalıdır. Məhkəmə məhkəmə baxışının prinsiplərini kobud şəkildə pozaraq görüləcək və görülməyəcək hərəkətlərin nəticələri barədə tərəf olaraq onları xəbərdar etmədən, prosesual hüquqlarını həyata keçirməyə məhdudiyyətlər yaratmışdır. Belə ki, məhkəmədə istər qaldırdığı ilk iddia, istərsə də iddia ərizəsinin dəqiqləşməsi predmet olaraq qiymətləndirilməyən iddia üzrə verilmiş və məhkəmədə bu yön ilə işi icraata qəbul edib işə baxmışdır. Bu səbəbdən məhkəmədə ödədiyi rüsumlar artıq olmuşdur. Qeyd etdiyi səbəbdən də məhkəmə digər əlavə ödənişlərini ona qaytarmalı olduğu halda yalnız 100 manatı ona aid etmişdir. Məhkəmə mübahisələndirilən qərardadda ümumiyyətlə rüsumlar barədə əsaslandırılmamış qərardad çıxararaq qərəzli olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Halbuki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Göründüyü kimi hakim iddia qiymətini müəyyən etməmişdir ki, bu iddia qiymətləndirilən, qiymətləndirilməyən iddia növünə aiddir. Bu qeyd etdikləri əsasında qiymətləndirilməyən iddia növü kimi apellyasiya şikayətinə 50% nəzərdə tutaraq apellyasiya şikayətini verilməklə dövlət rüsumunu əlavə etmişdir. Hesab edir ki, apellyasiya şikayətini müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəmişdir. Hələ orada olan artıq məbləğ onlara geri verilməmişdir. Apellyasiya baxışı mərhələsində məhkəmə hazırki iddianin növünü müəyyən etməklə məhkəmə xərclərinə dair qərar qəbul edə bilər.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.1.4. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 8.6. Apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(004)-214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materiallarından aydın olur ki, iddiaçının tələblərindən biri xx.xx.2022-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”yə əsasən onun tərəfindən tikintiyə qoyulan 459.975 manat nağd pul vəsaitinin ödənilməsidir. Göründüyü kimi, bu tələb qiymətləndirilən tələbdir.

14. Kollegiya qeyd edir ki, həmin tələb üzrə dövlət rüsumunun məbləği 749,98 manat təşkil edir, apellyasiya şikayəti verilərkən isə həmin rüsumun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

15. Lakin işdən görünür ki, iddiaçı apellyasiya şikayəti verərkən cəmi 49,6 manat məbləğində dövlət rüsumu ödəmişdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar