Məhkəmə qərarları › İş №2(103)-3230/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3230/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3230/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icra edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-760/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı1 ünvan 1 ünvanında yerləşən sahəsi 49,8 kv.m (çöl divar daxil 65 kv.m) təşkil edən qeyri-yaşayış sahəsinin, İddiaçı2 isə həmin ünvanında yerləşən sahəsi 85,7 kv.m (çöl divar daxil 100 kv.m) təşkil edən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. 2.Cavabdeh ilə iddiaçıların arasında “Yaşayış kompleksində qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsinə dair” müqavilələr bağlanıb. 1-ci iddiaçı ilə bağlanmış müqavilə xx.xx.2022-ci il tarixli 75 nömrəli (iş v. 107), 2-ci iddiaçı bağlanmış müqavilə xx.xx.2022-ci il tarixli 77 nömrəlidir (iş v. 112). Müqavilələrə görə, cavabdeh qeyri-yaşayış sahələrini sökməyi, əvəzində yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında müqavilədə razılaşdırılmış ölçüdə qeyriyaşayış sahəsini 30 ay müddətində iddiaçılara təhvil verməyi və müvafiq sahələr təhvil verilənədək müqavilədə razılaşdırılmış məbləğdə kirayə pulunu iddiaçılara ödəməyi öhəsinə götürüb. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar xx.xx.2024-cü ildə birgə iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Onlar tələb ediblər ki, müqavilədə razılaşdırılmış ölçüdə qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçılara təhvil verilsin, müqavilədə razılaşdırılmış məbləğdə kirayə pulu cavabdeh tərəfindən iddiaçılara ödənilsin, habelə mənəvi zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıların hər birinə 600 manat ödənilsin. 4.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsində yerləşən, 6,8 metr Abbas Səhhət küçəsinə baxan və həyətə baxan, ümumi sahəsi çöl divar daxil 146,19 kv.m, h=4.2 m olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən İddiaçı1 təhvil verilsin; 2) xx.xx.2022-ci il tarixli 75 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək hər ay ödənilməli olan 1.000 manat cavabdehdən tutularaq İddiaçı1 ödənilsin; 3) xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə Nəsimi rayonu Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində yeni çoxmərtəbəli yaşayış binasının F blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Xan Şuşinski küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişməsində 12,85 m Xan Şuşinski küçəsinə baxan hissə, 13,8 metr Abbas Səhhət küçəsinə baxan hissəsində h=4.2 m olan çöl divar daxil ümumi sahəsi 131,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən İddiaçı2 təhvil verilsin; 4) xx.xx.2022-ci il tarixli 77 saylı əvəzləşmə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməyən və tikinti başa çatanadək və qeyd edilən qeyri-yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək hər ay ödənilməli olan 500 manat cavabdehdən tutularaq İddiaçı2 ödənilsin. 5.İddia qalan hissədə təmin edilməyib. 6.Bundan başqa, qətnamədə qət olunub ki, dövlət rüsumunun əvəzi kimi 120 manat cavabdehdən iddiaçıların xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 11.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, müqavilələrdə göstərilən sahələri təmirə hazır vəziyyətdə iddiaçılara təklif edib, lakin iddiaçı tərəf əmlakı qəbul etməyib. İddiaçı tərəf buna etiraz edir və etirazını onunla əsaslandırır ki, müqavilələrdə göstərilən sahələr istifadəyə tam hazır vəziyyətdə onlara təklif edilməyib. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübutetmə yükü borclunun üzərinə düşür. Ona görə də cavabdeh sübut etməlidir ki, müqavilələrdə göstərilən sahələri istifadəyə tam hazır vəziyyətdə iddiaçılara təklif edib. Lakin cavabdeh bu barədə sübut təqdim etməyib. 12.Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı yerində müayinə həyata keçirilib. Müayinə nəticəsində müəyyən edilib ki, bina istismara və təyinatı üzrə istifadəyə təhvil verilməyib, iddiaçılara verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri tam hazır vəziyyətdə olmamaqla ora giriş üçün pilləkənlər yoxdur, elektrik və su xətləri isə çəkilməyib. 13.Müqavilələrdə göstərilən sahələr təhvil verilməyə tam hazır olmadığı halda cavabdeh iddiaçı tərəfə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, kirayə haqqı üzrə ödənişi xx.xx.2024-cü il tarixdən dayandıracaq. 14.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, iddianın təmin edilməsinə aid olan hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-760/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar